Həmimanlılarına hörmət göstərməkdə təşəbbüsü üzərinə götürürsənmi?
«Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin. Bir-birinizə hörmətdə həmişə təşəbbüs göstərin» (ROM. 12:10).
1, 2. a) Pavel Romadakı həmimanlılarına ünvanladığı məktubunda hansı nəsihəti verir? b) Biz hansı sualları araşdıracağıq?
HƏVARİ Pavel Romadakı həmimanlılarına yazdığı məktubunda vurğulayır ki, biz məsihçilər bir-birimizə məhəbbət göstərməliyik. O, bizə məhəbbətimizin «riyasız» olmasının vacibliyini xatırladır. Bundan əlavə, Pavel «qardaşlıq məhəbbəti»ndən danışır və qeyd edir ki, bu məhəbbət «nəvazişlə» göstərilməlidir (Rom. 12:9, 10a).
2 Sözsüz ki, qardaşlıq məhəbbəti başqalarına xoş münasibət bəsləməklə bitmir. Bunu əməldə göstərmək gərəkdir. Əks təqdirdə, ürəyimizdə belə məhəbbətin olduğunu başqaları haradan biləcək? Buna görə də həvari Pavel sözünə davam edərək deyir: «Bir-birinizə hörmətdə həmişə təşəbbüs göstərin» (Rom. 12:10b). Hörmət göstərmək nə deməkdir? Həmimanlılarımıza hörmət göstərməkdə təşəbbüsü üzərimizə götürmək nəyə görə vacibdir? Biz bunu necə edə bilərik?
Başqalarına hörmət göstərmək nə deməkdir?
3. Müqəddəs Kitabın yazıldığı dillərdə «hörmət» sözü hansı mənanı daşıyır?
3 İbrani dilində «hörmət» üçün istifadə olunan əsas sözün hərfi mənası «ağırlıq»dır. Hörmət sahibi olan kəs nüfuzlu və vacib sayılır. Həmin ibrani sözü Müqəddəs Yazılarda çox vaxt «izzət» kimi də tərcümə olunur və bu, hörmət sahibi olan insana göstərilən ehtiramdan xəbər verir (Yar. 45:13). Müqəddəs Kitabda «hörmət» kimi tərcümə olunan yunan sözü ehtiram və dəyər mənasını verir (Luka 14:10). Bəli, hörmət etdiyimiz insanlar bizim üçün çox dəyərlidir.
4, 5. Başqalarına ürəyimizdə hörmət bəsləməklə onlara hörmət göstərmək arasında hansı bağlılıq var? Nümunə əsasında göstərin.
4 Başqalarına hörmət etmək özünə nələri daxil edir? Hörmət başqaları haqda nə fikirləşməyimizdən başlayır. Bu, onlarla necə rəftar etməyimizə təsir göstərir. Başqa sözlə, əvvəlcə ürəyimizdə insanlara qarşı hörmət olmalıdır ki, sonra onlarla hörmətlə rəftar edə bilək.
5 Məsihçi qəlbində həmimanlılarına hörmət bəsləmədiyi halda, onlarla necə hörmətlə davrana bilər? (3 Yəh. 9, 10). Bitki münbit torpaqda dərin kök saldığı təqdirdə boy atdığı və uzunömürlü olduğu kimi, ürəyimizdə başqalarına qarşı səmimi hörmət bəsləməliyik ki, onlarla hörmətcil tərzdə davrana bilək. Əgər ürəyimizdə belə hörmət yoxdursa, onlarla müvafiq tərzdə rəftar edə bilməyəcəyik və yararsız torpaqda əkilən bitki quruduğu kimi, hörmətimiz də gec-tez yoxa çıxacaq. Buna görə də təəccüblü deyil ki, Pavel əməldə hörmət göstərmək nəsihətini verməzdən öncə yazmışdı: «Qoy məhəbbətiniz riyasız olsun». (Rom. 12:9; 1 Peter 1:22 ayəsini oxu.)
