İşığı seçənlər üçün qurtuluş
“Nurum və qurtuluşum RƏBDİR, kimdən qorxacağam?” (MƏZMUR 27:1).
1. Həyatın mövcud olması üçün Yeqova nəyin qayğısına qalmışdır?
YEQOVA, Yer üzündə həyatın mövcud olmasına səbəb olan Günəş işığının mənbəyidir (Təkvin 1:2, 14). Bundan əlavə, Yeqova, Şeytana məxsus olan dünyanın öldürücü zülmətini dağıdan ruhani işığın da Yaradanıdır (İşaya 60:2; 2 Korinflilərə 4:6; Efeslilərə 5:8—11; 6:12). İşığı seçənlər məzmurçunun sözlərinə qoşula bilərlər: “Nurum və qurtuluşum RƏBDİR, kimdən qorxacağam?” (Məzmur 27:1a). Qaranlığa üstünlük verənləri isə, İsanın günlərində olduğu kimi, ancaq cəza gözləyir (Yəhya 1:9—11; 3:19—21, 36).
2. Qədim vaxtlarda Yeqovanın işığını inkar edən və Onun sözünə qulaq asan insanlarla nə baş verdi?
2 Yeqova ilə əhd bağlayan xalqın çox hissəsi İşayanın günlərində işığı inkar etdi. Bu hərəkət şimali İsrail padşahlığının məhvinə səbəb oldu və İşaya bu hadisənin şahidi idi. Eramızdan əvvəl 607-ci ildə isə Yerusəlim və onun mə’bədi dağıdıldı. Yəhudanın əhalisini əsir götürdülər. Yeqovanın sözünə qulaq asanların isə, o günlərdə yayılmış dönüklüyə müqavimət göstərmək üçün gücləri vardı. Eramızdan əvvəl 607-ci ilin hadisələri haqqında danışaraq, Yeqova və’d etdi ki, Ona qulaq asanlar xilas olacaqlar (Yeremya 21:8, 9). İşığı sevən bizlər, keçmişin o hadisələrindən bu gün çox şey öyrənə bilərik (Efeslilərə 5:5).
İşıqda gəzənlərin xoşbəxtliyi
3. Bu gün biz nəyə əminik, həmçinin hansı “saleh milləti” sevirik və bu “millət” hansı “qüvvətli şəhərə” malikdir?
3 “O gün Yəhuda diyarında bu nəğmə tərənnüm ediləcək: Qüvvətli şəhərimiz var; [Allah] xilası divarlar və qalalar kimi qoyur. Qapıları açın, sədaqəti qoruyan saleh millət içəri girsin” (İşaya 26:1, 2). Bu sözlərdə, Yeqovaya güvənən insanların şadyanalığı əks olunur. İşayanın günlərində sadiq insanlar, yalan tanrılara güvənən həmvətənləri kimi davranmırdılar, onlar yeganə təhlükəsizlik Mənbəyi Yeqovanı hesab edirdilər. Buna bu gün biz də əminik. Bundan əlavə biz, Yeqovaya məxsus olan “saleh milləti” - “Allahın İsraili”ni sevirik (Qalatiyalılara 6:16; Matta 21:43). Yeqovaya sadiq olduğu üçün bu milləti Yeqova da sevir. Yeqovanın xeyir-duası sayəsində Allahın İsraili “qüvvətli şəhərə” - onu dəstəkləyən və qoruyan şəhərə bənzər təşkilata malikdir.
4. Biz hansı düşüncə tərzini inkişaf etdirməliyik?
4 Bu “şəhərdə” olanlar, aşağıdakı sözləri yaxşı başa düşürlər: “Ağlı çox olanı sən [Yeqova] tam əmin-amanlıq içində saxlarsan; çünki o sənə güvənir”. Yeqova, Ona güvənməyə və Onun ədalətli prinsiplərinə riayət etməyə qətiyyətli olan kəsləri müdafiə edir. Buna görə Yəhudanın sadiq sakinləri İşayanın, “RƏBBƏ əbədiyyən güvənin; çünki RƏB Yeqovada əbədi qaya var” çağırışına diqqət yetirdilər (İşaya 26:3, 4; Məzmur 9:10; 37:3; Süleymanın məsəlləri 3:5). Bu cür düşüncə tərzi olan insanlar “RƏB Yeqovaya”, yeganə e’tibarlı Qayaya baxar kimi baxırlar. Onlar Allahla “tam sülhdə” yaşayırlar (Filipililərə 1:2; 4:6, 7).
