Yehovanın tələblərinə riayət etmək Onu yüksəldir
“Şükranla onu yüksəldərəm” (MƏZMUR 69:30).
1. a) Yehova yüksəldilməyə nəyə görə layiqdir? b) Yehovanı minnətdarlıq hissi ilə necə yüksəldə bilərik?
YEHOVA — Qadir Allah, Yaradan və Kainatın Ali Hökmdarıdır. Buna görə də Onun adı və işləri yüksək tutulmağa layiqdir. Yehovanı yüksəltmək — Ona dərin hörmət bəsləmək, Onu söz və əməllərlə mədh edib yüksəltmək mə’nasını verir. Bunu minnətdarlıq hissi ilə etmək üçün, indiki və gələcəkdə edəcəyi işlərinə görə Allaha həmişə minnətdar olmalıyıq. Vəhy 4:11 ayəsinə əsasən, biz, göydə nida edən sadiq ruhani varlıqların malik olduqları əhval-ruhiyyəyə malik olmalıyıq: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı”. Bəs Yehovanı biz necə yüksəldə bilərik? Onun haqqında öyrənib, bizə qarşı irəli sürdüyü tələbləri yerinə yetirməklə. Məzmurçunun Yaradana ifadə etdiyi hisslərə biz də malik olmalıyıq: “İradəni yerinə yetirməyi mənə öyrət; çünki sən mənim Allahımsan” (Məzmur 143:10).
2. Yehova Onu yüksəldənlərə və yüksəltməyənlərə necə yanaşır?
2 Yehova, Onu yüksəldən insanları qiymətləndirir. Buna görə də Allah, “Onu axtaranlara mükafat verir” (İbranilərə 11:6). O, bunu necə edir? İsa, səmavi Atasına duasında dedi: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). Bəli, “şükranla onu [Yehovanı] yüksəldənlər” “yeri miras alar və onda əbədiyyən yaşayarlar” (Məzmur 37:29). Amma “pisin yoxdur axırı” (Süleymanın məsəlləri 24:20, MKŞ). Biz, Yehovanı xüsusilə son günlərdə yüksəltməliyik, çünki O, tezliklə qanunsuzları məhv edəcək, salehləri isə saxlayacaqdır. “Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır” (1 Yəhya 2:17; Süleymanın məsəlləri 2:21, 22).
3. Biz Malakinin kitabına nə üçün diqqətlə yanaşmalıyıq?
3 Yehovanın iradəsini Müqəddəs Kitabdan öyrənmək olar, çünki “hər Müqəddəs Yazı Allahdan ilham” alıb (2 Timoteyə 3:16). Allahın Kəlamında təsvir olunan çoxlu nümunələr, Yehovanın Onu yüksəldənlərə necə xeyir-dua verdiyini və bunu etməyənlərin başına nələr gəldiyini göstərir. Bu hadisələrdən biri, Malaki peyğəmbərin günlərində İsraildə baş verən hadisəni nəql edir. Nehemya İsrailin padşahı olan zaman, təxminən b. e. ə. 443-cü ildə Malaki öz adını daşıyan kitabı yazdı. Bu əzəmətli və həyacanlandırıcı kitaba, “son əsrlərə çatan bizlər üçün də məsləhət olaraq” qeyd edilən mə’lumat və peyğəmbərliklər daxildir (1 Korinflilərə 10:11). Malakinin sözlərinə diqqət yetirməyimiz, Yehovanın indiki natəmiz sistemi məhv edəcəyi “böyük və qorxunc gününə” hazırlaşmaqda bizə kömək edəcək (Malaki 4:5).
4. Malaki kitabının birinci fəsli diqqətimizi hansı altı fikrə yönəldir?
4 Malakinin 2 400 il bundan əvvəl yazdığı kitabı, XXI əsrdə yaşayan bizlərə Yehovanın böyük və qorxunc gününə hazırlaşmaqda necə kömək edir? Bu kitabın birinci fəslində azı altı fikir qeyd etmək olar. Biz həmin fikirlərə riayət etməklə Allahı yüksəldər, Onun lütfünü qazanar və əbədi yaşamaq imkanı əldə edə bilərik. Həmin fikirlər bunlardır: 1) Yehova öz xalqını sevir, 2) biz, müqəddəs şeyləri qiymətləndirməliyik, 3) Yehova, malik olduğumuz şeylərin ən yaxşısını Ona verəcəyimizi gözləyir, 4) həqiqi ibadətin arxasında tamahkarlıq deyil, təmənnasız məhəbbət durur, 5) Allaha məqbul olan ibadət — usandırıcı və əziyyətli deyil, 6) hər birimiz Allaha hesabat verəcəyik. Gəlin, “Malaki” kitabına əsaslanan üç məqalədən birincini nəzərdən keçirək və bu kitabın birinci fəslində qeyd olunan fikirlərin hər birinə diqqət yetirək.
