FƏSİL 22
Padşahlıq yer üzündə Allahın iradəsini yerinə yetirir
1, 2. a) Nəyə görə Cənnətin, həqiqətən də, olacağını təsəvvür etmək bəzən çətin olur? b) Allahın vədlərinə olan imanımızı nə möhkəmləndirə bilər?
GƏRGİN bir gün keçirəndən sonra sadiq qardaş yorğun vəziyyətdə yığıncağa gəlir. O, tələbkar müdirindən haqsız yerə məzəmmət eşidib və ailəsinin qeydinə necə qalacağının fikrini çəkir, üstəlik, həyat yoldaşının sağlamlığına görə çox narahatdır. Yığıncaq görüşündə musiqi səslənməyə başlayanda o, dərindən nəfəsini dərir. İbadət evində bacı-qardaşların arasında olmaq ona xoşdur. Mahnı Cənnət haqqındadır. Mahnının sözləri onu gələcək ümidi barədə xəyala dalmağa və özünü orada təsəvvür etməyə təşviq edir. Bu, onun sevimli mahnısıdır. Və indi ailəsi ilə birgə bu mahnını oxuyarkən ürəyində yaranan ümid ona rahatlıq və təravət gətirir.
2 Heç bu cür hisslər keçirmisiniz? Bu hisslər çoxlarımıza tanışdır. Etiraf etmək lazımdır ki, yaşadığımız bu dünyada Cənnəti real olaraq təsəvvür etmək çox çətindir. Biz «son dərəcə çətin bir vaxt»da yaşayırıq və dünya cənnət şəraitindən tamamilə uzaqdır (2 Tim. 3:1). Ümidimizin gerçək olduğunu yadda saxlamağa bizə nə kömək edə bilər? Nəyə görə əminik ki, Allahın Padşahlığı tezliklə bütün bəşəriyyət üzərində hökmranlıq edəcək? Gəlin Yehova Allahın bir neçə peyğəmbərliyini nəzərdən keçirək. Onun qədimdə yaşamış xalqı bu peyğəmbərliklərin yerinə yetməsinin şahidi olmuşdu. Sonra isə bu və digər peyğəmbərliklərin bu gün heyrətamiz şəkildə necə yerinə yetdiyini müzakirə edəcəyik. Və nəhayət, möhkəm imana sahib olmaqla bu cür peyğəmbərliklərin gələcəkdə necə həyata keçəcəyinə baxacağıq.
Yehova Öz vədlərini uzaq keçmişdə necə yerinə yetirib?
3. Babildə sürgündə olan yəhudilərə hansı vəd təsəlli verirdi?
3 Eramızdan əvvəl VI əsrdə Babildə sürgünlükdə yaşayan yəhudilərin həyatını təsəvvür edin. Valideynləri kimi, onların çoxu əsirlikdə böyümüş və əzab-əziyyət içində yaşamışdı. Yehova Allaha iman etdiklərinə görə babillilər onları ələ salırdılar (Zəb. 137:1—3). Sadiq yəhudilər onilliklər ərzində yalnız bir ümidlə yaşayırdılar: Yehova onları yenidən vətənlərinə qaytaracağını və onlar üçün gözəl şərait yaradacağını vəd etmişdi. O, hətta bərpa olunmuş Yəhuda torpağını Ədən bağı ilə — cənnətlə müqayisə etmişdi. (Əşiya 51:3 ayəsini oxuyun.) Bu vədlər Allahın xalqının ürəyində əminlik yaratmaq və bütün şübhələri aradan qaldırmaq üçün verilmişdi. Gəlin bir neçə peyğəmbərliyə nəzər salaq.
