«Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!»
«Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!.. Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan?» (SÜLEYMANIN MƏSƏLLƏRİ 5:18, 20).
1, 2. Ərlə arvadın bir-birinə duyduqları sevgi hansı mə’nada xeyir-dualıdır?
MÜQƏDDƏS Kitab cinsi yaxınlıq barədə susmur. Məsələn, Süleymanın məsəlləri 5:18, 19 ayələrində yazılıb: «Qoy çeşmən bərəkətli olsun, gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa! Sevimli maralın, gözəl ceyranın həmişə səni öz döşləri ilə doydursun, onun eşqi ilə məst ol».
2 Burada işlədilən ‘çeşmə’ sözü ərlə arvadın cinsi yaxınlıqdan aldıqları həzzə aiddir. Sevmək və cinsi yaxınlıqdan həzz almaq qabiliyyətini kişi ilə qadına Allah bəxş etdiyi üçün ‘çeşmə bərəkətli’, yə’ni xeyir-dualı adlanır. Cinsi yaxınlıq yalnız nikahda olan insanlar üçün nəzərdə tutulub. Buna görə də «Süleymanın məsəlləri» kitabında düşündürücü sual verilir: «Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, yad arvadı qoynuna almalısan?» (Süleymanın məsəlləri 5:20).
3. a) Nikah quruluşu bu gün hansı vəziyyətdədir? b) Allah nikahda xəyanətə necə baxır?
3 Toy günü, evlənənlər bir-birlərini sevib sədaqətli qalacaqlarını təntənəli surətdə və’d edirlər. Buna baxmayaraq, bir çox ailələr xəyanət üzündən dağılır. Bir tədqiqatçının iyirmidən artıq ailə ilə keçirdiyi sorğunun nəticələrinə görə qadınlardan 25 faizi, kişilərdən isə 44 faizi həyat yoldaşlarına xəyanət edib. Həvari Pavel yazırdı: «Aldanmayın: nə əxlaqsızlar, nə bütpərəstlər, nə zinakarlar, nə kişibazlar... Allahın Səltənətini [Padşahlığını] miras almayacaqlar» (1 Korinflilərə 6:9, 10). Bu ayə birmə’nalı surətdə göstərir ki, zina, yə’ni həyat yoldaşına xəyanət Allah qarşısında böyük günahdır. Məsihçilər özlərini gözləməlidirlər ki, Allahın qarşısında bu böyük günaha batmasınlar. Ərlə arvada ‘nikaha hörmət etməyə və kəbin yatağını ləkəsiz’ saxlamağa nə kömək edə bilər? (İbranilərə 13:4).
Hiyləgər ürəkdən qorun
4. Evli məsihçi özünün də xəbəri olmadan eşq macərasına necə cəlb edilə bilər?
4 Bu gün əxlaqi cəhətdən çürük dünyada yaşayanların çoxunun fikri-zikri əxlaqsızlıqdadır. ‘Onlar durmadan, dincəlmədən günah işləyirlər’ (2 Peter 2:14). Çoxları özlərinə ailədən kənarda mə’şuq axtarırlar. Artıq müəyyən vaxtdır ki, bə’zi ölkələrdə qadınlar kişilərlə çiyin-çiyinə işləyir. Bu vəziyyət işdə eşq macəralarının yaranması üçün əlverişli şərait yaradır. İnternet söhbət otaqları, hətta ən utancaqlara belə həddindən artıq yaxın münasibət yaratmağa imkan verir. Evlilərdən bir çoxları özlərinin də xəbəri olmadan bu cür tələlərə düşürlər.
5, 6. Bir məsihçi qadın hansı təhlükəli vəziyyətə düşmüşdü və onun hadisəsindən biz nə öyrənirik?
