Ürəklərə yazılmış məhəbbət qanunu
«Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam» (YEREMYA 31:33).
1, 2. a) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik? b) Yehova Sina dağında necə zühur etdi?
ÖTƏN iki məqalədən öyrəndik ki, Musa Sina dağından enəndə Yehovanın izzətini əks etdirdiyindən üzü nur saçırdı. Biz, həmçinin, Musanın üzünü niqabla örtməsinin səbəbini də müzakirə etdik. İndi isə gəlin, məsihçilər üçün bu gün xüsusilə maraqlı olan bir mövzuya toxunaq.
2 Musa dağda olanda Yehovadan müəyyən göstərişlər aldı. Sina dağının ətəyində toplaşmış israillilər Allahın heyrətli zühurunun şahidi oldular. «Göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi... Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi» (Çıxış 19:16-18).
3. Yehova İsrailə On əmri hansı yolla verdi və xalqa nə aydın oldu?
3 Yehova, mələk vasitəsilə danışaraq, xalqına On əmr adlanan qanunları verdi (Çıxış 20:1-17). Buna görə də qanunların Küll-İxtiyar Allah tərəfindən verildiyinə şübhə ola bilməzdi. Yehova bu qanunları daş lövhələrə yazmışdı. İsraillilərin qızıl danaya sitayiş etdiklərini görən Musa, bu lövhələri çilik-çilik etmişdi. Yehova həmin əmrləri digər daş lövhələrin üzərinə yazdı. Bu dəfə lövhələrlə dağdan enəndə Musanın üzü nur saçırdı. Bununla da qanunların böyük əhəmiyyətə malik olduğu artıq hamıya aydın oldu (Çıxış 32:15-19; 34:1, 4, 29, 30).
4. On əmr nə üçün böyük əhəmiyyətə malik idi?
4 Üzərində On əmr yazılan iki lövhə əvvəlcə Hüzur çadırının, sonra isə mə’bədin Ən müqəddəs yerində olan Əhd sandığının içində saxlanılırdı. Həmin əmrlər Musaya verilən Qanunun başlıca prinsiplərinin və İsrailin teokratik idarə sisteminin əsasını təşkil edirdi. On əmr Yehovanın Özü üçün xüsusi bir xalq seçdiyinə şəhadət edirdi.
5. Allahın İsrailə verdiyi qanun Onun məhəbbətini necə əks etdirirdi?
5 Bu qanunlar Yehovanın şəxsiyyəti, xüsusilə də xalqına olan məhəbbəti haqqında çox şey deyirdi. On əmr itaətkar insanlar üçün necə də qiymətli hədiyyə idi! Bir alim bu əmrlər haqqında yazırdı: «Bəşər övladları tərəfindən qurulmuş hər hansı bir əxlaq sistemi Allahın əhdinin on sözünə nəinki üstün gələ bilər, heç onunla müqayisə oluna bilməz». Yehova Musanın qanunu haqqında demişdi: «Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; siz isə Mənə xidmət edən kahinlər səltənəti, müqəddəs millət olacaqsınız» (Çıxış 19:5, 6).
Ürəyə yazılmış qanun
6. Hansı qanun daş lövhələr üzərində yazılmış qanunlardan daha dəyərlidir?
6 Bəli, Allahın israillilərə verdiyi qanunlar çox qiymətli idi. Bəs, məsh edilmiş məsihçilərin daş lövhələrə yazılmış qanunlardan daha dəyərli bir şeyə malik olduqlarını heç bilirdinmi? Yehova İsrail xalqı ilə bağladığı Qanun əhdini yeni bir əhdlə əvəz edəcəyi haqda peyğəmbərlik etmişdir: «Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam» (Yeremya 31:31-34). Yeni əhdin Vasitəçisi olan İsa, öz davamçılarına yazılı qanunlar külliyyatı vermədi. O, Yehovanın qanununu söylədiyi və etdiyi şeylər vasitəsilə şagirdlərinin ürəyinə və zehninə həkk etdi.
7. «Məsihin Qanunu» ilk növbədə kimlərə verilmişdir və sonradan onu kimlər qəbul etdi?
