Müqəddəs Yazıların kitabı nömrə 20 Süleymanın məsəlləri
Söyləyən: Süleyman, Aqur, Lemuel
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. təx. 717-ci il
ERAMIZDAN əvvəl 1037-ci ildə İsraildə padşahlıq taxtına oturan zaman, Davud oğlu Süleyman Yehovadan xahiş etdi: ‘Mənə hikmət və bilik ver ki, bu qədər böyük olan xalqa hökm edə bilim’. Xahişinə cavab olaraq Yehova ona «hikmət və bilik», həmçinin «dərrakəli ürək» verdi (2 Saln. 1:10-12; 1 Pad. 3:12; 4:30, 31). Nəticədə, Süleyman «üç min məsəl söyləmişdi» (1 Pad. 4:32). Onun söylədiyi hikmətli kəlamların bə’ziləri «Süleymanın məsəlləri» kitabında yazılmışdır. Bu hikməti ‘Süleymanın ürəyinə Allah qoyduğu’ üçün, biz «Süleymanın məsəlləri» kitabını tədqiq edərkən, demək olar ki, Yehova Allahın müdrikliyini tədqiq etmiş oluruq (1 Pad. 10:23, 24). Bu məsəllər özündə əbədi həqiqətləri cəmləşdirmişdir. Onlar bu gün də, ilk söylənilən zaman olduğu qədər müasirdir.
2 Süleymanın hakimiyyət dövrü Allah tərəfindən bu cür rəhbərliyin təqdim olunması üçün əlverişli bir dövr idi. Süleyman «Rəbbin [«Yehovanın», YD] taxtında» otururdu. İsrailin teokratik padşahlığının çiçəklənmə dövrü idi, Süleyman isə misilsiz ‘padşahlıq əzəməti’ ilə xeyir-dualanmışdı (1 Saln. 29:23, 25). Onun günlərində insanlar təhlükəsiz, sülh və bolluq içində yaşayırdılar (1 Pad. 4:20-25). Lakin insanlar, hətta teokratik rəhbərlik altında da qeyri-kamillik ucbatından yaranan şəxsi nöqsanlarına və çətinliklərinə görə əziyyət çəkirdilər. Buna görə də xalq, öz problemlərinin həllində kömək almaq üçün, hikmətli Süleyman padşaha müraciət edirdi (1 Pad. 3:16-28). Süleyman, hər hansı məhkəmə qərarı qəbul edərkən, gündəlik həyatın bir çox sahələrinə uyğun gələn, dillər əzbəri olmuş məsəllər söyləyirdi. Öz həyatlarını Allahın iradəsinə müvafiq olaraq qaydaya salmaq istəyənlər yığcam, lakin çox tə’sirli olan bu ifadələri yüksək qiymətləndirirdilər.
3 Müqəddəs Yazılarda, «Süleymanın məsəlləri» kitabını şəxsən Süleymanın yazdığı deyilmir. Orada onun ‘məsəl söylədiyi’, həmçinin ‘bir çox məsəlləri araşdırıb axtardığı və tərtib etdiyi’ deyilir; bu da onun həmin məsəllərin sonralar da istifadə olunması üçün qorunub saxlanılmasını istədiyini göstərir (1 Pad. 4:32; Vaiz 12:9). Davudun və Süleymanın günlərində saray ə’yanlarının sırasına mirzələr də daxil idi (2 Şam. 20:25; 2 Pad. 12:10). Süleymanın mirzələrinin onun məsəllərini toplayıb yazdıqları bizə mə’lum deyil, ancaq həmin dövrdə hər bir nüfuzlu hökmdarın söylədiyi fikirlərə xüsusi hörmətlə yanaşırdılar və adətən onları yazırdılar. Bu kitabın başqa külliyyatlardan götürülmüş məsəllər külliyatı olduğu güman edilir.