5 Gəlin Meri (ad dəyişdirilib) adlı məsihçi qadının həyatından bir hadisəyə diqqət yetirək. Meri məsihçi olmayan ərinin iş yoldaşı ilə az qala əxlaqsızlıq edəcəkdi. Ərini ailəsi az maraqlandırırdı. Bir neçə il əvvəl Meri ərinin iş yoldaşı ilə tanış oldu. O adam çox nəzakətli idi, hətta Müqəddəs Kitaba da maraq göstərirdi. Meri danışır: «O çox yaxşı adam idi. Ərimlə onun arasında yerlə göy qədər fərq vardı». Bir azdan onlarda bir-birinə qarşı hisslər oyandı. Meri düşünürdü: «Mən ki, ərimə xəyanət etmirəm. O, Müqəddəs Kitabla maraqlanır, bəlkə mən ona kömək etdim?»
6 Məsələ çox dərinləşməmiş Meri özünə gəldi (Qalatiyalılara 5:19-21; Efeslilərə 4:19). Vicdanı onu narahat etməyə başladı və o, bu məsələni yoluna qoymaq qərarına gəldi. Merinin nümunəsi göstərir ki, «insan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var» (Yeremya 17:9). Müqəddəs Kitab məsləhət görür: «Hər şeydən əvvəl öz ürəyini qoru, çünki həyat çeşməsi odur» (Süleymanın məsəlləri 4:23). Ürəyi necə qorumaq olar?
‘Uzaqgörən şərdən qaçır’
7. Ailədə çətinliyi olan adama kömək edəndə, Müqəddəs Kitabın hansı məsləhəti bizi qoruyar?
7 Həvari Pavel yazırdı: «Kim düşünürsə ki, ayaq üstə durub, ehtiyatlı olsun ki, yıxılmasın» (1 Korinflilərə 10:12). Süleymanın məsəlləri 22:3 ayəsində yazılıb: «Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar». «Mənə heç nə olan deyil» deyib vəziyyətə e’tinasız yanaşma. Yaxşı olardı ki, bunun gələcəkdə hansı problemlərə gətirib çıxaracağı barəsində düşünəsən. Buna görə çalış, əks cinsdən olub ailədə çətinliklə qarşılaşan adamın ürək sirdaşına çevrilmə (Süleymanın məsəlləri 11:14). Qoy o belə məsələləri, ən yaxşısı həyat yoldaşı ilə müzakirə etsin. O, həm də nikaha hörmət edən və eyni cinsdən olan yetkin məsihçi ilə və yaxud da ağsaqqallarla danışa bilər (Titusa 2:3, 4). Ağsaqqallar belə məsələlərdə özləri gözəl nümunədirlər. Əgər ağsaqqal məsihçi qadınla təkbətək danışmalıdırsa, bunu hamının gözü qabağında, Padşahlıq Zalında edir.
8. İş yerində nə üçün ehtiyatlı olmaq lazımdır?
8 İş yerində yaxın münasibətlər üçün şərait yaradan vəziyyətlərdən uzaqlaş. Məsələn, əks cinsdən olan əməkdaşınla iş vaxtından sonra bir yerdə işləmək təhlükəli ola bilər. Məsihçi kişi və qadın danışığı, davranışı ilə göstərməlidir ki, belə münasibətlərə baş qoşmaq fikrində deyil. Allah yolunda yeriyən qadın geyimi və makiyajı ilə özünə diqqəti cəlb etməyəcək, kişi iş yoldaşlarına naz etməyəcək. Eyni şey kişilərə də aiddir (1 Timoteyə 4:8; 6:11; 1 Peter 3:3, 4). Həyat yoldaşı və uşaqlarının şəkillərini göz qabağında qoysan, ailənin sənin üçün hər şeydən üstün olduğunu həm başqaları bilər, həm də özün unutmazsan. Kiminsə sənə söz atmasına, səninlə eşqbazlıq etməsinə qətiyyən yol vermə (Əyyub 31:1).