Yehova öz xalqını sevir
5, 6. a) Yehova Yaqubu nəyə görə sevirdi? b) Yaqubun malik olduğu sədaqəti təzahür etdirsək, nəyə ümid bəsləyə bilərik?
5 Yehovanın məhəbbəti “Malaki” kitabının ilk ayələrində aydın göstərilir. Kitab belə sözlərlə başlayır: “İsrailə Rəbb sözünün yükü”. Daha sonra Allah deyir: “Sizi sevdim”. Elə həmin ayədə Yehova misal çəkərək, bəyan edir: “Mən Yaqubu sevdim”. Yaqub Yehovaya inanırdı. Yehova vaxtilə Yaqubun adını İsrail adına dəyişmiş və o, İsrail xalqının ulu babası olmuşdu. Yaqub imanlı insan olduğu üçün Yehova onu sevirdi. Yehova, Ona qarşı Yaqub kimi münasibət bəsləyən insanları da sevirdi (Malaki 1:1, 2).
6 Əgər Yehovanı sevir və sədaqətlə Onun xalqı ilə həmrə’ylikdə qalırıqsa, 1 Samuel 12:22 ayəsində yazılan sözlərdən təsəlli ala bilərik: “Rəbb xalqını öz böyük ismi naminə buraxmayacaqdır”. Yehova öz xalqını sevir və onu mükafatlandırır, nəhayətdə isə ona əbədi həyat bəxş edəcəkdir. Məzmur 37:3, 4 ayələrində oxuyuruq: “Rəbbə güvən və yaxşılıq et; məmləkətdə otur və onun sədaqəti ilə bəslən. Rəbdən də ləzzət al; O da sənə ürəyinin diləklərini verəcəkdir”. “Malaki” kitabının birinci fəsli diqqətimizi, Yehovaya olan məhəbbətlə bağlı ikinci fikrə yönəldir.
Müqəddəs şeyləri qiymətləndirmək
7. Yehova Esava nə üçün nifrət edirdi?
7 Malaki 1:2, 3 ayələrinə əsasən, Yehova “Yaqubu sevdim” deyə e’lan etdikdən sonra deyir: “Esava nifrət etdim”. Onların arasında nəyə görə belə böyük fərq vardı? Yaqub Yehovanı yüksəldirdi, onun əkiz qardaşı Esav isə bunu etmirdi. Esavı, həmçinin Edom da adlandırırdılar. Malaki 1:4 ayəsində Edom xaraba diyar adlanır, onun sakinləri isə mühakiməyə mə’ruz qalırlar. Esav qiymətli olan “ilk oğulluq haqqını” Yaquba bir qab qırmızı şorbaya satdığına görə, ona Edom adı (mə’nası “qırmızı” deməkdir) verilmişdi. Yaradılış 25:34 (MKŞ) ayəsində deyilir: “Esav ilk oğulluq haqqına e’tinasızlıq etdi”. Həvari Pavel həmimanlılarını təşviq edirdi ki, “heç kimsə əxlaqsız və yaxud Esav kimi Allahdan uzaq düşən adam olmasın. Çünki Esav ilk doğulmuş olmağın haqqını bir qab xörəyə satdı” (İbranilərə 12:14-16).
