Yehovanın Kəlamı canlıdır
«Mərsiyələr» kitabından diqqətəlayiq fikirlər
YEREMYA peyğəmbər 40 il ərzində söylədiyi peyğəmbərliklərin yerinə yetməsinin şahidi olur. Peyğəmbər doğma şəhərinin yerlə yeksan edildiyini öz gözləri ilə görəndə hansı hissləri keçirir? Yunanca Septuaqintada «Mərsiyələr» kitabına giriş sözlərində deyilir: «Yeremya ağlaya-ağlaya yerə çöküb, bu mərsiyə ilə Yerusəlim üçün ağı dedi». B. e. ə. 607-ci ildə, Yerusəlimin 18 aylıq mühasirəsindən sonra yandırılması Yeremyanın yaddaşında hələ canlı ikən yazılan kitabda peyğəmbərin qəlb ağrıları öz əksini tapmışdır (Yeremya 52:3-5, 12-14). Tarixdə heç bir şəhər üçün belə tə’siredici və ürəkparçalayan sözlərlə ağı deyilməmişdi.
«Mərsiyələr» kitabı beş lirik poema toplusudur. İlk dörd hissə mərsiyə, beşincisi isə xahiş və ya duadır. Birdən dördə qədər olan hissə akrostix şəklində yazılmışdır, yə’ni ayələr 22 hərfdən ibarət ibrani əlifbasının sırası ilə başlayır. Beşinci hissədəki ayələrin sayı ibrani əlifbasının hərflərinin sayına müvafiq olsa da, o, əlifba sırası ilə yazılmayıb.
«AĞLAMAQDAN GÖZLƏRİMİN NURU GEDİR»
«Yerusəlim şəhəri necə də boş qalıb, bir zaman insanlarla dolu idi, indi dul qadına bənzəyir — millətlər arasında ulu sayılan, ellər arasında mələkə olan, bu şəhər nökərçilik edir». Yeremya peyğəmbərin Yerusəlim üçün dediyi mərsiyə bu sözlərlə başlayır. Yerusəlimin başına gələn fəlakətlərin səbəbini peyğəmbər belə izah edir: «Çox asi olduqlarına görə Rəbb onları bu zülmə saldı» (Mərsiyələr 1:1, 5).
Ərini və uşaqlarını itirmiş dul qadına bənzədilən Yerusəlim soruşur: «Mənim başıma gətirilən dərd başqasında olarmı?» Düşmənləri haqqında o, Allaha dua edir: «Etdikləri pislikləri yada sal, asiliyimə görə mənə etdiyini onlara da et, çox ah-nalə çəkirəm, ürəyim taqətdən düşüb» (Mərsiyələr 1:12, 22).
Qəm-qüssəyə qərq olan Yeremya deyir: «[Yehova] qızğın qəzəbi ilə İsrailin qüvvəsini kökündən kəsdi, düşmən önündə onun üstündən sağ əlini götürdü. Sanki Yaqub nəslini hər tərəfdən oda saldı göndərdiyi atəşlə yandırıb-yaxdı». Peyğəmbər çəkdiyi iztirabları təsvir edərək ah-nalə edir: «Ağlamaqdan gözlərimin nuru gedir, canım əzabdan yanır... Ürəyimdən qan axır». Ötüb-keçənlər heyrətlə soruşurlar: «Bütün dünyanın gözəllik və sevinc rəmzi olan şəhər budurmu?» (Mərsiyələr 2:3, 11, 15).
Müqəddəs Kitab suallarına cavablar:
1:15 — Yehova hansı mə’nada «bakirə Yəhuda qızını üzümsıxanda əzdi»? Bakirə qız kimi təsvir edilən şəhəri dağıdanda babillilər o qədər qan tökdülər ki, sanki üzümsıxanda üzüm sıxılmışdı. Yehova bunu qabaqcadan söylədiyi və baş verməsinə izin verdiyi üçün, demək olar ki, O Özü «bakirə Yəhuda qızını üzümsıxanda əzdi».
2:1 — İsrailin əzəməti göydən yerə necə atıldı? ‘Göylər yer üzündən yüksəkdir’, buna görə də izzətlənmiş şeylərin alçaldılması bə’zən onların göydən yerə atılması kimi təsvir olunur. «İsrailin əzəməti», yə’ni Yehovanın lütfü İsrailin üzərində olduğu zaman onun malik olduğu izzət və qüdrət Yerusəlimin dağılması və Yəhudanın viran edilməsi ilə yerə atıldı (Yeşaya 55:9).