Allahın düşmənləri üçün alçaldılma
5, 6. a) Qədim Babil necə alçaldılmışdı? b) “Böyük Babil” necə alçaldılmışdır?
5 Əgər Allaha güvənənlərin başına bir bədbəxt hadisə gəlirsə, onda necə? Onlar qorxmamalıdırlar. Yeqova müəyyən vaxt ərzində buna bənzər hallara yol verir, ancaq axırda rahatlıq verir və baş verən hadisədə müqəssir olanları cəzalandırır (2 Saloniklilərə 1:4—7; 2 Timoteyə 1:8—10). Gəlin, bir “uca şəhərin” başına gələnlərə baxaq. İşaya deyir: “[Yeqova] yüksəkdə yaşayanları, uca şəhəri yıxdı; onu alçaltdı, yerə qədər alçaltdı; torpağa qədər endirdi. Ayaq altında, düşkünlərin ayaqları altında və yoxsulların addımları altında tapdanacaq” (İşaya 26:5, 6). Yəqin ki, burada Babildən bəhs edilir. Bu şəhər, sözsüz ki, Allahın xalqına çox müsibətlər çəkdirib. Bəs Babilin başına nə gəldi? B. e. əvvəl 539-cu ildə onu midiyalılar və farslar işğal etdilər. Necə də alçaldıcı vəziyyətdir!
6 Bizim günlərdə İşayanın peyğəmbərlik sözləri, 1919-cu ildən “Böyük Babilin” başına gələn hadisələrə eynilə müvafiqdir. Həmən ildə “uca şəhər” alçaldıcı tərzdə süquta mə’ruz qaldı: o, Yeqovanın xalqını ruhani əsarətdən azad etməyə məcbur oldu (Vəhy 14:8). Sonradan baş verən hadisə isə, bu şəhər üçün daha da alçaldıcı oldu. Məsihçilərin bu kiçik qrupu, onları keçmişdə əsarətə alan insanları ayaqlamağa başladı. Onlar 1922-ci ildə Xristian aləminin yaxınlaşan sonu haqqında e’lan etməyə başladılar. Onlar Vəhy 8:7—12 ayələrində dörd mələyin car çəkdikləri xəbəri e’lan etməyə və Vəhy 9:1—11:15 ayələrində bəhs olunan üç “müsibəti” təbliğ edirdilər.
“Salehin yolu doğruluqdur”
7. Yeqovanın işığına doğru yeriyənlər hansı rəhbərliyi alırlar, onlar kimə güvənir və nəyi qiymətləndirirlər?
7 Yeqova Onun işığına doğru yeriyənləri xilas edir. İşayanın növbəti sözlərindən göründüyü kimi, Yeqova belə adamların yollarını istiqamətləndirir: “Salehin yolu doğruluqdur; sən ki, doğrusan, salehin yolunu doğruldursan. Gerçək, ya RƏB, hökmlərinin yolunda səni gözlədik; canımızın istəyi sənin isminə və sənin anılma adınadır” (İşaya 26:7, 8). Yeqova ədalətli Allahdır və Ona ibadət edənlər Onun ədalətli normaları əsasında yaşamalıdırlar. Əgər onlar bunu edirlərsə, Yeqova onların yolunu istiqamətləndirir, addımlarını düzəldir. Onun rəhbərliyinə diqqət yetirməklə bu təvazökar insanlar göstərirlər ki, Yeqovaya güvənir və Onun adı haqqındakı “anılmanı” səmimiyyətlə qiymətləndirirlər (Çıxış 3:15).
8. İşaya təqlid etməyə layiq olan hansı əhval-ruhiyyəni göstərdi?