4. Yehova yəhudiləri öz vətənlərində təhlükəsizlik içində yaşayacaqlarına necə əmin etmişdi?
4 Əmin-amanlıq. Sürgünlükdən qurtulan əsirlər hərfi mənada cənnətə yox, 70 il başlı-başına qalmış, hətta aralarında bir çoxlarının görmədiyi yerə qayıdacaqdılar. Həmin dövrdə Müqəddəs Kitabda təsvir olunan ərazilərdə, adətən, şirlərə, canavarlara, bəbirlərə və digər yırtıcı heyvanlara rast gəlinirdi. Ailə başçıları arvad-uşaqlarını və mal-qaralarını necə qoruyacaqları üçün narahat ola bilərdilər. Bu kimi şeylər üçün narahat olmaq normal idi. Allahın Əşiya 11:6—9 ayələrində qələmə alınan vədi üzərində, eləcə də bu vədin necə təsəlli verə biləcəyi üzərində düşün. (Ayələrini oxuyun.) Gözəl poetik dildə yazılmış bu sözlərlə Yehova əsirlikdə olanları əmin etmişdi ki, özləri də, mal-qaraları da təhlükəsizlikdə olacaq. Şirin saman yeyəcəyi onu bildirirdi ki, o, yəhudilərin mal-qarasına dəyməyəcək. Sadiq insanların bu cür vəhşi heyvanlardan qorxmalarına heç bir səbəb olmayacaqdı. Yehova söz vermişdi ki, Öz xalqını bərpa olunmuş Yəhuda diyarının hər yerində, hətta səhralarında və meşələrində belə müdafiə edəcək (Hizq. 34:25).
5. Hansı peyğəmbərliklər əsirlikdən geri qayıdanları əmin edirdi ki, Yehova onların tələbatlarını artıqlaması ilə ödəyəcək?
5 Ruzi-bərəkət. Yəhudi əsirlərin arasında digər bir narahatçılıq da ortaya çıxa bilərdi. Onlar düşünə bilərdilər: «Vətənə qayıdanda ailəmi dolandıra biləcəyəmmi? Harada yaşayacağıq? Orada iş tapa biləcəyəmmi və ya həmin iş buradakından daha betər olmayacaq ki?» Yehova anlayış göstərərək peyğəmbərliklər vasitəsilə bu kimi sualları da cavablandırmışdı. O, itaətkar xalqına vəd etmişdi ki, orada həmişə yağışlar yağacaq və nəticədə torpaq «bol və bərəkətli» məhsul verəcək (Əşy. 30:23). Yehova Öz xalqının sığınacaq və mənalı işlə təmin olunacağını da vəd etmişdi: «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək» (Əşy. 65:21, 22). Bəli, bütpərəst Babildə əsirlikdə olduqları vaxtla müqayisədə onların vəziyyəti qat-qat yaxşı olacaqdı. Bəs onları əsirliyə gətirib çıxardan ən ciddi və başlıca problemləri necə həll olunacaqdı?
6. Allahın xalqı sağlamlıqla bağlı hansı problem ucbatından uzun müddət əziyyət çəkmişdi və O, əsirlikdən qayıdanları nəyə əmin etmişdi?
6 Ruhani sağlamlıq. Allahın xalqı əsir düşməmişdən uzun illər öncə ruhani xəstəliyə tutulmuşdu. Əşiya peyğəmbər vasitəsilə Yehova xalqına demişdi: «Başınızı yara basıb, ürəyiniz azara düşüb» (Əşy. 1:5). Onlar ruhani cəhətdən kor və kar idilər, çünki Yehovanın məsləhətlərini eşitməmək üçün qulaqlarını tıxayır və üzərlərinə saçdığı ruhani işığı görməmək üçün gözlərini bağlayırdılar (Əşy. 6:10; Ərm. 5:21; Hizq. 12:2). Əgər əsirlikdən qayıdan yəhudilərdə eyni problemlər yenidən baş qaldırsaydı, hansı təhlükəsizlikdən söz gedə bilərdi? Onlar təzədən Yehovanın rəğbətini itirməzdilər? Yehovanın vədi sözün əsil mənasında onlara təsəlli verirdi. O demişdi: «O gün karlar kitabdakı sözləri eşidəcək, kor gözlər qaranlıqdan, zülmətdən azad olub görəcək» (Əşy. 29:18). Bəli, Yehova təmizlənmiş və tövbə etmiş xalqına ruhani sağlamlığını qaytaracaqdı. Əgər onlar hay verib itaətkarlıqlarını qorusaydılar, Yehova onları həyati vacib rəhbərlik və təlimlərlə təmin edəcəkdi.