8. Pavel Esavı nə üçün əxlaqsızla müqayisə edir?
8 Pavel Esavın hərəkətini nə üçün əxlaqsızlıqla müqayisə edir? Çünki Esavın düşüncə tərzinə malik olan insan, müqəddəs şeyləri qiymətləndirməyə son qoya bilər. Bu isə öz növbəsində, əxlaqsızlıq kimi ciddi günaha gətirib çıxara bilər. Bunu nəzərə alaraq hər kəs özündən soruşmalıdır: hərdən məndə məsihçi mirasımı — əbədi həyatı — bir qab mərcimək şorbasına bənzər ötəri şeylərə dəyişmək kimi fikirlər yaranırmı? Özüm də dərk etmədən, müqəddəs şeylərə e’tinasız yanaşırammı? Esav fiziki arzularını tə’min etməyə tələsirdi. O, Yaquba dedi: “[“Tez ol, xahiş edirəm”, YD], bu qırmızı şorbadan bir az ver, yeyim” (Yaradılış 25:30, MKŞ). Əfsuslar olsun ki, Allahın bə’zi xidmətçiləri də, sanki belə deyirlər: “Tez ol! Qanuni nikahı gözləmək nəyə lazımdır?” Nəyin bahasına olursa-olsun cinsi arzularını tə’min etməyə can atmaq, onlar üçün bir qab mərcimək şorbasına çevrilmişdir.
9. Yehovanın qarşısında ehtiramlı qorxunu necə qoruya bilərik?
9 Gəlin, heç zaman əxlaqi təmizliyə, salehliyə və ruhani mirasımıza hörmətsiz yanaşıb, müqəddəs şeylərə e’tinasızlıq göstərməyək. Gəlin, Esav kimi olmaq əvəzinə, sədaqətli Yaqub kimi Allah qarşısında ehtiramlı qorxunu qoruyaq və müqəddəs şeylərə görə dərindən minnətdar olaq. Bunu necə edə bilərik? Yehovanın tələblərini dəqiqliyi ilə yerinə yetirməklə. Burada biz məntiqi olaraq Malakinin birinci fəslindəki üçüncü fikrə keçirik. Bu hansı fikirdir?
Malik olduğumuz şeylərin ən yaxşısını Yehovaya vermək
10. Kahinlər hansı mə’nada Yehovanın süfrəsinə e’tinasız yanaşırlar?
10 Malakinin günlərində Yerusəlim mə’bədində xidmət edən kahinlər Yehovaya yaxşı qurbanlar gətirmirdilər. Malaki 1:6-8 ayələrində deyilir: “Oğul ataya və qul ağasına hörmət edər; ismimi xor görən kahinlər, əgər mən atayamsa, hanı mənim izzətim? əgər mən ağayamsa, hanı məndən qorxu? orduların Rəbbi sizə deyir”. “İsmini necə xor gördük?” deyə kahinlər soruşurlar. Yehova onlara cavab verir: “Qurbangahım üzərində murdar çörək təqdim edirsiniz”. Kahinlər yenidən soruşurlar: “Səni nə ilə murdar etdik?” Yehova isə onlara cavab verir: “Rəbbin süfrəsi xor görüləcək bir şeydir, deməyinizlə”. Bu kahinlər hər dəfə qurbangaha qüsurlu heyvanlar gətirməkdə pis bir şey görməməklə Yehovanın süfrəsinə e’tinasız yanaşırdılar.
11. a) Yehova məqbul olmayan qurbanlar haqqında nə dedi? b) Ümumiyyətlə İsrail xalqı nəyə görə taqsırkar idi?
11 Yehova daha sonra məqbul olmayan qurbanlar haqqında onları düşünməyə təşviq edərək deyir: “Haydı, öz valinə onu təqdim et; səndən razı olarmı? Yaxud sənə e’tibar edərmi?” Xeyr, bu cür qurbanlar onların valilərinin xoşuna gəlməzdi! Qüsurlu qurbanlar Kainatın Ali Hökmdarına isə heç məqbul deyil! Qısa desək, töhmətə layiq olan yalnız kahinlər deyildilər. Bəli, onlar qüsurlu heyvanları qurban gətirməklə Yehovaya hörmətsizlik edirdilər. Bəs ümumiyyətlə İsrail xalqının taqsırkar olmadığını demək olarmı? Əsla, yox! Axı kor, topal və xəstə heyvanları qurban üçün xalqın özü seçib kahinlərin yanına gətirirdi. İsraillilər necə də ağır günaha batırdılar!
12. Malik olduğumuz şeylərin ən yaxşısını Yehovaya verməyə kömək edən nədir?
12 Malik olduğumuz şeylərin ən yaxşısını Yehovaya verməklə, Onu həqiqətən də sevdiyimizi göstərmiş oluruq (Matta 22:37, 38). Malakinin günlərində yaşayan qanunsuz kahinlərdən fərqli olaraq, Yehovanın təşkilatı, Allahın tələblərinə riayət etməyimiz və bununla da Onu yüksəltməyimiz üçün Müqəddəs Kitaba əsaslanan çoxlu məsləhətlər verir. Bura, Malakinin birinci fəslindəki dördüncü vacib fikir aiddir.