7 Bu qanun «Məsihin Qanunu» adlanır. O, Yaqubun övladları olan İsrail xalqına deyil, ilk növbədə «Allahın İsraili» adlanan ruhani xalqa verilmişdir (Qalatiyalılara 6:2, 16; Romalılara 2:28, 29). Allahın İsraili müqəddəs ruhla məsh edilmiş məsihçilərdən ibarətdir. Sonradan onlara Yehovaya ibadət etmək arzusunda olan və bütün millətlərdən çıxan «böyük bir izdiham» qoşuldu (Vəhy 7:9, 10; Zəkəriyyə 8:23). Bu iki qrup «tək Çoban»ın rəhbərliyi altında «tək sürü» olaraq «Məsihin Qanununu» qəbul edir və bu qanuna əsasən yaşamağa çalışır (Yəhya 10:16).
8. Musanın qanunu ilə Məsihin qanunu arasında hansı fərq vardı?
8 Doğulan andan Musanın qanununa tabe olan israillilərdən fərqli olaraq, məsihçilər Məsihin qanununu könüllü surətdə qəbul edirlər. Milliyyət və doğum yeri kimi amillər artıq heç bir mə’na kəsb etmir. Məsihçilər Yehova və Onun yolları haqqında öyrənir və bütün qəlbləri ilə Allahın iradəsini yerinə yetirməyə can atırlar. Allahın qanunu ürəklərində yazılan məsh edilmiş məsihçilər Allahın onları cəzalandıracağından qorxduqları üçün və ya borc hissindən irəli gələrək Ona tabe olmurlar. Onların itaətkarlığı daha tutarlı və güclü bünövrəyə əsaslanır. Eynilə, başqa qoyunların da ürəklərində Allahın qanunu yazıldığından onlar da itaətkarlıq göstərirlər.
Məhəbbət üzərində qurulmuş qanunlar
9. Yehovanın qanunlarının məhəbbət üzərində qurulduğunu İsa necə göstərdi?
9 Yehovanın bütün qanunları və göstərişlərinin mahiyyətini bir sözlə ifadə etmək olar: məhəbbət. Məhəbbət həmişə təmiz ibadətin ayrılmaz hissəsi olub və olacaq da. İsadan Qanunda hansı əmrin ən böyük olduğunu soruşanda, o demişdi: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev». İkincisi belədir: «Qonşunu özün kimi sev». Bundan sonra o dedi: «Bütün Qanun və peyğəmbərlər bu iki əmrə bağlıdır» (Matta 22:35-40). Bununla İsa demək istəyirdi ki, nəinki On əmr və Qanun, həmçinin İbranicə Müqəddəs Yazılar da bütövlüklə məhəbbət üzərində qurulmuşdur.
10. Məsihin qanununun məhəbbətə əsaslandığını biz haradan bilirik?
10 Bəs, məsihçilərin də ürəklərində yazılmış qanunun əsasını Allaha və qonşuya olan məhəbbətin təşkil etdiyini demək olarmı? Əlbəttə olar! Məsihin qanununa Allaha olan dərin məhəbbətdən əlavə yeni bir əmr də daxildir: məsihçilər gərək bir-birlərini fədakarlıqla sevsinlər. Bu məsələdə İsa onlara örnək olmalıdır. O, dostlarını o qədər sevirdi ki, onlar üçün həyatını belə qurban verdi. İsa şagirdlərinə Allahı sevməyi və bir-birlərini sevməyə dair ondan nümunə götürməyi öyrədirdi. Məsihçilərin bir-birinə göstərdikləri fədakar məhəbbət onları fərqləndirən əsas xüsusiyyətdir (Yəhya 13:34, 35; 15:12, 13). İsa onlara hətta düşmənlərini də sevməyi öyrədirdi (Matta 5:44).
11. Allaha və bəşəriyyətə olan məhəbbətini İsa necə təzahür etdirdi?
11 Məhəbbəti təzahür etdirməkdə İsa mükəmməl bir nümunədir. O, göydə güclü ruhani şəxsiyyət kimi yaşayarkən, Atasının iradəsini yer üzündə yerinə yetirməyi hazırlıqla öz öhdəsinə götürdü. İnsanların əbədi yaşaya bilmələri üçün həyatını qurban verməklə yanaşı, o, insanlara necə yaşamalı olduqlarını da göstərdi. O, çox həlim, xeyirxah, başqalarına qarşı həssas idi, məzlumlara və fağırlara kömək edirdi. O, yorulmadan «əbədi həyatın sözləri»ni insanlara söyləyir və Yehovanı tanımaqda onlara kömək edirdi (Yəhya 6:68).
