Doxsan il bundan əvvəl ‘yaradanımı xatırlamağa’ başladım
Nəql etdi Edvin Ricuell
NOYABRIN 11-i 1918-ci il idi. Gözlənilmədən məktəbdə uşaqları Barışıq gününü, sonradan Birinci Dünya müharibəsi adlanan Böyük müharibənin sonunu qeyd etmək üçün topladılar. O vaxt cəmi beş yaşım vardı və nə üçün yığıldığımızı tam anlamırdım. Lakin valideynlərimin Allah haqqında öyrətdikləri məni bu mərasimə qatılmaqdan çəkindirirdi. Mən Allaha dua etdim. Sonra özümü saxlaya bilməyib ağlasam da, mərasimdə iştirak etmədim. O andan etibarən mən ‘Yaradanımı xatırlamağa’ başladım (Vaiz 12:1).
Məktəbdə baş verən bu hadisədən bir neçə ay öncə, ailəmiz Şotlandiyanın Qlazqo şəhərinin yaxınlığına köçmüşdü. O vaxt atam «Hal-hazırda yaşayan milyonlarla insan heç vaxt ölməyəcək» adlı çıxışa qulaq asmışdı. Bu, onun həyatında dönüş nöqtəsi olmuşdu. Atamla anam Müqəddəs Kitabı öyrənməyə başladı. Onlar tez-tez Allahın Padşahlığı və onun gətirəcəyi xeyir-dualar haqqında söhbət edərdilər. Allaha minnətdaram ki, o vaxtdan bəri valideynlərim mənə Allaha məhəbbət və etibar aşılayıblar (Sül. məs. 22:6).
Tammüddətli xidmətə başlayıram
15 yaşım olanda ali təhsil almaq imkanım var idi, əslində isə, ürəyimdən tammüddətli xidmətçi olmaq arzusu keçirdi. Atam fikirləşirdi ki, mən hələ uşağam, buna görə də bir müddət ofisdə işlədim. Lakin Yehovaya tammüddətli xidmət etmək arzusu ilə elə alışıb-yanırdım ki, bir gün oturub ümumdünya təbliğ işinə nəzarət edən Ruterford qardaşa məktub yazdım. Ondan planlarım barədə nə düşündüyünü soruşdum. Ruterford qardaş cavab məktubunda belə yazmışdı: «Əgər işləmək üçün yaşın çatırsa, deməli, Rəbbə xidmət etmək üçün də yaşın çatır. [...] Mən əminəm ki, Rəbbimizə sədaqətlə və səylə xidmət etsən, O, Öz xeyir-duasını səndən əsirgəməyəcək». 1928-ci il 10 mart tarixli bu məktubun ailəmizə böyük təsiri oldu. Tezliklə atam, anam, böyük bacım və mən tammüddətli xidmətə başladıq.
1931-ci ildə Londonda keçirilən konqresdə Ruterford qardaş könüllüləri xoş xəbəri xarici ölkələrdə təbliğ etməyə səslədi. Bu çağırışa hay verənlərin arasında mən də vardım. Məni Endryu Cek qardaşla birgə Litvanın o vaxtkı paytaxtı Kaunas şəhərinə təyin etdilər. O zaman 18 yaşım vardı.
Xoş xəbəri xaricdə təbliğ edirik
O dövrdə Litva yoxsul və aqrar ölkə olduğundan kənd yerlərində təbliğ etmək asan deyildi. Qalmaq üçün yer tapmaq müşkül məsələ idi, ancaq qaldığımız bəzi yerlər uzun müddət yadımızda qaldı. Məsələn, bir gecə Endryu və mən özümüzü narahat hiss etdiyimiz üçün yuxudan oyandıq. Lampanı yandıranda gördük ki, çarpayımızı taxtabiti basıb. Onlar bizi təpədən-dırnağa qədər dişlək-dişlək etmişdilər. Ağrılarımı azaltmaq üçün bir həftə ərzində hər səhər yaxınlıqdakı çaya girib boğazadək soyuq suyun içində dayanırdım. Amma xidmətimizi dayandırmağı ağlımıza belə gətirmirdik. Çox keçmədi ki, biz Müqəddəs Kitab həqiqətini qəbul edən gənc ər-arvada rast gəldik. Onlar bizi təmiz və xudmani evlərində yaşamağa dəvət edəndə mənzil problemimiz həll olundu. Təmiz döşəmədə yatmaq taxtabiti ilə dolu çarpayıda yatmaqdan qat-qat yaxşı idi!