Həqiqi ibadətin arxasında tamahkarlıq deyil, məhəbbət durur
13. Kahinlərin öz xidmətlərini tamahkarlıqla icra etmələri onların hansı əməllərindən görünürdü?
13 Malakinin günlərindəki kahinlər mənfəət güdən, rəhmsiz və tamahkar idilər. Bu haradan mə’lumdur? Malaki 1:10 ayəsində deyilir: “Kaş ki, aranızda biri olaydı və qapıları bağlayaydı, qurbangahım üzərində boş yerə alov alışdırmayaydınız! Mən sizdən məmnun deyiləm, orduların Rəbbi deyir və əlinizdən təqdimə almağa razı olmaram”. Həmin acgöz kahinlər mə’bəddə icra etdikləri ən sadə xidmət üçün pul tələb edirdilər! Onlar, hətta qapıları örtmək və qurbangahı alışdırmaq üçün də pul alırdılar. Onların gətirdikləri qurbanın Yehovaya nəyə görə məqbul olmadığı aydındır!
14. Nəyə görə demək olar ki, Yehovanın Şahidlərinin xidməti məhəbbətdən irəli gəlir?
14 Qədim Yerusəlimin günah içində olan kahinlərinin tamahkarlığı və xudbinliyi, Müqəddəs Kitaba əsasən tamahkarların Allahın Padşahlığını miras almayacaqlarını xatırladır (1 Korinflilərə 6:9, 10). Kahinlərin özlərini məmnun etməyə çalışmalarının üzərində düşünmək, bizi, Yehovanın Şahidlərinin ümumdünya təbliğ fəaliyyətinə daha böyük hörmətlə yanaşmağa təşviq edir. Təbliğ könüllü keçirilir və biz, xidmətimizə görə pul almırıq. Xeyr, biz, “Allah kəlamının xırdavatçıları deyilik” (2 Korinflilərə 2:17). Pavel kimi, hər birimizin: “Allahın xoş xəbərini sizə müftə olaraq məmnunluqla təbliğ etdim” deməyə haqqı var (2 Korinflilərə 11:7, YD). Pavelin xoş xəbəri məmnunluqla təbliğ etməsinə diqqət yetirin. Bu bizi, Malakinin birinci fəslindəki beşinci fikrə gətirib çıxarır.
Allaha xidmət etmək usandırıcı və əziyyətli deyil
15, 16. a) Kahinlər qurbanın gətirilməsinə necə yanaşırdılar? b) Yehovanın Şahidləri öz qurbanlarını necə təqdim edirlər?
15 Qədim Yerusəlimdə xain kahinlər qurban gətirməyi usandırıcı və əziyyətli iş hesab edirdilər. Bu onlar üçün yük idi. Malaki 1:13 ayəsində qeyd olunduğu kimi, Allah onlara dedi: “Bu nə yorğunluq! deyirsiniz və ona tövşüyürsünüz”. Bu kahinlər, Allah üçün müqəddəs olan şeylərə nifrətlə yanaşırdılar. Gəlin, onlara bənzəməmək üçün dua edək. Gəlin, həmişə 1 Yəhya 5:3 ayəsinin ruhuna əsasən davranaq: “Çünki Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir”.
16 Gəlin, Allaha ruhani qurbanları sevinclə gətirək və bunu heç zaman ağır yük sanmayaq! Gəlin, peyğəmbərlik sözlərinə diqqət yetirək: “Ona [Yehovaya] deyin: Hər qanunsuzluğu bağışla və bizi inayətinlə qəbul et; buğalar yerinə dodaqlarımızın təqdimələrini ödəyəcəyik” (Hoşea 14:2). “Dodaqlarımızın təqdimələri” ifadəsi, Yehovaya həmd edərək və Onun niyyətlərini təbliğ edərək gətirdiyimiz ruhani qurbanları, yə’ni sözləri nəzərdə tutur. İbranilərə 13:15 ayəsində deyilir: “Bu səbəbdən, həmişə İsa vasitəsilə Allaha həmd qurbanını, yə’ni Onun adını iqrar edən dodaqların bəhrəsini təqdim edək”. Gətirdiyimiz ruhani qurbanların sadəcə rəsmiyyətçilik deyil, Allaha olan həqiqi məhəbbətimizin ifadəsi olmasına necə də şadıq! Burada biz Malakinin birinci fəslindəki altıncı fikrə yetişirik.