12. Nəyə görə demək olar ki, Allaha və yaxınlarımıza olan məhəbbət bir-biri ilə sıx əlaqəlidir?
12 Allaha və yaxınlarımıza olan məhəbbət bir-biri ilə sıx əlaqəlidir. Həvari Yəhya deyirdi: «Məhəbbət Allahdandır... Kim desə ki, mən Allahı sevirəm, amma öz qardaşına nifrət edirsə, o yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Allahı necə sevə bilir?» (1 Yəhya 4:7, 20). Yehova Allah məhəbbətin həm mənbəyi, həm də təcəssümüdür. Bu səbəbdən O, hər bir şeyi məhəbbətlə edir. İnsanları da Öz surətində yaratdığı üçün biz də sevmək qabiliyyətinə malikik (Yaradılış 1:27). Yaxınlarımızı sevməklə Allaha olan məhəbbətimizi ifadə etmiş oluruq.
Sevmək itaət etmək deməkdir
13. Allahı sevmək istəyiriksə, ilk növbədə nə etməliyik?
13 Görmədiyimiz Allahı necə sevə bilərik? İlk mühüm addım Onunla tanış olmaqdır. Əlbəttə, heç birimiz tanımadığımız adamı nə sevə, nə də ki, ona e’tibar edə bilərik. Bu səbəbdən Allahın Kəlamı bizi Onunla yaxından tanış olmağa təşviq edir. Buna, Müqəddəs Kitabı oxumaq, dua etmək və artıq Onu tanıyan və sevən insanlarla sıx ünsiyyət saxlamaqla nail olmaq olar (Məzmur 1:1, 2; Filipililərə 4:6; İbranilərə 10:25). Bu cəhətdən İncildəki dörd Müjdə bizdə xüsusilə maraq doğurur, belə ki, onlar İsa Məsihin həyatı və xidmətini təsvir etməklə yanaşı, Yehovanın keyfiyyətlərini də çox yaxşı əks etdirir. Allahla daha yaxından tanış olub, bizə bəslədiyi məhəbbət üçün minnətdarlığımızı bildirməklə, Ona tabe olmaq və həyatımızda Onun keyfiyyətlərini təzahür etdirmək arzusu da günü-gündən artacaq. Gördüyümüz kimi, Allaha olan məhəbbət itaətlə sıx bağlıdır.
14. Nə üçün Allahın qanunlarının ağır olmadığını söyləyə bilərik?
14 Adətən bizə əziz olan insanların nəyi sevib-sevmədiyini bilirik və bunu nəzərə almağa çalışırıq. Əlbəttə, sevdiyimiz insanı kədərləndirmək istəmirik. Həvari Yəhya yazırdı: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəhya 5:3). Doğrudan da, Allahın əmrləri nə ağır, nə də ki çoxsaylıdır. Bundan əlavə, hər bir addımımızı yönəldəcək çoxsaylı qanunları da əzbərləməyə ehtiyac yoxdur. Düzgün yolu və istiqaməti bizə Allaha olan məhəbbət göstərir. Əgər Allahı seviriksə, Onun iradəsini yerinə yetirməkdən sevinc duyacağıq. Bunu etməklə, Yehova Allahın iltifatını qazanar və Onun qanunlarına riayət etməyin bəhrəsini görərik (Yeşaya 48:17).
15. Bizi Yehovaya bənzəməyə nə təşviq edəcək? İzah edin.
15 Allaha olan məhəbbət bizi Onun keyfiyyətlərini təqlid etməyə təşviq edəcək. Əgər kimisə seviriksə, onun keyfiyyətlərinə heyran olur və ona bənzəməyə çalışırıq. Məsələn, Yehova ilə İsa arasındakı münasibətlər haqqında düşünək. Onlar göydə milyardlarla il birlikdə yaşamışdılar. Aralarında dərin, təmiz məhəbbət vardı. İsa səmavi Atasının şəxsiyyətini o qədər dəqiqliklə əks etdirirdi ki, şagirdlərinə belə demişdi: «Məni görən, Atanı görmüş olur» (Yəhya 14:9). Yehova və Onun Oğlu haqqında daha çox bilik əldə etdikcə ürəyimiz minnətdarlıq hissilə dolacaq, bu isə öz növbəsində bizi hər şeydə Onlara bənzəməyə təşviq edəcək. Yehovaya olan sevgimizin və müqəddəs ruhun köməyi ilə ‘köhnə mənliyimizi və onun əməllərini soyunub yeni mənliyi geyə’ biləcəyik (Koloslulara 3:9, 10; Qalatiyalılara 5:22, 23).