«Allahın bənzərində» yaradılmış insanlara hörmət et
6, 7. Nəyə görə insanlara hörmətlə yanaşmalıyıq?
6 Bəli, başqaları ilə hörmətlə davranmaq üçün ürəyimizdə onlara hörmət bəsləmək olduqca vacibdir. Buna görə də biz bütün bacı-qardaşlarımıza hörmət bəsləməli olduğumuzun səbəblərinin Müqəddəs Kitaba əsaslandığını yaddan çıxarmamalıyıq. Gəlin iki səbəbə nəzər salaq.
7 İnsan, yer üzündə yaşayan digər varlıqlardan fərqli olaraq, «Allahın bənzərində» yaradılıb (Yaq. 3:9). Elə bu səbəbdən bizdə məhəbbət, hikmət və ədalət kimi ilahi xüsusiyyətlər var. Görün Yaradanımız bizə daha nə bəxş edib. Bu haqda məzmurçu deyir: «Ey Xudavəndimiz Rəbb,.. ehtişamın göylərə qalxır!.. Onu [insanı] Allahdan bir az aşağı yaratdın, izzət və əzəmət [«hörmət», «Kitabı Mukaddes»] tacını onun başına qoydun» (Məz. 8:1, 4, 5; 104:1)a. Ümumilikdə, Allah insanları hörmətə və izzətə layiq görüb. Sanki, bu şeyləri insanların başına tac kimi qoyub, yaxud da bu şeylərlə onları bəzəyib. Deməli, biz kiməsə hörmət edəndə insanlara bu xüsusiyyəti Yehovanın verdiyini qəbul etdiyimizi göstərmiş oluruq. Hamıya hörmət etmək üçün ciddi səbəblərimizin olduğunu nəzərə alsaq, gör onda həmimanlılarımıza nə qədər hörmət etməliyik! (Yəh. 3:16; Qalat. 6:10).
Biz bir ailənin üzvüyük
8, 9. Pavel həmimanlılarımıza hörmət bəsləməli olduğumuzun hansı səbəbini vurğulayır?
8 Həmimanlılarımıza nəyə görə hörmət bəsləməli olduğumuzun ikinci səbəbini həvari Pavel açıqlayır. Əməldə hörmət göstərmək nəsihətini verməzdən öncə o demişdi: «Bir-birinizə nəvazişlə qardaşlıq məhəbbəti bəsləyin». Yunan dilində «nəvazişlə» sözü üzvlərinin bir-birinə məhəbbət bəslədiyi və dayaq olduğu ailəni birləşdirən möhkəm tellərə aiddir. Bu sözü istifadə etməklə Pavel vurğulayır ki, mehriban ailədə olduğu kimi, yığıncaqdakı münasibətlər də möhkəm və səmimi olmalıdır (Rom. 12:5). Onu da yadda saxlamalıyıq ki, Pavel bu sözləri eyni Ata — Yehova tərəfindən övladlığa götürülmüş məsh olunmuş məsihçilərə yazmışdı. Beləliklə, onlar möhkəm ailənin üzvləri idilər. Buna görə də Pavelin günlərindəki məsh olunmuş məsihçilərin bir-birilərinə hörmət etməyə əsaslı səbəbi var idi. Eyni şeyi bu gün yer üzündə yaşayan məsh olunmuş məsihçilərə də şamil etmək olar.
9 Bəs ‘başqa qoyunlar’ haqda nə demək olar? (Yəh. 10:16). Allah tərəfindən hələ övladlığa götürülməsələr də, onların bir-birilərinə bacı və ya qardaş deyə müraciət etmələri münasibdir, çünki onlar birlik içində yaşayan ümumdünya məsihçi ailəsinin üzvləridirlər (1 Pet. 2:17; 5:9). Deməli, başqa qoyunlar həmimanlılarını nəyə görə «qardaş» və ya «bacı» adlandırdıqlarını tam dərk edirlərsə, onda onların da bir-birilərinə qəlblərində hörmət bəsləməyə əsaslı səbəbi var. (1 Peter 3:8 ayəsini oxu.)