O zaman Litvada Roma-katolik və rus pravoslav kilsələri hegemonluq edirdi. Yalnız varlı insanların Müqəddəs Kitabı almağa imkanı çatırdı. Bizim başlıca məqsədimiz mümkün qədər çox ərazidə təbliğ etmək və maraq göstərən insanlara bacardığımız qədər çox ədəbiyyat vermək idi. Əvvəlcə biz şəhərdə qalmaq üçün yer tapırdıq. Şəhərin ətraf ərazilərində ehtiyatla təbliğ etdikdən sonra axırda şəhərin özündə qısa müddət ərzində təbliğ edib oranı tərk edirdik. Bununla biz, adətən, yerli keşişlər maneələr törətməmiş işimizi bitirirdik.
Qalmaqal və onun əks-sədası
1934-cü ildə Endryu Kaunas filialında xidmət etməyə dəvət olundu, mənim əməkdaşım isə Con Sempi oldu. Bizimlə bir neçə unudulmaz hadisə baş vermişdi. Bir dəfə mən kiçik bir şəhərdə olanda hüquq məsləhətxanasına girdim. Kişi qəzəbləndi və siyirmədən tapanca çıxardıb oranı tərk etməyimi tələb etdi. Həmin an ürəyimdə dua edib bir Müqəddəs Kitab məsləhətini xatırladım: «Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar» (Sül. məs. 15:1). Sonra isə ona dedim: «Mən bura bir dost kimi xoş xəbərlə gəlmişəm». O, barmağını tətikdən çəkdi və mən yavaş-yavaş daldalı gedərək oranı tərk etdim.
Conun yanına qayıdanda xəbər tutdum ki, onun da başına iş gəlib. O rast gəldiyi qadından böyük məbləğdə pul oğurlamaqda günahlandırılaraq şübhəli şəxs qismində polis məntəqəsinə aparılıb. Orada onu tamamilə soyundurub, başdan-ayağa yoxlayıblar. Əlbəttə ki, axtardıqları onda yox idi. Əvvəl-axır, əsil oğru tapıldı.
Hər iki hadisə şəhərə böyük əks-səda saldı və insanlar nə haqda təbliğ etdiyimizi bildilər.
Gizlincə ədəbiyyat keçiririk
Fəaliyyətimizin qadağan olunduğu qonşu Latviyaya Müqəddəs Kitaba əsaslanan ədəbiyyat keçirmək riskli idi. Biz təxminən ayda bir dəfə gecə qatarı ilə Latviyaya gedib-gəlirdik. Bəzən ədəbiyyatları boşaldandan sonra daha çox ədəbiyyat götürmək və qayıdanbaş onu Latviyada saxlamaq üçün Estoniyaya gedirdik.
Bir dəfə gömrükçüyə nə ilə məşğul olduğumuzu çatdırmışdılar və o, bizi qatardan düşürdüb, ədəbiyyatı rəisin yanına aparmağımızı əmr etdi. Bu zaman biz Conla dua edib Yehovadan kömək istədik. Təəccüblü haldır ki, o, rəisinə bizim nə daşıdığımızı xəbər vermədi. Sadəcə dedi: «Onların gömrük bəyannaməsində qeyd olunacaq şeyləri var». Mən bəyannamədə apardığım ədəbiyyatın məktəblilərə və tələbələrə bu təlaşlı dünyada baş verən hadisələrin məğzini başa düşməyə kömək etdiyini qeyd etdim. Gömrükçü bizə keçməyə icazə verdi və biz ədəbiyyatlarımızı lazımi ünvana çatdırdıq.
