Allaha yaxınlaşın
Allahı daha yaxşı tanımaq necə mümkündür?
YEHOVA ALLAH bizə böyük bir xəzinə əldə etmək imkanı verib və O, ürəkdən istəyir ki, biz buna nail olaq. Bu xəzinə insana maddi zənginlik yox, dünyanın bütün pullarını bir yerə yığsalar belə almaq mümkün olmayan daxili sakitlik, məmnunluq və xoşbəxt həyat bəxş edir. Söhbət hansı xəzinədən gedir? Bu sualın cavabını müdrik Süleyman padşahın Süleymanın məsəlləri 2:1—6 ayələrində qeyd olunan sözlərindən tapa bilərik.
Süleyman Allahı tanımağı — Onun haqqında həqiqəti və Müqəddəs Kitabda açıqlanan niyyətini xəzinəyə bənzədir (5-ci ayə). Bu xəzinə özündə bir neçə sahəni cəmləşdirir.
Həqiqi təlimlər. Müqəddəs Kitab aşağıdakı suallara cavab verir: Allahın adı nədir? (Məzmur 83:18). İnsan öləndə nə baş verir? (Məzmur 146:3, 4). Biz nə üçün mövcuduq? (Yaradılış 1:26—28; Məzmur 115:16) Həqiqətən də, bu vacib sualların cavabını tapa bilmək üçün insan nələri verməz?!
Müdrik məsləhətlər. Müqəddəs Kitab bizə ən gözəl həyat yolunu öyrədir. Nikahızı uzunömürlü etmək üçün nə edə bilərsiniz? (Efeslilərə 5:28, 29, 33). Necə edə bilərsiniz ki, uşaqlarınız məsuliyyətli böyüsünlər? (Qanunun təkrarı 6:5—7; Efeslilərə 6:4). Həyatda xoşbəxtliyi necə tapmaq olar? (Matta 5:3; Luka 11:28). Necə düşünürsünüz, bu kimi məsələlərə dair etibarlı məsləhətlər almaq nə dərəcədə vacibdir?
Allahın necə varlıq olduğu və xüsusiyyətləri barədə dərin biliklər. Müqəddəs Kitab Allah haqqında dəqiq biliklərin əsas mənbəyidir. Allahı necə təsəvvür etmək olar? (Yəhya 1:18; 4:24). O, bizim qeydimizə qalırmı? (1 Peter 5:6, 7). Onun xüsusiyyətlərindən bəziləri hansılardır? (Çıxış 34:6, 7; 1 Yəhya 4:8). Məgər Yaradanımız haqqında bu həqiqətlər misilsiz dərəcədə qiymətli deyil?!
Allahı tanımaq, Onun haqqında bilik əldə etmək, sözün əsil mənasında, bir xəzinədir. Onu necə əldə etmək olar? 4-cü ayədə Süleyman bu bilikləri «gizli xəzinə» ilə müqayisə edir. Misal üçün, əlimizi əlimizin üstünə qoyub otursaq, xəzinə hazır-halva qucağımıza düşən deyil. Onu tapmaq üçün güc sərf etmək lazımdır. Eynilə, Allah haqqında bilik Allahın Kəlamı olan Müqəddəs Kitabda gizlədilib, bu xəzinəni tapmaq üçün biz var gücümüzlə çalışmalıyıq.
Süleyman Allah haqqında biliyi tapmaq üçün nə etməli olduğumuzu göstərir. «Sözlərimi qəbul etsən» və «ürəyini... meyl etdirsən» kimi ifadələrdən aydın olur ki, biz öyrənməyə hazır ürəyə malik olmalıyıq (1, 2-ci ayələr). «Səsləsən», «axtarsan», «arasan» sözlərindən isə göründüyü kimi, biz əlimizdən gələni etməli və səylə təşəbbüs göstərməliyik (3, 4-cü ayələr). Xəzinəni tapmaq üçün Müqəddəs Kitabı ürəkdən, çalışqanlıqla araşdırmalıyıq (Luka 8:15).
Əgər bu cür təşəbbüs göstərsək, Yehova xəzinə tapmaqda bizə kömək edəcək. 6-cı ayədə deyildiyi kimi, «Rəbb hikmət verir». Biz yalnız Allahın köməyilə Müqəddəs Kitabdakı həqiqətləri tam mənimsəyə bilərik (Yəhya 6:44; Həvarilərin işləri 16:14). Bir şeyə əmin ola bilərsiniz ki, sidqi-ürəkdən Allahın Kəlamını araşdırsanız, Allah haqqında bilik əldə edəcək və Onu tanıyacaqsınız, bu da həyatınızı həddən ziyadə zənginləşdirəcək (Süleymanın məsəlləri 2:10—21)a.
[Haşiyə]
a Yehovanın Şahidləri bütün dünyada Allahın Kəlamını başa düşmək istəyən hər kəsə Müqəddəs Kitabı pulsuz öyrənməyi təklif edirlər. Əgər istəyirsinizsə, onlardan kiminləsə əlaqə saxlayın və ya 4-cü səhifədə yerləşən müvafiq ünvanlardan birinə yazın.