Yehovanın Kəlamı canlıdır
«Daniel» kitabından diqqətəlayiq fikirlər
«HOLMANIN şəkilli Müqəddəs Kitab lüğəti»ndə deyilir: «“Daniel” kitabı Müqəddəs Yazıların ən maraqlı kitablarından biridir... Onun səhifələrində dəyişməz həqiqətlər yerləşir» («Holman Illustrated Bible Dictionary»). «Daniel» kitabında təsvir edilən hadisələr b. e. ə. 618-ci ildə padşah Navuxodonosorun Yerusəlimə hücum edərək onu mühasirəyə alması və bə’zi israilliləri sürgünə aparması ilə başlayır (Daniel 1:1-4). Onların arasında gənc Daniel də var. Çox ehtimal ki, o vaxt onun heç iyirmi yaşı yox idi. Kitabın sonunda Danielin hələ də Babildə olduğu deyilir və onun 100-ə yaxın yaşı var. Allah ona və’d edir: «Sən... öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan» (Daniel 12:13).
«Daniel» kitabının birinci hissəsi xronoloji ardıcıllıqla üçüncü şəxsin adından, axırıncı hissəsi isə birinci şəxsin adından nəql edilir. Kitabın yazıçısı olan Daniel dünya imperiyalarının yüksəlişi və süqutu, Məsihin peyda olacağı tarixi və bizim günlərdə baş verən hadisələr barədə peyğəmbərlikləri qələmə almışdıra. Ahıl yaşlarına çatmış peyğəmbər həm də ötən illərinə nəzər salır və bizlərə Allah qarşısında nöqsansızlığı qorumağa təşviq edən həyat hadisələrindən danışır. «Daniel» kitabındakı xəbər canlı və tə’sirlidir (İbranilərə 4:12).
a «Daniel» kitabı, Yehovanın Şahidləri tərəfindən dərc edilən «Danielin peyğəmbərliyinə diqqət yetirin!» kitabında (rus.) ayəbəayə araşdırılır.
KİTABIN XRONOLOJİ ARDICILLIQLA YAZILMASINDAN NƏ ÖYRƏNİRİK?
Eramızdan əvvəl 617-ci ildir. Daniel və onun üç gənc dostu Şadrak, Meşak və Aved-Neqo Babil sarayındadır. Üç il ərzində sarayda tə’lim-tərbiyə alan bu gənclər Allah qarşısında nöqsansızlıqlarını qoruyub saxlayırlar. Təxminən səkkiz ildən sonra padşah Navuxodonosor bir müəmmalı yuxu görür. Daniel padşahın yuxuda gördüklərini ona deyir və mə’nasını izah edir. Padşah e’tiraf edir ki, Yehova «allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur» (Daniel 2:47). Lakin, görünür, çox tezliklə Navuxodonosor bu dərsi unudur. Danielin üç dostu nəhəng heykələ səcdə etməkdən imtina edəndə padşah onları qızmar sobaya atır. Həqiqi Allah onları qurtarır, Navuxodonosor isə ‘bu cür xilas edən başqa bir allahın’ olmadığını e’tiraf etməli olur (Daniel 3:29).
Navuxodonosor dərin mə’na daşıyan bir yuxu da görür: hündür bir ağac bitməsin deyə, kəsilir. Daniel həmin yuxunun mə’nasını izah edir. Navuxodonosor ağlını itirir, lakin sonra sağalır, bununla da, yuxu qismən yerinə yetir. Onilliklər ötür, padşah Belşassar ə’yanları üçün böyük bir ziyafət qurur və Yehovanın mə’bədindən götürülmüş qablarla hörmətsiz davranır. Həmin gecə Belşassar öldürülür, padşahlıq isə midiyalı Daraya keçir (Daniel 5:30, 31). Daranın hökmranlığı zamanı 90 yaşını ötmüş Daniel ona qarşı sui-qəsd hazırlayan paxıl mə’murların hədəfinə çevrilir. Amma Yehova xidmətçisini «şirlərin pəncəsindən» qurtarır (Daniel 6:27).
Müqəddəs Kitab suallarına cavablar:
1:11-15 — Dörd yəhudinin simasının daha gözəl görünməsinin səbəbi bitki məhsulları ilə qidalanması idimi? Xeyr. Belə dəyişikliyin baş verməsi üçün 10 gün çox az müddətdir. Bu dəyişikliyə görə bütün izzət Yehovaya verilməlidir, çünki O, gənc yəhudiləri Ona e’tibar etdiklərinə görə xeyir-dualandırdı (Süleymanın məsəlləri 10:22).
