‘İtaətsizliyimizə görə’ Yehovanın Qulunun «bədəni deşildi»
«Bizim itaətsizliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi... onun yaraları ilə biz şəfa tapdıq» (YEŞAYA 53:5).
1. Xatirə Gecəsini qeyd edəndə nəyi yadda saxlamalıyıq və bizə hansı peyğəmbərlik kömək edəcək?
BİZ Xatirə Gecəsini qeyd etməklə Məsihin ölümünü, həmçinin onun ölümü və dirilməsi sayəsində əldə edilən hər şeyi yada salırıq. Xatirə Gecəsi bizə Yehovanın ali hakimiyyətinə bəraət qazandırılması, adının təqdis olunması, eyni zamanda bəşəriyyətin xilası da daxil olmaqla, niyyətin yerinə yetirilməsi haqda xatırladır. Demək olar ki, İsanın fidiyə qurbanlığı və onun sayəsində nail olunan şeyləri Yeşaya 53:3-12 ayələrindən daha yaxşı təsvir edən başqa peyğəmbərlik yoxdur. Yeşaya Qulun əzab-əziyyətləri haqda peyğəmbərlik etmiş və Məsihin ölümü və bunun sayəsində onun məsh olunmuş qardaşlarının və ‘başqa qoyunların’ alacağı xeyir-duaları dəqiqliklə təsvir etmişdi (Yəh. 10:16).
2. Yeşayanın peyğəmbərliyi nəyi sübut edir və bu peyğəmbərliyi araşdırmaq bizə necə təsir edəcək?
2 İsanın yer üzündə doğulmasından yeddi əsr öncə Yeşaya Yehovadan ilham alaraq peyğəmbərlik etdi ki, Allahın seçilmiş Qulu, ölüm bahasına olsa belə, sadiq qalacaq. Bu sübut edir ki, Yehova Oğlunun sadiqliyinə şübhə etmirdi. Biz bu peyğəmbərliyi araşdırdıqca ürəyimiz minnətdarlıqla dolacaq, imanımız isə möhkəmlənəcək.
Ona ‘xor baxdılar’ və ‘qiymət vermədilər’
3. Yəhudilər İsanı nəyə görə qəbul etməli idilər, bəs onlar onu necə qarşıladılar?
3 Yeşaya 53:3 ayəsini oxu. Allahın vahid Oğlu üçün göydə Atasının yanında xidmət etməyin gətirdiyi sevinci buraxıb, bəşəriyyəti günah və ölümdən azad etmək üçün yer üzünə gələrək həyatını qurban verməyin nə olduğunu bir təsəvvür et! (Filip. 2:5-8). Musanın Qanununa əsasən gətirilən heyvan qurbanları İsanın qurbanlığının sadəcə kölgəsi olduğu halda, Məsihin fidiyə qurbanlığı sayəsində günahların həqiqətən bağışlanması mümkün oldu (İbr. 10:1-4). Məgər İsa ən azından vəd olunmuş Məsihi gözləyən yəhudilər tərəfindən qəbul olunmağa və hörmət edilməyə layiq deyildimi? (Yəh. 6:14). Yəhudilər isə əvəzində, Yeşayanın peyğəmbərlik etdiyi kimi, Məsihə ‘xor baxdılar’ və ona ‘qiymət vermədilər’. Həvari Yəhya yazmışdı: «Öz yurduna gəldi və Öz xalqı da Onu qəbul etmədi» (Yəh. 1:11). Həvari Peter isə yəhudilərə dedi: «Atalarımızın Allahı Öz Qulu İsanı izzətləndirdi; Onu siz ələ verdiniz və Pilat Onu azad etməyə qərar verdiyi halda, Pilatın qarşısında Onu rədd etdiniz. O Müqəddəsi və Salehi rədd edib bir qatilin sizə bağışlanmasını istədiniz» (Həv. iş. 3:13, 14).
4. İsa xəstəlikləri hansı mənada görürdü?
4 Yeşaya həm də yazmışdı ki, İsa ‘xəstəliklər görəcək’. Sözsüz ki, yer üzündə xidmət edən zaman İsanın yorulduğu anlar olurdu, ancaq heç harada onun xəstələndiyi haqda deyilmir (Yəh. 4:6). Lakin o, təbliğ etdiyi insanların hansı xəstəliklərlə üzləşdiklərindən xəbərdar idi. Onlara yazığı gəlirdi və o, bir çoxlarına şəfa verirdi (Mark 1:32-34). Bununla o: «Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü» peyğəmbərliyini yerinə yetirdi (Yeşaya 53:4a; Mat. 8:16, 17).
