Oxucuların sualları
İsanın Matta 19:10—12 ayələrində yazılan sözləri subay qalmağı seçənlərin bu ənamı möcüzəvi şəkildə aldıqlarınımı göstərir?
▪ Gəlin görək İsa subaylıq haqqındakı bu fikirləri hansı şərtlər altında demişdi. Fəriseylər onun yanına gəlib boşanma ilə bağlı suallar verəndə İsa Yehovanın nikaha dair nöqteyi-nəzərini aydın şəkildə izah etmişdi. Düzdür, Qanunda kişiyə icazə verilirdi ki, arvadında «ləyaqətsiz bir şey» tapdığı təqdirdə ona talaq, yəni boşanma kağızı versin. Lakin ta başlanğıcdan bu belə olmamışdı (Qanun. t. 24:1, 2). Buna görə də İsa demişdi: «Kim arvadını onun cinsi əxlaqsızlığına görə deyil, başqa səbəbə görə boşayıb özgəsinə evlənirsə, zina edir» (Mat. 19:3—9).
Şagirdlər bunu eşidəndə dedilər: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» İsa cavabında onlara dedi: «Bunu hər kəs bacarmaz, bunu yalnız qabiliyyəti olan adam bacarar. Bəzilərinin bədənində anadangəlmə qüsur [«xədim», haşiyə] olduğu üçün onlar cinsi yaxınlığa qadir deyillər, bəzilərini insanlar cinsi yaxınlığa yararsız [«xədim», haşiyə] etmişlər, amma elələri də var ki, səmavi padşahlığa görə evlənməkdən imtina edirlər. Bu cür yaşamağı bacaran, qoy bu cür yaşasın» (Mat. 19:10—12).
Hərfi mənada xədim dedikdə anadangəlmə qüsurlu olanlar, eləcə də bədbəxt hadisə nəticəsində və ya kimsə tərəfindən şikəst edilmiş insanlar nəzərdə tutulur. Lakin elələri də var ki, özləri özlərini xədim edirlər. Onlar evliliyə yararlı olsalar da, özlərinə hakim olmağı bacarır və «səmavi padşahlığa görə evlənməkdən imtina edirlər». İsa kimi, onlar da özlərini tamamilə Padşahlığın işinə həsr etmək üçün subaylığı seçirlər. Bu cür insanlar nə subaylıq ənamı ilə doğulublar, nə də bu, onlara bəxş edilib. Onlar əslində bu cür yaşamağı bacarır, yəni bu ənamı öz istəkləri ilə alırlar.
İsanın dediklərinə əlavə edərək həvari Pavel izah edir ki, subay və ya evli olmalarından asılı olmayaraq, bütün məsihçilər Allaha məqbul tərzdə xidmət edə bilərlər, lakin subay qalan şəxs «ürəyində bakirliyini qorumağı qət edibsə», o, daha yaxşı iş görür. Nəyə görə? Çünki evli insanlar öz vaxtlarından və qüvvələrindən elə istifadə etməlidirlər ki, həyat yoldaşlarını razı salsınlar və onların qeydinə qalsınlar. Subay məsihçilərin isə heç bir öhdəçiliyi olmadığından özlərini Ağamıza xidmətə həsr edə bilirlər. Onlar öz subaylıqlarına Allahın ənamı kimi baxırlar (1 Kor. 7:7, 32—38).
Beləliklə, Müqəddəs Yazılarda deyilir ki, məsihçi subaylıq ənamını möcüzəvi şəkildə almır. O, evlənməməklə özündə bunu inkişaf etdirir ki, yayınmadan Padşahlığın maraqlarını birinci yerə qoya bilsin. Bu gün çoxları məhz bu səbəbdən ürəklərində subay qalmağa qərar verirlər. Yaxşı olardı ki, başqaları da onları ruhlandırsın.