Nöqsansızlıqda yeriməyin gətirdiyi sevinc
«Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz» (SÜLEYMANIN MƏSƏLLƏRİ 10:22).
1, 2. Nəyə görə fikrimizi həddindən artıq gələcəyə cəmləşdirməməliyik?
BİR amerikalı filosof yazmışdı: «İnsanın öz fikrini həddindən artıq gələcəyə cəmləşdirməsi... indiki zamanı olduğu kimi görməsinə mane olur». Bu, bizə uşaq vaxtı tez böyümək istəyən, uşaqlığın ləzzətini isə böyüyəndən sonra anlayan insanları xatırladır.
2 Hətta Yehovanın xidmətçilərində də belə düşüncə tərzi ola bilər. Belə bir vəziyyəti nəzərdən keçirək. Biz Allahın yer üzündə Cənnəti bərpa etmək və’dini yerinə yetirməsini arzulayırıq. Xəstəliklərin, qocalığın, ağrı və əzab-əziyyətin olmayacağı həyatı səbirsizliklə gözləyirik. Bunları gözləmək düzgündür. Bəs əgər fikrimizi həddindən artıq gələcəkdə alacağımız fiziki xeyir-dualara cəmləşdirir və buna görə də bugünkü ruhani xeyir-duaları görmürüksə, onda necə? Bu çox kədərli olardı! Biz asanlıqla ruhdan düşər və gözlədiyimiz vaxtda həyata keçmədiyi üçün ‘gecikən ümid ürəyimizi xəstələndirə’ bilər (Süleymanın məsəlləri 13:12). Həyatın problem və çətinlikləri bizi ruh düşkünlüyünün və özünü yazıqlamağın tələsinə salar. Vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə, biz hər şeydən şikayətlənməyə başlayarıq. Malik olduğumuz xeyir-dualar üzərində minnətdarlıqla düşünsək, bu kimi səhv hərəkətlərdən qaçınmaq mümkündür.
3. Bu məqalədə diqqətimizi nəyə cəmləşdirəcəyik?
3 Süleymanın məsəlləri 10:22 ayəsində deyilir: «Rəbbin xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz». Məgər Yehovanın müasir xalqının ruhani firavanlığı sevinc gətirən xeyir-dua deyilmi? Gəlin malik olduğumuz xeyir-duaların bə’zilərini nəzərdən keçirək və onların şəxsən bizim üçün hansı mə’na daşıdığı haqda fikirləşək. Yehovanın, ‘nöqsansızlığında yeriyən salehə’ verdiyi xeyir-dualar üzərində düşünsək, bu, səmavi Ataya xidmətimizi sevinclə davam etdirmək qərarımızı daha da möhkəmləndirəcək (Süleymanın məsəlləri 20:7, YD).
Bizə indi ‘sərvət gətirən xeyir-dualar’
4, 5. Sən Müqəddəs Kitabın hansı tə’limini xüsusilə qiymətləndirirsən və nəyə görə?
4 Müqəddəs Kitab tə’limlərinin düzgün anlayışı. Xristian dünyasının dinləri ümumilikdə Müqəddəs Kitaba inandıqlarını iddia etsələr də, onun tə’limləri ilə razı deyillər. Hətta eyni kilsə üzvlərinin Müqəddəs Kitab tə’limlərinə dair nöqteyi-nəzərləri bir-birindən fərqlənir. Onların vəziyyəti Yehovanın xidmətçilərinin vəziyyətindən necə də fərqlidir! Milli, mədəni və etnik mənşəyimizdən asılı olmayaraq, biz adı ilə tanıdığımız Allaha ibadət edirik. O, sirli Üç üqnum deyil (Qanunun təkrarı 6:4; Məzmur 83:18; Mark 12:29). Biz, həmçinin onu da bilirik ki, ən vacib məsələ olan Allahın hökmranlıq hüququna dair sual həll olunmaq üzrədir və insanların Allah qarşısında nöqsansızlığı qoruyub-qorumayacağı sualına hər birimiz cəlb olunmuşuq. Biz ölülər haqqında həqiqəti bilirik və bə’zilərinin fikrincə, insanlara odlu cəhənnəmdə işgəncə verən və ya onları məhşərə göndərən Allahın qarşısında dəhşətli qorxudan azadıq (Vaiz 9:5, 10).
