«Yaha alqış edin!»
«Yaha alqış edin!... Ona alqış etmək nə xoşdur, alqış Ona yaraşır» (ZƏB. 147:1).
1—3. a) Ehtimala görə 147-ci məzmur nə vaxt yazılıb? b) 147-ci məzmuru təhlil etməklə nəyi öyrənəcəyik?
BACI-QARDAŞLARDAN kimsə aldığı tapşırığı yaxşı yerinə yetirəndə, yaxud məsihi xüsusiyyəti təzahür etdirəndə onu tərifləyirik. Əgər adi insana təriflər söylənirsə, Allaha daha çox tərif ucalmalıdır. Buna saysız-hesabsız səbəb var. Qüdrətinə, yaratdığı ecazkar gözəlliklərə, bəndələri uğrunda Oğlunu qurban verməklə göstərdiyi dərin məhəbbətə görə O, alqışa layiqdir.
2 «Zəbur» kitabının 147-ci məzmurunu oxuyanda yazarın Yehova Allaha ürəkdən alqış dediyini görmək olar. O, başqalarını da onunla səs-səsə verib Allaha alqış söyləməyə çağırırdı. (Zəbur 147:1, 7, 12 ayələrini oxuyun.)
3 Bu məzmuru kimin yazdığı məlum deyil. Çox ehtimal ki, yazar Yehovanın israilliləri Babil əsarətindən çıxarıb Yerusəlimə qaytardığı vaxt yaşayıb (Zəb. 147:2). Bu qurtuluş sayəsində israillilər yenidən öz doğma yurdlarında Yehovaya ibadət edəcəkdilər. Bu, məzmurçunu Yehova Allaha alqış oxumağa təşviq etmişdi. Amma məzmurçunun ürəyini riqqətə gətirib onu Allaha alqış deməyə sövq edən başqa səbəblər də var idi. Məqalədə bu səbəblər barədə danışılacaq. Həmçinin görəcəyik ki, bizim Yahaa alqış deməyə hansı səbəblərimiz var (Zəb. 147:1).
YEHOVA YARALI QƏLBİN TƏBİBİDİR
4. Şah Kuruş israilliləri əsirlikdən azad edəndə, ehtimal ki, onlar hansı hissləri keçirmişdilər və nəyə görə?
4 Təsəvvür etmək olar, Babildə əsir olan israillilər necə pərişan idi. Babillilər onları ələ salıb deyirdilər: «Bizə Sion barədə nəğmə oxuyun». İsraillilər necə nəğmə deyə bilərdilər, axı onların sevinc mənbəyi olan Yerusəlim viran qalmışdı (Zəb. 137:1—3, 6). Qəlbi qubarlı bu insanların təsəlliyə ehtiyacı var idi. Yehova Allah xalqını pərişan halda qoymadı, peyğəmbərlər vasitəsilə söz verdiyi kimi onları fars şahı Kuruşun əli ilə azad etdi. Kuruş Babili məğlub edəndən sonra demişdi: «Yehova... mənə... Yerusəlimdə Ona ev tikməyi buyurub. Aranızda Onun xalqına mənsub olan hər kəsə Allahı Yehova yar olsun! Qoy o adam Yerusəlimə getsin» (2 Saln. 36:23). Sözsüz ki, bu sözlər Babildə yaşayan israillilər üçün böyük təsəlli olmuşdu.
5. Məzmurçunun yazdıqlarına əsasən, Yehova qəlbisınıq xidmətçilərinə necə təsəlli verir?
5 Yehova israilliləri yalnız bir xalq şəklində ruhlandırmırdı, O, xalqın içindəki hər bir insana təsəlli verirdi. Yehova bu gün də eynən davranır. 147-ci məzmurun yazarı demişdi ki, Yehova Allah «qəlbisınıqlara şəfa verir, sızıldayan yaralarını sarıyır» (Zəb. 147:3). Allah-Taala həm xəstəliklə mübarizə aparan, həm depressiyada olan dərdli xidmətçilərinə dayaq olur. Yehova bizə hər zaman təsəlli verməyə, yaralarımızı sarımağa hazırdır (Zəb. 34:18; Əşy. 57:15). O, bizə hikmət və güc verir ki, üzləşdiyimiz hər bir problemin öhdəsindən gələ bilək (Yaq. 1:5).