Nəyə görə bu, olduqca vacibdir?
10, 11. Nəyə görə ürəyimizdə həmimanlılarımıza hörmət bəsləmək və bunu əməldə göstərmək olduqca vacibdir?
10 Nəyə görə həmimanlılarımıza hörmət bəsləmək və bunu əməldə göstərmək çox vacibdir? Çünki bununla biz yığıncaqda yaxşı ab-havanın və birliyin olmasına böyük töhfə vermiş oluruq.
11 Əlbəttə, biz dərk edirik ki, Yehova ilə sıx münasibətlərimiz və Onun müqəddəs ruhunun dəstəyi həqiqi məsihçilər kimi malik olduğumuz ən böyük qüvvə mənbəyidir (Məz. 36:7; Yəh. 14:26). Eyni zamanda, həmimanlılarımızın bizi qiymətləndirdiyini görmək bizə qol-qanad verir (Sül. məs. 25:11). Kimsə bizi qiymətləndirdiyini deyəndə və bizə hörmət etdiyini göstərəndə ruhlanırıq. Bu, həyat yolunda sevinclə və qətiyyətlə yeriməkdə bizə əlavə güc verir. Yəqin ki, bu hisslər sənə də tanışdır.
12. Hər birimiz yığıncaqda səmimi və mehriban ab-havanı necə qoruya bilərik?
12 Yehova bilir ki, biz insanlar başqalarının hörmətinə ehtiyac duyuruq. Buna görə də O, bizi Kəlamı vasitəsilə ‘bir-birimizi hörmətdə qabaqlamağa’ təşviq edir. (Rom. 12:10, «İncil», 1996; Matta 7:12 ayəsini oxu.) Heç vaxt öz dəyərini itirməyən bu məsləhətə ciddi yanaşmaqla hər bir məsihçi ümumdünya məsihçi yığıncağında səmimi və mehriban ab-havanı qorumuş olur. Buna görə də gəlin bir anlıq ayaq saxlayıb özümüzdən soruşaq: «Axırıncı dəfə nə vaxt sözdə və əməldə yığıncaqda bacı və ya qardaşa hörmət bəslədiyimi göstərmişəm?» (Rom. 13:8).
Hər birimiz təşəbbüsü öz üzərimizə götürməliyik
13. a) Başqalarına hörmət göstərməkdə təşəbbüsü öz üzərinə kimlər götürməlidirlər? b) Pavelin Romalılara 1:7 ayəsində dediyi sözlərdən hansı nəticəyə gəlirik?
13 Hörmət göstərməkdə təşəbbüsü kim öz üzərinə götürməlidir? İbranilərə yazdığı məktubunda Pavel məsihçi ağsaqqalların bizə ‘rəhbərlik etdiyini’ deyir (İbr. 13:17). Düzdür, ağsaqqallar yığıncaqda bir çox işlərə rəhbərlik edirlər. Bununla belə, onlar, digər ağsaqqallar da daxil olmaqla, həmimanlılarına hörmət göstərməkdə təşəbbüsü öz üzərlərinə götürməlidirlər. Məsələn, ağsaqqallar yığıncağın ruhani tələbatlarını müzakirə etmək üçün toplaşanda bir-birilərini diqqətlə dinləməklə, eləcə də qərar qəbul edərkən bütün ağsaqqalların fikrini nəzərə almaqla bir-birilərinə hörmət göstərmiş olurlar (Həv. iş. 15:6—15). Lakin unutmamalıyıq ki, Pavel romalılara yazdığı məktubu yalnız ağsaqqallara yox, bütün yığıncaq üzvlərinə ünvanlamışdı (Rom. 1:7). Deməli, geniş mənada, Pavelin bu məsləhəti hər birimizə aiddir.
14. a) Hörmət etməklə bu sahədə təşəbbüsü öz üzərimizə götürmək arasında hansı fərq var? b) Özümüzə hansı sualları verə bilərik?
