Fəsil 10
‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
1. Bəşər tarixi boyu baş vermiş hadisələr nəyi sübuta yetirir?
DÜNYADA baş verən hadisələr hər gün sübut edir ki, Yehovanın hökmranlığını rədd edib özləri özlərinə rəhbərlik etməyə çalışan insanlar xoşbəxtliyə nail olmamışlar. İnsanların qurduğu hakimiyyət formalarından heç biri bəşəriyyətə fayda gətirə bilməmişdir. Hərçənd insanlar elmdə misilsiz nailiyyətlər qazanmışlar, amma xəstəliklər həmişəlik aradan qaldırılmamış, bir adamın belə ölümünün qarşısını almaq mümkün olmamışdır. İnsan hakimiyyəti müharibələrə, zorakılığa, cinayətə, rüşvətxorluğa və yoxsulluğa son qoya bilməmişdir. Bir çox ölkələrdə hakimiyyət hələ də zülmkar qüvvələrin əlindədir (Vaiz 8:9). Qabaqcıl texnologiyalar acgözlüyün və cahilliyin qulluğunda durduğundan yer, su, hava zəhərlənir. Vəzifə adamlarının özbaşınalığı iqtisadi böhranlara gətirib çıxarır və bunun ucbatından çoxlarının ən zəruri şeyləri almağa belə imkanı çatmır. İnsan hakimiyyətinin bir neçə minillik tarixi sübut edir ki, «insanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək gedən adamın işi deyil» (Yeremya 10:23).
2. Bəşəriyyətin problemlərindən yeganə çıxış yolu nədir?
2 Bu problemləri həll etməyə qadir bir hökumət varmı? Bəli, Allahın Padşahlığı. İsa öz şagirdlərinə bu Padşahlıq haqqında dua etməyi öyrədirdi: «Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» (Matta 6:9, 10). Allahın səmavi Padşahlığı 2 Peter 3:13 ayəsində ‘yeni yeri’, yəni saleh insan cəmiyyətini idarə edəcək «yeni göylər» kimi təsvir edilir. İsa təbliğində əsas yeri Allahın Padşahlığı mövzusuna ayırmaqla onun zəruriliyini vurğulayırdı (Matta 4:17). İsa «əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın» sözləri ilə göstərdi ki, bu Padşahlıq həyatımızda vacib yer tutmalıdır (Matta 6:33).
3. Artıq indidən Allahın Padşahlığı haqqında öyrənmək nə üçün son dərəcə vacibdir?
3 Artıq indidən Allahın Padşahlığı haqqında öyrənmək son dərəcə vacibdir, çünki bu Padşahlıq tezliklə yer üzündəki hakimiyyət sistemini həmişəlik dəyişəcək. Daniel 2:44 ayəsində yazılıb: «O padşahların [indiki hakimiyyətlərin] dövründə göylərin Allahı [göydə] heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək [insanlar bir daha yer üzünü idarə etməyəcəklər]. O bütün... [indiki] padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq». Padşahlıq bütün bu pis sistemi məhv etməklə axır günlərə yekun vuracaq. Yalnız səmavi Padşahlığın yer üzünü idarə etməyə hüququ olduğunu heç kəs şübhə altına almayacaq. Biz çox şadıq ki, bu Padşahlıq tezliklə bizə rahatlıq gətirəcək!
4. 1914-cü ildə göydə Padşahlıqla bağlı nə baş verdi və bunun bizim üçün hansı böyük əhəmiyyəti var?
4 İsa Məsih 1914-cü ildə Padşah təyin edildi və ‘düşmənləri arasında’ padşahlıq etmək hüququ aldı (Məzmur 110:1, 2, YD). Elə həmin il bu pis sistemin axır günləri başlandı (2 Timoteyə 3:1-5, 13). Daniel peyğəmbərin görüntüdə gördüyü hadisələr də məhz o vaxt göydə baş verdi. «Əzəldən Var Olan» Yehova Allah, bəşər oğlu İsa Məsihə ‘hakimiyyət, izzət və padşahlıq verdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin’. Daniel yazmışdı: «Onun hakimiyyəti sona yetməyəcək, əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq» (Daniel 7:13, 14). Məhz İsa Məsihin başçılığı altındakı səmavi Padşahlığın vasitəsilə Allah Eden bağında ilk valideynlərimiz üçün hazırladığı saysız-hesabsız nemətlərdən bütün salehliyi sevənlərin dadmasına imkan yaradacaq.