6. Məzmurçunun Zəbur 147:4 ayəsində yazdığı sözlərdən necə təsəlli tapa bilərik? (Məqalənin əvvəlindəki şəklə baxın.)
6 Məzmurçu sonra səmadan söz açmağa başlayır, deyir ki, Yehova «ulduzların sayını hesablayır» və «hər birini adı ilə çağırır» (Zəb. 147:4). İlk baxışdan məzmurçunun tamam başqa mövzudan danışdığını fikirləşə bilərik. Sual yarana bilər: «Nəyə görə o, birdən göy cisimləri barədə danışmağa başlayır?» Gəlin bu mövzunu bir az ətraflı təhlil edək. Məzmurçu göyə baxanda yalnız səmaya səpələnmiş ulduzları görə bilirdi, amma onların əslində nə qədər çox olduğu barədə təsəvvürü belə yox idi. Bu gün isə bizə məlumdur ki, Kainatda saysız-hesabsız ulduz var. Alimlərin fikrincə təkcə bizim Süd Yolu qalaktikasında milyardlarla ulduz, bütün Kainatda isə milyonlarla ulduzun cəm olduğu trilyonlarla qalaktika var. Heç bir insan ulduzların dəqiq sayını bilmir. Yaradan isə onların hər birinə ad verib. Bu da onu göstərir ki, hər ulduz Allah üçün xüsusi önəm daşıyır (1 Kor. 15:41). Elə isə Allah insana, yer üzündə yaratdığı şah əsərə necə yanaşır? Hər an hər ulduzun harada olduğundan agah olan Allah, bizim də hansı vəziyyətdə olduğumuzdan, hansı hissləri keçirdiyimizdən və hər an nəyə ehtiyac duyduğumuzdan agahdır!
7, 8. a) Yehova Allah bizimlə bağlı nəyi başa düşür? b) Yehovanın şəfqətli Allah olduğunu təsdiq edən nümunə çəkin.
7 Yehova Allah sadəcə bizimlə maraqlanıb kənarda durmur. O, qüdrətli və şəfqətli Allahdır, O, bizə həyatın qayğıları ilə mübarizə aparmaq üçün güc verir. (Zəbur 147:5 ayəsini oxuyun.) Kimsə düşünə bilər ki, problemi çox ağırdır və ona dözmək mümkün deyil. Yadda saxlayın ki, Allah bizim gücümüzün məhdud olduğunu bilir, «torpaq olduğumuzu unutmur» (Zəb. 103:14). Qeyri-kamil olduğumuz üçün biz eyni səhvi dönə-dönə təkrarlayırıq. Ya dilimizlə günah edir, ya ürəyimizdən günahlı arzular keçirir, ya da kiminsə paxıllığını çəkirik. Bu isə sonradan bizə vicdan əzabı yaşadır. Təbii ki, bu hisslər Yehovaya yaddır, bununla belə, O, bizim hisslərimizi çox gözəl başa düşür! (Əşy. 40:28).
8 Sözsüz ki, Yehova bu günə kimi Öz qüdrətli əli ilə sizə çətinlikləri aşmağa kömək edib (Əşy. 41:10, 13). Gəlin görək Yehova Kioko adlı öncül bacıya necə kömək etmişdi. Kioko təyinat aldığı yeni əraziyə köçəndə çox məyus olmuşdu. Bilirsiniz, Yehova onu başa düşdüyünü necə göstərdi? Yeni yığıncaqda onun hisslərini başa düşən insanlar var idi. Bacıya elə gəlirdi ki, Yehova ona deyir: «Mən səni, sadəcə, öncül olduğun üçün sevmirəm. Sən Mənim əziz balamsan, həyatını Mənə həsr etmisən, ona görə səni sevirəm. İstəyirəm Mənə xidmətdə sənin hər günün xoş keçsin!» Bəs Külli-İxtiyar Yehova Allah hikmətinin hədsiz olduğunu şəxsən sizə necə sübut edib?
YEHOVA HƏR BİR EHTİYACIMIZI ÖDƏYİR
9, 10. Yehova bizə ilk növbədə necə kömək edir? Nümunə çəkin.
9 Hərdən bizim maddi köməyə ehtiyacımız olur. Bəzən qarındolusu yeməyimiz olmadığı üçün bizi fikir aparır. Amma nəzərə alın ki, barlı-bəhərli Yer kürəsini yaradan Yehova Allahdır, O, hətta «çığırışan quzğun balalarını yedizdirir»! (Zəbur 147:8, 9 ayələrini oxuyun.) Əmin olun ki, quzğun balalarını ac qoymayan Allah, sizin də ehtiyacınızı ödəyəcək (Zəb. 37:25).
