Məttanın yazdığı müjdə
19 İsa bu sözləri deyəndən sonra Cəlilədən çıxdı və İordan çayının o tayına, Yəhudiyyə sərhədlərinə gəldi.+ 2 Onun dalınca çoxlu adam getdi. İsa orada xəstələri sağaltdı.
3 Fərisilər İsanın yanına gəldilər və onu sınamaq üçün soruşdular: «Kişi hər səbəbə görə arvadını boşaya bilər?»+ 4 İsa onlara cavab verdi: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb+ 5 və belə deyib: “Buna görə də insan öz ata-anasını tərk edib arvadına bağlanacaq və ikisi bir bədən olacaq”?+ 6 Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın».+ 7 Onlar İsaya dedilər: «Onda Musa nəyə görə arvada talaq kağızı verməyi buyurub onu boşamağa izin vermişdi?»+ 8 İsa cavab verdi: «Musa inadkar olduğunuza görə arvadınızı boşamağa izin vermişdi,+ halbuki başlanğıcdan belə olmayıb.+ 9 Bilin və agah olun, kim arvadını əxlaqsızlıq* etdiyinə görə deyil, başqa səbəbə görə boşayıb özgəsi ilə evlənirsə, zina edir».+
10 Şagirdlər ona dedilər: «Əgər iş belədirsə, onda evlənməmək daha yaxşıdır ki!» 11 İsa onlara dedi: «Bunu hər kəs bacarmaz, bunu yalnız ilahi ənamı olanlar bacarar.+ 12 Bəziləri bədənində anadangəlmə qüsur olduğu üçün evlənə bilmir, bəzilərini insanlar buna yararsız etmişlər *, amma elələri də var ki, səmavi Padşahlığa görə özləri evlənməkdən imtina edirlər *. Bu cür yaşamağı bacaran qoy bu cür yaşasın».+
13 Sonra valideynlər uşaqlarını İsanın yanına gətirdilər. Onlar istəyirdilər ki, İsa uşaqlar üçün Allahdan xeyir-dua diləsin*. Şagirdlər isə onları danladılar.+ 14 Lakin İsa dedi: «Qoyun uşaqlar yanıma gəlsin, onlara mane olmayın, çünki səmavi Padşahlıq belələrinə məxsusdur».+ 15 İsa onlara xeyir-dua verib qurtarandan sonra oradan getdi.
16 Bir dəfə bir adam ona yaxınlaşıb dedi: «Ustad, əbədi həyatı almaq üçün mən hansı yaxşı işləri görməliyəm?»+ 17 İsa ona dedi: «Nəyin yaxşı olduğunu məndən niyə soruşursan? Yalnız bir yaxşı Varlıq var*.+ Əgər həyata qovuşmaq istəyirsənsə, əmrlərə daima riayət et».+ 18 O soruşdu: «Hansı əmrlərə?» İsa cavab verdi: «Adam öldürmə,+ zina etmə,+ oğurluq etmə,+ yalan şahidlik etmə,+ 19 atana və anana hörmət et,+ başqasını özünü sevdiyin kimi sev».+ 20 Cavan dedi: «Bütün bunlara əməl edirəm. Daha nə edim?» 21 İsa ona dedi: «Əgər kamil bəndə olmaq istəyirsənsə, get, nəyin varsa, hamısını sat, kasıblara payla. Onda göydə xəzinən olacaq.+ Sonra mənim ardımca gəl».+ 22 Cavan bunu eşidəndə kədərlənib getdi, çünki çox dövlətli idi.+ 23 Onda İsa şagirdlərinə dedi: «Bəli, varlı adam üçün səmavi Padşahlığa girmək çox müşkül olacaq.+ 24 Bunu bilin ki, dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır».+
25 Şagirdlər bunu eşidəndə bərk təəccüblənib soruşdular: «Onda kim xilas ola bilər?»+ 26 İsa zənnlə onlara baxıb dedi: «Bu, insan üçün mümkün deyil, amma Allah üçün hər şey mümkündür».+
27 Butrus ona dedi: «Bax, biz hər şeyi qoyub sənin ardınca gəldik. Bunun əvəzində nə alacağıq?»+ 28 İsa onlara dedi: «Əmin olun, hər şey yeniləşəndə və insan Oğlu öz şanlı taxtına oturanda mənim ardımca gələn sizlər də on iki taxtda oturub İsrailin on iki qəbiləsinə hakimlik edəcəksiniz.+ 29 Mənim adım uğrunda evlərini, bacı-qardaşını, atasını, anasını, uşaqlarını və torpaqlarını qoyub gələn bundan yüzqat artığını alacaq və əbədi həyata qovuşacaq.+
30 Amma birincilərdən bir çoxu axırıncı, axırıncılar isə birinci olacaq.+