‘Əsrarəngiz yolla yaradılmışıq’
«Sən məni e’cazkar, əsrarəngiz yolla yaratmısan» (MƏZMUR 139:14).
1. Nə üçün təbiətin əsrarəngiz varlıqları bir çox düşünən insanlarda Allaha inam yaradır?
TƏBİƏT əsrarəngiz varlıqlarla zəngindir. Onlar haradan peyda olmuşlar? Bə’zilərinin fikrincə, cavabı şüurlu Yaradana müraciət etmədən də tapmaq olar. Başqalarına görə isə, Yaradanın varlığını qəbul etmədən təbiəti dərk etmək qeyri-mümkündür; belə ki yerdəki varlıqlar o qədər mürəkkəb, müxtəlif, üstəlik elə əsrarəngizdir ki, sadəcə təsadüf nəticəsində yarana bilməzdi. Bir sıra sübutlar, bə’zi alimlər də daxil olmaqla, çoxlarını kainatın müdrik, qüdrətli və səxavətli Yaradanı olduğuna inandırıra.
2. Davudu Yehovaya həmd etməyə nə təşviq edirdi?
2 Qədim İsrailin padşahı Davud da əmin idi ki, əsrarəngiz işlərinə görə Yaradan izzətə layiqdir. O, elmin inkişaf etdiyi müasir dövrdən çox-çox əvvəl yaşasa da, gördüyü bir çox valehedici şeylərin Allahın əl işi olduğunu başa düşürdü. Allahın yaradıcılıq qabiliyyəti qarşısında dərin ehtiram duymaq üçün Davuda təkcə öz bədəni haqqında düşünmək bəs edirdi. O yazırdı: «Sən məni e’cazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm» (Məzmur 139:14).
3, 4. Nəyə görə hər birimiz üçün Yehovanın işləri haqqında düşünmək vacibdir?
3 Davud belə möhkəm əminliyi dərindən düşünməyin sayəsində əldə etmişdi. Bu gün məktəblərin tədris proqramı, o cümlədən, kütləvi informasiya vasitələri insanın mənşəyi haqqında Allaha inamsızlıq doğuran nəzəriyyələrlə dolub-daşır. Davudda olan iman bizdə də olsun deyə, dərindən düşünmək olduqca vacibdir. Xüsusilə də, Yaradanın mövcudluğu və rolu kimi ciddi məsələlərdə başqalarının bizim əvəzimizə düşünməsinə yol vermək olmaz.
4 Bundan başqa, Yehovanın işləri haqqında düşünmək, Ona minnətdarlığımızı artırır, gələcəyə dair verdiyi və’dlərinə inamımızı möhkəmləndirir. Bu isə bizi Yehova Allah haqqında daha çox öyrənməyə və Ona xidmət etməyə təşviq edir. Gəlin görək müasir elm ‘əsrarəngiz yolla yaradıldığımızı’ necə təsdiq edir.
Mö’cüzəli fiziki inkişaf
5, 6. a) İnsan mövcudluğuna necə başlayır? b) Böyrəklər insan orqanizmində hansı funksiyaları yerinə yetirir?
5 «Böyrəklərimi sən təşkil etdin, anamın qarnında məni hördün» (Məzmur 139:13, KM). Hər birimiz öz mövcudluğuna ana bətnində, bu cümlənin sonundakı nöqtədən də balaca olan bir hüceyrə kimi başlayırıq. Bu mikroskopik hüceyrənin quruluşu son dərəcə mürəkkəbdir, lap kiçik kimya laboratoriyasıdır! O, sür’ətlə inkişaf edir. Ana bətnində olduğu ikinci ayın sonlarında körpənin əsas orqanları artıq formalaşmış olur. Onların arasında böyrəklər də var. Uşaq doğulanda böyrəklər zəhərli maddələri və artıq suyu xaric edərək, lazımi maddələri isə saxlayaraq qanı təmizləməyə hazır olur. Böyrəklər, sağlam olduqda, böyük insanda olan təxminən beş litr qanın tərkibindəki suyu hər 45 dəqiqədən bir təmizləyir!