2:1 — Navuxodonosor böyük heykəl haqqında yuxunu nə zaman görmüşdü? Müqəddəs Yazılarda deyilir ki, bu, Navuxodonosorun «padşahlığının ikinci ilində» baş vermişdi. O, eramızdan əvvəl 624-cü ildə taxta çıxdı. Onun padşahlığının ikinci ili b. e. ə. 623-cü ildə, Navuxodonosor Yəhudanı işğal etməzdən əvvəl başlayır. Lakin o zaman Daniel Babildə olmadığı üçün padşahın yuxusunu yoza bilməzdi. Görünür, Navuxodonosorun ‘padşahlığının ikinci ili’ b. e. ə 607-ci ildən — Yerusəlimi dağıdıb dünya imperiyasının padşahı olan ildən hesablanır.
2:32, 39 — Hansı mə’nada gümüş padşahlığı qızıl başdan və tunc padşahlığı gümüş padşahlığından aşağı səviyyədə idi? Heykəlin gümüş hissəsi ilə təmsil olunan Midiya-Fars imperiyasına Yəhudanı məhv etmək səlahiyyəti verilmədiyinə görə, qızıl başla təmsil olunan Babildən aşağı səviyyədə idi. Növbəti dünya imperiyası tuncla təmsil edilən Yunanıstan idi. Tuncun qiyməti gümüşdən aşağı olduğu kimi, Yunanıstan da özündən əvvəlki imperiyadan aşağı səviyyədə idi. Yunan imperiyasının ərazisi daha böyük olsa da, Midiya-Fars imperiyasından fərqli olaraq, ona Allahın xalqını azadlığa buraxmaq üstünlüyü verilməmişdi.
4:8, 9 — Daniel sehirbazların ən böyüyü idimi? Xeyr. «Sehirbazların ən böyüyü» ifadəsi Danielin «bütün Babil müdriklərinin baş rəisi» vəzifəsinə işarə edir (Daniel 2:48).
4:10, 11, 20-22 — Navuxodonosorun yuxuda gördüyü hündür ağac nəyi təmsil edir? Başlanğıcda bu ağac Navuxodonosoru dünya imperiyasının hökmdarı kimi təmsil edirdi. Lakin ‘hakimiyyət dünyanın hər tərəfinə çatdığı’ üçün ağac daha böyük mə’na kəsb etməli idi. Daniel 4:17 ayəsi bu yuxunu bəşəriyyət üzərində Allah-Taalanın padşahlığı ilə əlaqələndirir. Deməli, ağac həm də Yehovanın kainatda, xüsusilə də yer üzərində hökmranlığını təmsil edirdi. Buna görə də, yuxu iki dəfə — Navuxodonosorun padşahlığı və Yehovanın hökmranlığı ilə əlaqədar yerinə yetir.
4:16, 23, 25, 32, 33 — «Yeddi il» nə qədər davam etmişdi? Yeddi il ifadəsi orijinal mətndə «yeddi vaxt» yazılıb. Navuxodonosorla bağlı hadisədə yeddi vaxt, hər biri 360, ümumilikdə isə 2 520 gün davam edən yeddi ilə bərabərdir. Lakin geniş miqyasda yerinə yetməsinə gəldikdə bu yeddi vaxt 2 520 il davam etmişdi (Yezekel 4:6, 7). Bu yeddi vaxt b. e. ə. 607–ci ildə Yerusəlimin dağıdılması ilə başlamış və 1914–cü ildə İsa Məsihin göydə padşahlıq taxtına çıxması ilə qurtarmışdı (Luka 21:24).
6:6–10 — Yehovaya dua edərkən xüsusi duruş tərzi tələb olunmadığı üçün, məgər Danielin 30 gün ərzində xəlvətcə dua etməsi müdrik hərəkət olmazdımı? Danielin gündə üç dəfə dua etməsi hamıya mə’lum idi. Bu səbəbdən, sui-qəsd hazırlayan mə’murlar duaya dair məhdudiyyət qoyan fərmanın verilməsinə nail oldular. Daniel dua etmək vərdişində hər hansı bir dəyişiklik etsəydi, başqaları onun öz prinsiplərində güzəştə getdiyini və Yehovaya xüsusi sədaqətini qorumadığını düşünərdilər.