14 Pavelin verdiyi məsləhətin digər cəhətinə də diqqət yetirək. O, Romadakı həmimanlılarını sadəcə hörmət göstərməyə yox, təşəbbüsü öz üzərlərinə götürməyə təşviq edirdi. Bunlar arasında nə fərq var? Bir nümunəyə baxaq. Müəllim yazıb-oxumağı bacaran şagirdlərə hərfləri öyrədərmi? Sözsüz ki, yox. Axı onlar artıq bunu bacarırlar. Əksinə, müəllim şagirdlərin oxumaq qabiliyyətlərini təkmilləşdirmələrinə kömək edər. Eynilə, bizi bir-birimizə hörmət etməyə təşviq edən məhəbbət onsuz da həqiqi məsihçilərin səciyyəvi xüsusiyyətidir (Yəh. 13:35). Lakin oxumağı bacaran şagirdin daha da yaxşı oxumağı öyrənmək imkanı olduğu kimi, bizim də bu sahədə təkmilləşmək imkanımız var. Bunu bir-birimizə hörmət göstərməkdə təşəbbüsü öz üzərimizə götürməklə edə bilərik (1 Salon. 4:9, 10). Bu, hər birimizin borcudur. Özümüzdən soruşa bilərik: «Mən bunu edirəmmi? Yığıncaqda həmimanlılarıma hörmət göstərməkdə birinci addımı mənmi atıram?»
‘Kasıblara’ hörmət göstər
15, 16. a) Yığıncaqda başqalarına hörmət göstərərkən kimləri yaddan çıxarmamalıyıq? b) Ürəyimizdə bacı-qardaşlarımıza hörmət bəsləyib-bəsləmədiyimizi necə üzə çıxara bilərik?
15 Yığıncaqda başqalarına hörmət göstərərkən kimləri yaddan çıxarmamalıyıq? Allahın Kəlamında deyilir: «Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr» (Sül. məs. 19:17). Bu sözlərin arxasında duran prinsip hörmət göstərməkdə təşəbbüsü öz üzərimizə götürməyə bizi necə təşviq edə bilər?
16 Yəqin, razılaşacaqsan ki, əksər insanlar vəzifəcə onlardan böyük olan insanlara hörmət göstərirlər. Digərlərinə isə az və ya heç hörmət etmirlər. Lakin Yehova belə deyil. O deyir: «Mənə hörmət edənləri hörmətə çatdıracağam» (1 Şam. 2:30; Məz. 113:5—7). Yehova Ona xidmət edən və ehtiram bəsləyən hər bir kəsə hörmətlə yanaşır. O, ‘yoxsullara’ xor baxmır. (1 Şamuel 2:8 ayəsini oxu; 2 Saln. 16:9.) Əlbəttə, biz də Yehova kimi davranmaq istəyirik. Beləliklə, insanlara göstərdiyimiz hörmətin nə dərəcədə səmimi olub-olmadığını bilmək istəyiriksə, onda özümüzə növbəti sualı verməliyik: «Yığıncaqda məsuliyyəti olmayanlarla necə rəftar edirəm?» (Yəh. 13:14, 15). Bu suala verdiyimiz cavab ürəyimizdə başqalarına nə dərəcədə hörmət bəslədiyimizi üzə çıxaracaq. (Filipililərə 2:3, 4 ayələrini oxu.)
Başqalarına hörmətini onlara vaxt ayırmaqla göstər
17. Təşəbbüsü üzərimizə götürərək həmimanlılarımıza hörmət göstərməyin ən yaxşı üsullarından biri hansıdır və nəyə görə?
17 Təşəbbüsü üzərimizə götürərək həmimanlılarımıza hörmət göstərməyin ən yaxşı üsullarından biri hansıdır? Onlara vaxt ayırmaq. Nəyə görə məhz bu? Məsihçi olduğumuzdan vaxtımızın əksər hissəsi çoxsaylı vacib ruhani işlərə gedir. Buna görə də təəccüblü deyil ki, vaxt bizim üçün qızıldır. Biz də başa düşürük ki, bacı-qardaşlarımızdan bizə həddən artıq çox vaxt ayırmalarını tələb etməməliyik. Eynilə, başqaları da bunu başa düşəndə biz onlara minnətdar oluruq.