7. Allahın əsirlikdə olan xalqına verdiyi vəd necə yerinə yetdi və nəyə görə bu bizim imanımızı möhkəmləndirir?
7 Yehova sözünün üstündə durdumu? Bu sualın cavabını faktlar verir. Vətənlərinə qayıdan yəhudilər təhlükəsizlik, bol nemət və ruhani sağlamlıqla xeyir-dualandılar. Misal üçün, Yehova xalqını onlardan qat-qat güclü olan çoxsaylı qonşu xalqlardan müdafiə etdi. Yırtıcı heyvanlar yəhudilərin mal-qarasına xələl vurmadı. Düzdür, yəhudilər Əşiya, Ərəmya və Hizqiyal peyğəmbər tərəfindən qələmə alınan cənnətlə bağlı peyğəmbərliklərin kiçik miqyasda yerinə yetməsinin şahidi oldular. Bu peyğəmbərliklərin yerinə yetdiyini görmək Allahın xalqı üçün təkcə həyəcanlandırıcı bir şey deyil, həm də ehtiyac duyduqları bir şey idi. Yehova Allahın keçmişdə Öz xalqı üçün etdikləri üzərində düşünmək bizim imanımızı daha da möhkəmləndirir. Əgər bu peyğəmbərliklərin ilk dəfə yerinə yetməsi bu qədər təsirli idisə, görün, geniş miqyasda yerinə yetəndə necə böyük əks-sədaya səbəb olacaq! Gəlin Yehovanın bu gün bizim üçün etdiklərinə nəzər salaq.
Bizim günlərdə Yehova Öz vədlərini necə yerinə yetirir?
8. Bu gün Allah Öz xalqına nə cür «ölkə» verib?
8 Bu gün Yehovanın xalqı hərfi mənada bir xalqdan ibarət olub ayrıca bir ölkədə yaşamır. Məsh olunmuşlar ruhani xalqı, yəni Allahın İsrailini təşkil edirlər (Qal. 6:16). Məsh olunmuşlar və onların əməkdaşları olan «başqa qoyunlar» ruhani «ölkə»də yaşayır və Yehova Allaha birgə ibadət edirlər. İbadət onların həyat yoludur (Yəh. 10:16; Əşy. 66:8). Bəs Yehovanın bizə verdiyi «ölkə» necə ölkədir? Bu, ruhani cənnətdir. Burada biz Allahın Cənnət şəraiti ilə bağlı vədlərinin ruhani mənada yerinə yetdiyini görürük. Gəlin bəzi nümunələrə baxaq.
9, 10. a) Əşiya 11:6—9 ayələrindəki peyğəmbərlik bu gün necə yerinə yetir? b) Allahın xalqı arasında sülhün hökm sürdüyünü nə göstərir?
9 Təhlükəsizlik. Əşiya 11:6—9 ayələrində yazılmış peyğəmbərlikdə vəhşi heyvanlarla ev heyvanları və insanlar arasında harmoniya və sülhün hökm sürdüyü əsrarəngiz mənzərə təsvir olunub. Bu peyğəmbərlik sözləri bu gün ruhani mənada yerinə yetirmi? Bəli, yerinə yetir! 9-cu ayədən bu cür varlıqların nəyə görə zərərsiz və ziyansız olacaqlarını öyrənirik. Həmin ayədə deyilir: «Çünki sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehova barədə biliklə dolacaq». Bəs «Yehova barədə [bilik]» heyvanların davranışını dəyişirmi? Xeyr, bu biliklər ancaq Külli-İxtiyar Allahı tanıyıb Onun yolları ilə gedərək sülhdə yaşamağı öyrənən insanları büsbütün dəyişir. Elə ona görə də bu gün biz ruhani cənnətdə həmin peyğəmbərliyin ürəyi riqqətə gətirən tərzdə yerinə yetməsinin şahidi oluruq. Padşahlığın rəhbərliyi altında Məsihin davamçıları öz qəddar, heyvani xüsusiyyətlərini tərgidir və ruhani bacı-qardaşlarla sülh və əmin-amanlıq içində yaşamağı öyrənirlər.