5. Padşahlıq haqqında nələri bilmək bizim üçün maraqlıdır və nəyə görə?
5 Sən bu Padşahlığın sadiq təbəəsi olmaq istəyirsənmi? Belədirsə, bu səmavi hökumətin quruluşu və fəaliyyəti haqqında öyrənmək sənin üçün çox maraqlı olacaq. Yəqin bu hökumətin indi nə ilə məşğul olduğunu, gələcəkdə nələr edəcəyini və öz növbəsində səndən nə tələb olunduğunu öyrənmək istəyirsən. Bu Padşahlıq haqqında daha ətraflı öyrəndikcə, ona görə minnətdarlığın artacaq. Allahın Padşahlığının hakimiyyətinə tabe olsan, bu Padşahlığın itaətkar insanlar üçün görəcəyi bütün ecazkar işlər haqqında başqalarına danışmaq üçün tam hazır olacaqsan (Məzmur 48:12, 13, KM).
Allahın Padşahlığının hökmdarları
6. a) Xilaskar Padşahlıq kimin hökmranlığının ifadəsidir və Müqəddəs Yazılar bunu necə açıqlayır? b) Padşahlıq barəsində öyrəndiklərimiz bizə necə təsir göstərməlidir?
6 Birinci növbədə onu öyrənirik ki, Xilaskar Padşahlıq Allahın ali hökmranlığının ifadəsidir. ‘Hakimiyyət, izzət və padşahlığı’ Oğluna məhz Yehova vermişdir. Allahın Oğlu Padşah təyin olunandan sonra göydə səda yayıldı: «Dünya səltənəti Rəbbimizin [Yehova Allahın] və Onun Məsihinin səltənəti oldu; Və O [Yehova], əbədi olaraq səltənət sürəcəkdir» (Vəhy 11:15). Beləliklə bu Padşahlıq və onun nailiyyətləri barədə öyrənməklə Yehova Allaha daha da yaxınlaşacağıq. Bu bilik bizdə Allahın hökmranlığına əbədi tabe olmaq arzusu oyatmalıdır.
7. İsa Məsihin Yehovanın Baş Nümayəndəsi olması bizə nə üçün xüsusilə maraqlıdır?
7 Onu da yadda saxlamalıyıq ki, İsa Məsihi Baş Nümayəndə vəzifəsinə Yehova Özü təyin edib. Yer üzünü və insanları yaratmaq üçün Allahla «memar» kimi çiyin-çiyinə çalışan İsa bizim nəyə ehtiyac duyduğumuzu özümüzdən də yaxşı bilir. Bundan əlavə, o, insanları sevdiyini bəşər tarixinin lap başlanğıcından nümayiş etdirmişdi (Süleymanın məsəlləri 8:30, 31; Koloslulara 1:15-17). İsa bəşəriyyəti elə güclü məhəbbətlə sevir ki, özü şəxsən yer üzünə gəlib uğrumuzda həyatını qurban verdi (Yəhya 3:16). Bununla bizə günah və ölümdən azad olmağa və əbədi yaşamağa yol açdı (Matta 20:28).
8. a) İnsan hakimiyyətlərindən fərqli olaraq, Allahın hökuməti nəyə görə əbədidir? b) «Sadiq və ağıllı qul»un səmavi hakimiyyətlə hansı əlaqəsi var?