Bizim üçün ibrət dərsləri:
1:3-8. Danielin və üç dostunun Yehovaya sədaqətlərini qorumaqda qətiyyətli olmaları valideynlərinin onlara verdiyi tərbiyənin çox dəyərli olduğunu göstərir. Allahdan qorxan valideynlər ruhani maraqları həyatlarında birinci yerə qoyanda və həmin şeyi övladlarına da aşılayanda, çox ehtimal ki, uşaqları məktəbdə və ya başqa yerdə şirnikdirici təkliflərə və təzyiqlərə müqavimət göstərəcəklər.
1:10-12. Daniel ‘hərəmağalar rəisinin’ padşahdan qorxduğunu başa düşdüyü üçün xahişində israr etmədi. Lakin bir qədər sonra Daniel güzəştə gedən digər mə’mura yaxınlaşdı. Dara düşəndə biz də hikmət, ağıl və anlayışla davranmalıyıq.
2:29, 30. Müqəddəs Kitabı öyrənməyin sayəsində yiyələndiyimiz biliyə, keyfiyyətə və bacarığa görə Daniel kimi biz də bütün izzəti Yehovaya verməliyik.
3:16-18. Əgər üç yəhudi yeməklə sınağa çəkilən zaman öz əqidəsində güzəştə getsəydi, güman ki, padşaha əzmlə cavab verə bilməzdi. Biz də «hər şeydə sadiq» olmağa çalışmalıyıq (1 Timoteyə 3:11).
4:24-27. Navuxodonosorun başına gələcək hadisələri və ‘əmin-amanlığının müddəti uzun’ olsun deyə etməli olduğu işləri demək üçün Danielin göstərdiyi eyni iman və cəsarət, Allahın şiddətli hökmlərini və Padşahlıq xəbərini bəyan etmək işində bizdən də tələb olunur.
5:30, 31. Babil padşahı haqqında deyilənlər yerinə yetdi (Yeşaya 14:3, 4, 12-15). Babil sülaləsinin padşahları kimi qürurlu olan Şeytan İblisin də aqibəti şərəfsiz olacaq (Daniel 4:30; 5:2-4, 23).
DANİELİN GÖRÜNTÜLƏRİNDƏN NƏ ÖYRƏNİRİK?
Eramızdan əvvəl 553-cü ildə birinci görüntüsünü alanda Danielin 70-dən çox yaşı vardı. O, dörd nəhəng heyvan görür. Onlar peyğəmbərin günlərindən başlayaraq bizim günlərədək bir-birini əvəz edən dünya imperiyalarını təmsil edir. Peyğəmbər göylər haqqındakı görüntüdə ‘bəşər oğluna bənzər birisinə’ ‘əbədi hakimiyyət’ verildiyini görür (Daniel 7:13, 14). İki ildən sonra Daniel Midiya-Fars, Yunanıstan və ‘hiyləgərlikdə mahir bir padşahla’ bağlı görüntü görür (Daniel 8:23).
Eramızdan əvvəl 539-cu ildir. Babil ələ keçirilir, xaldeylilərin padşahlığı üzərinə midiyalı Dara hökmdar tə’yin olunur. Daniel doğma diyarının bərpa olunması barədə Yehovaya dua edir. Daniel hələ dua edərkən Yehova Cəbrayıl mələyi göndərir ki, Məsihin gəlişi ilə əlaqədar peyğəmbərliyi başa düşsün deyə, Danielə ‘müdriklik və dərrakə versin’ (Daniel 9:20-25). Sonra b. e. ə. 536-535-ci illərdə baş verən hadisələrdən nəql edilir. Bir qrup israilli Yerusəlimə qayıdır. Ancaq mə’bədi tikənlər müqavimətlə üzləşirlər. Bu, Danielin narahatçılığına səbəb olur. O bu haqda durmadan dua edir və Yehova yüksək vəzifəli mələyi peyğəmbərinin yanına göndərir. Danieli möhkəmləndirib ruhlandırdıqdan sonra, mələk şimal və cənub padşahları arasında hakimiyyət üstündə gedən mübarizə haqqında peyğəmbərlik deyir. İki padşah arasında gedən çəkişmə Böyük İsgəndərin padşahlığının dörd sərkərdəsi arasında bölündüyü vaxtdan baş mələk Mikaelin ‘qalxacağı’ vaxtadək davam edir (Daniel 12:1).