Sanki ‘Allah tərəfindən vuruldu’
5. Bir çox yəhudilər İsanın ölümü haqqında nə fikirləşirdilər və nəyə görə bu onun əzablarını daha da artırırdı?
5 Yeşaya 53:4b ayəsini oxu. İsanın bir çox müasirləri onun nə üçün əzablara məruz qaldığını və öldüyünü başa düşmürdülər. Onlara elə gəlirdi ki, Allah onu iyrənc xəstəliyə düçar edərək cəzalandırır (Mat. 27:38-44). Yəhudilər İsanı küfr etməkdə günahlandırırdılar (Mark 14:61-64; Yəh. 10:33). Əlbəttə, o nə günahkar, nə də kafir idi. O, Atasını bərk sevirdi, buna görə də kafir kimi öləcəyini düşünmək, Yehovanın bir Qulu kimi, onun iztirablarını artırırdı. Buna baxmayaraq, o, Yehovanın iradəsinə tabe olmağa hazır idi (Mat. 26:39).
6, 7. Hansı mənada Yehova sadiq Qulunu ‘iztirablara’ düçar etdi və nəyə görə O bunu ‘istəyirdi’?
6 Yeşayanın peyğəmbərliyində Məsihin ‘Allah tərəfindən vurulduğunu’ düşünəcəkləri deyilməsi təəccüblü deyil. Ancaq başqa peyğəmbərlikdə: «Rəbb Özü onun bu iztirablarını istədi» deyilməsi bizə təəccüblü görünə bilər (Yeşaya 53:10). Əgər Yehovanın Özü: «Budur, Mənim... ürəyim istəyən seçilmiş qulum!» demişdirsə, onda nə üçün onun ‘iztirablarını istəyirdi’? (Yeşaya 42:1). Hansı mənada bu, Yehovaya sevinc gətirirdi?
7 Yeşayanın peyğəmbərliyinin bu hissəsini başa düşmək üçün Şeytanın Yehovanın ali hakimiyyətinə meydan oxuyaraq Allahın göydəki və yerdəki bütün xidmətçilərinin sadiqliyini şübhə altına aldığını yadımıza salmalıyıq (Əyy. 1:9-11; 2:3-5). İsa ölənədək sadiq qalmaqla Şeytana tam və qəti cavab verdi. Yehova Məsihin düşmənləri tərəfindən edam olunmasına yol versə də, şübhə yoxdur ki, seçilmiş Qulunun öldürüldüyünü görmək Ona ürək ağrısı gətirdi. Amma Oğlunun Ona tam sadiq qalması Onu çox sevindirirdi (Sül. məs. 27:11). Üstəlik, Oğlunun ölümünün tövbə edən insanlara faydalar gətirəcəyini bilmək də Yehovaya böyük sevinc gətirirdi (Luka 15:7).
«Bizim itaətsizliyimizə görə onun bədəni deşildi»
8, 9. a) İsanın bədəni bizim itaətsizliyimizə görə necə deşildi? b) Peter bunu necə təsdiq etdi?
8 Yeşaya 53:6 ayəsini oxu. Adəmdən miras aldıqları xəstəlik və ölümdən yaxa qurtarmaq üçün günahlı insanlar yolunu azmış qoyunlar kimi dolaşırlar (1 Pet. 2:25). Adəmin günahlı nəslindən heç kim onun itirdiyini geri satın ala bilməz (Məz. 49:7). Ancaq Yehova böyük məhəbbətindən irəli gələrək «hamımızın şər əməllərinin yükünü» sevimli Oğlunun və seçilmiş Qulunun üzərinə qoydu. Məsih ‘itaətsizliyimizə görə bədəninin deşilməsinə’ və ‘şər əməllərimiz naminə əzilməyə’ razı olaraq günahlarımızı işgəncə dirəyinə çəkdi və yerimizə öldü.
9 Həvari Peter yazır: «Siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək. O Özü bizim günahlarımızı Öz bədənində çarmıxda [«dirəkdə», YD] daşıdı ki, biz günah etibarı ilə ölüb, salehlik üçün yaşayaq». Sonra Yeşayanın peyğəmbərliyindən sitat gətirək əlavə edir: «Siz Onun yaraları ilə şəfa tapdınız» (1 Pet. 2:21, 24; Yeşaya 53:5). Peterin digər ayədə dediyi kimi, bu, günahlı insanların Allahla barışması üçün imkan açdı: «Məsih... qeyri-salehlər uğrunda günahlar üçün bir dəfə əzab çəkdi ki, bizi Allaha yaxınlaşdırsın» (1 Pet. 3:18).
«Kəsilməyə aparılan quzu kimi»
10. a) Vəftizçi Yəhya İsanı necə adlandırdı? b) Nəyə görə Yəhyanın sözləri münasibdir?