‘Ömrünün bütün günlərini sevdiyin arvadınla keçir’
9. Yeni eşq macərasının yaranmasına nə səbəb olur?
9 Ürəyi qorumaq deyəndə yalnız təhlükəli vəziyyətlərdən qaçmaq nəzərdə tutulmur. Nikahdan kənar kiməsə marağın olması ərlə arvadın bir-birinin tələbatlarını nəzərə almadıqlarını göstərir. Ola bilər, ər arvadına çox az diqqət yetirir və ya qadın daima ərindən şikayətlənir. Birdən ona elə gəlir ki, iş yerindən ya da yığıncaqdan tanıdığı bir adamda həyat yoldaşında çatışmayan cəhətlərin hamısı var. Bir azdan aralarında bağlılıq yaranır. Onlar hiss edirlər ki, yeni eşq ağıllarını başlarından alır. Hadisələrin bu cür cərəyan etməsi Müqəddəs Kitab ayəsinin həqiqiliyini təsdiqləyir: «Hər kəs öz ehtirası ilə aparılaraq və aldanaraq imtahan olunur» (Yaqub 1:14).
10. Ərlə arvad öz münasibətlərini necə möhkəmlədə bilərlər?
10 Ərlər və arvadlar sevgini, dostluğu, çətin anda dayağı nikahdan kənarda axtarmaqdansa, münasibətlərini möhkəmləndirməli, aralarındakı sevgini alışdırmağa çalışmalıdırlar. Mütləq bir-birinizə vaxt ayırın, diqqət göstərin. Vaxtilə bir-birinizi nəyə görə sevdiyiniz barəsində düşünün. Nişanlı vaxtlarınızda keçirdiyiniz hissləri yenidən yaşayın. Birgə keçirdiyiniz xoşbəxt anları xatırlayın. Vəziyyətiniz barədə Allaha dua edin. Məzmurçu Davud Allaha yalvarırdı: «Ey Allah, məndə təmiz ürək yarat, daxilimə yenidən sədaqət ruhunu ver» (Məzmur 51:10). Allahın Süleymanın vasitəsilə verdiyi məsləhətinə əməl edin: ‘Səma altında Allahın sənə verdiyi ömrünün bütün günlərini sevdiyin qadınla [«arvadınla», KM] keçir’ (Vaiz 9:9).
11. Nikah tellərini bərkitməkdə bilik, hikmət və dərrakə nə dərəcədə vacibdir?
11 Nikah tellərinin möhkəmlənməsində bilik, hikmət və dərrakənin rolu danılmazdır. Süleymanın məsəlləri 24:3, 4 ayələrində yazılıb: «Hikmətlə ev tikilər, dərrakə ilə möhkəmlənər. Mənzillər bilik vasitəsilə, hər cür dəyərli, yaxşı şeylərlə dolar». Xoşbəxt evi məhəbbət, sədaqət, Allah qorxusu, iman kimi ‘dəyərli, yaxşı şeylər’ doldurar. Bu ‘dəyərli, yaxşı şeylərə’ sahib olmaq üçün ilk növbədə Allah haqqında bilik lazımdır. Deməli, ərlə arvad Müqəddəs Kitabı yaxşıca öyrənməlidirlər. Bəs hikmət və dərrakə barəsində nə demək olar? Gündəlik çətinliklərin öhdəsindən gəlmək üçün insana hikmət, yə’ni Müqəddəs Kitabdan alınan biliyi həyatda tətbiq etmək bacarığı lazımdır. Dərrakəli insan öz həyat yoldaşının hiss və düşüncələrini başa düşür (Süleymanın məsəlləri 20:5). Yehova Allah Süleymanın dili ilə deyir: «Oğlum, mənim hikmətimə diqqət yetir, qulağını müdrik sözlərimə tərəf çevir» (Süleymanın məsəlləri 5:1).
Ailəlilər həyatda əziyyətlə rastlaşanda nə etməlidirlər?
