Yehova bizdən nə gözləyir?
“Haqq olanı etmək və mərhəməti sevmək və Allahınla təvazökarlıqla yeriməkdən başqa Rəbb səndən nə istər?” (MİKA 6:8).
1, 2. Yehovanın bə’zi xidmətçiləri nəyə görə ruhdan düşə bilər, amma onlara nə kömək etməlidir?
VERANIN — 75 yaşlı sadiq məsihçinin səhhəti pisdir. O deyir: “Bə’zən pəncərəyə baxır və məsihçi bacı-qardaşlarımın evdən-evə təbliğ etdiklərini görürəm. Gözlərim dolur, çünki mən də onlarla bir yerdə olmaq istəyirəm, xəstəliyim isə Yehovaya var qüvvəmlə xidmət etməyə imkan vermir”.
2 Buna bənzər hisslər səndə də baş qaldırıbmı? Təbiidir ki, Yehovanı sevənlərin hamısı Onun ismi ilə yerimək və Onun tələblərinə müvafiq olmaq istəyirlər. Bəs səhhətimiz pisləşirsə, yaşımız çoxdursa, ya da ailədə üzərimizə düşən məs’uliyyətlər çoxdursa, onda nə etməli? Bu bizi qismən ruhdan sala bilər, çünki bu kimi vəziyyətlər ucbatından Yehovaya xidmətimizdə, yəqin ki, ürəyimiz istədiyi qədər edə bilməyəcəyik. Əgər bu belədirsə, onda, çox güman ki, “Mika” kitabının 6-cı və 7-ci fəsilləri bizi çox ruhlandıracaq. Bu fəsillər göstərir ki, Yehovanın tələbləri ağlabatan və həyata keçiləndir.
Yehovanın Öz xalqı ilə davranma üsulu
3. Yehova Ona qarşı qiyam qaldıran israillilərlə necə davranır?
3 Əvvəlcə Mika 6:3-5 ayələrinə diqqət yetirək və Yehovanın xalqı ilə necə davrandığına diqqət yetirək. Mikanın günlərində İsraillilərin Allaha qarşı qiyam qaldırdıqlarını yada salaq. Buna baxmayaraq, Yehova onlara “ey xalqım”, deyə şəfqətlə müraciət edir. O yalvarır: “Ey xalqım, rica edirəm, xatırla” (YD). İsrailliləri sərt tərzdə məzəmmət etmək əvəzinə, Yehova “sənə nə etdim?” deyə soruşaraq, onların ürəyini ələ almağa çalışır. O, hətta onları ‘Ona qarşı cavab verməyə’ çağırır.
4. Allahın şəfqət göstərməyə dair verdiyi nümunə bizə necə tə’sir etməlidir?
4 Yehova bizə necə də gözəl nümunə verir! Hətta İsrailin və Yəhudanın Mikanın günlərində yaşayan qiyamçı sakinlərini şəfqətlə “xalqım” adlandırır və onlara müraciət edərkən “rica edirəm” deyirdi. Buna görə də biz, yığıncağa məxsus olan kəslərlə davranışımızda, sözsüz ki, şəfqət və xeyirxahlıq təzahür etdirməliyik. Doğrudur, bə’zən kiminləsə yola getmək çətin olur; kim isə ruhən zəifdir. Ancaq yenə də, əgər onlar Yehovanı sevirlərsə, biz onlara kömək etməli və şəfqət göstərməliyik.
5. Mika 6:6, 7 ayələrindəki əsas fikir hansıdır?
5 Gəlin sonra Mika 6:6, 7 ayələrinə diqqət yetirək. Peyğəmbər bir sıra suallar verir: “Nə ilə Rəbbin qarşısına çıxım və uca Allahın önündə əyilim? onun qarşısına yaxılan təqdimələrləmi, bir illik buzovlarlamı çıxım? Minlərlə qoçlardan, on minlərlə yağ sellərindən Rəbb xoşlanırmı? günahım üçün ilk oğlumu, canımın suçu üçün bədənimin səmərəsinimi verim?” Həqiqətən də Yehovanı ‘minlərlə qoçlarla, on minlərlə yağ selləri ilə’ qane etmək mümkün deyil. Buna baxmayaraq Onu razı salmaq mümkündür. Necə?