4 «Süleymanın məsəlləri» kitabını beş hissəyə bölmək olar: 1) «Davud oğlu Süleymanın məsəlləri» sözləri ilə başlayan 1-9-cu fəsillər; 2) «Süleymanın məsəlləri» kimi təqdim olunan 10-24-cü fəsillər; 3) «Bunlar da Süleymanın məsəlləridir. Yəhuda padşahı Xizqiyanın adamları bir yerə yığılıb bunların üzünü köçürtdü» sözləri ilə başlayan 25-29-cu fəsillər; 4) «Yaqe oğlu Aqurun sözləri» adlanan 30-cu fəsil və 5) «Lemuel padşahın sözləri, anasının ona öyrətdiyi kəlam»lar daxil olan 31-ci fəsil. Görünür, məsəllərin çoxunu Süleyman söyləmişdir. Aqur və Lemuelin şəxsiyyəti haqqında dəqiq heç nə mə’lum deyil. Bə’zi şərhçilər güman edirlər ki, Lemuel — Süleymanın digər adıdır.
5 «Süleymanın məsəlləri» kitabı nə zaman yazılıb və bir kitab kimi tərtib olunmuşdur? Şübhəsiz ki, kitabın çox hissəsi Süleymanın padşahlığı dövründə (b. e. ə.1037-998-ci illər), o, Allahdan dönməzdən əvvəl yazılmışdır. Aqur və Lemuelin kimliyi mə’lum olmadığından, onların yazdığı materialın dəqiq tarixini müəyyən etmək mümkün deyil. Külliyyatın biri Xizqiya padşahın dövründə (b. e. ə. 745-717-ci illər) hazırlanmışdır, buna görə də kitabın axıra kimi tərtib olunması onun padşahlığından qabaq sona çata bilməzdi. Axırıncı iki bölmə də Xizqiya padşahın dövründəmi tərtib olunmuşdur? Bu sual «Müqəddəs Yazıların qeydlərlə Yeni Dünya Tərcüməsi»ndə (ing.) Süleymanın məsəlləri 31:31 ayəsinə verilən haşiyədə açıqlanır: «Qədim ibrani mətnlərinin bə’zilərində triqrammatona, yə’ni Xizqiya padşahın imzasını təsvir edən üç hərfdən ibarət het, zain, qof (חזק) ifadələrinə rast gəlinir. Adətən padşah öz mirzələri tərəfindən hazırlanan sənədlərin surətlərinə bu cür imza atmaqla, işin başa çatdığını təsdiqləyirdi».
6 «Süleymanın məsəlləri» kitabına ilk dəfə ibrani dilində kitabın başlanğıc sözü olan «məsəllər» mə’nasını daşıyan mişle adı verilmişdir. Mişle — qədim ibrani ismi olan maşal-ın cəm halının hallanmış formasıdır. Bu sözün «oxşar olmaq» və ya «müqayisə edilən olmaq» mə’nasını daşıyan sözün kökündən əmələ gəldiyi fərz edilir. Bu tə’riflər kitabın məzmununu yaxşı əks etdirir, çünki məsəllər — bir qayda olaraq, bənzətmə və müqayisələr istifadə olunan və dinləyiciləri düşünməyə təşviq edən yığcam fikirlərdir. Məsəllərin müxtəsərliyi onların qavranılmasını asanlaşdırır, onları maraqlı və nəticə e’tibarilə, nəsihət vermək, mənimsəmək və yadda saxlamaq üçün daha da asan edir. Fikirlərin məğzi yadda qalır.
7 «Süleymanın məsəlləri» kitabının üslub xüsusiyyətləri də maraq doğurur. Kitab qədim ibrani dilinin poeziyasına xas olan şe’r üslubunda yazılıb. Orada daha çox istifadə olunan dil quruluşu paralelizmdir. Bu üslubda şe’rdəki sətirlərin qafiyəsi, yə’ni həmahəngliyi nəzərə alınmır, lakin paralel fikirlərdən ibarət olan sətirlərin özünəməxsus ahəngliyi mövcuddur. Məhz fikirlərin ritmik olması tə’limləri gözəl və güclü edir. Fikirlər sinonimlik və ya təzadlıq prinsipi üzrə qurula bilər, lakin paralelizmin əsas məğzi verilən fikri inkişaf etdirmək, onun mə’nasını izah etmək və fikri dəqiq verməkdir. Sinonimik paralelizmə dair nümunəni Süleymanın məsəlləri 11:25; 16:18 və 18:15 ayələrində, daha tez-tez rast gəlinən qarşı-qarşıya qoyulma paralelizminə dair nümunələri isə — Süleymanın məsəlləri 10:7, 30; 12:25; 13:25 və 15:8 ayələrində görmək olar. «Süleymanın məsəlləri» kitabının lap axırında isə daha bir poetik kompozisiya növünə rast gəlmək olar (Sül. məs. 31:10-31). Kitabın qədim ibrani mətnindəki son 22 ayə elə qurulub ki, onların hər biri qədim ibrani əlifbasının növbəti hərfi ilə başlayır. Bu cür mətn quruluşu akrostix adlanır və ondan məzmurların bir neçəsində də istifadə olunub. Qədim dünya ədəbiyyatında bu poeziya üslubunun tayı-bərabəri yoxdur.