12. Ailədə çətinliklərin olmasına nəyə görə təəccüblənmək lazım deyil?
12 İdeal ailə yoxdur. Müqəddəs Kitabda xəbərdarlıq edilir ki, ailəlilərin «həyatda əziyyəti olacaq» (1 Korinflilərə 7:28). Həyəcan, xəstəliklər, müqavimət və başqa şeylər ailədə gərgin münasibətlərə səbəb ola bilər. Belə çətinliklərlə qarşılaşan ərlə arvad bir-birinə sədaqətli olmalı və problemi həll etməyə çalışmalıdırlar. Bununla onlar Yehova Allahı razı salarlar.
13. Ərlə arvad özlərinə hansı sualı verməlidirlər?
13 Bəs əgər ailədəki çətinliyə səbəb ərlə arvadın bir-biri ilə rəftarıdırsa, onda nə etməli? Problemi həll etmək üçün hər iki tərəf bir qədər qüvvə sərf etməlidir. Tutalım, ailədə ər və ya arvad kobud danışmağa alışıb (Süleymanın məsəlləri 12:18). Keçən məqalədə qeyd edildiyi kimi, kobud danışığın ağır nəticələri olur. Müqəddəs Kitabdakı məsəllərdən birində deyilir: «Davakar, deyingən arvadla yaşamaqdansa çöllükdə yaşamaq yaxşıdır» (Süleymanın məsəlləri 21:19). Əgər sənin də ailəndə vəziyyət belədirsə, özündən soruş: «Bəlkə elə bu pis xasiyyətimə görə ərim çox vaxt mənimlə vaxt keçirmək istəmir?» Müqəddəs Kitab ərlərə əmr edir: «Öz arvadlarınızı sevin və onlarla sərt davranmayın» (Koloslulara 3:19). Sən ər, özündən soruş: «Soyuqluğum arvadımı kənarda təskinlik axtarmağa məcbur edirmi?» Sözsüz, əxlaqsızlığa bəraət qazandırmaq olmaz. Amma belə faciə kimin istəyirsən başına gələ bilər. Ona görə də oturub açıq danışmaq və çətinliyin həllini tapmaq lazımdır.
14, 15. Problemlərin həllini nikahdan kənarda axtarmaq nə üçün çıxış yolu deyil?
14 Nikahdan kənarda təskinlik axtarmaqla promlemlər həll olunmur. Belə addım nəyə gətirib çıxarır? Yeni və xoşbəxt nikahamı? Ola bilər, kimsə bu cür fikirləşir və hətta deyir: «Bu adamda yaxşı ərə və ya arvada xas cəhətlərin hamısı var». Bu cür fikirləşənlər yanılırlar, çünki həyat yoldaşını atan və yaxud da səni öz həyat yoldaşını atmağa sövq edən adam nikahın müqəddəsliyinə zərrə qədər də olsun hörmət bəsləmir. Ona görə də «başqası ilə ailə qursam, xoş günə çıxacağam» fikirləşmək düzgün deyil.
15 Yuxarıda adı çəkilən Meri də hərəkətinin nəticələri haqqında dərindən fikirləşməyə başladı. O dərk edirdi ki, bu hərəkətinə görə həm özü, həm də başqası Allahın lütfündən məhrum ola bilər (Qalatiyalılara 6:7). Meri danışır: «Ərimin iş yoldaşına duyduğum hisslər barədə düşünməyə başladım və bir şeyi başa düşdüm: bu adamın həqiqətə gəlməyinə mane olan elə mən özüm idim. Mənim hərəkətim həm ərimə, həm də o adama pis tə’sir edər, başqalarını büdrədə bilərdi!» (2 Korinflilərə 6:3).
Ən mühüm səbəb
16. Əxlaqsızlıq nəyə gətirib çıxarır?