Biz haqq olanı etməliyik
6. Mika 6:8 ayəsində Allahın hansı üç tələbi əks olunur?
6 Mika 6:8 ayəsindən Yehovanın bizdən nə gözlədiyini öyrənirik. Mika soruşur: “Haqq olanı etmək və mərhəməti sevmək və Allahınla təvazökarlıqla yeriməkdən başqa Rəbb səndən nə istər?” Bu üç tələb bizim həm hisslərimizə, həm düşüncə tərzimizə, həm də davranışımıza aiddir. Biz bu keyfiyyətləri təzahür etdirməyə təşviq hissi duymalı, bunu necə edəcəyimizin üzərində düşünməli və müvafiq tərzdə davranmalıyıq. Gəlin bu üç tələbi növbə ilə nəzərdən keçirək.
7, 8. a) “Haqq olanı etmək” nə deməkdir? b) Mikanın günlərində hansı növ haqsızlıq adi hal almışdı?
7 “Haqq olanı etmək” ədalətlə davranmaq deməkdir. Allahın davranış tərzi, ədalət me’yarıdır. Mikanın müasirləri isə, əksinə olaraq, haqsız davranırlar. Hansı sahələrdə? Mika 6:10 ayəsinə diqqət yetirək. Bu ayənin sonunda tacirlər haqqında deyilir ki, onlar “əksik ölçü”dən, daha doğrusu, lazım gəldiyindən aşağı ölçüdən istifadə edirlər. 11-ci ayədə deyilir ki, onlar “hiyləli çəki daşları” işlədirlər. 12-ci ayəyə əsasən isə, onların “dilləri aldadıcıdır”. Gördüyümüz kimi, Mikanın yaşadığı dövrdə ticarət sahəsində əksik ölçü, düzgün olmayan çəki daşları və yalan adi hala çevrilmişdi.
8 Lakin haqsızlıq yalnız ticarətdə müşahidə olunmur. Bu vəziyyət məhkəmədə də adi hala çevrilib. Mika 7:3 ayəsində deyilir ki, “rəis hədiyyə istəyir və hakim mükafat alır”. Hakimlərə rüşvət verirlər ki, onlar günahsız insanlara ədalətsiz hökm kəssinlər. “Böyük adam”, yə’ni nüfuzlu şəxs cinayətə qol qoyur. Bundan əlavə, Mikanın sözlərinə görə rəislər, hakimlər və böyük adamlar özlərinin şərəfsiz əməllərini “hörürlər”, daha doğrusu, birlikdə həyata keçirirlər.
9. Şərəfsizlərin törətdiyi haqsızlıq Yəhuda və İsrailə necə tə’sir göstərir?
9 Şərəfsiz rəhbərlərin törətdiyi haqsızlıq bütün Yəhuda və İsrail padşahlığına tə’sir göstərir. Mika 7:5 ayəsində qeyd olunur ki, ədalətin çatışmazlığı yoldaşlar, yaxın dostlar və hətta ər-arvad arasında da e’tibarsızlığa səbəb olur. 6-cı ayədə deyilir ki, bunun ucbatından oğul ilə ata, qız ilə ana kimi yaxın qohumlar bir-birini “təhqir edir”, daha doğrusu, bir-birinə “nifrət edir” (YD).
10. Bugünkü haqsızlıq mühitində məsihçilər özlərini necə aparırlar?
10 Bəs bu gün? Buna bənzər vəziyyəti bu gün müşahidə etmirikmi? Mikanın günlərində olduğu kimi, bu gün bizi də hər yerdə haqsızlıq, e’tibarsızlıq, cəmiyyətdə və ailə həyatında qarma-qarışıqlıq əhatə edir. Buna baxmayaraq, Allahın xidmətçiləri olan bizlər ədalətsiz dünyada yaşasaq da, bu dünyaya xas olan haqsızlığın məsihçi yığıncağına daxil olmasına yol vermirik. Əksinə olaraq, biz düzlük və nöqsansızlıq prinsiplərinə riayət edərək bu keyfiyyətləri gündəlik həyatımızda əks etdiririk. Həqiqətən də biz “hər cəhətcə özümüzü yaxşı aparmağa can atırıq” (İbranilərə 13:18). Məgər ədalətlə davranaraq bol xeyir-dualar əldə etməyimizə razı deyilikmi? Axı biz tam e’tibar hökm sürən qardaşlığa malikik.