8 «Süleymanın məsəlləri» kitabının doğruluğunu, həmçinin erkən məsihçilərin davranış qaydaları tə’yin etmək üçün tez-tez bu kitaba müraciət etmələrindən də görmək olur. Ehtimal ki, Yaqub «Süleymanın məsəlləri» kitabı ilə çox yaxşı tanış idi və bu kitabın əsas prinsiplərindən istifadə edərək, məsihçi davranışına dair məsləhətlər verirdi. (Süleymanın məsəlləri 14:29; 17:27 və Yaqub 1:19, 20; Süleymanın məsəlləri 3:34 və Yaqub 4:6; Süleymanın məsəlləri 27:1 və Yaqub 4:13, 14 ayələrini müqayisə edin.) Növbəti ayələrdə isə, «Süleymanın məsəlləri» kitabından birbaşa sitatlar gətirilir: Romalılara 12:20—Süleymanın məsəlləri 25:21, 22; İbranilərə 12:5, 6—Süleymanın məsəlləri 3:11, 12; 2 Peter 2:22—Süleymanın məsəlləri 26:11.
9 Bundan əlavə, «Süleymanın məsəlləri» kitabı Müqəddəs Yazıların digər hissələrinə uyğun gəlir, bu da onun ‘Müqəddəs Yazılara’ aid olduğunu sübut edir. Əgər bu kitabı Musanın qanunu ilə, İsanın tə’limləri, həmçinin onun şagird və həvarilərinin yazdıqları ilə müqayisə etsək, mə’na baxımından valehedici bir vəhdət təşkil etdiyi nəzərə çarpır. (Süleymanın məsəlləri 10:16—1 Korinflilərə 15:58 və Qalatiyalılara 6:8, 9; Süleymanın məsəlləri 12:25—Matta 6:25; Süleymanın məsəlləri 20:20—Çıxış 20:12 və Matta 15:4 ayələrinə baxın.) Hətta söhbət insanın məskunlaşması üçün yer üzünün hazırlanmasından gedəndə belə, məsəlləri tərtib edənlər ilə Müqəddəs Kitabın digər yazıçıları arasında fikir birliyi aşkar olunur (Sül. məs. 3:19, 20; Yar. 1:6, 7; Əyy. 38:4-11; Məz. 104:5-9).
10 Bu kitabın Allahdan ilham alması, onun kimyəvi qanunlar, yaxud tibb və sağlamlıq sahəsində elmi cəhətdən dəqiq olması ilə də sübut olunur. Buradan görünür ki, Süleymanın məsəlləri 25:20 ayəsində söhbət turşu-qələvi reaksiyalarından gedir. Süleymanın məsəlləri 31:4, 5 ayələrində deyilənlər spirtli içkinin düşünmə prosesini kütləşdirməsinə dair müasir elmi dəlillərə uyğun gəlir. Bir çox həkim və dietoloqlar balın müalicəvi əhəmiyyətə malik olduğunu e’tiraf edirlər, bu isə növbəti məsəli xatırladır: «Oğlum, bal ye, xeyri var» (Süleymanın məsəlləri 24:13). İnsan psixosomatikası sahəsində edilən müasir tədqiqatlar da «Süleymanın məsəlləri» kitabı üçün yenilik deyil. Orada deyilir: «Ürək sevinci can üçün ən yaxşı məlhəmdir» (17:22; 15:17).