10 Misal üçün, bu nəşrdə biz Məsihin davamçılarının bitərəfliklə bağlı həm Müqəddəs Yazılara əsaslanan təlimlərini, həm də bitərəf mövqe tutduqları üçün üzləşdikləri təqibləri araşdırdıq. Məgər bu cür amansız və qəddar dünyada, hətta ölümlə üz-üzə qalsa belə, bu dünyanın çirkab işlərinə bulaşmayan böyük bir xalqın olması heyrətamiz deyil?! Bu, Allahın Padşahlığının təbəələrinin, Əşiya peyğəmbərin təsvir etdiyi kimi, həqiqətən də, sülh içində yaşadıqlarına danılmaz sübutdur! İsa Məsih demişdi ki, onun davamçıları aralarındakı məhəbbətdən tanınacaqlar (Yəh. 13:34, 35). Məsih yığıncaqda «sadiq və ağıllı nökər» vasitəsilə bütün davamçılarına sülhpərvər və nəzakətli olmağı, eləcə də bir-birlərini sevməyi səbirlə öyrədir (Mət. 24:45—47).
11, 12. Bu gün dünyada nə cür aclıq hökm sürür, bəs Yehova xalqına bol qidanı necə təqdim edir?
11 Ruzi-bərəkət. Dünya ruhani aclıq içindədir. Müqəddəs Kitabda qabaqcadan yazılmışdı: «Külli-İxtiyar Yehova bəyan edir: “Elə günlər gəlir ki, mən ölkəyə aclıq göndərəcəyəm. Xalq çörəyə və suya yox, Yehovanın sözlərinə həsrət qalacaq”» (Ams. 8:11). Bəs Allahın Padşahlığının vətəndaşları da aclıqdan əziyyət çəkirmi? Yehova Öz xalqı ilə düşmənləri arasında kəskin fərq olacağını demişdi: «Bax, Mənim qullarım yeyəcək, siz isə ac qalacaqsınız. Qullarım içəcək, siz isə susuzluqdan yanacaqsınız, qullarım sevinəcək, siz isə xəcalət çəkəcəksiniz» (Əşy. 65:13). Siz bu peyğəmbərlik sözlərinin yerinə yetdiyini görürsünüzmü?
12 Ruhani qidanın bolluğunu aşıb-daşan, dərin çayın suları ilə müqayisə etmək olar. Müqəddəs Kitaba əsaslanan nəşrlər, eləcə də audio və videoyazılar, yığıncaq və böyük toplantı görüşləri və veb-saytımızda çıxan materiallar sayəsində ruhani cəhətdən aclıq çəkən dünyada bolluq içində yaşayırıq (Hizq. 47:1—12; Yuil 3:18). Məgər Yehovanın bolluqla bağlı vədlərinin gündəlik həyatınızda yerinə yetdiyini görmək sizi riqqətə gətirmir? Bəs siz Yehovanın süfrəsindən müntəzəm olaraq qidalanırsınızmı?
13. Korların gözlərini açılması və karların qulaqlarının eşitməsi ilə bağlı Yehovanın vədinin yerinə yetdiyinin şahidi olmusanmı?
13 Ruhani sağlamlıq. Ruhani cəhətdən korluq və karlıq bu gün geniş surətdə yayılıb (2 Kor. 4:4). Ancaq Məsih bütün dünyada xəstəliklərə şəfa verir. Siz nə vaxtsa korların gözlərinin açıldığını və karların qulaqlarının eşitdiyini görmüsünüz? Əgər siz insanların bir zamanlar onları kor və kar edən dini yalanları buraxıb Allahın Kəlamından həqiqət barəsində dəqiq biliyə yiyələndiyini görmüsünüzsə, deməli, növbəti vədin yerinə yetdiyinin şahidi olmusunuz: «O gün karlar kitabdakı sözləri eşidəcək, kor gözlər qaranlıqdan, zülmətdən azad olub görəcək» (Əşy. 29:18). Bütün dünyada hər il yüz minlərlə insan bu cür ruhani şəfa tapır. Böyük Babili tərk edən hər bir insanın ruhani cənnətdə ibadət etmək üçün bizə qoşulması Yehovanın vədlərinin gerçək olduğuna canlı sübutdur!