16 Müqəddəs Kitab xəbərdarlıq edir: «Əxlaqsız qadının dodağından sanki bal axır, dili şirin, yağdan yumşaqdır. Amma aqibəti yovşan kimi acıdır, ikiağızlı qılınc kimi kəskindir» (Süleymanın məsəlləri 5:3, 4). Əxlaqsızlığın nəticəsi ağır və hətta ölüm də ola bilər. Məsələn, adam cinsi yolla ötürülən xəstəliyə yoluxa bilər, vicdan əzabı çəkər, günahsız həyat yoldaşına böyük zərbə endirər. Bütün bunlar pis yola düşməmək üçün ciddi səbəbdir.
17. Həyat yoldaşına sədaqətli qalmağın ən mühüm səbəbi nədir?
17 Xəyanətin günah sayılmasının əsas səbəbi odur ki, nikahın Banisi və kişi ilə qadına cinsi qabiliyyət verən Yehova Allah bunu qadağan edir. Peyğəmbəri Malaki vasitəsilə O deyir: «Mən cəza vermək üçün sizə yaxınlaşacağam... zinakarlara... qarşı tezliklə şahid olacağam» (Malaki 3:5). Süleymanın məsəlləri 5:21 ayəsində Yehovanın hər şeyi gördüyü yazılıb: «İnsanların yolları Rəbbin gözü qarşısındadır, onların hər addımlarını yoxlayır». Bəli, «Onun gözləri önündə hər şey çılpaq və açıqdır. Ona hesabat verəcəyik» (İbranilərə 4:13). Xəyanət ört-bastır edilsə də, onun fiziki nəticələri cüz’i olsa da, ətrafdakıların münasibətinə az tə’sir göstərsə də, yadda saxlamaq lazımdır ki, cinsi əxlaqsızlığın hər bir növü Yehova ilə münasibətləri korlayır. Məhz bu, həyat yoldaşına sədaqətli qalmağın ən mühüm səbəbidir!
18, 19. Yusiflə Potifarın arvadının hadisəsi bizə nə öyrədir?
18 Yaqubun oğlu Yusifin nümunəsi göstərir ki, Allahla yaxşı münasibətləri qorumaq istəyi əxlaqsızlığa qarşı güclü sipərdir. Fir’onun ə’yanlarından Potifar adlı birisi Yusifi bəyənib öz evində yüksək vəzifəyə qoymuşdu. Yusif «gözəl və yaraşıqlı» olduğundan Potifarın arvadının ona gözü düşdü. Elə gün olmurdu ki, o Yusifi yoldan çıxartmaq istəməsin. Amma bir şey çıxmırdı. Səncə, qadının əxlaqsız təkliflərini rədd etməyə Yusifə nə kömək edirdi? Müqəddəs Kitab cavab verir: «Yusif bundan imtina edib ağasının arvadına dedi: “Ağam... səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?”» (Yaradılış 39:1-12).
19 Subay oğlan olan Yusif özgə arvadı ilə yaxınlıq etməkdən imtina edib əxlaqi təmizliyini qorudu. Süleymanın məsəlləri 5:15 ayəsində evli kişilərə deyilir: «Öz su anbarından, öz quyunun içməli suyundan iç». Həyat yoldaşından başqa kiməsə ötəri maraq belə göstərməkdən çəkin. Həyat yoldaşınla aranızdakı məhəbbət tellərini bərkitmək üçün var gücünlə çalış və qarşına hansı çətinliklər çıxırsa-çıxsın, onları həll etməkdən ötrü vaxtını və gücünü əsirgəmə. «Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!» (Süleymanın məsəlləri 5:18).
Siz nə öyrəndiniz?
• Məsihçi özünün də xəbəri olmadan eşq macərasına necə cəlb edilə bilər?
• Nikahdan kənar macəralara başlamamağa məsihçiyə nə kömək edə bilər?
• Çətinliklə üzləşən ərlə arvad nə etməlidirlər?
• Həyat yoldaşına sədaqətli qalmağın ən mühüm səbəbi nədir?
[18-ci səhifədəki şəkil]
İş yeri eşq macəralarının yaranması üçün əlverişli yerdir.