İnsanlar “Rəbbin səsini” necə eşidirlər?
11. Mika 7:12 ayəsi necə yerinə yetir?
11 Mika peyğəmbərlik edir ki, ətrafda hökm sürən haqsızlığa baxmayaraq, gələcəkdə bütün insanlar üçün ədalət qalib gələcək. Peyğəmbər qabaqcadan söyləyir ki, insanlar Yehovanın xidmətçiləri olmaq üçün “dənizdən dənizə və dağdan dağa qədər” toplaşıb gələcəklər (Mika 7:12). Bu gün, bu peyğəmbərliyin sonuncu icrası zamanı hansısa müəyyən bir xalq yox, bütün xalqlardan olan insanlar Allahın qərəzsiz ədalətindən fayda əldə edirlər (İşaya 42:1). Bu necə baş verir?
12. “Rəbbin səsi” bu gün hansı yolla eşidilir?
12 Cavabı Mikanın bir qədər əvvəl dediyi sözlərdə tapmaq olar. Mika 6:9 ayəsində deyilir: “Rəbbin səsi şəhərə nida edir və hikmətli adam sənin ismindən qorxar”. Bütün xalqlardan olan insanlar Yehovanın səsini necə eşidir və bunun bizim ədalətli davranışımızla hansı əlaqəsi var? Ehtimal ki, bu gün insanlar Allahın səsini həqiqi mə’nada eşitmir. Lakin bizim ümumdünya təbliğ fəaliyyətimiz sayəsində Yehovanın səsini bütün millətlərdən və təbəqələrdən olan insanlar eşidir. Nəticədə, bu səsə qulaq asanlar Allahın isminə ehtiramla yanaşaraq ondan ‘qorxurlar’. Bizim Padşahlığın təbliğçiləri kimi sə’ylə yerinə yetirdiyimiz xidmət, şübhəsiz ki, ədalət və məhəbbətin təzahürüdür. Üzgörənlik etmədən hər bir kəsə Allahın ismini bilməyə imkan yaradaraq, biz ‘haqq olanı edirik’.
Biz mərhəməti sevməliyik
13. Mərhəmətlə məhəbbət arasında hansı fərq mövcuddur?
13 İndi isə gəlin Mika 6:8 ayəsindən ikinci tələbi müzakirə edək. Yehova gözləyir ki, biz ‘mərhəməti sevəcəyik’. “Mərhəmət” kimi tərcümə olunan qədim ibrani sözü həm də “sevgi dolu inayət”, “dəyişməz məhəbbət” deməkdir. Mərhəmət fəal keyfiyyətdir və özünə, başqalarına rəhmlə qayğı göstərməyi daxil edir. Mərhəmətlə məhəbbət arasında fərq var. Hansı? Məhəbbət daha geniş mə’na daşıyır: onu hansısa əşyalara və mücərrəd anlayışlara münasibətdə duymaq olar. Müqəddəs Kitabda “şərab və yağ sevən”, həmçinin ‘hikməti sevən’ kəslər haqqında bəhs edilir (Süleymanın məsəlləri 21:17; 29:3). Digər tərəfdən isə, mərhəmət və ya inayət yalnız insanlara, ələlxüsus da Allahın xidmətçilərinə münasibətdə əks olunur. Buna görə də, Mika 7:20 ayəsində Allaha xidmət edən insana — “İbrahimə mərhəmət” barədə danışılır.
14, 15. Mərhəmət necə təzahür etdirilir və bunu hansı nümunə göstərir?