8 İşaya Yeqovanın adını qiymətləndirirdi. Bu onun növbəti sözlərindən aydın görünür: “Gecə səni canımla dilədim; bəli, sabah səni içimdə ruhumla axtarıram; çünki sənin hökmlərin yer üzündə olduqca, dünyada yaşayanlar doğruluq öyrənirlər” (İşaya 26:9). İşaya bütün canı - bütün vücudu ilə Yeqovaya doğru can atırdı. Gecənin sükutunda peyğəmbərin Yeqovaya necə dua etdiyini, gizli fikirlərini Ona necə açdığını və rəhbərliyi haqqında ürəkdən xahiş etdiyini təsəvvür edə bilərik. Necə də gözəl nümunədir! Bundan əlavə, Yeqovanın məhkəmə işləri İşayanı doğruluğa öyrədirdi. Bu bizə hər zaman sayıq olmağın və Yeqovanın iradəsinin nədən ibarət olduğunu dərk etməyin vacibliyini xatırladır.
Bə’ziləri zülməti seçirlər
9, 10. Sədaqətsiz xalqına münasibətdə Yeqova necə xeyirxahlıq göstərirdi və xalq buna necə hay verirdi?
9 Yeqova Yəhuda xalqına böyük məhəbbət və xeyirxahlıqla yanaşırdı, amma əfsuslar olsun ki, xalq arasında hamı Onun bu cür münasibətinə qarşılıqlı cavab vermirdi. Çox vaxt yəhudilərin əksəriyyəti Yeqovanın işığından imtina edərək, qiyam və dönüklük yolunu seçirdilər. İşaya dedi: “Pisə lütf edilsin, yenə doğruluq öyrənməz; doğruluq diyarında haqsızlıq edər və RƏBBİN qüdrətini görməz” (İşaya 26:10).
10 İşayanın günlərində Yeqovanın əli Yəhudanı düşmənlərdən müdafiə edəndə, xalqın əksəriyyəti bunu e’tiraf etmək istəmirdi. Yeqova xalqı sülhlə xeyir-dualandıranda, xalq minnətdarlıq bildirmirdi. Buna görə də, Yeqova bu xalqı “başqa ağalara” verdi və nəticədə b. e. əvvəl 607-ci ildə, babillilərə yəhudiləri əsir aparmağa izin verdi (İşaya 26:11—13). Buna baxmayaraq, tövbə edən xalqın qalığı nəhayətdə vətənə qayıtdı.
11, 12. a) Yəhudanı istismar edənləri hansı gələcək gözləyirdi? b) Yeqovanın məsh edilmiş xidmətçilərini əvvəllər istismar edənləri 1919-cu ildən bəri hansı gələcək gözləyir?
11 Bəs Yəhuda xalqını istismar edənlərlə nə olacaq? İşaya peyğəmbərlik sözləri ilə cavab verir: “Onlar ölülərdir, dirilməzlər; kölgələrdir, qalxmazlar; bundan ötrü onları yoxladın və həlak etdin, onların anılmasını da bütün bütün yox etdin” (İşaya 26:14). Bəli, b. e. əvvəl 539-cu ildə süquta uğradıqdan sonra, artıq Babilin gələcəyi olmayacaqdı. Vaxt ötdükcə şəhər ümumiyyətlə yer üzündən silinəcəkdi. O “ölü” olacaqdı, onun böyük padşahlığı isə artıq yada düşməyəcəkdi. Bu dünyanın güclülərinə güvənənlər üçün necə də gözəl xəbərdarlıqdır!
12 Bu peyğəmbərlik qismən bizim günlərdə, 1918-ci ildə Allah məsh edilmiş xidmətçilərinin ruhani əsarətə düşməsinə izin verəndə, 1919-cu ildə isə onları azad edəndə yerinə yetmişdi. Həmin dövrdən başlayaraq, onları istismar edənləri, əsas e’tibarı ilə Xristian aləmini qarşıda yalnız zülmət gözləyir. Yeqovanın xalqı isə bol-bol xeyir-dualar almışdı.
“Milləti çoxaltdın”
13, 14. Yeqovanın məsh edilmiş xidmətçiləri 1919-cu ildən bəri hansı bol xeyir-duaları alırlar?