8 Allahın Padşahlığı sarsılmaz və əbədi hakimiyyətdir. Yehovanın ölməzliyi bu Padşahlığın əbədiliyinə zəmanət verir (Məzmur 146:3-5, 10). İnsan padşahlarından fərqli olaraq, Allahdan padşahlıq səlahiyyətini almış İsa Məsih də ölməzdir (Romalılara 6:9; Vəhy 1:18). Məsihlə birlikdə göydəki taxtlarda Allahın «hər qəbilədən, dildən, xalqdan və millətdən» olan 144 000 sadiq xidmətçisi əyləşəcək. Onlara da ölməzlik bəxş olunur (Vəhy 5:9, 10; 14:1-4; 1 Korinflilərə 15:42-44, 53). Bu adamların böyük əksəriyyəti artıq göydədir, yerdəki kiçik saylı qalıq isə Padşahlığın yer üzü maraqlarına sədaqətlə xidmət edən müasir «sadiq və ağıllı qul»dur (Matta 24:45-47).
9, 10. a) Allahın Padşahlığı hansı parçalayıcı və pozucu təsirləri kənar edəcək? b) Allahın Padşahlığının düşməni olmaq istəmiriksə nələrdən uzaq durmalıyıq?
9 Yehova çox tezliklə, təyin etdiyi vaxtda yer üzünü təmizləmək üçün səmavi ordularını göndərəcək. Bu ordular Allahın hakimiyyətini qəsdən rədd edənləri və Onun İsa Məsih vasitəsilə məhəbbətlə gördüyü tədbirlərə məhəl qoymayanları həmişəlik məhv edəcək (2 Saloniklilərə 1:6-9). Bütün bunlar Yehovanın günündə baş verəcək və O, nəhayət Kainatın Hökmdarı kimi bəraət qazanacaq. «Budur Rəbbin amansız, qəzəbli və qeyzlə dolu günü yaxınlaşır ki... [yerdəki] günahkarları məhv etsin» (Yeşaya 13:9). «O gün qəzəb günüdür: Hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür!» (Sefanya 1:15).
10 Bu dünyanın gözəgörünməz pis hökmdarı Şeytanın əlaltıları — bütövlükdə yalan din, bütün insan hakimiyyətləri və onların orduları həmişəlik məhv ediləcək. Bu dünyanın dostu olub eqoist, şərəfsiz və əxlaqsız həyat sürənləri də belə aqibət gözləyir. Şeytan və onun cinləri min il müddətinə dibsiz dərinliyə atılacaq və yer üzünün sakinlərinə heç bir təzyiq göstərə bilməyəcəklər. Yer üzündə bütün işlərə yalnız Allahın Padşahlığı nəzarət edəcək. Salehliyi sevənlərə bu əsl rahatlıq gətirəcək! (Vəhy 18:21, 24; 19:11-16, 19-21; 20:1, 2).
Padşahlıq öz qarşısındakı məqsədlərə necə çatacaq
11. a) Xilaskar Padşahlıq Allahın yer üzünə aid niyyətlərini necə həyata keçirəcək? b) Padşahlıq hakimiyyəti yer üzünün sakinlərinə nə gətirəcək?
11 Xilaskar Padşahlıq Allahın yer üzünə aid niyyətlərinin hamısını həyata keçirəcək (Yaradılış 1:28; 2:8, 9, 15). Bəşəriyyət indiyədək bunu bacarmamışdır. Lakin gələcəkdə bütün yer üzü insan Oğlu İsa Məsihə tabe olacaq. Yehova bu köhnə sistem üzərində hökmünü icra edəndən sonra sağ qalanlar Padşah Məsihin başçılığı altında əl-ələ verib sevinclə çalışacaqlar. O zaman bütün yer üzü Cənnətə çevriləcək (İbranilərə 2:5-9). Bəşəriyyət öz əməyinin bəhrəsini görəcək və yerdə yetişəcək bütün məhsullardan bolluca faydalanacaq (Məzmur 72:1, 7, 8, 16-19; Yeşaya 65:21, 22).