10 Ən əsası, Yehova bizə imanımızı möhkəm saxlamağa kömək edir və hər bir ağıldan üstün olan sülhünü bəxş edir (Filip. 4:6, 7). Gəlin bunu təsdiq edən bir hadisəni nəzərdən keçirək. Yaponiyada yaşayan Mutsuo və həyat yoldaşı 2011-ci ildə baş verən sunami vaxtı Yehovanın köməyini xüsusi şəkildə hiss etmişdilər. Onlar evlərinin damına çıxaraq güc-bəla ilə sunamidən sağ çıxa bilmiş, amma, demək olar, hər şeylərini itirmişdilər. Mutsuogil gecəni bərbad vəziyyətə düşmüş evlərinin ikinci mərtəbəsindəki qaranlıq və soyuq otaqda keçirmişdi. Səhər açılanda onlar oxuyub ruhlanmaq üçün nə isə axtarmağa başladılar. Tapdıqları yeganə nəşr «Yehovanın Şahidlərinin illik fəaliyyəti» kitabının 2006-cı il buraxılışı idi. «Tarixin ən dəhşətli sunamisi» adlı başlıq dərhal Mutsuonun diqqətini cəlb etdi. Bu başlıqda 2004-cü ildə Sumatrada dəhşətli sunami nəticəsində baş verən zəlzələ barədə məlumat yazılmışdı. Mutsuo ilə arvadı həmin vaxt baş verən hadisələri göz yaşları içində oxuyurdu. Onlar başa düşürdü ki, Yehova bu yolla onlara məhəbbət və şəfqət göstərir, bu çətin anlarında təsəlli verir. Yehova onlara təkcə mənəvi yox, maddi cəhətdən də dəstək olmuşdu. Bacı-qardaşlar vasitəsilə onları yemək və paltarla təmin etmişdi. Amma onları ən çox ruhlandıran filial nümayəndələrinin yığıncaqlarını ziyarət etməsi idi. Mutsuo deyir: «Mənə elə gəlirdi, sanki, Yehova hər birimizin yanında durub bizə dayaq olur. Bundan böyük təsəlli ola bilməz!» Göründüyü kimi, köməyə ehtiyacımız olanda Yehova ilk növbədə imanımızı möhkəmləndirir, sonra isə başqa ehtiyaclarımızı təmin edir.
ALLAHIN QURTARICI GÜCÜ SİZƏ KÖMƏK OLSUN
11. Yehovanın qurtarıcı gücünü öz üzərimizdə hiss etmək üçün nə etməliyik?
11 Yehova hər zaman bizə kömək əlini uzatmağa hazırdır. Zəbur 147:6 ayəsinin birinci hissəsində yazılıb: «Yehova həlimləri qaldırır». Bəs Yehovadan bu köməyi almaq üçün nə etməliyik? Biz Onunla yaxın dost olmalıyıq. Bu münasibəti qurmaq üçün isə həlim olmaq vacibdir (Səf. 2:3). Həlim insan haqsızlıqla üzləşəndə və dara düşəndə məsələni Allahın öhdəsinə buraxır. Yehova bu cür insandan razı qalır, ona baxanda üzü gülür.
12, 13. a) Yehovanın məhəbbətini qazanmaq üçün nədən qaçmalıyıq? b) Yehova necə insanlardan razı qalır?
12 Zəbur 147:6 ayəsinin ikinci hissəsində isə deyilir ki, Yehova «şər adamları... yerə vurur». Heç birimiz istəmərik ki, Yehovanın qəzəbinə tuş gəlib məhv olaq. Əksinə, biz Onun məhəbbətini qazanmaq istəyirik. Bunun üçün Allahın nifrət etdiyi şeylərə nifrət etməliyik (Zəb. 97:10). Məsələn, biz əxlaqsızlıqdan ikrah etməliyik. Bu o deməkdir ki, bizi murdar əməllərə sövq edən hər bir şeydən, həmçinin pornoqrafiyadan uzaq durmalıyıq (Zəb. 119:37; Mət. 5:28). Hərdən bu mübarizə çox çətin olur. Amma savaşmağa dəyər, çünki qalib çıxsaq, Yehovadan mükafat alacağıq.
13 Bu savaşda möhkəm olmaq üçün Yehovaya arxalanmalıyıq, çünki öz gücümüzlə bu mübarizədə davam gətirə bilmərik. Zəbur 147:10 ayəsində deyilir ki, Yehovaya «zövq verən atın gücü deyil, insanın möhkəm ayaqları Onu heyrətə salmaz». Deməli, biz özümüzə və ya başqa bir insana arxalansaq, Yehovaya xoş getməz. Əksinə, belə vəziyyətlərdə Yehovanın ətəyindən yapışmalı və Ondan imdad diləməliyik. İnsanlardan fərqli olaraq, Yehova heç vaxt bizdən bezmir, Ona dəfələrlə yalvarsaq da, hər duamızı eşidir. «Yehova Ondan qorxanlardan, məhəbbətinə ümid bağlayanlardan xoşlanır» (Zəb. 147:11). Biz Yehovanın məhəbbətinə arxalanmalıyıq, əmin olmalıyıq ki, günahlı arzularla mübarizədə O, bizimlə çiyin-çiyinə savaşacaq və bu savaşdan qalib çıxacağıq.