10 Yeşaya 53:7, 8 ayələrini oxu. Vəftizçi Yəhya İsanın ona sarı gəldiyini görəndə nida etdi: «Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!» (Yəh. 1:29). Yəhya İsanı Quzu adlandıranda, ola bilsin, Yeşayanın növbəti sözlərini nəzərdə tuturdu: «[O,] kəsilməyə aparılan quzu kimi... ağzını açmadı» (Yeşaya 53:7). «O, canını fəda etdi», — deyə Yeşaya peyğəmbərlik etmişdi (Yeşaya 53:12). Maraqlıdır ki, İsa öz ölümünün Xatirə Gecəsini təsis edən axşam 11 sadiq həvarisinə bir kasa şərab verib dedi: «Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır» (Mat. 26:28).
11, 12. a) İshaqın öz həyatını qurban verməyə hazır olması Məsihin qurbanlığına dair əyani olaraq nəyi göstərir? b) Xatirə Gecəsini qeyd edərkən Böyük İbrahim olan Yehova haqqında nəyi yadda saxlamalıyıq?
11 İshaq kimi, İsa da razı oldu ki, Yehovanın iradəsinə uyğun olaraq qurban gətirilsin (Yar. 22:1, 2, 9-13; İbr. 10:5-10). İshaq qurban gətirilməyə hazır olsa da, qurbanı təqdim edən məhz İbrahim idi (İbr. 11:17). Eynilə, İsa ölməyə hazır olsa da, fidiyənin necə ödənilməli olduğunu qərara alan Yehova olmuşdu. Oğlunun fidiyə qurbanlığı Onun bəşəriyyətə olan dərin məhəbbətinin təzahürü idi.
12 İsa özü demişdi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun» (Yəh. 3:16). Həvari Pavel yazır: «Allah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü» (Rom. 5:8). Bu səbəbdən, ölümünün Xatirə Gecəsini yad etməklə Məsihə hörmət etdiyimizi göstərmiş olsaq da, heç vaxt unutmamalıyıq ki, fidiyə tədbirini Böyük İbrahim olan Yehova təsis etmişdir. Biz Xatirə Gecəsini qeyd etməklə Onu izzətləndiririk.
Qul ‘çoxlarına bəraət qazandırır’
13, 14. Yehovanın Qulu çoxlarına necə bəraət qazandırdı?
13 Yeşaya 53:11, 12 ayələrini oxu. Yehova seçilmiş Qulu haqqında demişdi: «Mənim saleh qulum... çoxlarına bəraət qazandıracaq». Necə? 12-ci ayənin sonunda bu suala cavab verilir. «[Qul] qanunsuzlardan ötrü yalvardı». Adəmin bütün nəsli günahlı, ‘qanunsuzlar’ kimi doğulur və buna görə də ‘günahın əvəzini’ alırlar, yəni ölürlər (Rom. 5:12; 6:23). Yehova ilə günahlı insanlar arasında barışıq vacibdir. Yeşayanın peyğəmbərliyinin 53-cü fəslində İsanın günahlı bəşəriyyət üçün necə ‘yalvardığı’ çox gözəl təsvir olunur: «Bizim əmin-amanlığımız üçün o cəza aldı, onun yaraları ilə biz şəfa tapdıq» (Yeşaya 53:5).
14 Məsih günahlarımızı üzərinə götürməklə və əvəzimizə ölməklə ‘çoxlarına bəraət qazandırdı’. Pavel yazmışdı: «Allah Onda [Məsihdə] bütün dolğunluğu ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda [«işgəncə dirəyində», YD] axıdılan qanı ilə sülh yaradaraq, həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu» (Kolos. 1:19, 20).
15. a) Pavelin bəhs etdiyi ‘göylərdə olan hər şey’ kimlərdir? b) Xatirə Gecəsinin simvollarından qəbul etmək haqqı yalnız kimlərə verilib və nəyə görə?
15 Məsihin tökülmüş qanı vasitəsilə Yehova ilə barışan ‘göylərdə olan hər şey’ Məsihlə birgə göydə idarə etməyə dəvət alan məsh olunmuş məsihçilərdir. ‘Səmavi dəvətə ortaq olan’ məsihçilərə ‘yaşamaq üçün bəraət verilir’, yəni onlar saleh elan olunurlar (İbr. 3:1; Rom. 5:1, 18). Yehova onları ruhani oğulluğa götürür. Müqəddəs ruh onlara şəhadət edir ki, onlar səmavi Padşahlıqda padşah və kahin olmağa dəvət alan ‘Məsihin həmvarisləridirlər’ (Rom. 8:15-17; Vəhy 5:9, 10). Onlar ruhani İsrailin, yəni ‘Allahın İsrailinin’ bir hissəsi olur və ‘yeni əhdə’ daxil olurlar (Yer. 31:31-34; Qalat. 6:16). Yeni əhdin üzvləri kimi, onlara, qırmızı şərab da daxil olmaqla, Xatirə Gecəsinin simvollarından qəbul etmək haqqı verilir. İsa bu şərab haqda demişdi: «Axşam yeməyindən sonra, bir kasanı götürüb dedi: “Bu kasa Mənim sizin üçün tökülən qanımla gerçəklənən Əhdi-Cədiddir”» (Luka 22:20).