12. Padşahlığın təbəələri əqlən və bədəncə kamilliyə necə yetişəcəklər?
12 Adəm və Həvva kamil yaradılmışdılar və Allah istəyirdi ki, onların əqlən və bədəncə kamil nəsli bütün yer üzünü bürüsün. Bu niyyət Padşahlığın hakimiyyəti altında füsünkar tərzdə həyata keçəcək. Günahın bütün nəticələrini aradan qaldırmaq üçün, Yehova Allah Məsihi Padşah olmaqla yanaşı, həm də Baş Kahin təyin etmişdir. O öz insan həyatının fidiyə dəyərindən itaətkar təbəələrinin faydalanmasına səbirlə kömək edəcək.
13. Padşahlığın hakimiyyəti altında adamlar fiziki cəhətdən necə sağalacaqlar?
13 Padşahlığın hakimiyyəti altında yer üzünün sakinləri fiziki cəhətdən möcüzəvi şəkildə sağalacaqlar. «O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək» (Yeşaya 35:5, 6). Xəstəlik və qocalıq ucbatından qəddi bükülmüş bədənlər uşaq bədənindən də gümrah olacaq, xroniki xəstəlikləri möhkəm cansağlığı əvəz edəcək. «Onda bədəni uşaq bədəni kimi təzə olar, yeniyetməlik dövrünə qayıdar» (Əyyub 33:25). Gün gələcək, artıq heç kim «xəstəyəm» deməyəcək. Nə üçün? Çünki Allahdan qorxan bütün adamlar günahın boyunduruğundan və onun ağır nəticələrindən qurtulacaqlar (Yeşaya 33:24; Luka 13:11-13). Bəli, Allah «onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4).
14. Kamil olmaq nə deməkdir?
14 Amma kamil olmaq, yalnız bədəncə və əqlən sağlam olmaq demək deyil. Allahın ‘surətinə və bənzərinə görə’ yaradıldığımız üçün Onun keyfiyyətlərini lazımınca əks etdirməliyik (Yaradılış 1:26). Buna nail olmaq üçün çox çalışmaq lazım gələcək. Yeni dünyada ‘salehlik ömür sürəcək’. Yeşayanın dediyi kimi, yeni ‘dünyanın sakinləri doğruluğu [salehliyi] öyrənəcəklər’ (2 Peter 3:13; Yeşaya 26:9). Salehlik bütün irqlərin nümayəndələri arasında, yoldaşlar arasında, ailədə və ələlxüsus da Allahla bizim aramızda sülh yaradır (Məzmur 85:10-13; Yeşaya 32:17). Salehliyi öyrənənlər Allahın niyyətində onlara ayrılmış rol haqqında get-gedə daha çox biləcəklər. Allaha məhəbbət ürəklərində dərin kök saldıqca onlar həyatlarının bütün sahələrində Onun yollarını izləyəcəklər. İsa kimi onlar da «mən daim... [Atanın] xoşuna gələn işləri görürəm» deyəcəklər (Yəhya 8:29). Bütün bəşəriyyət kamilliyə yetişəndə həyat necə də gözəl olacaq!
Padşahlığın nailiyyətləri
15. Bu abzasdakı suallar vasitəsilə Padşahlığın nailiyyətləri haqqında və artıq indidən bizə nə etmək lazım gəldiyi barədə danış.
15 Allahın Padşahlığının və onun təbəələrinin heyrətamiz nailiyyətləri göz qabağındadır. Aşağıdakı suallar və ayələr bu nailiyyətlərdən bir neçəsini, həm də Padşahlığın təbəələrinin indi nə etməli olduğunu sənə xatırladacaq.
Padşahlıq birinci növbədə kimə qarşı çıxdı və nəticəsi necə oldu? (Vəhy 12:7-10, 12).
Məsih taxta çıxandan sonra diqqət hansı qrupun qalan üzvlərinin yığılmasına yönəldildi? (Vəhy 14:1-3).
Matta 25:31-33 ayələrindəki peyğəmbərliyə əsasən böyük məşəqqət başlayandan sonra İsa hansı işlə məşğul olacaq?