14 Mika 7:18 ayəsində peyğəmbər başa salır ki, Yehova “mərhəmətdən xoşlanır”. Mika 6:8 ayəsində bizə sadəcə olaraq mərhəmət göstərmək yox, bu keyfiyyəti sevmək tapşırılır. Bu ayələrdən nə öyrənə bilərik? Mərhəmət və inayəti həvəslə, hazırlıqla əks etdirirlər, belə ki, bunu etməyi arzulayırlar. Yehova kimi, biz də köməyə ehtiyacı olanların xeyri üçün mərhəmət göstərməyi sevirik.
15 Bu gün Allahın xalqı mərhəmət və xeyirxahlığı ilə fərqlənir. Yalnız bir nümunəni nəzərdən keçirək. 2001-ci ilin iyun ayında baş verən qasırğa Texas ştatında (ABŞ) güclü daşqına səbəb oldu. Minlərlə evə, o cümlədən Yehovanın Şahidlərinə məxsus yüzlərlə evə zərər dəydi. 10 minə yaxın Yehovanın Şahidi, fəlakətə düçar olan məsihçi bacı-qardaşlarına kömək etmək üçün, hazırlıqla və təmənnasız olaraq öz vaxtlarını və qüvvələrini əsirgəmədi. Könüllülər yarım ildən artıq müddətdə gecə-gündüz və istirahət günlərində yorulmadan çalışdılar ki, 8 Padşahlıq Zalını və həmimanlılarına məxsus 700-dən artıq evi bərpa etsinlər. Bu işdə köməklik edə bilməyən kəslər ərzaq, ilk yardım ləvazimatları və pul ianə edirdilər. Nəyə görə minlərlə bu Şahidlər, qardaşlarının köməyinə gəldilər? Çünki onlar ‘mərhəməti sevirlər’. Və qardaşlarımızın buna bənzər işləri bütün dünyada yerinə yetirdiklərini bilmək necə də ürəkaçandır! Bəli, “mərhəməti sevmək” tələbini yerinə yetirmək yük yox, sevincdir!
Allahla təvazökarlıqla yerimək
16. ‘Allahla təvazökarlıqla yeriməyin’ vacibliyi hansı nümunənin əsasında yaxşı görünür?
16 ‘Allahla təvazökarlıqla yerimək’ Mika 6:8 ayəsində yazılan üçüncü tələbdir. Bu, imkanlarımızın məhdud olduğunu və Allahdan asılı olduğumuzu dərk etmək mə’nasını daşıyır. Bunu nümunə əsasında izah edək. Çovğun vaxtı balaca qızcığaz var qüvvəsi ilə atasının əlindən yapışır. Qızcığaz gücünün çox olmadığını bilir, lakin atasına e’tibar edir. Biz də imkanlarımızın məhdud olduğunu dərk etməli və səmavi Atamıza əmin olmalıyıq. Bu cür əminliyi özümüzdə necə saxlaya bilərik? Bunun üçün, başqa şeylərlə yanaşı, Yehova ilə sıx əlaqəni qorumağın nəyə görə müdriklik olduğunu yadda saxlamaq lazımdır. Mika bizə üç səbəbi xatırladır: Yehova bizi azad edir, bizə yol göstərir və bizi müdafiə edir.
17. Yehova Öz xalqını necə azad edir, yol göstərir və müdafiə edirdi?
17 Mika 6:4, 5 ayəsinə əsasən, Allah deyir: “Misir diyarından səni mən çıxardım”. Bəli, Yehova İsrail xalqının Xilaskarı olmuşdur. Yehova sonra deyir: “Sənin önüncə Musanı, Harunu və Miryamı mən göndərdim”. Musanın və Harunun vasitəsilə Yehova xalqa rəhbərlik edirdi, Miryam isə qələbə rəqsində qadınlara yol göstərirdi (Çıxış 7:1, 2; 15:1, 19-21; Təsniyə 34:10). Yehova rəhbərliyini xidmətçilərinin vasitəsilə həyata keçirirdi. 5-ci ayədə isə Yehova israillilərə, onları Balakdan və Balamdan müdafiə etdiyini və Moabdakı Şittimdən Və’d edilən diyardakı Qilqala qədər olan səyahətlərinin son mərhələsində onları qoruduğunu xatırladır.