14. Nəyin üzərində düşünmək imanımızı möhkəmləndirə bilər?
14 Bu kitabın hər bir fəsli Məsihin öz davamçılarını bu axır zamanda əsil ruhani cənnətə doğru apardığına güclü sübutdur. Gəlin bu cənnətdə aldığımız çoxlu sayda xeyir-dualar üzərində daim düşünək. Bunun sayəsində Yehovanın gələcəklə bağlı bütün vədlərinin mütləq yerinə yetəcəyinə dair imanımız daha da möhkəmlənəcək.
«Qoy Padşahlığın gəlsin»
15. Yer üzünün cənnət olacağına nə üçün əmin ola bilərik?
15 Yehovanın əzəli niyyəti bütün yer üzünü cənnət etmək olub. O, Adəmlə Həvvanı cənnət bağında yerləşdirərək törəyib çoxalmalarını və yer üzünü doldurmalarını, eləcə də bütün canlıların qayğısına qalmalarını tapşırmışdı (Yar. 1:28). Adəmlə Həvva isə Şeytana qoşularaq üsyankarlıq etdilər və bütün nəsillərini qeyri-kamilliyə, ölümə və günaha sürüklədilər. Ancaq Allahın vədi heç vaxt dəyişmir, ağzından çıxan söz mütləq yerinə yetir. (Əşiya 55:10, 11 ayələrini oxuyun.) Deməli, Adəmlə Həvvanın nəsli yer üzünü bürüyüb ona sahib olacaq və yerüzü cənnətdə Yehovanın yaratdıqlarının məhəbbətlə qayğısına qalacaq. Həmin vaxt cənnət şəraiti ilə bağlı ilk dəfə sürgündə olan yəhudilərə verilmiş peyğəmbərliklər yüz faiz yerinə yetəcək! Gəlin növbəti nümunələrə baxaq.
16. Müqəddəs Kitab yerüzü Cənnətdə hökm sürəcək əmin-amanlığı necə təsvir edir?
16 Əmin-amanlıq. Əvvəl-axır Əşiya 11:6—9 ayələrində bədii dillə təsvir olunan və ürəyi isindirən sözlər hərfi mənada yerinə yetəcək. Həm kişilər, həm qadınlar, həm də uşaqlar dünyanın istənilən yerində təhlükəsizlikdə və əmin-amanlıqda olacaqlar. Heç bir canlı varlıq — nə insanlar, nə də heyvanlar təhlükəli olmayacaq. Bir anlıq düşünün: elə bir vaxt gəlib ki, planetin hər yerində özünüzü evinizdəki kimi hiss edirsiniz. Siz qorxu-hürkü bilmədən çaylarda, göllərdə və dənizlərdə üzür, dağlarda, təpələrdə gəzir, çəmənlikləri seyrə çıxırsınız. Gecələr arxayınlıqla başınızı yastığa qoyursunuz. Bəli, Hizqiyal 34:25 ayəsindəki sözlər gerçəkləşəcək və Allahın xalqı çöllükdə asudə yaşayacaq və meşələrdə yatacaq.
17. Nəyə görə əmin ola bilərik ki, Padşahlıq bütün yer üzünü idarə etməyə başlayanda Yehova bizim ehtiyaclarımızı bol-bol ödəyəcək?