5 Bizim kortəbii təkamül nəticəsində əmələ gəldiyimizi deyil, Allahın surətində yaradıldığımızı bilmək necə sevindiricidir! (Yaradılış 1:26; Malaki 2:10). Məzmurçu öz Allahına oxuyurdu: «Sən məni e’cazkar, əsrarəngiz yolla yaratmısan, ona görə şükür edirəm. Nə qədər xariqəli işlər görmüsən! Bunu ürəkdən yaxşı dərk edirəm» (Məzmur 139:14).
6, 7. Sənin və ya tanışlarının həyatında edilən hansı dəyişikliklər xeyir-dua gətirib?
6 Pis vərdiş və əməllərdən azadıq. Kütləvi informasiya vasitələri siqaret çəkməyin, həddindən artıq içki içməyin və əxlaqsız həyat tərzinin təhlükəli olduğuna dair tez-tez xəbərdarlıq edir. Lakin çox vaxt bu xəbərdarlıqlara heç bir əhəmiyyət verilmir. Bəs səmimi insan sadalanan əməllərin Allaha məqbul olmadığını və bu işlərlə məşğul olanların Onu kədərləndirdiyini biləndə nə edir? Onda bu əməllərdən əl çəkmək həvəsi oyanır (Yeşaya 63:10; 1 Korinflilərə 6:9, 10; 2 Korinflilərə 7:1; Efeslilərə 4:30). O bunu, ilk növbədə Yehova Allahı razı salmaq üçün edir, eyni zamanda əlavə faydalar — yaxşı sağlamlıq və qəlb rahatlığı əldə edir.
7 Bir çoxları üçün pis vərdişlərdən əl çəkmək çətindir. Lakin hər il on minlərlə insan bunu edir. Onlar özlərini Yehovaya həsr edir və suda vəftiz olunmaqla hamıya, Allaha xoş gəlməyən əməlləri həyatlarından kənar etdiklərini göstərirlər. Bu hamımız üçün necə də ruhlandırıcıdır! Bizim günahlı və zərərli əməllərin əsarətinə bir daha düşməmək qətiyyətimiz möhkəmlənir.
8. Müqəddəs Kitabın hansı ayələri ailənin xoşbəxt olmasına kömək edir?
8 Xoşbəxt ailə həyatı. Bir çox ölkələrdə ailə həyatı böhran vəziyyətindədir. Nikahların əksəriyyəti boşanma ilə qurtarır, bu isə çox vaxt uşaqların ürəyinə dərin yaralar vurur. Bə’zi Avropa ölkələrində natamam ailələr mövcud olan ailələrin təxminən 20 faizini təşkil edir. Yehova ailə həyatında nöqsansızlıq yolunu tutmaqda bizə necə kömək edir? Zəhmət olmasa, Efeslilərə 5:22–6:4 ayələrini oxuyun. Görün Allah bu ayələrdə ər, arvad və uşaqlar üçün necə də gözəl məsləhətlər verir. Müqəddəs Yazıların bu və digər ayələrinin həyatda tətbiqi nikah tellərini möhkəmləndirir, valideynlərin uşaqları düzgün tərbiyə etməsinə və ailənin xoşbəxt olmasına kömək edir. Məgər bu xeyir-dua bizə sevinmək üçün əsas vermirmi?
9, 10. Gələcəyə baxışımız bu dünyadakı insanların baxışından necə fərqlənir?