18. Allah bu gün bizi necə azad edir, bizə yol göstərir və bizi müdafiə edir?
18 Bu gün Allah bizi, Onunla yeriyənləri, Şeytanın dünyasından azad edir, Kəlamı, həmçinin təşkilatı vasitəsilə bizə yol göstərir və düşmənlər üzərimizə hücum edəndə bizi bir qrup kimi müdafiə edir. Buna görə də, qədim vaxtın Və’d edilən diyarından daha yaxşı olan Allahın ədalətli yeni dünyasına doğru səyahətimizin sonuncu coşğun mərhələsini səmavi Atamızla birlikdə dəf edərək, Onun əlindən möhkəm yapışmağımız üçün bütün əsaslarımız var.
19. Təvazökarlıq imkanlarımızın hüdudları ilə necə əlaqəlidir?
19 Allahla təvazökarlıqla yeriməyimiz bizə öz şəraitlərimizə real nöqteyi-nəzərlə baxmağa kömək edir. Məsələ ondadır ki, təvazökarlıq, imkanlarımızın hüdudlarını anlamaq mə’nasını daşıyır. Ola bilər ki, ahıl yaş və ya pisləşən səhhətimiz, hansısa dərəcədə Yehovaya xidmət etmək imkanlarımızı məhdudlaşdırır. Kədərlənmək əvəzinə, Allahın bizim sə’y və qurbanlarımızı “insanda olmayan mala görə deyil, olan mala görə” qəbul etdiyini yadda saxlamaq gərəkdir (2 Korinflilərə 8:12). Yehova bizim Ona bütün qəlbimizlə və imkanlarımızın yol verdiyi qədər xidmət edəcəyimizi gözləyir (Koloslulara 3:23). Allaha xidmətdə gücümüzün çatdığı hər şeyi səmimi qəlbdən və sə’ylə yerinə yetirəndə, Allah bizə bol xeyir-dualar verir (Süleymanın məsəlləri 10:22).
Səbirlə gözləmək xeyir-dua gətirir
20. Nəyi dərk etməyimiz Yehovanı Mika kimi gözləməkdə bizə kömək edə bilər?
20 Biz Yehovadan xeyir-dua alırıq, bu isə bizi Mikanın əhval ruhiyyəsini əks etdirməyə təşviq edir. O deyirdi: “Qurtuluşumun Allahını gözləyəcəyəm” (Mika 7:7). Bu sözlər, Allahla yeriyərkən əks etdirdiyimiz təvazökarlıqla necə əlaqəlidir? Əgər biz Yehovanı səbirlə gözləyiriksə, bu, Onun gününün hələ gəlmədiyinə görə kədərlənməməyimizə kömək edir (Süleymanın məsəlləri 13:12). Doğrudur, bizim hamımız bu pis sistemin sonunu səbirsizliklə gözləyirik. Ancaq hər həftə minlərlə insan Yehova ilə yeriməyə yeni başlayır. Bu bizim Yehovanı gözləməyimizə əsaslı dəlildir. Uzun müddətdir ki, həqiqət yolu ilə yeriyən bir Şahid deyir: “Təbliğ xidmətində keçirdiyim 55 ili nəzərdən keçirəndə, bir daha əmin oluram ki, Yehovanı gözləməklə heç nə itirməmişəm. Əksinə, özümü bir çox əzab-əziyyətlərdən qorumuşam”. Buna bənzər hissləri sən də yaşamısanmı?
21, 22. Mika 7:14 ayəsi bizim günlərdə necə yerinə yetir?
