Əsaslı səbəb, yoxsa sadəcə bəhanə? Yehovanın nöqteyi-nəzəri
«MƏNİMLƏ birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim», — deyə Adəm Allaha cavab verdi. Həvva isə: «İlan məni yoldan çıxartdı, mən də yedim», — dedi. Ulu valideynlərimiz olan Adəmlə Həvvanın Allaha dediyi bu sözlər bəşər tarixində gətirilən saysız-hesabsız bəhanələrin başlanğıcı oldu (Yar. 3:12, 13).
Əmrini qəsdən pozduqlarına görə Yehovanın onlara çıxardığı hökm gətirdikləri səbəblərin əsassız olduğunu göstərdi (Yar. 3:16—19). Bəs biz gətirdiyimiz bütün səbəblərin Yehovanın gözündə bəhanədən başqa bir şey olmadığı qənaətinə gəlməliyikmi? Yoxsa O, hansısa səbəbləri əsaslı sayır? Bu suallara cavab verməzdən öncə gəlin bir sualı nəzərdən keçirək: «Ümumiyyətlə, nəyə görə insanlar bəhanələr gətirirlər?»
Adətən, insan pis iş tutanda, ondan tələb olunan işin öhdəsindən gələ bilməyəndə, yaxud da onu etməyə həvəsi olmayanda bəhanə gətirir. Bəhanədən fərqli olaraq, əsaslı səbəb səhvə bəraət qazandıra, yaxud da bağışlamağa əsas verə bilər. Adəmlə Həvva kimi, bəzi insanlar da əsil niyyətlərini ört-basdır etmək üçün bəhanələrə əl atırlar. Digərləri isə bununla tutduqları əməllərin pis nəticələrindən qaçmağa çalışırlar.
Allaha xidmətə gəldikdə, sözsüz, heç birimiz müxtəlif bəhanələrlə bundan boyun qaçırmaq istəməzdik. Ehtiyatlı olmalıyıq ki, ‘yanlış fikirlərə qapılaraq özümüzü aldatmayaq’ (Yaq. 1:22). Buna görə də gəlin ‘Rəbbə nəyin məqbul olduğuna daima əmin olmağımıza’ kömək edəcək Müqəddəs Kitab nümunələrinə və prinsiplərinə nəzər salaq (Efes. 5:10).
Allah bizdən nə tələb edir?
Yehova Öz Kəlamında xalqı olan bizlərdən nə tələb etdiyini açıq-aydın söyləyir. Məsələn, Məsihin «gedin və bütün millətlərin içində şagird hazırlayın» göstərişi bu gün də onun əsil davamçılarının hər birinə aiddir (Mat. 28:19, 20). Həvari Pavel bu göstərişə riayət etməyin həddən artıq vacib olduğunu belə ifadə etmişdi: «Əgər xoş xəbəri təbliğ etmirəmsə, vay halıma!» (1 Kor. 9:16).
Buna baxmayaraq, Müqəddəs Kitabı bizimlə uzun müddət öyrənənlərin bəziləri Allahın Padşahlığı haqda xoş xəbəri təbliğ etməkdən hələ də çəkinirlər (Mat. 24:14). Digərləri isə əvvəllər təbliğ etsələr də, indi etmirlər. Çox vaxt onlar hansı səbəbləri gətirirlər? Keçmişdə bəziləri Allahın tapşırığını icra etməkdən boyun qaçıranda O, buna necə yanaşırdı?