2:1, 6 — Yehovanın ‘kətili’ və ‘çardağı’ nədir? Məzmurçu oxuyurdu: «Gəlin, Onun məkanına gedək, kətilində səcdə edək» (Məzmur 132:7). Deməli, Mərsiyələr 2:1 ayəsində haqqında danışılan ‘kətil’ Yehovanın ibadətgahı, yə’ni mə’bədidir. Sanki bağdakı çardaq və ya daxma imiş kimi, babillilər ‘Rəbbin mə’bədinə od vurub yandırdılar’ (Yeremya 52:12, 13).
2:17 — Yehova Yerusəlimlə əlaqədar hansı ‘sözünü’ həyata keçirdi? Burada: «Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız», — deyildiyi Levililər 26:17 ayəsinə istinad edilir.
Bizim üçün ibrət dərsləri:
1:1-9. Yerusəlim gecələr acı-acı ağlayır, göz yaşları ilə yanağı islanır, bütün darvazaları kimsəsiz qalıb, kahinləri ah-zar edir, qızları əzab-əziyyət çəkir, özünün də aqibəti acıdır. Nə üçün? Yerusəlim böyük günah işlətdi. Ləkələri ətəyində qaldı. Günahın bəhrəsi sevinc deyil, göz yaşları, ah-zar, əzab-əziyyət və kədər olur.
1:18. Yehova günahkara həmişə haqlı olaraq cəza verir.
2:20. İsraillilərə xəbərdarlıq edilmişdi ki, Yehovaya qulaq asmasalar, üzərlərinə lə’nətlər töküləcək, ‘oğul-qızlarının ətini yeyəcəklər’ (Qanunun təkrarı 28:15, 45, 53). Allaha məhəl qoymayaraq öz yolumuzla getmək necə də ağılsızlıq olardı!
«QULAĞINI TIXAMA»
«Mərsiyələr» kitabının 3-cü fəslində İsrail xalqından başına fəlakətlər gələn bir insan kimi danışılır. O oxuyur: «Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır». Həqiqi Allaha yalvarır: «Qulağını tıxama, fəryadımı dinlə». O, Yehovadan düşmənlərin tə’nəsinə göz yummamağı xahiş edib deyir: «Ya Rəbb, onların əllərinin əməllərinə görə əvəzini verəcəksən» (Mərsiyələr 3:1, 25, 56, 64).
Yeremya ürəyini boşaldıb, Yerusəlimin 18 aylıq mühasirəsinin dəhşətlərinə görə ağı deyir: «Əziz xalqımın təqsiri Sodomun günahını keçdi, bu şəhər əl toxunmadan bir andaca yerlə yeksan oldu». Yeremya davam edir: «Bu aclığın qurbanındansa qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, əriyən canlarında can qalmayıb» (Mərsiyələr 4:6, 9).
Beşinci hissədə Yerusəlim sakinlərinin sözləri təsvir olunur: «Ya Rəbb, başımıza gələni yada sal gör bu xəcalətimizi, buna nəzər sal». Başlarına gələnləri danışaraq, xahiş edirlər: «Sən isə, ya Rəbb, əbədi hökmransan, nəsildən-nəslə qədər taxtında oturacaqsan. Ya Rəbb, bizi Özünə qaytar, təzədən əvvəlki günlərimizə qayıdaq!» (Mərsiyələr 5:1, 19, 21).
Müqəddəs Kitab suallarına cavablar:
3:16 — «Dişlərimi çınqılla qırdı» dedikdə nə nəzərdə tutulur? Bir kitabda deyilir ki, «yəhudilər sürgünə gedəndə çörəklərini torpaqda qazılmış çuxurlarda bişirmək məcburiyyətində idilər, buna görə də onların içindən qum-çınqıl çıxırdı». Belə çörəyi yeyəndə adamın dişi sına bilərdi.
4:3, 10 — Nəyə görə Yeremya ‘xalqını’ ‘səhra dəvəquşuları’ ilə müqayisə edir? Əyyub 39:16 ayəsində deyilir ki, dəvəquşu «balaları ilə elə sərt rəftar edir ki, elə bil özününkü deyil». Balalar yumurtadan çıxandan sonra dişi başqa dəvəquşulara qoşularaq yuvanı tərk edir, onların qayğısına isə erkək qalır. Bəs təhlükə ilə üzləşəndə nə baş verir? Həm erkək, həm də dişi balalarını atıb qaçır. Babillilərin mühasirəsi zamanı Yerusəlimdə aclıq elə şiddətli oldu ki, adətən öz övladlarına qarşı mərhəmətli olan analar, səhra dəvəquşuları kimi, qəddarlaşdılar. Bu, çaqqalların göstərdiyi analıq qayğısının tam əksidir.