13 Allahın məsh edilmiş xidmətçiləri peşmançılıq ruhu əks etdirdilər, 1919-cu ildə Yeqova onları xeyir-dualandırdı və Öz xalqının sayını artırdı. Əvvəlcə diqqət Allahın İsrailinin axırıncı nümayəndələrinin toplanmasına yönəldildi, sonra isə “başqa qoyunlar” sırasından olan “böyük izdihamın” yığımı başlandı (Vəhy 7:9; Yəhya 10:16). Bu xeyir-dualar haqqında İşaya peyğəmbərlik etmişdi: “Milləti çoxaltdın, ya RƏB, milləti çoxaltdın; izzət tapdın; diyarın bütün sərhədlərini genişlətdin. Ya RƏB, sıxıntıda səni axtardılar; üzərlərinə məzəmmətin gəlincə onların yalvarışını tökdülər” (İşaya 26:15, 16).
14 Bu gün Allahın İsrailinin “sərhədləri” bütün yer üzünə yayılmışdır, bu xalqa qoşulan böyük izdiham isə təxminən altı milyona çatır. Onların hamısı xoş xəbərin təbliğ olunması işində sə’ylə iştirak edirlər (Matta 24:14). Bütün bunlar necə də böyük xeyir-duadır! Və bu Onun adını necə də izzətləndirir! Hal-hazırda bu ad 235 ölkədə bəyan edilir. Yeqovanın və’di necə də gözəl tərzdə yerinə yetir!
15. 1919-cu ildə hansı simvolik dirildilmə baş verdi?
15 Babil əsarətindən qurtulmaq üçün, Yəhuda xalqı Yeqovanın köməyinə ehtiyac duyurdu. Yəhudilər bunu özləri edə bilməzdilər (İşaya 26:17, 18). Buna bənzər tərzdə 1919-cu ildə də Allahın İsrailinin azad olunması Yeqovanın köməkliyinə şəhadət idi. Onsuz bu azadlıq mümkün olmazdı. Vəziyyət o dərəcədə dəyişilmişdi ki, İşaya bu dəyişikliyi dirildilmə ilə müqayisə edirdi: “Sənin ölülərin diriləcəklər; mənimkilərin cəsədləri qalxacaqlar. Ey sizlər, torpaq içində yatanlar, oyanın və tərənnüm edin; çünki şehlərin otların şehi kimidir və yer ölülərini çölə atacaq” (İşaya 26:19; Vəhy 11:7—11). Bəli, “ölülər”, təşbehlərlə desək, öz fəaliyyətlərinə yenidən başlamaq üçün dirilməli idilər!
Təhlükəli vaxtlarda müdafiə
16, 17. a) Eramızdan əvvəl 539-cu ildə babillilərin hücumu zamanı xilas olmaq üçün yəhudilər nə etməli idilər? b) Ehtimal olunduğu kimi, “otaqlar” bu gün nəyi təmsil edir və onların bizə faydası nədir?
16 Yeqovanın xidmətçiləri daima Onun müdafiəsinə ehtiyac duyurlar. Çox yaxınlarda O, axırıncı dəfə öz əlini Şeytanın dünyası üzərinə çəkəcəkdir və o zaman Onun ibadətçiləri heç zaman olmadığı kimi Onun köməyinə ehtiyac duyacaqlar (1 Yəhya 5:19). Həmin qorxulu vaxt haqqında danışaraq, Yeqova xəbərdar edir: “Gəl, ey xalqım, özünün daxili otaqlarına gir və ardınca qapılarını bağla; qəzəb keçincəyə qədər bir az gizlən. Çünki, budur, pisliklərindən ötrü dünyada yaşayanları cəzalandırmaq üçün RƏB yerindən çıxır; və dünya qanını açığa qoyacaq və öldürülənlərini artıq örtməyəcək” (İşaya 26:20, 21; Tsefanya 1:14). Bu xəbərdarlığın sayəsində yəhudilər, b. e. əvvəl 539-cu ildə babillilərin hücumu zamanı necə xilas olmağı öyrəndilər. Qulaq asanlar öz evlərində qalmalı idilər ki, şəhərə daxil olan qoşunlarla küçədə qarşılaşmasınlar.