6 Böyrəklər həm də qanın mineral tərkibini, o cümlədən, turşuluq dərəcəsini və təzyiqini nizamlayır. Bununla yanaşı, onlar bir çox başqa vacib funksiyaları da yerinə yetirir. Məsələn, D vitaminini sümüyün düzgün inkişafı üçün və qırmızı qan hüceyrələrinin yaranmasına təkan verən eritropoietin hormonunun yaranması üçün lazım olan başqa formaya çevirir. Təəccüblü deyil ki, böyrəklər «bədənin mahir kimyaçıları» adlanır!b
7, 8. a) Uşağın ana bətnində inkişafını təsvir edin. b) Ana bətnində inkişaf edən körpə hansı mə’nada sanki ‘dünyanın dərin yerindədir’?
7 «Mən gizli bir yerdə yaranarkən, dünyanın dərin yerində yaranarkən bədənim [«sümüklərim», YD] Səndən gizli qalmadı» (Məzmur 139:15). İlk hüceyrə bölünərək yeni hüceyrələr əmələ gətirir ki, onlar da öz növbəsində bölünməyə davam edir. Tezliklə hüceyrələr fərqlənməyə başlayır, yə’ni ixtisaslaşmış sinir, əzələ, dəri və sairə hüceyrələrinə çevrilir. Eynicinsli hüceyrələr birləşərək toxumaları, sonra isə orqanları əmələ gətirir. Məsələn, mayalanmanın üçüncü həftəsində insanın sümük sistemi inkişaf etməyə başlayır. Artıq yeddi həftəlik, boyu təxminən 2,5 santimetrlik uşaqda insan bədənində olan 206 sümüyün ilkin forması hələ bərkiməmiş halda olur.
8 Bu valehedici inkişaf prosesi ana bətnində, sanki yerin dərinliyində basdırılmış kimi, insan gözündən gizli gedir. Bu barədə çox şey insanlar üçün hələ də sirr olaraq qalır. Məsələn, hüceyrələrin müxtəlif orqanlar üçün ixtisaslaşmasına səbəb olan nədir? Ola bilsin, elm bunun sirrini nə vaxtsa açacaq, ancaq Davudun növbəti ayədə söylədiyi kimi, Yaradanımız Yehova bunların hamısını bilir.
9, 10. Rüşeymin hissələrinin formalaşması hansı mə’nada Allahın ‘kitabında yazılmışdır’?
9 «Dünyaya gəlməzdən əvvəl Sənin gözlərin məni [«rüşeymimi», YD] gördü. Ömrüm başlamazdan əvvəl mənə tə’yin etdiyin hər bir günü [«onun hər hissəsini», YD] kitabına yazmısan» (Məzmur 139:16). İlk hüceyrədə bütün bədən üçün tam plan vardır. Dünyaya gəlməzdən əvvəlki doqquz ay ərzində və sonrakı iyirmi ildən çox müddətdə orqanizmin inkişafı bu plan üzrə gedir. Həmin vaxt ərzində bədən ilk hüceyrədəki mə’lumata uyğun olaraq bir çox mərhələlərdən keçir.
10 Davudun hüceyrə və genlər haqqında biliyi, o cümlədən, mikroskopu yox idi. Ancaq o başa düşürdü ki, bədəninin inkişafı qabaqcadan hazırlanmış plan üzrə gedir. Rüşeymin inkişafı haqda Davudun, yəqin, az-çox mə’lumatı var idi, buna görə də o düşünürdü ki, hər mərhələ qabaqcadan hazırlanan plan və cədvəl üzrə həyata keçir. O, həmin planı bədii dillə Allahın ‘kitabında yazılan’ kimi təsvir etmişdi.
11. İnsanın fiziki əlamətlərini nə müəyyən edir?