Hər birimiz hesabat verəcəyik
17, 18. a) Yehova “aldadıcını” nə üçün lə’nətlədi? b) Düzgün davranmayanlar nəyi nəzərə almırdılar?
17 Malakinin günlərində yaşayan insanlar əməllərinə görə məs’uliyyət daşıyırdılar, bu, bizə də aiddir (Romalılara 14:12; Qalatiyalılara 6:5). Bununla əlaqədar Malaki 1:14 ayəsində deyilir: “Sürüsündə erkək heyvan varkən, və’d verib Rəbbə qüsurlu olanı qurban edən aldadıcı lə’nətli olsun”. Əgər bir adamın sürüsü vardısa, deməli, birdən artıq heyvana malik idi və onun qarşısında seçmək imkanı vardı. O, qurban gətirmək üçün kor, topal və xəstə heyvan seçmək məcburiyyətində deyildi. Lakin əgər həmin insan qüsurlu heyvan seçirdisə, bu, onun Yehova tərəfindən qurban üçün tə’sis edilən tələblərə e’tinasız yanaşdığını göstərirdi, axı sürüdə həmişə sağlam heyvan tapmaq olardı!
18 Bu səbəbdən, sürüsündə müvafiq erkək heyvan ola-ola kahinə kor, topal və xəstə heyvanları qurban gətirdiyinə görə, ehtimal ki, sürüyüb gətirdiyinə görə, Yehovanın həmin “aldadıcını” lə’nətləməyə tam haqqı vardı. Malakinin peyğəmbərliyində, kahinlərdən bir nəfərin Qanuna istinad edərək gətirilən heyvanın məqbul olmadığını onlara izah etməsi barədə bir kəlmə də deyilmir (Levililər 22:17-20). Hər bir ağıllı insan başa düşür ki, bu cür qurbanı valisinə gətirərsə, başı salamat qalmaz. Onların qarşısında isə, yer üzündə yaşayan hər hansı vali deyil, Kainatın Ali Hökmdarı Yehova dururdu. Malaki 1:14 ayəsində Yehovanın sözləri təqdim edilir: “Mən böyük Padşaham, orduların Rəbbi deyir və millətlər arasında ismim qorxuncdur”.
19. Biz, səbirsizliklə nəyi gözləyir və nə etməliyik?
19 Allahın hədsiz sədaqətli xidmətçiləri olan bizlər, bütün bəşəriyyətin böyük Padşaha — Yehovaya dərin ehtiram bəsləyəcəyi günü səbirsizliklə gözləyirik. O zaman “sular dənizi necə doldurursa, dünya da Rəbb bilgisi ilə dolu olacaq” (İşaya 11:9). Hələlik isə gəlin, Allahın tələblərinə riayət etmək üçün əlimizdən gələni edərək: “Şükranla onu yüksəldərəm” deyən məzmurçunu təqlid edək (Məzmur 69:30). Malakinin peyğəmbərliyində bizim xeyrimizə olan digər məsləhətlər də var. Gəlin, “Malaki” kitabının qalan fəsillərini müzakirə edən növbəti iki məqaləyə diqqətlə yanaşaq.
Xatırlayırsınızmı?
• Biz, Yehovanı nə üçün yüksəltməliyik?
• Malakinin günlərində kahinlərin gətirdiyi qurbanlar Yehovaya nə üçün məqbul deyildi?
• Biz, Yehovaya həmd qurbanlarını necə gətiririk?
• Həqiqi ibadət necə olmalıdır?
[18-ci səhifədəki şəkil]
Malakinin peyğəmbərliyi bizim günlərə işarə edirdi.
[19-cu səhifədəki şəkil]
Kahinlər və xalq məqbul olmayan qurbanlar gətirirdilər.
[20-ci səhifədəki şəkil]
Esav müqəddəs şeyləri qiymətləndirmirdi.
[21-ci səhifədəki şəkil]
Bütün dünyada Yehovanın Şahidləri könüllü surətdə həmd qurbanları gətirirlər.