Müqəddəs Kitab suallarına cavablar:
8:9 — ‘Gözəl ölkə’ nəyin simvoludur? Burada «Gözəl ölkə», İngilis-Amerikan dünya imperiyası dövrü ərzində yer üzündə yaşayan məsh olunmuş məsihçilərin vəziyyətinin simvoludur.
8:25 — ‘Başçılar Başçısı’ kimdir? Bu titul ibranicə «sar» sözündən tərcümə olunub. ‘Başçılar Başçısı’ titulu, «baş mələklərdən biri olan Mikael» də daxil olmaqla, bütün mələklərin Başçısı olan Yehova Allaha məxsusdur (Daniel 10:13).
9:27 — Yetmişinci yeddiillik dövrün sonunadək, yaxud eramızın 36-cı ilinədək çoxları ilə bağlanan hansı əhd qüvvədə idi? Qanun əhdi eramızın 33-cü ilində İsa öldürüləndə ləğv edildi. Lakin Yehova İbrahimlə bağladığı əhdi eramızın 36-cı ilinə kimi qüvvədə saxlamaqla İbrahimin nəsli olan yəhudilərə lütf göstərəcəyi müddəti uzatdı. İbrahimlə bağlanan əhd «Allahın İsraili» üçün də qüvvədədir (Qalatiyalılara 3:7-9, 14-18, 29; 6:16).
Bizim üçün ibrət dərsləri:
9:1-23; 10:11. Daniel həlim, sədaqətli, çalışqan və dualarında müntəzəm olduğu üçün ‘Allah onu çox sevirdi’. Bunlar Danielə ömrünün sonunadək Yehovaya sadiq qalmağa kömək etdi. Gəlin Danielin nümunəsini izləməyə qəti qərarlı olaq.
9:17-19. ‘Salehliyin ömür sürdüyü’ Allahın yeni dünyası haqda dua edəndə, məgər bizi narahat edən əzablarımızın və çətinliklərimizin sona çatması yox, Yehovanın adının müqəddəs tutulması və hökmranlığına bəraət qazandırılması olmalı deyilmi? (2 Peter 3:13).
10:9-11, 18, 19. Danielin yanına göndərilən mələkdən nümunə götürərək, biz kömək əlimizi uzatmaqla və təsəlliverici sözlərlə bir-birimizi möhkəmləndirib ruhlandırmalıyıq.
12:3. Axır günlər boyu «ağıllı adamlar», yə’ni məsh olunmuşlar ‘ulduzlar kimi parlayırlar’ və ‘başqa qoyunlardan’ ibarət olan ‘böyük izdiham’ da daxil olmaqla, bir çoxlarını ‘salehliyə döndəriblər’ (Filipililərə 2:15; Yəhya 10:16; Vəhy 7:9). Məsh olunmuşlar Məsihin Minillik hökmranlığı zamanı onunla birlikdə fidiyənin gətirdiyi faydaları itaətkar bəşəriyyətə tam tətbiq edərək tam mə’nada «ulduzlar kimi... parlayacaq». ‘Başqa qoyunlar’ məsh olunmuşlara bağlı qalmalı, hər işdə onları ürəkdən dəstəkləməlidirlər.
Yehova ‘Ondan qorxanlara xeyir-dua verir’
«Daniel» kitabından ibadət etdiyimiz Allah haqqında nə öyrənirik? Məsələn, yerinə yetmiş və yetməkdə olan peyğəmbərliklərə diqqət yetirək. Onlar açıq-aydın göstərir ki, Yehova Öz sözünü yerinə yetirəndir! (Yeşaya 55:11).
Bəs Danielin həyatından Allah haqqında nə öyrənirik? Babil sarayındakı həyat tərzindən imtina edən üç yəhudiyə Allah «bilik və dərrakə verdi» (Daniel 1:17). Həqiqi Allah mələyini göndərərək Şadrak, Meşak və Aved-Neqonu qızmar sobadan qurtardı. Daniel şirlərin pəncəsindən xilas edildi. Yehova Ona ‘güvənənlərə kömək və sipərdir’, ‘Ondan qorxanlara xeyir-dua verir’ (Məzmur 115:9, 13).
[32-ci səhifədəki şəkil]
Allah Danieli nəyə görə sevirdi?