21 Yehova ilə yeriməyimiz, sözsüz ki, bizə fayda gətirir. Mika 7:14 ayəsində oxuduğumuz kimi, peyğəmbər Allahın xalqını, özünü çobanın yanında təhlükəsiz hiss edən qoyunlarla müqayisə edir. Bu gün peyğəmbərliyin böyük miqyasda yerinə yetdiyi bir vaxtda da, ruhani İsrailin qalığı, həmçinin “başqa qoyunlar” özlərini Çobanları olan Yehovanın yanında təhlükəsiz hiss edirlər. Onlar getdikcə daha gərgin vəziyyət alan və təhlükəli olan dünyadan ruhən ayrılaraq “Karmel ortasındakı ormanda tək başına” yaşayırlar (Yəhya 10:16; Təsniyə 33:28; Yeremya 49:31; Qalatiyalılara 6:16).
22 Allahın xalqı çiçəklənir, bu isə Mika 7:14 ayəsində qabaqcadan deyilib. Allahın qoyunları, yə’ni Onun xalqı barədə Mikanın dediklərinə diqqət yetirək: “Başanda və Gileadda otlasınlar”. Başanda və Gileadda yaşıl otlaqlarda otlayan qoyunlara bənzər tərzdə, bu gün Allahın xalqı ruhən inkişaf edir; bunun özü də Allahla təvazökarlıqla yeriyənlər üçün xeyir-duadır (Saylar 32:1; Təsniyə 32:14).
23. Mika 7:18, 19 ayələrindən nə öyrənə bilərik?
23 Mika 7:18, 19 ayələrində peyğəmbər qeyd edir ki, Yehova tövbə edənləri bağışlamaq istəyir. 18-ci ayədə deyilir ki, Yehova “fəsad bağışlayan” və ‘günahdan vaz keçəndir’. 19-cu ayəyə əsasən isə, O, ‘bütün suçları dənizin ənginliklərinə atır’. Biz buradan hansı ibrət dərsini götürə bilərik? Özümüzdən soruşa bilərik: bu sahədə biz Yehovanı təqlid edirikmi? Başqaları bizə qarşı səhv işlətdikləri halda onları bağışlayırıqmı? Onlar tövbə edəndə və hər şeyi qaydaya salmağa çalışanda, şübhəsiz ki, biz Yehovanı təqlid edərək onları bütünlüklə və həmişəlik bağışlamalıyıq.
24. Mikanın peyğəmbərliyindən hansı faydanı əldə etdiniz?
24 Mikanın peyğəmbərliyini nəzərdən keçirərək hansı faydanı əldə etdik? Bu peyğəmbərlik bizə xatırlatdı ki, Yehova, Ona yaxınlaşanlara həqiqi ümid verir (Mika 2:1-13). Peyğəmbərlik bizi əbədiyyən Allahımızın ismilə yeriməyə kömək edən həqiqi ibadəti dəstəkləmək üçün qüvvəmiz daxilində olan hər şeyi etməyə həvəsləndirdi (Mika 4:1-4). Və bizə əminlik verdi ki, şəraitlərimizdən asılı olmayaraq, Yehovanın tələblərinə cavab verə bilərik. Bəli, Mikanın peyğəmbərliyi Yehovanın ismi ilə yeriməkdə bizə çox kömək edir.
Necə cavab verərdiniz?
• Mika 6:8 ayəsinə əsasən, Yehova bizdən nə tələb edir?
• “Haqq olanı etmək” üçün nə vacibdir?
• ‘Mərhəməti sevdiyimizi’ necə göstərmək olar?
• ‘Allahla təvazökarlıqla yerimək’ üçün nə etmək lazımdır?
[17-ci səhifədəki şəkil]
Bütün təbəqədən olan insanlara şahidlik edərək haqq olanı et.
[17-ci səhifədəki şəkillər]
Başqalarının ehtiyaclarına hay verməklə, mərhəməti sevdiyini göstər.
[17-ci səhifədəki şəkil]
İmkanlarının hüdudlarını təvazökarlıqla dərk edərək, imkanın daxilində olan hər şeyi et.
[19-cu səhifədəki şəkillər]
Mikanın günlərində hökm sürən pis vəziyyətə baxmayaraq, o, Yehovanın tələblərinə müvafiq tərzdə yaşayırdı. Bunu sən də edə bilərsən.