DƏRS 08
Yehovanın dostu ola bilərsiniz
Yehova istəyir ki, siz Onu yaxından tanıyasınız. Çünki Onun xüsusiyyətləri, işləri və niyyəti barədə öyrəndikcə Onun dostu olmaq istəyəcəksiniz. Bəs Allahla dost olmaq mümkündür? (Zəbur 25:14 ayəsini oxuyun.) Onun dostu olmaq üçün nə edə bilərsiniz? Müqəddəs Kitab bu suallara cavab verir. Həmçinin oradan öyrənirik ki, nəyə görə Yehova insan üçün ən yaxşı Dostdur.
1. Yehova sizi nəyə səsləyir?
«Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Bu nə deməkdir? Yehova sizi dostu olmağa səsləyir. Bəzi insanlar üçün görmədikləri kəslə dost olmaq qeyri-mümkündür, o ki qaldı Allahla. Lakin Yehova Kəlamında Özü barədə kifayət qədər məlumat verib ki, Ona yaxınlaşa bilək. Yehovanı görməsək belə, Müqəddəs Kitabı oxumaqla Onunla dost ola bilərik.
2. Nəyə görə Yehova ən yaxşı Dostdur?
İnsanı Yehova qədər heç kəs sevə bilməz. O sizin xoşbəxt olmağınızı, köməyə ehtiyac duyanda Ona üz tutmağınızı istəyir. Müqəddəs Kitab sizi səsləyir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7). Yehova həmişə dostlarına dayaq olmağa, təsəlli verməyə, onları dinləməyə hazırdır. (Zəbur 94:18, 19 ayələrini oxuyun.)
3. Yehovanın dostu olmaq üçün nə etməliyik?
Yehova bütün insanları sevir, «amma saleh adamla dostluq» edir (Məsəllər 3:32). Yehovanın dostu olmaq üçün Onun düzgün hesab etdiyi işləri görməli, bəyənmədiyi işlərdən isə uzaq durmalıyıq. Bəzi insanlara elə gəlir ki, onlar heç vaxt Yehovanın buyurduğu kimi yaşaya bilməzlər. Amma unutmayaq ki, Yehova mərhəmətli Allahdır. Yehova Onu sidqi-ürəkdən sevən, Onu məmnun etmək üçün əlindən gələni edən hər kəsi qəbul edir (Zəbur 147:11; Həvarilərin işləri 10:34, 35).
D Ə R İ N L İ Y Ə V A R I N
Öyrənin görün Yehovanın dostu olmaq üçün daha nə edə bilərsiniz və nəyə görə Yehova ən yaxşı Dostdur.
4. İbrahim peyğəmbər Yehovanın dostu idi
Müqəddəs Kitabdan İbrahim peyğəmbər (həmçinin İbram adlanır) haqda oxuyanda öyrənirik ki, Yehovanın dostu olmaq nə deməkdir. Yaradılış 12:1—4 ayələrindən İbrahim peyğəmbər barədə oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Yehova İbrahim peyğəmbərə nə buyurdu?
Yehova ona nə vəd etdi?
İbrahim peyğəmbər Yehovadan aldığı tapşırığa necə yanaşdı?
5. Yehova dostlarına nə buyurur?
Adətən biz dostluqdan müəyyən şeylər gözləyirik.
Dostlarınızın sizinlə necə rəftar etməsini istəyərdiniz?
1 Yəhya 5:3 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehova dostlarından nə gözləyir?
Yehovaya itaət etmək üçün biz davranışımızda, xasiyyətimizdə dəyişiklik etməliyik. Əşiya 48:17, 18 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Yehova nəyə görə dostlarına müəyyən dəyişikliklər etməyi buyurur?
6. Yehova dostları üçün nə edir?
Yehova dostlarına çətinliklər vaxtı dayaq olur. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Yehova qadına iztirablarına tab gətirməyə necə kömək edib?
Əşiya 41:10, 13 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Yehova dostlarına nə vəd edir?
Sizcə, Yehova yaxşı Dostdur? Nəyə görə belə düşünürsünüz?
7. Yehova ilə dost olmaq üçün Onunla ünsiyyət etməliyik
Ünsiyyət dostluq tellərini möhkəmləndirir. Zəbur 86:6, 11 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Biz Yehova ilə necə danışa bilərik?
Yehova bizimlə necə danışır?
BƏZİ İNSANLAR DEYİR: «Allaha yaxınlaşmaq qeyri-mümkündür».
Hansı ayənin əsasında göstərə bilərsiniz ki, Yehova ilə dost olmaq mümkündür?
İCMAL
Yehova sizin Dostunuz olmaq istəyir və sizə kömək edəcək ki, Ona yaxınlaşasınız.
Təkrar
Yehova dostlarına necə kömək edir?
Yehova nəyə görə dostlarına müəyyən dəyişikliklər etməyi buyurur?
Sizcə, Yehovanın dostu olmaq çətindir? Nəyə görə belə düşünürsünüz?
Ə L A V Ə M Ə L U M A T
Allahla dostluq həyatınıza necə təsir edə bilər?
«Yehova Onunla tanış olmağa layiq Allahdır» («Gözətçi qülləsi», 1 mart 2003)
Görün Allahla necə dost ola bilərsiniz.
«Allahla necə dost ola bilərəm?» («Gənclərin sualları. Praktiki məsləhətlər», cild 2, fəsil 35)
Yehova ilə dostluq bir qadının həyatını necə xilas etdi?
Yehova barədə hisslərini bölüşən yeniyetmələrə qulaq asın.