11 Artıq mə’lumdur ki, insanın valideynlərindən və nənə-babasından aldığı irsi əlamətlər, məsələn, boy, üz cizgiləri, gözün, saçın rəngi və minlərlə başqa əlamətlər genlərlə müəyyənləşdirilir. Hər hüceyrədə on minlərlə gen vardır, hər gen isə uzun DNT (dezoksiribonuklein turşusu) zəncirinin bir hissəsidir. Bədənin səciyyəvi xüsusiyyətləri hər insanın DNT-sinin kimyəvi quruluşunda ‘yazılıb’. Hər dəfə hüceyrə yeni hüceyrə törətmək və ya qocanı əvəz etmək üçün bölünəndə DNT özündəki mə’lumatları ötürür. Bunun sayəsində insan öz görkəmini saxlayaraq, yaşamağa davam edir. Bu, səmavi Yaradanımızın müdrikliyini və qüdrətini göstərən necə də möhtəşəm nümunədir!
Qeyri-adi zehnimiz
12. İnsanları heyvanlardan xüsusilə nə fərqləndirir?
12 «Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur, onların sayı-hesabı yoxdur! Saysaydım onları, qum dənələrindən çox olardı» (Məzmur 139:17, 18a). Heyvanlar da əsrarəngiz yolla yaradılmışlar, onların bə’zilərinin malik olduğu müəyyən hiss və bacarıqlar insanınkını ötüb-keçir. Lakin Allah insana istənilən heyvanınkından qat-qat üstün olan zehni qabiliyyətlər vermişdir. Bir elmi kitabda yazılıb: «Başqa canlılarla insan arasında nə qədər oxşarlıq olsa da, danışma və düşünmə qabiliyyəti insanı onların hamısından fərqləndirir... Qeyri-adiliyimiz həm də ondadır ki, biz özümüz haqqında hər şeyi bilmək istəyirik: bədənimiz necə qurulub? Biz necə böyüyürük?» Davud da, çox güman ki, belə suallar üzərində düşünürdü.
13. a) Davud Allahın fikirləri üzərində nəyin sayəsində düşünə bilirdi? b) Davuddan necə nümunə götürə bilərik?
13 Ən vacibi isə odur ki, heyvanlardan fərqli olaraq, yalnız biz Allahın fikirləri üzərində düşünə bilirikc. Bu xüsusi ən’am «Allahın surətində» yaradıldığımızın daha bir sübutudur (Yaradılış 1:27). Davud bu ən’amdan düzgün istifadə edirdi. O, Allahın mövcudluğunu sübut edən şeylərin və Yaradanın onlarda görünən gözəl xüsusiyyətləri üzərində düşünürdü. Davudda Yehovadan və Onun işlərindən bəhs edən Müqəddəs Yazıların ilk kitabları da var idi. Allahdan ilham almış yazılar Davuda Yaradanın fikirlərini, şəxsiyyətini və niyyətini anlamağa kömək etmişdi. Müqəddəs Yazıların, Allahın yaratdıqlarının və Allahın onunla rəftarı üzərində düşünməklə Davud Yaradanına həmd etməyə təşviq olunurdu.
İman etmək nə deməkdir?
14. Allaha inanmaq üçün Onun haqqında hər şeyi bilməyə nəyə görə ehtiyac yoxdur?
14 Davud Allahın yaratdıqları və Müqəddəs Yazıların üzərində nə qədər çox düşünürdüsə, bir o qədər də başa düşürdü ki, Allahın bilik və bacarığını tam dolğunluğu ilə dərk etmək qeyri-mümkündür (Məzmur 139:6). Biz də heç vaxt Allahın işləri haqqında hər şeyi sonadək başa düşə bilməyəcəyik (Vaiz 3:11; 8:17). Ancaq Allah Müqəddəs Yazılar və təbiət vasitəsilə kifayət qədər bilik «izhar etmişdir» ki, həqiqəti axtaran insanlar, yaşadığı vaxtdan asılı olmayaraq, sübutlara əsaslanan imana sahib olsunlar (Romalılara 1:19, 20; İbranilərə 11:1, 3).