17 Bu peyğəmbərlikdə haqqında danışılan “otaqlar”, çox güman ki, Yeqovanın xalqının bu gün bütün dünyada mövcud olan on minlərlə yığıncağını təmsil edir. Bu yığıncaqlar müdafiəni artıq indidən təqdim edir. Bu yığıncaqlarda məsihçilər özlərini qardaşlar arasında, ağsaqqalların sevən qayğısı altında təhlükəsiz hiss edirlər (İşaya 32:1, 2; İbranilərə 10:24, 25). Bu əşyalar sisteminin sonunun yaxın olduğunu nəzərə alsaq, bu sözlər xüsusilə ədalətlidir. Çünki o zaman xilas itaətkarlıqdan asılı olacaq (Tsefanya 2:3).
18. Yeqova tezliklə “dənizdə olan canavarı” necə öldürəcək?
18 İşaya, həmin vaxt haqqında peyğəmbərlik edir: “O gün RƏB Levyatanı, tez qaçan o ilanı və Levyatanı, dolanbac gedən o ilanı, çətin və iri və möhkəm qılıncı ilə yoxlayacaq; və dənizdə olan canavarı öldürəcək” (İşaya 27:1). Bizim günlərdə “Levyatan” kimi təmsil edir? Ehtimal ki, “qədim ilanı” - Şeytanı, həmçinin Allahın İsrailinə qarşı mübarizə aparmaq üçün istifadə etdiyi onun pis əşyalar sistemini (Vəhy 12:9, 10, 17; 13:14, 16, 17). “Levyatan”, 1919-cu ildə Allahın xalqı üzərində olan hakimiyyətini itirdi. Onun əbədiyyən yox olacağı zaman da gələcək (Vəhy 19:19—21; 20:1—3, 10). Yeqova “dənizdə olan canavarı öldürəcək”. Və o vaxta qədər “levyatan” Yeqovanın xalqına qarşı hər nə etsə də, hər şey uğursuz olacaqdır (İşaya 54:17). Bu necə də təsəlli verir!
“Şərab bağı”
19. Qalıq bu gün hansı vəziyyətdədir?
19 Məgər Yeqovadan gələn bütün bu işıq sevinmək üçün bizə səbəb vermirmi? Əlbəttə, verir! İşaya aşağıdakı sözləri deyərək, Yeqovanın xalqının sevincini poetik dillə təsvir edir: “O gün deyiləcək: Şərab bağı! Ona tərənnüm edin. Mən, RƏB, onun qoruyucusuyam; onu hər dəqiqə sulayacağam; kimsə onu yoxlamasın deyə gecə-gündüz onu qoruyacağam” (İşaya 27:2, 3). Yeqova özünün “üzüm bağı” - Allahın İsraili və onun çalışqan yoldaşları üçün qayğı göstərir (Yəhya 15:1—8). Bunun nəticəsində əldə edilən bəhrələr Yeqovanın adına izzət gətirir və yer üzündə Onun xidmətçilərinə sevinc bəxş edir.
20. Yeqova məsihçi yığıncağını necə qoruyur?
20 Yeqovanın 1918-ci ildə ruhani əsarətə düşən məsh edilmiş xidmətçilər üzərinə tökdüyü qəzəbinin soyumasına görə biz ürəkdən sevinə bilərik. Yeqova özü deyir: “Məndə qəzəb yox; kaş ki, kollarla tikanlar cəngdə mənə qarşı olsaydılar! Onlara qarşı yeriyərdim, onların hamısını birdən yandırardım. Yaxud ki, qüvvətimə yapışsın da barış etsin mənimlə, bəli, mənimlə barışsın” (İşaya 27:4, 5). Üzüm tənəklərinin bəhrəli olduğuna və onların meyvələrindən çoxlu “şərab” alındığına əmin olmaq üçün, Yeqova tənəklərə zərər gətirən tikana bənzər hər bir şeyi dağıdır və məhv edir. Buna görə də, qoy məsihçi yığıncağının müvəffəqiyyətinə heç kəs təhlükə yaratmasın! Yeqovanın mərhəmətini və müdafiəsini əldə etmək üçün, qoy hamı Onun “qüvvətinə yapışsın”. Beləliklə biz Allahla “sülh” arada bilərik. Bu sülh o qədər vacibdir ki, İşaya onun haqqında iki dəfə söyləyir (Məzmur 85:1, 2, 8; Romalılara 5:1).