9 Biz dünya problemlərinin tezliklə həll olunacağına əminik. Elmi və texniki tərəqqiyə və müəyyən rəhbərlərin səmimi cəhdlərinə baxmayaraq, müasir həyatın ən ciddi problemləri hələ də həll olunmamış qalır. Dünya iqtisadi forumunun banisi Klaus Şvab bu yaxınlarda qeyd etmişdir: «Dünyanın üzləşdiyi problemlərin sayı artır, onların həll olunmasına qalan vaxt isə azalır». O, həmçinin demişdir ki, «terrorizm, ətraf mühitin çirklənməsi və iqtisadiyyatın qeyri-sabitliyi kimi təhlükələr artıq ümumdünya xarakteri daşıyır». Sonda Şvab əlavə etmişdir: «Dünya indiyə kimi görünməmiş problemlərlə üzləşir ki, onların həll olunması üçün müştərək və qətiyyətli sə’y tələb olunur». XXI əsrdə yaşamağımıza baxmayaraq, bəşəriyyətin gələcəyi hələ də ürəkaçan deyil.
10 Yehovanın, dünya problemlərini həll edəcək Xilaskar Padşahlığı tə’sis etdiyini bilmək necə də sevindiricidir! Onun vasitəsilə həqiqi Allah ‘döyüşləri dayandıracaq’ və bütün dünyada sülh və əmin-amanlıq hökm sürəcək (Məzmur 46:9). Məsh olunmuş Padşah İsa Məsih ‘fəqirləri, məzlumları qurtaracaq. Yoxsula rəhm edəcək’ (Məzmur 72:12-14). Padşahlığın rəhbərliyi altında ərzaq qıtlığı olmayacaq (Məzmur 72:16). Yehova bizim ‘gözlərimizdən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi’ (Vəhy 21:4). Padşahlıq göylərdə artıq tə’sis edilib və tezliklə bəşəriyyətin bütün problemlərini həll etmək üçün lazımi addımlar atacaq (Daniel 2:44; Vəhy 11:15).
11, 12. a) Zövq dalınca qaçmaq daimi xoşbəxtlik gətirirmi? İzah edin. b) Həqiqi xoşbəxtlik nədən asılıdır?
11 Nəyin həqiqi xoşbəxtlik gətirdiyini bilirik. Həqiqi xoşbəxtlik nədən asılıdır? Bir psixoloqun sözlərinə görə, xoşbəxtlik gətirən üç şey var: zövq, nə ilə isə məşğul olmaq (iş və ya ailə) və mə’na (şəxsi tələblərini tə’min etməkdən daha böyük məqsədlərə can atmaq). O, zövqü üçüncü yerə qoymuş və demişdir: «Bunu xüsusilə qeyd etmək lazımdır, çünki bir çox insanlar həyatda yalnız zövq dalınca qaçırlar». Bəs Müqəddəs Kitab bu haqda nə deyir?
12 Qədim İsrail padşahı Süleyman yazırdı: «Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim» (Vaiz 2:1, 2). Müqəddəs Yazılara əsasən, zövq verən işlərin gətirdiyi xoşbəxtlik ən yaxşı halda müvəqqətidir. Bəs işlə məşğul olmaq barədə nə demək olar? Biz ən mə’nalı işlə — Padşahlığın təbliği və şagirdlər hazırlamaq işi ilə məşğuluq (Matta 24:14; 28:19, 20). Xilas xəbərini hamı ilə bölüşərək biz həm özümüzü, həm də bizə qulaq asan insanları xilas edə bilərik (1 Timoteyə 4:16). ‘Allahın əməkdaşları’ olan bizlər şəxsi təcrübəmizdən bilirik ki, «vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (1 Korinflilərə 3:9; Həvarilərin işləri 20:35). Bu iş həyatımızı mə’na ilə doldurur və Yaradanımıza Ona istehza edən Şeytan İblisə cavab vermək üçün əsas verir (Süleymanın məsəlləri 27:11). Bəli, Yehova bizi agah edir ki, Ona sadiqlik həqiqi və daimi xoşbəxtlik gətirir (1 Timoteyə 4:8).