14. Məzmurçu nəyə əmin idi?
14 Yehova Öz Kəlamı vasitəsilə bizi əmin edir ki, biz dara düşəndə kömək əlini uzadacaq. Məzmurçu Yerusəlimin bərpası ilə bağlı yazmışdı: «O, sənin darvazalarının rəzələrini bərkidir, oğullarına xeyir-bərəkət verir. Torpağına əmin-amanlıq bəxş edir» (Zəb. 147:13, 14). Məzmurçunun ürəyi rahat idi, çünki o, əmin idi ki, Yehova şəhərin darvazalarını möhkəmləndirəcək və xalqını qoruyacaq.
15—17. a) Hərdən problemlər ucbatından hansı hissləri keçiririk və Yehova bizə Kəlamı vasitəsilə necə kömək edir? b) Yehovanın sözünün çapartək sürətlə qaçdığını nə təsdiq edir? Misal çəkin.
15 Hərdən yaşadığımız problemlər bizi təlaşa sala bilər. Amma biz qorxmamalıyıq, bu çətinliyi aşmaq üçün Yehovadan hikmət istəməliyik. Məzmurçu yazmışdı ki, Allah «buyruğunu yerə göndərir, sözü çapartək sürətlə qaçır». Sonra Yehovanın qar yağdırdığı, qırov səpdiyi və dolu tökdüyü barədə söz açmışdı. Sonra isə belə bir sual vermişdi: «Soyuğuna kim dözər?» Bu sualın ardınca yazmışdı: «Əmr edir, onlar əriyir» (Zəb. 147:15—18). Dolu və qar qüdrət və hikmət sahibi olan Yehova Allahın hökmünə tabedir. Unutmayın, elə bir çətinlik yoxdur ki, Allah bizə onun öhdəsindən gəlməyə kömək edə bilməsin.
16 Bu gün Yehova bizə Müqəddəs Kitab vasitəsilə yol göstərir. Onun «sözü çapartək sürətlə qaçır», yəni O, bizə düz vaxtında məsləhət verir. Yəqin siz də Yehovadan bu cür kömək almısınız, məsələn, Müqəddəs Kitabı mütaliə edəndə, «sadiq və ağıllı nökər»in hazırladığı nəşrləri oxuyanda, JW televiziyasına baxanda, rəsmi veb saytımızdan istifadə edəndə, ağsaqqallarla məsləhətləşəndə və bacı-qardaşlarla ünsiyyət edəndə (Mət. 24:45). Məgər bu, Yehovanın sözünün sürətlə çapdığını, yəni ehtiyac yarananda Onun dərhal sizə məsləhət verdiyini sübut etmir?!
17 Simona adlı bacı Allahın Kəlamının qüdrətini öz təcrübəsində görmüşdü. O, özü haqda mənfi fikirdə idi, ona elə gəlirdi ki, Yehova ondan narazıdır. Mənfi fikirlər onu çulğayanda Simona dua edərək Yehovadan kömək istəyirdi. O, həmçinin müntəzəm şəxsi mütaliə ilə məşğul olurdu. Simona deyir: «Həyatımda elə bir çətinlik olmayıb ki, Yehova mənə güc və məsləhət verməsin». Bu, bacıya müsbət əhval-ruhiyyədə olmağa kömək edirdi.
18. Yehovanın şəxsən sizə dəyər verdiyini nədən görürsünüz və Yaha alqış deməyə sizi nə təşviq edir?
18 Məzmurçu israillilərin məxsusi bir xalq olduğunu başa düşürdü. Çünki Allah yalnız bu xalqa Öz Kəlamını, «qayda-qanununu, hökmlərini» vermişdi. (Zəbur 147:19, 20 ayələrini oxuyun.) Bu gün biz Yehovanın adını daşıyan yeganə xalqıq. Yehovaya ürəkdən minnətdarıq ki, bizə Onu tanımaq, Kəlamının qüdrətini hiss etmək və Onunla dost olmaq imkanı verib. 147-ci məzmurun yazarı kimi, bizim də Yaha alqış etməyə və başqalarını da buna səsləməyə səbəbimiz çoxdur.
a Yah Yehova adının qısa formasıdır.