Baltikyanı ölkələrdə siyasi vəziyyət pisləşdikcə Yehovanın Şahidlərinə qarşı münasibət də get-gedə pisləşirdi. Nəticədə, təbliğ işimizə Litvada da qadağa qoyuldu. Endryu ilə Conu deportasiya etdilər. İkinci Dünya müharibəsi yaxınlaşmaq üzrə olanda bütün Britaniya vətəndaşlarına ölkəni tərk etməyi məsləhət gördülər. Əfsuslar olsun ki, mən də ölkədən getməli oldum.
Şimali İrlandiyada xidmət və aldığım xeyir-dualar
Artıq o vaxt valideynlərim Şimali İrlandiyaya köçmüşdülər, 1937-ci ildə mən də onların yanına köçdüm. Müharibə təhlükəsi hiss olunduğundan nəşrlərimizi burada da qadağan etdilər, lakin biz bütün müharibə boyunca təbliğ etməkdən vaz keçmədik. İkinci Dünya müharibəsindən sonra dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmadan işimizi yerinə yetirirdik. Sonradan Çində missioner kimi xidmət edən Harold Kinq açıq səma altında məruzələr təşkil etməyə başladı. O dedi: «Bu şənbə ilk məruzəni mən söyləyəcəm». Sonra mənə baxıb əlavə etdi: «Gələn şənbə isə sənin növbəndir». Məni həyəcan bürüdü.
İlk çıxışım bugünkü kimi yadımdadır. Məruzəyə qulaq asmaq üçün yüzlərlə adam toplaşmışdı. Mən həmin məruzəni qutunun üstündə dayanaraq heç bir səsgücləndirici vasitələr olmadan söylədim. Çıxışdan sonra bir kişi mənə yaxınlaşıb əlimi sıxdı və adının Bill Smit olduğunu dedi. O, insanların bu yerə toplaşdığını görüb nə baş verdiyini öyrənmək istəyib. Söhbət əsnasında məlum oldu ki, onun atamla tanışlığı olub, lakin atam və ögey anam pioner kimi xidmət etmək məqsədilə Dublinə köçəndə əlaqələri kəsilib. Biz onunla Müqəddəs Kitabı öyrənməyə başladıq. Tədricən Bilin ailəsinin doqquz üzvü də Yehovanın xidmətçisi oldu.
Günlərin bir günü Belfastın ətrafındakı villalarda təbliğ edərkən vaxtilə Litvada yaşamış bir rus qadınına rast gəldim. Nəşrlərimizi göstərəndə kitablardan birinə işarə edib dedi: «Bu kitab məndə var. Onu mənə Kaunas universitetinin professoru olan əmim verib». Qadın polyak dilində «Yaradılış» kitabını göstərdi. Kitabın kənarlarında çoxlu qeydlər vardı. Deyəndə ki, bu kitabı onun əmisinə Kaunasda mən vermişəm, o, çox təəccübləndi! (Vaiz 11:1).
Con Sempi Şimali İrlandiyaya getməyə hazırlaşdığımı eşidəndə məndən xahiş etdi ki, həqiqətə maraq göstərən kiçik bacısı Nelliyə baş çəkim. Bacım Konni ilə birgə onunla Müqəddəs Kitab öyrənməsi keçirirdik. Nelli qısa müddət ərzində ruhən inkişaf edib həyatını Yehovaya həsr etdi. Bir qədər sonra biz görüşməyə başladıq və ailə həyatı qurduq.