Allahın bəhanə kimi qəbul etdiyi səbəblər
«Bu, olduqca çətin işdir». Xüsusilə də təbiətcə utancaq olan insanlar xoş xəbəri təbliğ etməyin çox çətin olduğunu düşünə bilərlər. Amma gəlin Yunusun nümunəsini nəzərdən keçirək və görək, ondan nə öyrənə bilərik. Yehova ona gözündə dağ boyda görünən bir tapşırıq vermişdi. O, Ninevaya gedərək onun sakinlərinə Yehovanın tezliklə icra edəcəyi hökmləri bəyan etməli idi. Bu tapşırığı yerinə yetirməkdən onun nəyə görə qorxduğunu başa düşmək çətin deyil. Nineva şəhəri öz qəddarlığı ilə tanınan Assuriya imperiyasının paytaxtı idi. Ola bilsin, Yunus ürəyində belə fikirləşirdi: «Mən bu xalqın arasında necə yaşayacağam? Onlar mənimlə necə rəftar edəcəklər?» Və o qaçmaq qərarına gəldi. Lakin Yehova üçün bu, bəhanədən başqa bir şey deyildi. Buna görə də onu bir daha Ninevaya göndərdi. Bu dəfə isə Yunus Allahın tapşırığını cəsarətlə yerinə yetirdi. Yehovanın xeyir-duası sayəsində bu işin axırı yaxşı oldu (Yun. 1:1—3; 3:3, 4, 10).
Əgər sən də xoş xəbəri təbliğ etmək işinin çox çətin olduğunu fikirləşirsənsə, onda unutma ki, ‘Allah üçün mümkün olmayan şey yoxdur’ (Mark 10:27). Əmin ol ki, durmadan Yehovadan kömək diləsən, O, səni möhkəmləndirəcək və xidmət etmək üçün bütün cəsarətini toplayanda sənə xeyir-dua verəcək (Luka 11:9—13).
«Ürəyim istəmir». Bəs əgər ürəyində Yehovaya xidmət etmək istəyi yoxdursa, onda necə? Yadda saxla ki, Yehova daxilində fəaliyyət göstərərək arzularına təsir etməyə qadirdir. Pavel yazır: «Allah Özü sizin arzu və hərəkətlərinizi istədiyi səmtə yönəldərək sizdə fəaliyyət göstərir» (Filip. 2:13). Yehovadan xahiş edə bilərsən ki, ürəyində Onun iradəsini yerinə yetirmək arzusu oyatsın. Bir məzmurçu da belə etmişdi. O, Yehovaya yalvarırdı: «Qəlbimi səmimi et, qoy Sənin ismindən qorxum» (Məz. 86:11). Sən də Yehovaya bütün qəlbinlə dua edərək xahiş edə bilərsən ki, ürəyində Ona məqbul olan işi yerinə yetirmək arzusu oyatsın.
Lakin etiraf etməliyik ki, bəzən yorğun, yaxud halsız olanda özümüzü yığıncaq görüşlərinə və ya xidmətə getməyə məcbur etməli oluruq. Bu zaman Yehovanı sevmədiyimizi düşünməliyikmi? Əsla! Qədimdə yaşamış Yehovanın sadiq xidmətçiləri də Onun iradəsini yerinə yetirmək üçün bütün güclərini səfərbər etməli olurdular. Məsələn, Pavel Allahdan aldığı tapşırığı icra etmək üçün ‘bədəninə cəfa verirdi’ (1 Kor. 9:26, 27). Buna görə də özümüzü xidmət etməyə məcbur edəndə belə əmin olmalıyıq ki, Yehova bizi mütləq xeyir-dualandıracaq. Nəyə görə? Çünki biz bunu düzgün niyyətdən, yəni Yehovaya məhəbbətimizdən irəli gələrək edirik. Bildiyimiz kimi, Şeytan iddia etmişdi ki, Allahın xidmətçiləri sınaqlar zamanı Ondan üz döndərəcəklər. Biz isə yuxarıda deyildiyi kimi davrananda onun iddialarının əsassız olduğunu sübut edirik (Əyy. 2:4).
«Vaxtım yoxdur». Əgər sən həddən artıq məşğul olduğunu və bu səbəbdən xidmət etməyə vaxtının qalmadığını hesab edirsənsə, sənin üçün nəyin daha vacib olduğu üzərində yenidən fikirləş. İsa demişdi: «Padşahlığı... həyatınızda həmişə birinci yerə qoyun» (Mat. 6:33). Bu vacib prinsipə uyğun yaşamaq üçün, ola bilsin, sənə həyatını sadələşdirmək və ya əyləncələrə sərf etdiyin vaxtı xidmətə ayırmaq lazım gələcək. Sözsüz ki, əyləncələrin və digər məşğuliyyətlərin öz yeri var və onlar xidmətdə iştirak etməmək üçün əsaslı səbəb deyil. Allahın xidmətçilərinin həyatında birinci yeri Padşahlıq işi tutur.