11 «Süleymanın məsəlləri» kitabı insanların şərait və tələbatlarını hərtərəfli əhatə etdiyi üçün bir mö’təbər alim demişdir: «Həyatın elə bir sahəsi yoxdur ki, orada münasib nəsihət olmasın; xeyir və şərin istənilən təzahürü ya lazımi tə’rifə, ya da məzəmmətə layiq görülür. İnsan şüuru daima Allaha üz tutur... və insan öz yollarında Yaradanını və Hakimini yanında hiss edir... Bu qədim kitabda müxtəlif insanlara rast gəlmək olur; o üç min il bundan əvvəl tərtib olunmasına baxmayaraq, bizim həyatımıza o dərəcədə yaxındır ki, sanki oradakı obrazlar müasir həyatdan götürülmüşdür» («Smitin Müqəddəs Kitab lüğəti», 1890, c. III, s. 2616).
BİZƏ FAYDASI
19 «Süleymanın məsəlləri» kitabının başlanğıc ayələri onun yazılmasının məqsədini müəyyən edir: «Hikmət və tərbiyəyə malik olmaq, müdrik sözləri dərk etmək üçün, salehlik, ədalət, insaf barədə idrak tərbiyəsi almaq üçün, cahillərə uzaqgörənlik, gənc oğlana bilik və dərrakə vermək üçün» (1:2-4). Öz məqsədinə uyğun olaraq, bu kitab biliyi, hikməti, idrakı vurğulayır. Bu xüsusiyyətlərin hər birinin özünəməxsus faydası var.
20 1) Bilik insan üçün olduqca vacibdir, çünki cahillikdə gəzmək yaxşı deyil. Biliyə yiyələnmək Yehovanın qarşısında qorxudan başlayır, buna görə də Allah qorxusuna malik olmadan dəqiq bilik əldə etmək mümkün deyil. Bilik say-seçmə qızıldan da üstündür. Nəyə görə? Ona görə ki, biliyin sayəsində salehlər xilas olur; bilik insanı tez-tələsik günah işlətməkdən saxlayır. Biliyi axtarıb tapmaq və ona yiyələnmək necə də vacibdir! O çox qiymətlidir. Beləliklə, «qulağını aç, hikmətlilərin sözlərini eşit, ürəyini mənim biliyimə ver» (22:17; 1:7; 8:10; 11:9; 18:15; 19:2; 20:15).
21 2) Hikmət, Yehovaya izzət gətirərək, biliyi düzgün tətbiq etmək bacarığıdır və «hər şeydən üstün» keyfiyyət adlanır. Hikmətə yiyələn. Onun Mənbəyi Yehovadır. Həyat verən hikmət Yehovanı dərk etməkdən və Onun qarşısında qorxuya malik olmaqdan başlanır — hikmətin ən böyük sirri bundadır. Buna görə də, insandan yox, Allahdan qorxmaq lazımdır. Təcəssüm etdirilmiş hikmət səsini küçələrdə belə ucaldaraq, hamını öz yollarını düzəltməyə çağırır. Yehova bütün təcrübəsizləri və ağılsızları öz yollarından dönməyə və müdriklik çörəyi yeməyə çağırır. Onlar ən az şeylərə malik olsalar belə, Yehovaya məqbul qorxu təzahür etdirməklə xoşbəxt olacaqlar. Hikmət çoxlu xeyir-dualar gətirir; onun gətirdiyi fayda sonsuzdur. Hikmət və bilik — bizi qoruyacaq keyfiyyət olan idrak üçün zəruri şərtdir. Hikmət bal kimi faydalı və xoşdur. Qızıldan da qiymətlidir; o həyat ağacıdır. Hikmətsiz insanlar məhv olurlar, çünki hikmət həyatı qoruyur; onun özü həyatdır (4:7; 1:7, 20-23; 2:6, 7, 10, 11; 3:13-18, 21-26; 8:1-36; 9:1-6, 10; 10:8; 13:14; 15:16, 24; 16:16, 20-24; 24:13, 14).