17 Ruzi-bərəkət. Xəyalınızda kasıbçılığın, qida çatışmazlığının, aclığın, eləcə də sosial təminat fondlarının olmayacağı bir vaxtı canlandırın. Bu gün Allahın xalqının sahib olduğu ruhani bolluq Allahın Padşahlığının Padşahının öz təbəələrini hər cəhətdən təmin edəcəyinə zəmanətdir. İsa Məsih yer üzündə minlərlə insanı bir neçə çörək və balıqla doyuzdurmaqla bu vədləri həyata keçirməyə qadir olduğunu kiçik miqyasda göstərmişdi (Mət. 14:17, 18; 15:34—36; Mark 8:19, 20). Allahın Padşahlığı bütün yer üzünü idarə etməyə başlayanda növbəti peyğəmbərliyə oxşar peyğəmbərliklər tam şəkildə yerinə yetəcək. Biz Allahın Kəlamında oxuyuruq: «Onda Allah səpdiyiniz toxumlara yağış yağdıracaq, torpağın məhsulu bol və bərəkətli olacaq. O gün mal-qaranız geniş otlaqlarda otlayacaq» (Əşy. 30:23).
18, 19. a) Əşiya 65:20—22 ayələrindəki sözlər sizin üçün nə məna kəsb edir? b) Hansı mənada ömrümüz «ağac ömrütək» olacaq?
18 Bu gün bir çox insanlar rahat evlərinin və məmnunluq gətirən yaxşı işlərinin olacağını təsəvvür belə edə bilmirlər. Bu pis sistemdə çoxları gecə-gündüz qul kimi işləyib müqabilində qara qəpik aldıqları halda, onların hesabına dolanan acgöz və tamahkar varlılar heç nə də özlərinə yox demirlər. Təsəvvür edirsiniz, Əşiya peyğəmbərin növbəti sözləri yerinə yetəndə həyat necə olacaq?! O demişdi: «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək. Xalqımın ömrü ağac ömrütək uzun olacaq, seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşy. 65:20—22).
19 Ömrümüzün «ağac ömrütək» uzun olacağını necə başa düşmək olar? Təsəvvür edin ki, böyük, qocaman bir ağacın altında dayanmısınız. Onun nə qədər uzunömürlü olduğu barədə düşünəndə ürəyiniz riqqətə gəlmirmi? Bəlkə də, bu ağac ulu nənə-babanızdan da çox-çox əvvəl əkilib. Əgər sizin əbədi yaşamaq ümidiniz olmasaydı, bu ağac sizdən çox yaşayardı, sizdən yalnız xatirələr qaldığı halda o, burada durmağa davam edərdi. Yehova Cənnətdə ömrümüzün uzun olacağına və əmin-amanlıq içində yaşayacağımıza bizi əmin edir. Bunu bilmək necə də xoşdur! (Zəb. 37:11, 29). Elə vaxt gələcək ki, hətta uzunömürlü ağac belə azömürlü ot kimi görünəcək — onlar gəldi-gedər olacaq, biz isə əbədiyyən yaşayacağıq!
20. Padşahlığın sadiq təbəələri mükəmməl sağlamlığa necə qovuşacaqlar?
20 Mükəmməl sağlamlıq. Bu gün xəstəlik və ölüm dünyada baş verən hər şeyə öz təsirini göstərir. Müəyyən mənada hamımız xəstəyik — günah adlanan ölümcül xəstəliyə tutulmuşuq. Bu xəstəliyin yeganə çarəsi Məsihin fidyə qurbanlığıdır (Rom. 3:23; 6:23). Minillik Hökmranlıq dövründə Məsih və hakimiyyət şərikləri insanlara fidyə qurbanlığından tam faydalanmağa kömək edərək tədricən sadiq insanlardan günahın bütün izlərini təmizləyəcəklər. Əşiyanın peyğəmbərlik sözləri tam şəkildə yerinə yetəcək: «Heç bir sakin “xəstəyəm” deməyəcək. Orada yaşayanların günahı bağışlanacaq» (Əşy. 33:24). Təsəvvür edin, elə bir an gələcək ki, heç kəs kor, kar və ya şikəst olmayacaq. (Əşiya 35:5, 6 ayələrini oxuyun.) Elə bir fiziki, əqli və emosional xəstəlik yoxdur ki, İsa Məsih onu sağalda bilməsin. Padşahlığın sadiq təbəələri mükəmməl sağlamlığa qovuşacaq!
