«Rəbb qorxusu hikmətdir»
«HƏR ŞEY aşkar oldu, nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» (Vaiz 12:13). Qədim İsrail padşahı Allahdan ilham alaraq necə də müdrik nəticə çıxarmışdır! Tayfa başçısı Əyyub da Allah qorxusunun dəyərini dərk etdiyi üçün demişdi: «Rəbb qorxusu hikmətdir, pislikdən çəkinmək müdriklikdir» (Əyyub 28:28).
Müqəddəs Kitab Yehovadan qorxmağın vacibliyini xüsusi olaraq vurğulayır. Ehtiramlı Allah qorxusunu inkişaf etdirməyimiz nə üçün müdriklikdir? Allah qorxusu şəxsən bizə və Allahın bütün həqiqi xidmətçilərinə necə fayda gətirə bilər? Süleymanın məsəlləri 14-cü fəsil, 26-35 ayələri bu suallara cavab verira.
‘Tam arxayınlıq’ mənbəyi
«Rəbdən qorxan tam arxayındır», deyə Süleyman bəyan edir, «çünki Rəbb onun övladlarının pənahıdır» (Süleymanın məsəlləri 14:26). Allah qorxusu olan insanın ümid mənbəyi başqası deyil, məhz sadiq və qadir Allah Yehovadır. Təəccüblü deyildir ki, belə insan gələcəyə tam arxayınlıqla baxır. Onun gələcəyi xoşbəxt və əbədi olacaqdır.
Bəs bu dünyaya — onun planlarına, təşkilatlarına, ideologiyasına və sərvətlərinə bel bağlayanların gələcəyi haqda nə demək olar? Hansı ümidlərlə yaşadıqlarından asılı olmayaraq, onların gələcəyi qısaömürlü olacaq, çünki Müqəddəs Kitabda deyilir: «Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17). Belə olduğu halda, ‘dünyanı və dünyada olan şeyləri sevməyə’ dəyərmi? (1 Yəhya 2:15)
Allah qorxusu olan valideynlər ‘övladlarına pənah’ tapmağa necə kömək edə bilərlər? «Gəlin, ey övladlar, məni dinləyin», deyə məzmurçu tərənnüm edirdi, «Rəbdən qorxmağı məndən öyrənin» (Məzmur 34:11). Valideynin nümunəsi və nəsihəti ilə tərbiyə olunan uşaqların, Yehovaya tam e’tibar edən insan kimi böyümələrinə daha çox ehtimal vardır (Süleymanın məsəlləri 22:6).
Süleyman davam edir: «Rəbb qorxusu həyat qaynağıdır, insanı ölüm tələsinə düşməkdən geri qaytarır» (Süleymanın məsəlləri 14:27). Həqiqi Allah ‘diri suların qaynağı’ olduğu üçün Yehova qarşısında qorxu «həyat qaynağıdır» (Yeremya 2:13, KM). Əgər biz Yehova və İsa Məsih haqqında bilik əldə ediriksə, əbədi həyata nail ola bilərik (Yəhya 17:3). Allah qorxusu bizi həm də ölüm tələsinə düşməkdən qoruyur. Necə? Süleymanın məsəlləri 13:14 ayəsində deyilir: «Hikmətli adamın tə’limi həyat qaynağıdır, insanı ölüm tələsinə düşməkdən geri qaytarır». Məgər Yehova qarşısında qorxu hissi duyaraq Onun qanunlarına tabe olarkən və Kəlamının addımlarımıza rəhbərlik etməsinə yol verərkən vaxtsız ölümə səbəb olan zərərli vərdişlərdən və narahatlıqdan özümüzü qorumuruqmu?
«Padşahın əzəməti»
Hakimiyyət illərinin çox hissəsində Süleyman Allah qarşısında olan qorxusunu saxlayaraq, Onun əmrlərinə tabe olurdu. Bunun nəticəsi olaraq, o, hakimiyyətini uğurla həyata keçirirdi. Bəs padşahın hakimiyyətinin uğurlu olduğu nə ilə müəyyən olunur? Süleymanın məsəlləri 14:28 ayəsi bu suala cavab verir: «Padşahın əzəməti xalqın çoxluğu ilə bilinər, əgər təbəələri olmasa, hökmdar süqut edər». Təbəələrinin firavanlığı padşahın nailiyyətini göstərir. Əgər xalqın əksər hissəsi onun hakimiyyəti altında yaşamaq istəyirsə, bu onun yaxşı rəhbər olduğuna işarə edir. Süleyman ‘[Qırmızı] dənizdən-[Aralıq] dənizə qədər, Fəratdan yerin ucqarlarına qədər səltənət sürürdü’ (Məzmur 72:6-8). Onun hakimiyyəti misli görünməmiş sülh və firavanlıq dövrü kimi xatırlanır (1 Padşahlar 4:24, 25). Beləliklə, Süleymanın hakimiyyəti müvəffəqiyyətli idi. Digər tərəfdən isə, əhalinin narazılığı rəhbərin nüfuzuna xələl gətirir.