22 3) Hikmət və bilikdən əlavə idrak da vacibdir; buna görə də ‘hikməti qazan, idraka sahib ol’. İdrak hadisələr arasındakı bağlılığı görməyə kömək edir; bu uzaqgörənlik Allahla sıx bağlıdır, çünki insan öz idrakına e’tibar edə bilməz. Yehovanın iradəsinə zidd davranaraq, idrak və ya uzaqgörənlik qazanmaq heç cür mümkün deyil! İdraka yiyələnmək üçün onu xəzinə kimi axtarmaq lazımdır. Bir şeyi anlamaq üçün biliyə sahib olmaq gərəkdir. Ağıllı insan bilik axtaranda, onun göstərdiyi sə’y mükafatlandırılır və o, hikmətə sahib olur. O, dünyanın saysız-hesabsız tələlərindən, yə’ni başqalarını qaranlıq yolu ilə getməyə cəlb etmək üçün pis insanların yalana əl ataraq qurduqları tələlərdən müdafiə olunur. Yehova Allaha — bizə həyat bəxş edən bilik, hikmət və idrak Mənbəyinə hədsiz dərəcədə minnətdar olmalıyıq! (4:7; 2:3, 4; 3:5; 15:14; 17:24; 19:8; 21:30).
23 «Süleymanın məsəlləri» kitabı öz məqsədinə müvafiq olaraq bizə idrak əldə etməyə və ürəyimizin «həyat çeşməsi» olduğu üçün onu qorumağa kömək edən hikmətli, Allah tərəfindən ilhamlanmış bol-bol məsləhətlər verir (4:23). «Süleymanın məsəlləri» kitabındakı hikmətli məsləhətləri nəzərdən keçirək.
24 Salehlərlə şər insanlar arasındakı təzad. Şər adamın əyri yolları ifşa olunacaq və qəzəb günü var-dövlət onu xilas etməyəcək. Saleh isə həyat yolunda durur və Yehovadan mükafat alacaqdır (2:21, 22; 10:6, 7, 9, 24, 25, 27-32; 11:3-7, 18-21, 23, 30, 31; 12:2, 3, 7, 28; 13:6, 9; 14:2, 11; 15:3, 8, 29; 29:16).
25 Əxlaqi təmizliyin vacibliyi. Süleyman əxlaqsızlığa qarşı dəfələrlə xəbərdarlıq edir. Ər-arvadlıq sədaqətini pozanlar özlərini bəlaya və şərəfsizliyə düçar edəcək və biabırçılıqdan yaxa qurtara bilməyəcəklər. «Oğurluq su» gənc üçün şirin görünə bilər, lakin fahişənin yolları ölümə aparır və o, təcrübəsiz qurbanları öz arxasınca çəkib aparır. Yehova, dərin əxlaqsızlıq çuxuruna atılanları mühakimə edir (2:16-19; 5:1-23; 6:20-35; 7:4-27; 9:13-18; 22:14; 23:27, 28).
26 Nəfsə hakim olmağın vacibliyi. Əyyaşlıq və qarınqululuq mühakimə olunur. Allahın razılığını qazanmaq istəyənlərin hamısı yeməkdə və içməkdə tarazlığı qorumalıdır (20:1; 21:17; 23:21, 29-35; 25:16; 31:4, 5). Gec qəzəblənənlərin «böyük dərrakəsi var», onlar şəhəri fəth edənlərdən üstündürlər (14:17, 29; 15:1, 18; 16:32; 19:11; 25:15, 28; 29:11, 22). Nəfsə hakim olmaq, paxıllıqdan və başqalarına qibtə etməkdən qaçınmaq üçün də lazımdır, çünki bu xüsusiyyətlər sümüklərdəki çürüklüklə müqayisə edilir (14:30; 24:1; 27:4; 28:22).
27 Nitqdən hikmətlə və hikmətsiz tərzdə istifadə etmək. Yalan danışan dil, sözgəzdirən adam, yalançı şahid və yalançılar ifşa olunacaqlar, çünki bunların hamısından Yehova ikrah edər (4:24; 6:16-19; 11:13; 12:17, 22; 14:5, 25; 17:4; 19:5, 9; 20:17; 24:28; 25:18). Xeyir danışan ağız — həyat qaynağıdır; şər adamın dili isə başına bəladır. «Ölüm və həyat dilin əlindədir, onu sevənlər barından yeyir» (18:21). Böhtançılıq, yalan söhbət, yaltaqlıq və düşünmədən danışmaq məzəmmət edilir. Müdriklik yolu — həqiqəti danışmaq, Allaha ehtiram bəsləməkdən ibarətdir (10:11, 13, 14; 12:13, 14, 18, 19; 13:3; 14:3; 16:27-30; 17:27, 28; 18:6-8, 20; 26:28; 29:20; 31:26).