5:7 — İnsanlar ata-babalarının günahına görə Yehovanın qarşısında cavabdehdirlərmi? Xeyr, Yehova insanları ata-babalarının günahlarına görə cəzalandırmır. Müqəddəs Kitabda deyilir: «Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» (Romalılara 14:12). Amma səhv hərəkətlərin nəticələri qala bilər ki, bundan da gələcək nəsillər əziyyət çəkər. Məsələn, qədim israillilərin bütpərəstliyə dönməsi hətta sonralar yaşayan sadiq israillilər üçün də salehlik yolu ilə getməyi çətinləşdirdi (Çıxış 20:5).
Bizim üçün ibrət dərsləri:
3:8, 43, 44. Yerusəlim dara düşəndə Yehova onun sakinlərinin imdad fəryadlarını dinləməkdən imtina etdi. Səbəb nə idi? İnsanların itaətsizliyi və tövbə etməməsi. Əgər Yehovanın dualarımıza cavab verməsini istəyiriksə, ona tabe olmalıyıq (Süleymanın məsəlləri 28:9).
3:21-26, 28-33. Şiddətli iztirablara necə dözə bilərik? Bu sualın cavabını Yeremya verir. Unutmamalıyıq ki, Yehovanın mərhəməti və məhəbbəti tükənməzdir. Həmçinin yadda saxlamalıyıq ki, təkcə sağ olmağımız ümidimizin üzülməməsi üçün tutarlı səbəbdir. Biz səbirli olmalı və Yehovanın qurtuluş verməsini sakitcə və giley-güzar etmədən gözləməliyik. Üstəlik, ‘üzümüzü yerə sürtməliyik’, yə’ni baş verənlərə Allahın yaxşı məqsədlə yol verdiyini başa düşüb, sınaqlara boyun əyməliyik.
3:27. Gənclik çağının sınağı çətinliklər və istehzalar ola bilər. Ancaq ‘boyunduruğu gənc yaşdan daşımaq’ yaxşıdır. Nə üçün? Çünki gənc yaşında sınaq boyunduruğunu daşımaq insanı gələcək problemlərin öhdəsindən gəlməyə hazırlayır.
3:39-42. Günahlarımıza görə əzab çəkəndə ‘şikayətlənmək’ düzgün olmazdı. Səhvlərimizin bəhrəsini biçəndə şikayətlənməkdənsə, gəlin «yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq». Yaxşı olar ki, tövbə edib, yollarımızı düzəldək.
Yehovaya güvənin
«Mərsiyələr» kitabı babillilərin şəhəri yandırıb, ölkəni viran qoyandan sonra Yehovanın Yerusəlimə və Yəhudaya münasibətini açıqlayır. Günahların e’tirafı göstərir ki, Yehovanın nəzərincə, fəlakətin səbəbi xalqın günahıdır. Allahdan ilham almış bu kitabda Yehovaya ümid və düz yola qayıtmaq arzusu ifadə olunur. Burada yazılanlar Yeremyanın müasirlərinin çoxunun hisslərini əks etdirməsə də, Yeremyanın özünün və tövbə edən yəhudilərin hisslərini ifadə edir.
Yehovanın Yerusəlimdəki vəziyyətə qiymət verməsindən özümüzə iki vacib dərs götürürük. Birincisi, Yerusəlimin məhvi və Yəhudanın viranəliyi Yehovaya tabe olmağın vacibliyini göstərir və Allahın iradəsinə laqeyd yanaşmamaq üçün xəbərdarlıq verir (1 Korinflilərə 10:11). İkinci dərsi Yeremyanın nümunəsindən götürürük (Romalılara 15:4). Vəziyyət hətta çıxılmaz görünsə belə, qəm-qüssə içində olan peyğəmbər xilas üçün Yehovaya üz tutdu. Yehovaya və Onun Kəlamına iman gətirib, Ona güvənmək necə də vacibdir! (İbranilərə 4:12).
[9-cu səhifədəki şəkil]
Yeremya peyğəmbər bəyan etdiyi hökm xəbərlərinin yerinə yetməsini gözləri ilə gördü.
[10-cu səhifədəki şəkil]
Bu koreyalı Şahidlərin bitərəflik mövqeyi və imanı sınağa çəkilmişdir.