15. İmanın və Allahla münasibətimizin bir-birilə necə bağlı olduğunu nümunə əsasında izah edin.
15 İmana sahib olmaq təkcə həyatın və Kainatın şüurlu Yaradanının olduğunu e’tiraf etmək demək deyil. Bu, Yehova Allaha bir Şəxsiyyət kimi e’tibar etmək deməkdir, o Şəxsiyyət ki, Onu tanımağımızı və Onunla yaxşı münasibətləri qorumağımızı istəyir (Yaqub 4:8). Gəlin insanın sevən atasına inamı və e’tibarı üzərində düşünək. Tutalım ki, dara düşərsə, atasının ona kömək əlini uzadacağına kimsə şübhə edir. Bəlkə də o, həmin şəxsi atasının e’tibarlı adam olduğuna inandıra bilməyəcək. Ancaq atasının yaxşı insan olduğuna özü əmin olubsa, darda qalmayacağına arxayın olacaq. Eləcə də, Müqəddəs Yazıları öyrənmək və yaratdıqları üzərində düşünməklə Yehovanı tanısaq, həmçinin dualarımıza cavab olaraq bizə kömək etdiyini görsək, Ona e’tibar edəcəyik. Bizdə Onun haqqında daha çox öyrənmək, saf məhəbbət və sədaqətdən irəli gələrək Ona əbədiyyən həmd etmək istəyi yaranacaq. Bu, hər insanın qarşısına qoya biləcəyi ən layiqli məqsəddir (Efeslilərə 5:1, 2).
Yaradanın rəhbərliyini axtarın!
16. Davudun Yehova ilə sıx münasibətlərindən nə öyrənə bilərik?
16 «Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!» (Məzmur 139:23, 24). Davud bilirdi ki, Allah onu başdan ayağa kimi tanıyır — fikirləri, sözləri, əməlləri Yaradanın gözləri önündədir (Məzmur 139:1-12; İbranilərə 4:13). Qayğıkeş atanın qucağında balaca uşaq özünü təhlükəsizlikdə hiss etdiyi kimi, Allahın onu bu qədər yaxşı tanıdığına görə, Davud da özünü elə hiss edirdi. Yehova ilə yaxın münasibət Davud üçün əziz idi və o, Allahın işləri haqqında düşünməklə, Ona dua etməklə bu münasibəti qorumağa çalışırdı. 139-cu məzmur da daxil olmaqla, Davudun bir çox məzmurları musiqi ilə müşayiət olunan dualardır. Allahın işləri barədə düşünmək və dua etmək bizə də Yehovaya yaxınlaşmağa kömək edəcək.
17. a) Nəyə görə Davud Yehovadan onun ürəyini yoxlamağı xahiş edirdi? b) İradə azadlığından düzgün istifadə etməyimiz həyatımıza necə tə’sir edir?
17 Allahın surətində yaradılan bizlərə iradə azadlığı bəxş edilmişdir. Biz yaxşılıq və ya pislik etmək seçimində azadıq. Bu azadlığın arxasında mə’nəvi məs’uliyyət durur. Davud pislərin sırasına aid edilmək istəmirdi (Məzmur 139:19-22). O, ciddi səhvlərə yol verməkdən qorxurdu. Buna görə də, Davud Yehovanın misilsiz biliyi üzərində düşünəndə təvazökarlıqla xahiş edirdi ki, Allah onun daxilən necə insan olduğunu yoxlasın və onu həyata gedən yolla aparsın. Allahın saleh əxlaq normaları bütün insanlar üçün olduğuna görə, biz də düzgün seçim etməliyik. Yehova hamımızı Ona itaət etməyə çağırır. Belə etməklə biz Onun lütfünü qazanacaq və xeyir tapacağıq (Yəhya 12:50; 1 Timoteyə 4:8). Günbəgün Yehova ilə yerisək, hətta ən ağır problemlər qarşısında belə, qəlb rahatlığını itirməyəcəyik (Filipililərə 4:6, 7).