21. Yer üzü “bəhrələrlə” necə doldurulur?
21 Xeyir-dualar tökülməkdə davam edir: “Gələcək günlərdə Yaqub kök salacaq; İsrail qönçə verib çiçəklənəcək; və yer üzünü meyvə ilə dolduracaqlar” (İşaya 27:6). Bu peyğəmbərlik, Yeqovanın qüdrətinin gözəl sübutlarını təqdim edərək, 1919-cu ildən e’tibarən yerinə yetir. Məsh edilmiş məsihçilər yer üzünü dadlı ruhani qidanın “bəhrələri” ilə doldururlar. Yolunu azmış dünyada yaşayaraq, bu insanlar Allahın yüksək əxlaq normalarını böyük sevinclə qoruyurlar. Yeqova onları, ibadətçilərinin sayını artırmaqla xeyir-dualandırır. Bunun sayəsində onların milyonlarla yoldaşları - başqa qoyunlar - “gecə-gündüz Ona [Allaha] xidmət edirlər” (Vəhy 7:15). Gəlin heç zaman unutmayaq ki, bizim bu “bəhrələrlə” qidalanmaq və onları başqaları ilə bölüşmək imkanımız var!
22. İşığı qəbul edənlər hansı xeyir-duaları alırlar?
22 Bu ağır günlərdə, yer üzünü qaranlıq və xalqları zülmət örtdüyü bir vaxtda Yeqovanın öz xalqına ruhani işıq verdiyi üçün, məgər Ona minnətdar deyilikmi? (İşaya 60:2; Romalılara 2:19; 13:12). Bu işığı qəbul edənlərin hamısına işıq artıq indidən qəlb rahatlığı və sevinc gətirir, gələcəkdə isə, hətta əbədi həyat gətirəcəkdir. Buna görə, bizim - işığı sevənlərin - Yeqovanı ürəkdən izzətləndirmək və məzmurçu ilə birlikdə: “Nurum və qurtuluşum RƏBDİR, kimdən qorxacağam? RƏBBİ gözlə, qüvvətli ol və ürəyin cəsarətli olsun; bəli, RƏBBİ gözlə”, deməyə əsasımız vardır (Məzmur 27:1, 14).
Xatırlayırsınızmı?
• Yeqovanın xalqını istismar edənləri hansı gələcək gözləyir?
• İşaya hansı artım haqqında peyğəmbərlik edir?
• Biz hansı “otaqlarda” qalmalıyıq və nəyə görə?
• Nəyə görə Yeqovanın xalqının vəziyyəti Ona izzət gətirir?
[31-ci səhifədəki çərçivə]
YENİ ƏDƏBİYYAT
Öyrənilmə üçün olan bu iki məqalədə deyilənlərin çox hissəsi, 2000/2001-ci ilin vilayət konqresində mə’ruzədə təqdim olunmuşdur. Həmin mə’ruzənin axırında - “İşayanın peyğəmbərliyi - bütün bəşəriyyət üçün işıqdır” adlı yeni ədəbiyyatın I-ci cildinin buraxılışı haqqında e’lan olunmuşdur. Bu kitabın 416-ı səhifəsində İşaya kitabının ilk 40 fəsli ayəbəayə müzakirə olunur.
[28-ci səhifədəki şəkil]
Yeqovanın “qüvvətli şəhərinə”, təşkilatına yalnız saleh insanlar daxil ola bilərlər.
[29-cu səhifədəki şəkil]
İşaya Yeqovaya doğru “gecə” vaxtı can atırdı.
[32-ci səhifədəki şəkil]
Yeqova özünün “üzüm bağını” müdafiə edir və onun bəhrəli olması üçün qayğı göstərir.