Biz Nelli ilə birgə 56 il Yehovaya xidmət etdik və bu vaxt ərzində bizə yüzdən çox insana Müqəddəs Kitab həqiqətlərini öyrətmək şərəfi nəsib oldu. Biz ümid edirdik ki, Har-Megidondan sağ çıxıb birgə yeni dünyada yaşayacağıq, lakin 1998-ci ildə amansız düşmən olan ölüm onu məndən aldı. Bu, həyatımda ən ağır itkilərdən biri oldu.
Pribaltikaya qayıdış
Nellinin ölümündən təxminən bir il sonra gözəl bir xeyir-dua aldım. Mənə Tallindəki (Estoniya) filialdan dəvət məktubu gəldi. Qardaşların məktubunda deyilirdi: «1920-ci illərin sonları, 1930-cu illərin əvvəllərində Pribaltikada xidmət etməyə təyin olunan on qardaşdan yalnız sən həyatdasan». Məktubdan məlum oldu ki, filial Estoniya, Latviya və Litvada fəaliyyətimizin tarixi haqqında məlumat hazırlayır və onlar mənim gəlmək imkanımın olub-olmadığını öyrənmək istəyirlər.
O erkən illərdə əməkdaşlarımla birgə başımıza gələn əhvalatları danışmaq mənim üçün böyük şərəf idi! Mən Latviyada qardaşlara vaxtilə filial kimi istifadə etdiyimiz ilk mənzili, o cümlədən ədəbiyyatı gizlətdiyimiz və polisin heç vaxt tapa bilmədiyi çardaqdakı yeri göstərdim. Qardaşlar məni o vaxt pioner kimi xidmət etdiyim Litvanın kiçik Şyaulyay şəhərinə gətirdilər. Oradakı görüş zamanı bir qardaş mənə yaxınlaşıb dedi: «Çox illər əvvəl anamla mən bu şəhərdə ev aldıq. Çardağı təmizləyəndə “Allahın əsrlər planı” və “Allahın arfası” adlı kitabları tapdım. Onları oxuyandan sonra həqiqəti tapdığımı başa düşdüm. Görünür, bu kitablar orada səndən qalıb!»
Həmçinin mən pioner kimi xidmət etdiyim şəhərdə keçirilən rayon konqresində də iştirak etdim. Mən 65 il öncə burada konqresdə olmuşam. O zaman konqresdə cəmi 35 nəfər vardı. İndi isə burada toplaşan 1 500-dən çox adamı görmək necə də sevindirici idi! Yehova əməyimizə bol xeyir-dua verdi!
‘Allah məni tərk etmədi’
Bu yaxınlarda heç gözləmədiyim bir xeyir-dua aldım: Bi adlı xoş və mehriban bacı evlənmək təklifimi qəbul etdi. Biz 2006-cı ilin noyabrında evləndik.
Həyat yolu seçimi qarşısında duran gəncləri əmin etmək istəyirəm ki, Müqəddəs Kitabın «cavanlıq günlərində səni Yaradanı xatırla» sözlərinə əməl etmək çox müdrik hərəkətdir. İndi, məzmurçu kimi, mənim də ürəyim sevincdən aşıb-daşır: «Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən, Sənin xariqələrini indiyədək elan edirəm. Yaşa dolub saçıma dən düşənə qədər gələcək nəslə qüvvətini, gələcək nəslin hər birinə qüdrətini elan edəcəyəm. Ey Allah, məni tərk etmə» (Məz. 71:17, 18).
[25-ci səhifədəki xəritə]
(Xəritəyə nəşrin özündə baxın)
ESTONİYA
LATVİYA
LİTVA
TALLİN
RİQA
VİLNÜS
Kaunas
Riqa körfəzi
[25-ci səhifədəki şəkil]
Latviyaya ədəbiyyat keçirmək çox təhlükəli idi
[26-cı səhifədəki şəkil]
15 yaşım olanda Şotlandiyada kitab paylayan (pioner) kimi xidmət etməyə başladım
[26-cı səhifədəki şəkil]
Nelli ilə toy günümüz, 1942-ci il