28 Təkəbbürlüyün ağılsızlıq olması və təvazökarlığın vacibliyi. Təkəbbürlü insan özünü həddindən artıq yüksəldir, bu mütləq fəlakətə gətirib çıxarır. Yehova qəlbi təkəbbürlülərə ikrah edir, təvazökarlara isə hikmət, izzət, var-dövlət və həyat verir (3:7; 11:2; 12:9; 13:10; 15:33; 16:5, 18, 19; 18:12; 21:4; 22:4; 26:12; 28:25, 26; 29:23).
29 Tənbəl deyil, çalışqan olmaq gərəkdir. Bu kitabda tənbəllik müxtəlif cür təsvir olunur. Tənbəl adam qarışqanın yanına gedib, ondan müdriklik öyrənməlidir. Çalışqan adam isə hər zaman müvəffəq olacaqdır! (1:32; 6:6-11; 10:4, 5, 26; 12:24; 13:4; 15:19; 18:9; 19:15, 24; 20:4, 13; 21:25, 26; 22:13; 24:30-34; 26:13-16; 31:24, 25).
30 Düzgün ünsiyyət dairəsi. Yehovadan qorxmayanlarla — pis, ağılsız, kəmhövsələ, qeybətçi və ya qarınqulu olanlarla ünsiyyətdə olmaq ağılsızlıqdır. Ən yaxşısı, hikmətlilərlə ünsiyyətdə olmaqdır, çünki bu daha da hikmətli olmağa kömək edər (1:10-19; 4:14-19; 13:20; 14:7; 20:19; 22:24, 25; 28:7).
31 Məzəmmət və tərbiyənin vacibliyi. ‘Rəbb sevdiyini məzəmmət edər’, Onun tərbiyəsini qəbul edənlər şərəf və həyat qazanacaq. Məzəmmətə xor baxanlar isə rüsvay olacaqlar (3:11, 12; 10:17; 12:1; 13:18; 15:5, 31-33; 17:10; 19:25; 29:1).
32 Yaxşı həyat yoldaşı olmağa dair məsləhət. «Süleymanın məsəlləri» kitabı dəfələrlə qadınları davakar olmamağa və özlərini rüsvay etməməyə çağırır. Ağıllı, xeyirxah, Allahdan qorxan qadının ağzından hikmət axır; bu cür arvad tapan kəs Yehovanın razılığını qazanar (12:4; 18:22; 19:13, 14; 21:9, 19; 27:15, 16; 31:10-31).
33 Uşaqların tərbiyəsi. Müntəzəm olaraq uşaqlara Allahın əmrlərini öyrədin ki, onları ‘unutmasınlar’. Körpəlikdən onları Yehovanın öyüd-nəsihəti ilə tərbiyə edin. Lazım gələrsə, kötəyi əsirgəməyin; məhəbbətin təzahürü kimi, kötək və məzəmmət gəncə hikmət verir. Uşaqlarını Allaha məqbul tərzdə tərbiyə edənlər, atasına və anasına çoxlu sevinc gətirən müdrik övladlar böyüdəcəklər (4:1-9; 13:24; 17:21; 22:6, 15; 23:13, 14, 22, 24, 25; 29:15, 17).
34 Başqalarına kömək etmək məs’uliyyəti. Bu haqda «Süleymanın məsəlləri» kitabında dəfələrlə xatırlanır. Hikmətli adam öz biliyini başqalarının xeyrinə ‘səpələməlidir’. İnsan gərək səxavətli olsun və yoxsullara kömək etsin. Belə etməklə, o, sanki Yehovaya borc verir, Yehova isə onu mütləq mükafatlandıracaq (11:24-26; 15:7; 19:17; 24:11, 12; 28:27).