18. On səkkizinci səhifədəki şəkildə təsvir olunduğu kimi, həmimanlılarımıza həvəslə vaxt ayırmağımız nədən görünə bilər?
18 Bununla belə, biz (xüsusilə də yığıncaq ağsaqqalları) başa düşürük ki, əlimizdəki işi kənara qoyub həmimanlılarımıza vaxt ayırmaqla onlara hörmət etdiyimizi göstərmiş oluruq. Hansı mənada? Bununla biz, sanki, deyirik: «Sən mənim üçün o qədər dəyərlisən ki, böyük məmnuniyyətlə sənə vaxt ayıraram» (Mark 6:30—34). Əks təqdirdə, həmin insan düşünə bilər ki, o, bizim üçün qiymətli deyil. Aydındır ki, bəzən gördüyümüz iş təcili olduğundan onu kənara qoya bilmirik. Bununla belə, bacı-qardaşlarımıza həvəslə və ya candərdi vaxt ayırmağımız ürəyimizdə onlara nə dərəcədə hörmət bəslədiyimiz haqda çox şey deyir (1 Kor. 10:24).
Təşəbbüs göstərməyə qəti qərarlı ol
19. Həmimanlılarımıza hörmət göstərmək üçün onlara vaxt ayırmaqdan başqa daha nə edə bilərik?
19 Həmimanlılarımıza hörmət göstərməyin digər vacib üsulları da var. Misal üçün, vaxtla yanaşı, onlara diqqət də ayırmalıyıq. Bu sahədə də Yehovadan nümunə götürə bilərik. Məzmurçu Davud deyir: «Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məz. 34:15). Gəlin bu sahədə də Yehovanı təqlid etməyə çalışaq. Bacı-qardaşlarımız bizə müraciət edəndə, xüsusilə də bizdən kömək diləyəndə bütün diqqətimizi onlara yönəltməliyik. Başqa sözlə, söhbət edərkən onların üzünə baxmalı və qulaq asmalıyıq. Bununla onlara hörmət etdiyimizi göstərmiş oluruq.
20. Hörmət göstərməyə dair hansı xatırlatmaları yadda saxlamaq istəyirik?
20 Artıq araşdırdığımız kimi, biz nəyə görə ürəyimizdə bacı-qardaşlarımıza hörmət bəsləməli olduğumuzu yaxşı yadda saxlamaq istəyirik. Bununla yanaşı, biz, kasıblar da daxil olmaqla, hamıya hörmət etməkdə təşəbbüsü öz üzərimizə götürməliyik. Belə davranmaqla yığıncaqda qardaşlıq məhəbbətimizi və birliyimizi möhkəmləndirəcəyik. Buna görə də gəlin bir-birimizə hörmət göstərməklə kifayətlənməyək, bu sahədə təşəbbüsü öz üzərimizə götürməyə davam edək. Bəs sən necə, bunu etməyə qəti qərarlısanmı?
[Haşiyə]
a Davudun səkkizinci məzmurda dediyi sözlər həmçinin kamil insan olan İsa Məsih barədə söylənilən peyğəmbərlikdir (İbr. 2:6—9).
Yadınızdadırmı?
• Başqalarına ürəyimizdə hörmət bəsləməklə onlara hörmət göstərmək arasında hansı bağlılıq var?
• Həmimanlılarımıza hörmət göstərməyə hansı səbəblərimiz var?
• Bir-birimizə hörmət göstərmək nəyə görə vacibdir?
• Bacı-qardaşlarımıza hörmət etdiyimizi necə göstərə bilərik?
[18-ci səhifədəki şəkil]
Həmimanlılarımıza hörmət etdiyimizi necə göstərə bilərik?