Bu günlərdə hansı mühüm iş görülür? Bu işdə kimlər iştirak edir? (Məzmur 110:3; Matta 24:14; Vəhy 14:6, 7).
Nə üçün siyasi və dini əleyhdarlar təbliğ işini dayandıra bilmirlər? (Zəkəriyyə 4:6; Həvarilərin işləri 5:38, 39).
Padşahlığın hakimiyyətinə tabe olanların həyatında hansı dəyişikliklər baş verir? (Yeşaya 2:4; 1 Korinflilərə 6:9-11).
Minillik Padşahlıq
16. a) Məsihin hakimiyyəti nə qədər davam edəcək? b) Bu müddət ərzində və ondan sonra hansı ecazkar işlər görüləcək?
16 Şeytan və onun cinləri dibsiz dərinliyə atılandan sonra İsa Məsih və onun 144 000 həmvarisi min il ərzində padşahlıq və kahinlik edəcəklər (Vəhy 20:6). Bu müddət ərzində insanlar kamilləşəcək, Adəmin miras qoyduğu günah və ölüm artıq olmayacaq. Minillik Hakimiyyətin sonunda İsa Xilaskar Padşah-Kahin tapşırığını yerinə yetirib padşahlığı Atasına təslim edəcək ki, «Allah hər şeydə hər şey olsun» (1 Korinflilərə 15:24-28). O zaman xilas olmuş bəşəriyyətin Kainatın Hökmdarı Yehovaya sədaqətini yoxlamaq üçün, Şeytan qısa müddətə azadlığa buraxılacaq. Bu son sınaq bitdikdə Yehova Şeytanı və ona qoşulmuş qiyamçıları məhv edəcək (Vəhy 20:7-10). Yehovanın hökmranlığının tərəfdarları sədaqətlərini tam sübuta yetirəcəklər. O zaman Yehova ilə onların arasında düzgün münasibət qurulacaq, Allah bu adamları oğulları və qızları kimi qəbul edib əbədi həyata layiq biləcək (Romalılara 8:21).
17. a) Minilliyin sonunda Padşahlıqla nə baş verəcək? b) Nə üçün demək olar ki, Padşahlıq ‘heç vaxt dağılmayacaq’?
17 Bu səbəbdən İsa və 144 000 nəfərin yerlə bağlı fəaliyyəti dəyişəcək. Bəs onlar nə iş görəcəklər? Müqəddəs Kitabda bu haqda heç nə deyilmir. Əgər Yehovanın hökmranlığını sədaqətlə dəstəkləsək, Minillik Hakimiyyətin sonunda sağ qalıb Yehovanın onlar və bütün kainat üçün nələr hazırladığını görərik. Bununla belə, Məsihin minillik hakimiyyəti «əbədi» olacaq və onun padşahlığı «əsla yox olmayacaq» (Daniel 7:14). Hansı mənada? Birincisi, Yehova Özü Hökmdar olduğundan hakimiyyət başqa məqsəd güdənlərin əlinə keçməyəcək. Həmçinin Padşahlığın nailiyyətləri əbədi olduğuna görə o ‘heç vaxt dağılmayacaq’ (Daniel 2:44). Xilaskar Padşah-Kahin və onun şərikləri Yehovaya sədaqətlə xidmət etdikləri üçün şərəf sahibi olacaqlar.
Təkrar üçün suallar
• Nəyə görə yalnız Allahın Padşahlığı bəşər problemlərinin yeganə həllidir? Allahın Padşahlığının Padşahı taxta nə vaxt çıxdı?
• Allahın Padşahlığı və onun görəcəyi işlərlə əlaqədar nələr xüsusilə xoşuna gəlir?
• Padşahlıq artıq hansı nailiyyətləri qazanıb və bizim bu işdə hansı payımız var?
[92, 93-cü səhifələrdəki şəkil]
Allahın Padşahlığının hakimiyyəti altında bütün insanlar salehliyi öyrənəcəklər