Bu baxımdan Böyük Süleyman olan Xilaskar Padşah İsa Məsihin izzəti haqqında nə demək olar? Onun, hətta bu gün malik olduğu vətəndaşları barədə düşünün. Bütün dünyada Allah qorxusuna malik altı milyondan çox kişi və qadın artıq Məsihin hakimiyyəti altında yaşamaq seçimini etmişdir. Onlar Məsihə iman edir və yaşayan Allaha edilən həqiqi ibadətdə birləşmişlər (Yəhya 14:1). Minillik hakimiyyətin sonuna yaxın Allahın yaddaşında olan hər kəs dirildiləcəkdir. Yer üzü Cənnət öz Padşahına görə minnətdar olan xoşbəxt, saleh insanlarla dolacaqdır. Bu, Məsihin hakimiyyətinin müvəffəqiyyətli olduğuna necə də gözəl şahidlik olacaq! Gəlin, Padşahlığa olan bu gözəl ümidimizi nəyin bahasına olursa-olsun qoruyaq.
Ruhani və fiziki faydalar
Allah qarşısında ehtiramlı qorxu bizə qəlb rahatlığı və əmin-amanlıq bəxş edə bilər. Çünki müdriklik bir çox başqa cəhətlərlə yanaşı özünə sağlam düşüncə və dərrakəni daxil edir. Süleymanın məsəlləri 14:29 ayəsində deyilir: «Gec qəzəblənənin böyük dərrakəsi var, hövsələsizlərdən səfehlik çıxar». Dərrakənin sayəsində başa düşürük ki, cilovlanmayan qəzəb hissi ruhaniliyimizə zərər yetirər. ‘Allahın Padşahlığını miras almamağımıza’ gətirib çıxara biləcək işlərin sırasında ‘düşmənçilik, münaqişə, həsəd, qəzəb... nifaq’ da sadalanır (Qalatiyalılara 5:19-21, İ–93). Müqəddəs Kitab məsləhət görür ki, hətta haqq qazandırıla bilən qəzəbi də özümüzdən uzaqlaşdıraq (Efeslilərə 4:26, 27). Səbirsizlik isə sonradan peşmançılığını çəkəcəyimiz ağılsız sözlərə və hərəkətlərə gətirib çıxara bilər.
Qəzəbin səhhətimizə vurduğu zərəri göstərərək İsrailin padşahı belə deyir: «Ürəyin rahatlığı cana həyat verər, paxıllıqsa sümükləri çürüdər» (Süleymanın məsəlləri 14:30). Qəzəb və hirsin nəticəsi olaraq yaranan xəstəliklərə tənəffüs orqanlarının xəstəlikləri, qan təzyiqinin artması, qaraciyər və mə’dəaltı vəzi nasazlıqları da daxildir. Həkimlərin fikrincə qəzəb və hirs xora, məxmərək, astma, həzmetmə ilə bağlı və dəri xəstəliklərinin kəskinləşməsinə və hətta onların yaranmasına səbəb ola bilər. Digər tərəfdən isə, «ürəyin rahatlığı cana həyat verər» (Süleymanın məsəlləri 14:30). Buna görə də ‘sülh gətirən və bir-birimizi ruhən inkişaf etdirən şeylərə can atmaq’ müdriklikdir (Romalılara 14:19).