35 Yehovaya güvənmək. «Süleymanın məsəlləri» kitabı Allaha tam e’tibar etməyi məsləhət görməklə, problemlərimizin məğzinə toxunur. Bütün yollarımızda daima Yehovanı yadda saxlamalıyıq. İnsan planlar qurur, ancaq onun addımlarını Yehova istiqamətləndirməlidir. Yehovanın adı qüvvətli bir qaladır, salehlər qaçıb Ona pənah aparır. Yehovaya güvənin və rəhbərlik üçün Onun Kəlamına müraciət edin (3:1, 5, 6; 16:1-9; 18:10; 20:22; 28:25, 26; 30:5, 6).
36 «Süleymanın məsəlləri» kitabı həm özümüzə, həm də başqalarına tə’lim və tərbiyə vermək üçün nə qədər də faydalıdır! Görünür, insanlar arasındakı qarşılıqlı münasibətlərin heç bir sahəsi nəzərdən yayınmayıb. Allahın ibadətçilərindən kimin isə həmimanlılarından ayrı düşməsindən (18:1), yüksək vəzifəli adamın hər hansı bir işə baxarkən hər iki tərəfi dinləməli olmasından (18:17), təhlükəli zarafatlara meylli olmağın aqibətindən (26:18, 19) və tərəfkeşliyin zərərindən (28:21) bəhs edilir. Piştaxta arxasındakı satıcı, tarladakı əkinçi, ər-arvad və uşaqlar — hamı faydalı məsləhətlər ala bilər. Valideynlər gənclərin yolunda qurulmuş bir çox tələləri müəyyən edə bilmək üçün kömək alırlar. Müdriklər təcrübəsizlərə öyüd-nəsihət verə bilirlər. Harada yaşamağımızdan asılı olmayaraq, məsəllər bizim üçün faydalıdır; bu kitabdakı öyüd və məsləhətlər heç zaman köhnəlmir. Amerikalı maarif xadimi Uillyam Layon Felps demişdir: «“Süleymanın məsəlləri” kitabı gündəlik qəzetdən daha müasirdir»a. «Süleymanın məsəlləri» kitabı müasir, praktiki və tə’lim üçün faydalıdır, çünki Allahdan ilham almışdır.
37 İslah üçün faydalı olan və çox hissəsi Süleyman tərəfindən söylənilən «Süleymanın məsəlləri» kitabı insanları Külli-İxtiyar Allaha yönəldir. Matta 12:42 ayəsində «Süleymandan daha böyüyü» adlanan İsa Məsih də bu cür davranırdı.
38 Biz, Padşahlığın Zürriyyəti timsalında hədsiz dərəcədə müdrik bir şəxsiyyət seçdiyi üçün, Yehovaya çox minnətdar olmalıyıq! Onun ‘taxtı salehliklə möhkəmlənəcək’ və onun sülh içindəki rəhbərliyinin izzəti Süleymanın padşahlığının izzətindən qat-qat üstün olacaq. Bu Padşahlığın hökmranlığı haqqında belə deyilmişdir: «Padşahı məhəbbət və sədaqət qoruyar, taxtını xeyirxahlıq möhkəm saxlar». Bunun sayəsində bütün bəşəriyyət üçün salehlik içində sonsuz era başlanacaq, bu haqda «Süleymanın məsəlləri» kitabında belə deyilmişdir: «Padşah kasıblara həqiqətlə hökm versə, taxtı əbədi möhkəmlənər». Çox sevindirici haldır ki, «Süleymanın məsəlləri» kitabı bizim yolumuzu yalnız biliyə, müdrikliyə və idraka deyil, həmçinin əbədi həyata doğru işıqlandırır, ən vacibi isə, Yehovanı həqiqi müdriklik Mənbəyi kimi izzətləndirir. Yehova isə öz növbəsində bu müdrikliyi Padşahlığın Varisi olan Məsih İsa vasitəsilə paylayır. «Süleymanın məsəlləri» kitabı Allahın Padşahlığı və onun bu gün hansı prinsiplərə əsasən idarə etdiyinə dair anlayışımızı daha da artırır (Sül. məs. 25:5; 16:12; 20:28; 29:14).
[Haşiyələr]
a «Treasury of the Christian Faith» Staber və Klarkın redaksiyasında, 1949, s. 48.