Fəsil 102
Məsih təntənə ilə Yerusəlimə daxil olur
NİSANIN 9-u səhər vaxtı İsa Məsih şagirdləri ilə Betaniyadan çıxıb Yerusəlimə gedirlər. Onlar tezliklə Zeytun dağında yerləşən Betfagiyaya yaxınlaşırlar. İsa şagirdlərindən ikisinə deyir:
«Qarşıdakı kəndə gedin. Kəndə girəndə payaya bağlanmış bir eşşək və yanında bir qoduq görəcəksiniz. Onları açıb yanıma gətirin. İşdir, kimsə sizə bir söz desə, deyin ki, Ağaya lazımdır. O da dərhal heyvanları sizə verəcək».
Şagirdlər əvvəlcə başa düşmürlər ki, İsanın bu göstərişi ilə Müqəddəs Kitab peyğəmbərliyi həyata keçir (onlar bunu bir qədər sonra anlayırlar). Zəkəriyyə peyğəmbər qabaqcadan demişdi ki, Allahın vəd edilmiş Padşahı Yerusəlimə «eşşəyin balası olan sıpaya minib gələcək». Misal üçün, Süleyman padşah da məsh olunmağa gedəndə qoduğa minmişdi.
İsanın şagirdləri Betfagiyaya girib heyvanları açanda oradakı adamlar deyirlər: «Heyvanı niyə açırsınız?» Amma şagirdlər onların Ağaya lazım olduğunu deyəndə adamlar mane olmurlar. Şagirdlər üst paltarlarını çıxarıb eşşəyin və qoduğun belinə qoyurlar. İsa qoduğa minir.
O, yoluna davam edir. Onunla gedən izdiham get-gedə böyüyür. Adamların əksəriyyəti üst paltarlarını, bəziləri isə ağac budaqlarını yola sərirlər. Onlar ucadan: «Yehovanın adı ilə Padşah kimi gələnə eşq olsun!» və «Göydə sülh və yüksəklərdə Yaşayana eşq olsun!» — deyirlər.
İzdihamın arasında fəriseylər də var. Onlar camaatın bu həmd sözlərinə qəzəblənib İsaya şikayətlənirlər: «Müəllim, şagirdlərini susdur». Lakin İsa onlara belə cavab verir: «Bunu bilin ki, onlar sussa, daşlar dilə gəlib qışqıracaq».
İsa Yerusəlimə yaxınlaşdıqda ona baxıb ağlayır və deyir: «Kaş sən sülhə aparan yolu bu gün dərk edəydin... Amma gözlərin bağlanıb». Yerusəlim inadla göstərdiyi itaətsizliyin əvəzini ödəməlidir. Bu haqda İsa peyğəmbərlik edir:
«Düşmənlərin ətrafında ucu şiş payalarla istehkam quracaq, səni mühasirəyə alıb hər tərəfdən sıxışdıracaq. Onlar səni və uşaqlarını yerə çırpacaq, səndə daşı daş üstə qoymayacaq». İsanın dediyi peyğəmbərlik 37 il sonra, eramızın 70-ci ilində Roma qoşunları general Titin rəhbərliyi altında Yerusəlimi darmadağın edən zaman yerinə yetdi.
İzdihamın arasından çoxları cəmi bir neçə həftə əvvəl İsanın Lazarı diriltdiyinin şahidi olmuşdu. Onlar hələ də bu möcüzəni başqalarına danışırlar. Buna görə də İsa Yerusəlimə daxil olanda bütün şəhər əhalisi arasında canlanma yaranır. Onlar maraqla soruşurlar: «Bu kimdir?» İzdiham: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir!» — deyə cavab verir. Bu hadisələri müşahidə edən fəriseylər yana-yana deyirlər: «Bütün dünya onun ardınca gedir!»
İsa həmişə Yerusəlimə gələndə etdiyi kimi, bu səfər də təlim vermək üçün məbədə girir. Burada kor və axsaq adamlar onun yanına gəlir və İsa onları sağaldır. Böyük kahinlər və mirzələr İsanın etdiyi möcüzələri görəndə və məbəddə: «Yalvarırıq, Davud Oğlunu xilas et!» — deyən oğlan uşaqlarının sədasını eşidəndə qəzəblənirlər. Onlar narazılıqla İsaya deyirlər: «Bunların nə dediyini eşidirsən?»
İsa cavab verir: «Bəli, eşidirəm. Məgər: “Sən körpələrin və çağaların dili ilə həmd səsləndirdin”, — sözlərini heç vaxt oxumamısınız?»
İsa təlim verməyə davam edir və ətrafa göz gəzdirir. Gün başa çatmaq üzrədir. İsa on iki həvarisi ilə oradan çıxıb Betaniyaya qayıdır. Ehtimal ki, o, həmin gecəni Lazarın evində keçirir. Matta 21:1—11, 14—17; Mark 11:1—11; Luka 19:29—44; Yəhya 12:12—19; Zəkəriyyə 9:9.
▪ İsa bir padşah kimi Yerusəlimə nə vaxt və necə gəlir?
▪ İzdihamın İsanı mədh etməsi hansı mənanı kəsb edir?
▪ İsa Yerusəlimə baxanda hansı hissləri keçirir və hansı peyğəmbərliyi söyləyir?
▪ İsa məbədə girəndə nələr olur?