16. ‘Yerdə olan şeylər’ kimlərdir və onlar Yehovanın qarşısında necə saleh elan olunurlar?
16 ‘Yerdə olan şeylər’ isə yer üzündə əbədi yaşamaq ümidinə malik olan başqa qoyunlardır. Yehovanın seçilmiş Qulu onlara da Allah qarşısında bəraət qazandırır. Məsihin fidiyə qurbanlığına iman gətirdikləri və bununla da ‘libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdıqları’ üçün Yehova onları ruhani oğulları kimi deyil, Öz dostları kimi saleh elan edir və onlara «böyük məşəqqətdən» sağ çıxmaq kimi gözəl ümid verir (Vəhy 7:9, 10, 14; Yaq. 2:23). Başqa qoyunlar yeni əhdə daxil edilmədikləri və göydə yaşamaq ümidinə malik olmadıqları üçün Xatirə Gecəsinin simvollarından qəbul etmir, ancaq hörmətcil müşahidəçilər xüsusunda bu mərasimdə iştirak edirlər.
Yehovaya və seçilmiş Quluna şükr olsun!
17. Yeşayanın Qul haqqında peyğəmbərliyini araşdırmağımız zehnimizi Məsihin ölümünün Xatirə Gecəsinə hazırlamağa necə kömək edir?
17 Yeşayanın Qul haqqında peyğəmbərliyini araşdırmağımız zehnimizi Məsihin ölümünün Xatirə Gecəsinə hazırlamağa, o cümlədən ‘imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxmağa’ kömək edir (İbr. 12:2). Biz öyrəndik ki, Allahın Oğlu üsyankar deyil. Şeytandan fərqli olaraq, Xudavənd Rəbb kimi qəbul etdiyi Yehovadan təlim almaq ona zövq verir. Yer üzündə xidmət edən zaman İsanın təbliğ etdiyi insanlara şəfqət göstərdiyini, onlara fiziki və ruhani cəhətdən şəfa verdiyini öyrəndik. O, bununla bir Padşah kimi ‘yer üzündə ədaləti quranda’ nələr edəcəyini nümayiş etdirdi (Yeşaya 42:4). «Millətlərə nur» qismində Padşahlığın təbliğində göstərdiyi səy onun davamçılarına xoş xəbəri bütün dünyada səylə təbliğ etməyi xatırladır (Yeşaya 42:6).
18. Nəyə görə Yeşayanın peyğəmbərliyini oxuyanda ürəklərimiz Yehovaya və Onun sadiq Quluna minnətdarlıqla dolur?
18 Yeşayanın peyğəmbərliyi Yehovanın sevimli Oğlunu uğrumuzda iztirab çəkib ölmək üçün yerə göndərəndə necə böyük qurban verdiyini daha dərindən anlamağa kömək edir. Yehovaya Oğlunun iztirablarını deyil, ölənədək onun sadiq qaldığını görmək sevinc bəxş etdi. İsanın Şeytanın yalançı olduğunu sübut etmək və Yehovanın adını təqdis etmək, bununla da Onun ali hökmranlığına bəraət qazandırmaq üçün etdiyi hər şeyi qəbul etməklə Onun sevincinə şərik olmalıyıq. Üstəlik, Məsih günahlarımızı üzərinə götürüb uğrumuzda öldü. Bununla da o, məsh olunmuş kiçik sürü və başqa qoyunlar üçün Yehova qarşısında saleh ada malik olmasını mümkün etdi. Xatirə Gecəsinə toplaşanda qoy ürəklərimiz Yehova və Onun sadiq Quluna minnətdarlıqla dolsun!
Təkrar üçün suallar
• Hansı mənada Yehova Oğlunun «iztirablarını istədi»?
• Hansı mənada İsanın bədəni ‘itaətsizliyimizə görə deşildi’?
• Qul necə ‘çoxlarına bəraət qazandırdı’?
• Qul haqqında peyğəmbərliyi öyrənmək zehnini və ürəyini Xatirə Gecəsinə necə hazırladı?
[26-cı səhifədəki şəkil]
‘Ona xor baxıldı. Biz ona qiymət vermədik’
[28-ci səhifədəki şəkil]
‘O, canını fəda etdi’
[29-cu səhifədəki şəkil]
‘Başqa qoyunlar’ Xatirə Gecəsində hörmətcil müşahidəçilər xüsusunda iştirak edirlər