«Mən bacarmaram». Ola bilsin, sən düşünürsən ki, xoş xəbəri təbliğ etmək üçün lazımi bacarığın yoxdur. Qədimdə Yehovanın bəzi sadiq xidmətçiləri də Ondan aldıqları tapşırıqların öhdəsindən gələ bilməyəcəklərini düşünürdülər. Elə götürək Musa peyğəmbəri. Yehova ona xüsusi tapşırıq verəndə o dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dilim ağır, səlis danışmayan bir adamam». Yehovanın ona ürək-dirək verməsinə baxmayaraq, o, yenə də dediyini dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər» (Çıx. 4:10—13). Bəs Yehova nə etdi?
O, Musanı bu tapşırıqdan azad etmədi və qardaşı Harunu ona köməkçi təyin etdi (Çıx. 4:14—17). Bundan əlavə, Yehova sonralar da ona dayaq olur və tapşırıqlarının öhdəsindən gələ bilməsi üçün onu hər şeylə təmin edirdi. Sən də əmin ola bilərsən ki, Yehova sənə xidmətdə kömək edəcək təcrübəli həmimanlılar yetirəcək və üstəlik, Müqəddəs Kitabda deyildiyi kimi, həvalə etdiyi iş üçün səni yararlı edəcək. (2 Kor. 3:5; «Həyatımın ən xoşbəxt illəri» adlı çərçivəyə bax.)
«Xətrimə dəyiblər». Bəziləri kiminsə onların xətrinə dəydiyinə görə təbliğ etməyi və ya yığıncaq görüşlərinə gəlməyi dayandırmışlar. Onlar elə düşünürlər ki, bu, Yehovaya xidmət etməmək üçün əsaslı səbəbdir. Düzdür, başqaları bizim xətrimizə dəyəndə məyusluğa qapıla bilərik, ancaq bu, xidmətimizi dayandırmağa əsas verirmi? Pavellə əməkdaşı Barnaba arasındakı fikir ayrılığı «qızğın çəkişməyə» səbəb oldu və ola bilsin, bundan sonra onların arasında inciklik yarandı (Həv. iş. 15:39). Bəs buna görə onlar xidmətlərini dayandırdılarmı? Qətiyyən!
Eynilə, həmimanlın xətrinə dəyəndə unutma ki, sənin düşmənin qeyri-kamil bacın və ya qardaşın yox, səni ‘udmaq’ istəyən Şeytan İblisdir. Lakin ‘güclü imanla ona müqavimət göstərsən’, cəhdləri boşa çıxacaq (1 Pet. 5:8, 9; Qalat. 5:15). Nə qədər ki belə imanın var, ‘heç vaxt peşman olmayacaqsan’ (Rom. 9:33).
İmkanlarımız məhdud olanda
Gördüyümüz kimi, Müqəddəs Kitab, xoş xəbəri təbliğ etmək işi də daxil olmaqla, Yehovanın konkret əmrlərinə tabe olmamağımız üçün heç bir əsas vermir. Ancaq xidmətdə az iştirak etməyimizə əsaslı səbəblər ola bilər. Məsələn, onlardan biri Müqəddəs Kitabın üzərimizə qoyduğu məsuliyyətlərdir. Həmçinin xidmətdə istədiyimiz qədər iştirak etməməyimizə bəzən çox yorğun və ya bərk xəstə olmağımız səbəb ola bilər. Amma Allahın Kəlamı bizi əmin edir ki, Yehova ürəyimizdəki arzuları görür və bizim məhdudiyyətlərimizi nəzərə alır (Məz. 103:14; 2 Kor. 8:12).
