Allaha yaxınlaşın
«Əvvəlki işlər bir daha xatırlanmayacaq»
BƏZİ xatirələr insana xoş təəssürat bağışlayır. Sevdiyimiz insanlarla keçirdiyimiz xoş anların xatirəsi ürəyimizi isindirir. Lakin elə xatirələr də var ki, insana daxilən əzab verir. Keçmişdə baş verən pis şeylərin xatirəsi səni də üzürmü? Əgər bu belədirsə, ola bilsin, sən: «Nə vaxtsa bu kədərli xatirələri yaddan çıxara biləcəyəmmi?» — deyə düşünürsən. Gəl görək Yeşaya peyğəmbərin qələmə aldığı sözlərdən hansı təsəllini ala bilərik. (Yeşaya 65:17 ayəsini oxu.)
Yehova Allah kədərli xatirələrə səbəb olan şeyləri tamamilə aradan qaldırmaq niyyətindədir. O, bunu necə edəcək? Bütün pisliyi yer üzündən silib əvəzində qat-qat yaxşı şeylər yaradacaq. Allah Yeşaya peyğəmbər vasitəsilə söz verir: «Budur, Mən yeni göylər və yeni yer yaradıram». Bu vədin nə demək olduğunu başa düşməyimiz ürəyimizdə ümid yaradacaq.
«Yeni göylər» dedikdə nə nəzərdə tutulur? Bunu başa düşmək üçün gəl bu ifadənin Müqəddəs Kitabda işlədildiyi iki məqamı nəzərdən keçirək. Birincisi, Allahın Kəlamında «yeni göylər» ifadəsi yuxarıda gətirilən ayədən başqa iki yerdə də istifadə olunur. Və hər iki ayədə bu ifadə böyük dəyişikliklərlə əlaqədar işlənilir (2 Peter 3:13; Vəhy 21:1—4). İkincisi, Müqəddəs Yazılarda «yeni göylər» ifadəsi altında rəhbərlik və ya hökumət nəzərdə tutula bilər (Yeşaya 14:4, 12; Daniel 4:25, 26). Bundan belə nəticəyə gəlmək olar ki, «yeni göylər» yer üzündə ədaləti bərqərar edə biləcək yeni hökumətdir. Buna yalnız bir hökumət — Allahın Padşahlığı nail ola biləcək. İsa peyğəmbər elə bu səmavi hökumətin gəlişi haqqında dua etməyi öyrədirdi. Bu səmavi hökumət Allahın iradəsini yer üzündə yerinə yetməsinin qayğısına qalacaq (Matta 6:9, 10).
Bəs «yeni yer» nədir? Düzgün nəticəyə gəlmək üçün Müqəddəs Kitabdan iki faktı nəzərdən keçirək. Birincisi, Allahın Kəlamında «yer» dedikdə planet yox, insanlar nəzərdə tutulur (Məzmur 96:1). İkincisi, Müqəddəs Kitabdakı peyğəmbərliyə əsasən, Allahın rəhbərliyi altında sadiq insanlar bütün dünyada hökm sürəcək salehliyə yiyələnəcəklər (Yeşaya 26:9). Buna görə də «yeni yer» ifadəsi Allaha itaətkar və Onun tələblərinə uyğun yaşayan insan cəmiyyətinə işarə edir.
Yehova Allahın pis xatirələri kökündən siləcəyini təsəvvür edə bilərsən?! Tezliklə Yehova Öz vədinə sadiq qalaraq salehliyin hökm sürəcəyi yeni dünya yaradacaqa. Səbəbindən asılı olmayaraq bütün pis xatirələr keçmişdə qalacaq. Saleh insanlar gözəl həyat sürəcək və yaşayacaqları hər günün xoş xatirələri onlara sevinc gətirəcək.
Bəs bu gün bizə ürək ağrısı verən sıxıntılar barədə nə demək olar? Allah Yeşaya peyğəmbər vasitəsilə vəd edir: «Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək». Bugünkü dünyada çəkdiyimiz bütün ağrılar getdikcə yox olacaq. Əgər Allahın bu gözəl vədi səni də cəlb edirsə, nəyə görə Onun haqqında daha çox öyrənmək üçün əlindən gələni etməyəsən?
[Haşiyə]
a Allahın Padşahlığı və onun nə edəcəyi haqqında daha ətraflı Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 3, 8 və 9-cu fəsillərindən öyrənmək olar.
[15–ci səhifədəki şəkil]
Yehova Allah kədərli xatirələrə səbəb olan şeyləri tamamilə aradan qaldıracaq