13. a) Teokratik Xidmət Məktəbi hansı mə’nada sevinc bəxş edən xeyir-duadır? b) Teokratik Xidmət Məktəbi şəxsən sənə hansı faydanı gətirir?
13 Vacib və effektiv tə’lim proqramı. Qerhard Yehovanın Şahidlərinin yığıncaqlarının birində ağsaqqaldır. Cavanlığını xatırlayaraq o deyir: «O vaxtlar nitqlə bağlı böyük problemlərim var idi. Həyəcanlananda güc-bəla ilə danışır, pəltəkləyirdim. Buna görə özümü çox pis hiss edirdim və danışmağa çəkinirdim. Valideynlərim məni loqopedin yanına apardılar, ancaq bunun köməyi olmadı, çünki problemim fiziki yox, psixoloji idi. Amma Yehovanın təqdim etdiyi gözəl vasitə olan Teokratik Xidmət Məktəbinin mənə böyük köməyi oldu. Bu məktəbdə aldığım tə’lim mənə cəsarət verdi. Öyrəndiklərimi var gücümlə həyatımda tətbiq etməyə çalışırdım. Bu mənə həqiqətən də kömək etdi! Özümü daha sərbəst hiss etməyə başladım, qorxum yox oldu və xidmətdə daha cəsarətli oldum. Hazırda mən hətta açıq mə’ruzələrlə çıxış edirəm. Bu məktəb vasitəsilə mənə yeni həyat bəxş edən Yehovaya dərindən minnətdaram». İşini görmək üçün Yehovanın bizə tə’lim verməsi məgər sevinmək üçün səbəb deyilmi?
14, 15. Çətinliklərə düşəndə hansı kömək əlçatandır? Nümunə gətirin.
14 Yehova ilə şəxsi münasibətlər və ümumdünya qardaşlığın dəstəyi. Almaniyada yaşayan Katrin cənub-şərqi Asiyada baş verən güclü zəlzələ və sunami haqda xəbəri eşidəndə dəhşətə gəldi. Fəlakət baş verən zaman onun qızı Tailandda idi. 32 saat ərzində bu ana qızının sağ olub-olmadığından xəbərsiz idi, ölənlərin sayı isə get-gedə artırdı. Nəhayət telefonla ona qızının sağ olduğu xəbəri veriləndə, Katrinin ürəyi necə də rahat oldu!
15 Təşviş içində keçirdiyi saatlarda Katrinə nə kömək edirdi? O yazır: «Demək olar ki, bütün bu vaxt ərzində Yehovaya dua edirdim. Hər dəfə bunun mənə nə qədər güc və qəlb rahatlığı verdiyini görürdüm. Bundan əlavə, sevən ruhani bacı-qardaşlar mənə baş çəkir və dayaq olurdular» (Filipililərə 4:6, 7). Əlbəttə, dua etmədən və sevən həmimanlıların təsəllisi olmadan bu saatları yaşamaq Katrin üçün daha çətin olardı. Yehova və Onun Oğlu ilə yaxın münasibət və həmçinin məsihçi qardaşlığı ilə sıx ünsiyyət o qədər nadir və dəyərli xeyir-duadır ki, ona adi bir şey kimi yanaşmaq olmaz.