Buna görə də ehtiyatlı olmalıyıq ki, bu məsələlərdə həm özümüzü, həm də başqalarını sərt şəkildə mühakimə etməyək. Həvari Pavel bu haqda deyir: «Sən kimsən ki, başqasının nökərini mühakimə edirsən? Ağası özü bilər, nökəri önündə dursun və ya yıxılsın» (Rom. 14:4). Öz şəraitimizi başqalarınınkı ilə müqayisə etməkdənsə, yadda saxlamalıyıq ki, «hər kəs özünə görə Allahın qarşısında cavab verəcək» (Rom. 14:12; Qalat. 6:4, 5). Xidmətdə az iştirak etməyimizin səbəblərini Yehovaya duada açıqlayanda bunu təmiz vicdanla etmək istəyirik (İbr. 13:18).
Nəyə görə Yehovaya xidmət sevinc gətirir?
Şəraitimizdən asılı olmayaraq, hamımız Yehovaya ürəkdən gələn sevinclə xidmət edə bilərik, çünki O, bizdən gücümüzdən artıq heç nə tələb etmir. Nəyə görə belə demək olar?
Allahın Kəlamında deyilir: «Əlindən yaxşılıq gəlirsə, buna layiq insanlardan əsirgəmə» (Sül. məs. 3:27). Bu ayədən Yehovanın tələbləri barədə nə öyrəndin? O, heç vaxt bizdən başqaları qədər xidmət etməyi tələb etmir — O istəyir ki, biz gücümüz çatan qədər Ona xidmət edək. Nə qədər xidmət etməyimizdən asılı olmayaraq, hər birimiz Yehovaya səmimi-qəlbdən xidmət edə bilərik (Luka 10:27; Kolos. 3:23).
[14-cü səhifədəki çərçivə/şəkil]
«Həyatımın ən xoşbəxt illəri»
Hətta fiziki və ya emosional xəstəlikdən əziyyət çəksək də, dərhal xidmətdə fəal şəkildə iştirak edə bilməyəcəyimiz qənaətinə gəlməməliyik. Kanadadan olan Ernest adlı bir qardaşın nümunəsinə nəzər salaq.
Ernest pəltək olduğundan çox utancaq idi. Əvvəllər o, tikintidə işləyirdi. Lakin bel nahiyəsindən ciddi xəsarət aldıqdan sonra işdən çıxmalı oldu. Əlil olmasına baxmayaraq, indi onun qarşısında əvvəlkindən daha çox xidmət etmək imkanı açıldı. Qardaşlar yığıncağı köməkçi pioner xidmətinə təşviq edəndə onun da ürəyində belə bir istək yarandı. Lakin o zənn edirdi ki, bu xidmət üçün yararlı deyil.
Köməkçi pioner kimi xidmət edə bilməyəcəyini özünə sübut etmək üçün o, blank doldurdu. Lakin aylıq normanı yerinə yetirdiyini görəndə gözlərinə inanmadı. Bundan sonra öz-özlüyündə belə nəticə çıxardı: «İkinci dəfə bu, məndə alınmayacaq». Bir daha buna əmin olmaqdan ötrü növbəti ay üçün blank doldurdu. Bu dəfə də onda hər şey alındı.
Bir il köməkçi pioner kimi xidmət etdikdən sonra o dedi: «Mən tam əminəm ki, heç vaxt daimi pioner ola bilməyəcəyəm». Yenidən bunu özünə sübut etmək üçün daimi pioner blankını doldurdu. Bir il daimi pioner kimi xidmət etməyə müvəffəq olanda o çox təəccübləndi. Buna görə də xidmətini davam etdirmək qərarına gəldi. Ancaq xəstəliyinin ağırlaşması nəticəsində o, həyatını itirdi. Ernest ömrünün axırınadək iki il ərzində daimi pioner kimi xidmət etdi. Ölümündən qabaq onun yanına gələn insanlara tez-tez göz yaşları ilə deyərdi: «Yehovaya pioner kimi xidmət etdiyim bu illər həyatımın ən xoşbəxt illəri idi».
[13-cü səhifədəki şəkil]
Xidmətimizə mane olan istənilən əngəli aşa bilərik
[15-ci səhifədəki şəkil]
Yehovaya şəraitimizin yol verdiyi qədər və bütün ürəkdən xidmət edəndə O, bizdən razı qalır