21. Ölümlə nə baş verəcək və nəyə görə bu vəd bizi sevindirir?
21 Bəs xəstəliklərin geniş yayılmış və günahın qaçılmaz nəticəsi olan ölüm barədə nə demək olar? «Axırıncı düşmən»imiz olan ölüm gec-tez hər bir qeyri-kamil insanın boyun əydiyi yeganə düşməndir (1 Kor. 15:26). Bəs ölüm Yehova üçün o dərəcədəmi qorxulu düşməndir? Əşiyanın peyğəmbərliyində deyilir: «Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək» (Əşy. 25:8). Heç təsəvvür edirsiniz, həmin vaxt necə gözəl olacaq?! Nə matəm, nə qəbiristanlıq, nə də ki qəm-kədər olacaq! Yehova Öz möhtəşəm vədini həyata keçirəndə, yəni ölüləri dirildəndə insanlar sevinc göz yaşlarını saxlaya bilməyəcəklər! (Əşiya 26:19 ayəsini oxuyun.) Nəhayət, ölümün vurduğu saysız-hesabsız yaralar sağalacaq.
22. Məsihin idarə etdiyi Padşahlıq yer üzündə Allahın bütün vədlərini yerinə yetirəndə nə baş verəcək?
22 Minilliyin sonunda Padşahlıq yer üzündə Allahın bütün vədlərini həyata keçirəcək və Məsih hakimiyyəti Atasına təhvil verəcək (1 Kor. 15:25—28). Fəaliyyətsiz vəziyyətdə olan Şeytan zindandan buraxılanda kamilliyə qovuşan bəşəriyyət onun sonuncu sınağı ilə üzləşməyə hazır olacaq. Ən sonda Məsih alçaq ilanı və onun tərəfdarlarını birdəfəlik məhv edəcək (Yar. 3:15; Vəhy 20:3, 7—10). Yehovanı sevən sadiq insanların gələcəyi isə parlaq olacaq. Allahın Kəlamında vəd olunur ki, sadiq insanlar «Allahın övladlarının şanlı azadlığına [qovuşacaq]». Çətin ki, biz bu mənzərəni Müqəddəs Kitabdan yaxşı təsvir edə bilək (Rom. 8:21).
23, 24. a) Nəyə görə Allahın vədləri mütləq həyata keçir? b) Nə etməyə qətiyyətlisiniz?
23 Yehovanın bu vədləri boş ümidlərə və arzulardan ibarət deyil. Onlar mütləq həyata keçir! Bu kitabın birinci fəslində müzakirə etdiyimiz İsanın sözlərini yadınıza salın. O şagirdlərinə belə dua etməyi öyrətmişdi: «Qoy Padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» (Mət. 6:9, 10). Allahın Padşahlığı kiminsə təxəyyülünün məhsulu deyil. O, real bir hökumətdir! İndi göylərdə idarə edir. Düz bir əsrdir ki, Padşahlıq Yehovanın vədlərini həyata keçirir və biz bunu məsihi yığıncağında aydın şəkildə görürük. Əmin ola bilərik ki, Allahın Padşahlığı bütün gücünü səfərbər edib yer üzünə yönəldəndə Yehovanın bütün vədləri yerinə yetəcək.
24 Biz Allahın Padşahlığının mütləq gələcəyinə əminik. Biz əminik ki, Yehovanın ağzından çıxan hər bir söz yerinə yetəcək. Nəyə görə? Çünki ALLAHIN PADŞAHLIĞI HÖKMRANLIQ EDİR! Hər kəs özünə belə bir sual verməlidir: «Mən bu Padşahlığın rəhbərliyinə tabe olurammı?» Gəlin indidən Padşahlığın sadiq təbəələri kimi yaşamaq üçün əlimizdən gələni edək ki, bu mükəmməl, ədalətli hakimiyyətin rəhbərliyi altında əbədiyyən yaşayaq!