16. Dirilmə ümidinin dəyərli olduğunu göstərən nümunə gətirin.
16 Ölən əzizlərimizi bir daha görmək ümidi (Yəhya 5:28, 29). Mattias adlı bir gənc Yehovanın Şahidi kimi tərbiyə alırdı. Bunun nə dərəcədə qiymətli olduğunu anlamayaraq, o, yeniyetməlik dövründə yığıncaqdan uzaqlaşdı. İndi o yazır: «Atamla heç vaxt açıq ünsiyyət etmirdik. Çoxlu mübahisələrimiz olurdu. Amma atam həmişə mənim yaxşılığımı istəyib. O məni çox sevirdi, ancaq o vaxt mən bunu başa düşmürdüm. 1996-cı ildə onun çarpayısının yanında oturub, əlini tutaraq acı-acı ağlayır, onu çox sevdiyimi deyirdim. Lakin huşu özündə olmadığından, məni eşitmirdi. O, uzun sürməyən xəstəlikdən sonra vəfat etdi. Əgər yeni dünyada yaşayıb dirilmə zamanı atamla görüşsəm, keçmişin əvəzini çıxacağıq. O, əlbəttə ki, mənim ağsaqqal olduğumu və yoldaşımla birgə pioner kimi xidmət etdiyimizi eşidəndə, çox sevinəcək». Dirilməyə olan ümid necə də gözəl xeyir-duadır!
«Ona qüssə verməz»
17. Yehovanın xeyir-duaları üzərində düşünməyimiz bizə necə kömək edir?
17 Səmavi Atası Yehova haqda İsa Məsih demişdi: «O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir» (Matta 5:45). Əgər Yehova saleh olmayan və pis adamlara xeyir-dua verirsə, görün nöqsansızlıq yolu ilə yeriyənləri nə qədər xeyir-dualandıracaq? Məzmur 84:11 ayəsində deyilir: «Rəbb... xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir». Yehovanın Onu sevənlərə göstərdiyi xüsusi qayğı və məhəbbəti haqqında düşünəndə, ürəklərimiz minnətdarlıq və sevinclə dolur.
18. a) Nə üçün demək olar ki, Yehovanın xeyir-duaları iztirab gətirmir? b) Allahın bir çox sadiq xidmətçiləri nə üçün əziyyətlərlə üzləşirlər?
18 Məhz Yehovanın xeyir-duası sayəsində Onun xalqı ruhani firavanlıq içində yaşayır. Allah bizi əmin edir ki, Onun xeyir-duaları «qüssə verməz» (Süleymanın məsəlləri 10:22). Bəs onda nəyə görə Yehovanın bir çox sadiq xidmətçilərinin payına ağrı və iztirab gətirən sınaqlar düşür? Bunun üç səbəbi var: 1) günaha meylli olmağımız (Yaradılış 6:5; 8:21; Yaqub 1:14, 15); 2) Şeytan və onun cin mələkləri (Efeslilərə 6:11, 12); 3) pis dünya (Yəhya 15:19). Yehova çətinliklərlə üzləşməyimizə yol versə də, onların səbəbkarı deyil. «Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, nurlar Atasından gəlir. Onda nə dəyişiklik var, nə də dönüklük kölgəsi» (Yaqub 1:17). Yehovanın xeyir-duaları iztirab gətirmir.
19. Nöqsansızlıqda yeriməyə davam edənləri nə gözləyir?
19 Ruhani firavanlıq içində yaşamaq üçün daima Allaha yaxınlaşmalıyıq. Ona yaxınlaşmaqla, ‘özümüzə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplayırıq ki, əbədi həyata nail olaq’ (1 Timoteyə 6:12, 17-19). Yehovanın gələcək yeni dünyasında ruhani xeyir-dualarımıza fiziki xeyir-dualar da əlavə ediləcəkdir. ‘Rəbbin sözlərini dinləməyə’ davam edənlər həqiqi həyata qovuşacaqlar (Qanunun təkrarı 28:2). Gəlin nöqsansızlıq yolu ilə yeriməkdə qəti qərarlı olaq!
Siz nə öyrəndiniz?
• Fikrimizi həddindən artıq gələcəyə cəmləşdirmək nəyə görə müdriklik deyil?
• Bizim hal-hazırda hansı xeyir-dualarımız var?
• Allahın sadiq xidmətçiləri nəyə görə əziyyətlərlə üzləşirlər?