E’cazkar Yaradana qulaq asın!
18. Allahın yaratdıqları üzərində düşünərək Davud hansı qənaətə gəldi?
18 Davud uşaqlıqda tez-tez çöldə qoyun otarırdı. Qoyunlar başlarını aşağı salıb otlayır, Davud isə gözlərini göylərə qaldırıb, gecənin qaranlığında Kainatın əzəməti və onun nədən xəbər verdiyi haqda düşünürdü. O yazmışdı: «Göylər Allahın əzəmətini bəyan edir, göy qübbəsi əllərinin işini e’lan edir. Hər gün ertəsi günə nəql edir, hər gecə o biri gecəyə bilik verir» (Məzmur 19:1, 2). Davud başa düşürdü ki, hər şeyi əsrarəngiz yolla yaradanı axtarmalı, Ona qulaq asmalıdır. Bizə də belə etmək lazımdır.
19. Həm gənclər, həm də yaşlılar ‘əsrarəngiz yolla yaradıldığımızdan’ nə öyrənə bilərlər?
19 Sonralar oğlu Süleymanın gənclərə verdiyi: «cavanlıq günlərində səni Yaradanı xatırla... Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» məsləhətinə əməl etməkdə Davud çox gözəl nümunə qoydu (Vaiz 12:1, 13). Davud hələ uşaq ikən ‘əsrarəngiz yolla yaradıldığını’ başa düşürdü. Dərk etdiyinə uyğun yaşaması bütün həyatı boyu ona fayda gətirdi. İstər cavan olaq, istər yaşlı Dahi Yaradanımızı izzətləndirsək, Ona xidmət etsək, həm indiki, həm də gələcək həyatımız sevinclə dolu olacaq. Yehova ilə yaxın münasibəti qoruyanlar və Onun saleh yolları ilə yeriyənlər üçün Müqəddəs Kitabda belə və’d yazılıb: «Qocalanda da bar verəcəklər, təravətli, yamyaşıl qalacaqlar, belə deyəcəklər: “Rəbb haqdır”» (Məzmur 92:14, 15). Buna görə də ümid edə bilərik ki, Yaradanımızın əsrarəngiz işlərindən əbədiyyən zövq alacağıq.
[Haşiyələr]
a Yehovanın Şahidləri tərəfində dərc edilmiş «Oyanın!» jurnalının 2004-cü il, 22 iyun sayına (rus.) baxın.
b Həmçinin «Oyanın!» jurnalının 1997-ci il, 8 avqust sayındakı (rus.) «Böyrəklər. Həyati vacib süzgəc» adlı məqaləyə baxın.
c Davudun Məzmur 139:18b ayəsindəki sözlərini belə başa düşmək olar ki, o, sübh tezdən gecəyədək Yehovanın fikirlərini saysaydı da, səhərisi günə saymağa hələ çox şey qalardı.
Necə izah edərdiniz?
• ‘Əsrarəngiz yolla yaradıldığımız’ rüşeymin inkişafından necə görünür?
• Yehovanın fikirləri üzərində nəyə görə düşünməliyik?
• İman və Yehova ilə münasibətlər bir-biri ilə necə bağlıdır?
[9-cu səhifədəki şəkil]
Uşağın ana bətnində inkişafı qabaqcadan tərtib edilmiş plan üzrə gedir.
DNT
[İcazə ilə]
Ana bətnində körpə: Lennart Nilsson
[10-cu səhifədəki şəkil]
Sevən atasına e’tibar edən uşaq kimi, biz də Yehovaya güvənirik.
[11-ci səhifədəki şəkil]
Yehovanın işləri üzərində düşünmək Davudu Ona həmd etməyə təşviq edirdi.