Allah qorxusu bizə qərəzsiz olmaqda kömək edir
Süleyman söyləyir: «Kasıba zülm edən Yaradanına xor baxar, yoxsula lütf göstərən Ona hörmət edər» (Süleymanın məsəlləri 14:31). Allah qorxusu olan insan başa düşür ki, bütün insanların Yaradanı Yehova Allahdır. Kasıb insanı da Allah yaratdığı üçün ona qarşı olan münasibət birbaşa Yehovaya tə’sir edir. Allaha izzət gətirmək üçün biz başqalarına ədalətli və qərəzsiz münasibət bəsləməliyik. Heç bir üzgörənliyə yol verilmədən imkansız məsihçilərə də diqqət və ruhani yardım göstərilməlidir. Biz Allahın Padşahlığı haqqında olan müjdəni həm kasıblarla, həm də varlılarla bölüşməliyik.
Allah qorxusunun digər faydalı cəhətinə də diqqət yetirərək müdrik padşah deyir: «Şər adam pisliyi üzündən qovular, salehin ölümündə [nöqsansızlığında] belə, pənahı var» (Süleymanın məsəlləri 14:32). Şər adam necə ‘qovulur’? Bə’zi Müqəddəs Kitab alimlərinin fikrincə burada şər adamın, bəlaya düşdükdə ayağa qalxa bilməməsi nəzərdə tutulur. Digər tərəfdən isə, bədbəxtlik baş verdikdə Allah qorxusu olan insan üçün nöqsansızlığı sığınacaq olur. Yehovaya tam e’tibar edərək, o, «son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» deyən Əyyubun malik olduğu eyni qətiyyəti göstərir (Əyyub 27:5).
Nöqsansızlığı qoruyub saxlamaq üçün Allah qorxusu və müdriklik tələb olunur. Bəs, müdrikliyi haradan tapmaq olar? Süleymanın məsəlləri 14:33 ayəsi cavab verir «Hikmət dərrakəlinin qəlbində özünə rahat yuva qurar, hətta axmaqların arasında da bəlli olar». Bəli, hikməti dərrakəli insanın qəlbində tapmaq olar. Bəs, axmaqların arasında belə, hikmət hansı mə’nada bəlli olur? Bir arayış əsərinə əsasən, «müdrik görünmək istəyən səfeh, hikmətli fikirlər söylədiyi zaman onlar onun dodaqlarında səfehliyə çevrilir».
«Milləti ucaldar»
İndi isə İsrailin padşahı diqqətimizi Allah qorxusunun bütöv bir xalqa göstərdiyi tə’sirə yönəldir: «Salehlik bir milləti ucaldar, günah ümmətləri utandırar» (Süleymanın məsəlləri 14:34). İsrail xalqının nümunəsində bu prinsipin həqiqiliyi necə də aydın görünür! Yehovanın yüksək normalarına əməl edərkən İsrail xalqı bütün ətraf xalqlardan üstün olurdu. Lakin daima göstərdikləri itaətsizlik rüsvayçılığa və nəticədə Yehovanın onları rədd etməsinə səbəb oldu. Bu prinsip bu gün də Allahın xalqına tətbiq ediləndir. Məsihçi yığıncağı Allahın saleh normalarına əməl etdiyi üçün bu dünyadan seçilir. Bununla yanaşı, həmin uca mövqeyi qorumaq üçün, hər birimiz ayrı-ayrılıqda yüksək əxlaqlı həyat sürməliyik. Günah işlətmək şəxsən bizi rüsvay etməklə yanaşı, yığıncağa və Allaha da ləkə yaxır.
Padşahın nədən məmnun olduğunu göstərərək Süleyman deyir: «Padşah ağıllı qulundan razı qalar, adbatıransa onun qəzəbinə düçar olar» (Süleymanın məsəlləri 14:35). Süleymanın məsəlləri 16:13 ayəsində də deyilir: «Saleh adamın dili padşahları razı salar, onlar düz danışanı sevər». Bəli, saleh və düşüncəli davranışımız, həmçinin dodaqlarımızdan Padşahlığın təbliği və şagird hazırlamaq üçün istifadə etməmiz Rəhbərimiz və Padşahımız İsa Məsihi məmnun edir. Beləliklə, Allah qorxusunun gətirdiyi xeyir-dualardan həzz almaq üçün, gəlin daima bu işlə məşğul olaq.
[Haşiyə]
a Süleymanın məsəlləri 14:1-25 ayələri «Gözətçi Qülləsi»nin 2004-cü il 15 noyabr sayının 26-29-cu səhifələrində (rus.) və 2005-ci il 15 iyul sayının 17-20-ci səhifələrində (rus.) müzakirə olunmuşdur.
[29-cu səhifədəki şəkil]
Allah qorxusunu öyrənmək olar.