Məhəbbət əməllərlə ifadə olunur
16. Allaha və yaxınlarımıza olan məhəbbətimizi təbliğ xidmətində və şagirdlər hazırlamaq işində necə göstərə bilərik?
16 Allaha və yaxınlarımıza olan məhəbbət, biz məsihçiləri Padşahlıq xəbərini yaymaq və şagirdlər hazırlamaq işində iştirak etməyə təşviq edir. Yehova Allah gördüyümüz bu işdən çox razıdır, çünki ‘O, bütün insanların xilas olub, həqiqəti dərk etmələrini istəyir’ (1 Timoteyə 2:3, 4). Biz Məsihin qanununun insanların ürəklərinə yazılmasına kömək etməkdən böyük sevinc duyuruq. O cümlədən, onların dəyişdiyini, Yehova Allahın keyfiyyətlərini həyatlarında əks etdirdiklərini müşahidə edəndə ürəyimiz necə də sevinir! (2 Korinflilərə 3:18). Doğrudan da, insanların Allahla tanış olmalarına kömək etmək onlara verə biləcəyimiz ən qiymətli hədiyyədir. Yehovanın dostluğunu qəbul edənlər əbədi olaraq bu dostluq münasibətlərindən həzz alacaqlar.
17. Maddi şeylərə meyl salmaqdansa Allaha və yaxınlarımıza məhəbbət bəsləmək nə üçün müdrik hərəkətdir?
17 Biz maddi şeylərin yüksək qiymətləndirildiyi və çox sevildiyi bir dünyada yaşayırıq. Amma maddi şeylər də əbədi deyil. Onlar oğurlana və yaxud da xarab ola bilər (Matta 6:19). Müqəddəs Kitab bizi xəbərdar edir: «Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:16, 17). Bəli, Yehova əbədi yaşadığı kimi, Onu sevənlər və Ona xidmət edənlər də əbədi yaşayacaq. Məgər müvəqqəti olan şeylərə meyl salmaq əvəzinə, Allaha və yaxınlarımıza məhəbbət bəsləmək daha müdrik hərəkət deyilmi?
18. Missioner bacımız məhəbbətini fədakarcasına necə göstərdi?
18 Məhəbbət yolundan ayrılmayanlar Yehovanı izzətləndirirlər. Gəlin, Seneqalda missioner kimi xidmət edən Sonyanın nümunəsinə baxaq. O, Heydi adlı bir qadınla Müqəddəs Kitabı öyrənirdi. Heydi həqiqətlə maraqlanmayan ərindən İİV (insanda immunçatışmazlığı virusu) infeksiyasına yoluxmuşdu. Əri öldükdən sonra Heydi vəftiz olundu, lakin bir müddətdən sonra səhhəti pisləşdi. Onu QİÇS diaqnozu ilə xəstəxanaya qoydular. Sonya danışır: «Xəstəxana işçiləri əllərindən gələni edirdilər, amma onlar sayca çox az idilər. Yığıncaqdan bacı-qardaşlar könüllü olaraq xəstəxanaya gəlib Heydinin qayğısına qalırdılar. İkinci gecəni mən onun yanında qaldım. Gecəni çarpayısının yanındakı döşəkcənin üstündə keçirdim. Həyatının son dəqiqəsinədək onun yanından çəkilmədim. Heydiyə baxan həkim məndən soruşdu: “Ən böyük çətinliyimiz ondadır ki, QİÇS xəstəliyinə tutulanların qohumları belə, onlardan üz döndərir. Bəs nə üçün siz, onun qohumu olmadığınız halda, özünüzü təhlükəyə atırsınız? Axı siz bir ölkədən deyilsiniz, heç dərinizin rəngi də bir deyil?!” Mən həkimə başa saldım ki, Heydi mənim üçün doğma bacı qədər yaxın idi. Ona görə də bacımın qayğısına qalmaq mənə xoş idi». Yeri gəlmişkən demək lazımdır ki, Sonya Heydinin qayğısına qalsa da, bu onun səhhətinə mənfi tə’sir göstərmədi.
19. Ürəyimizə Allahın qanunu yazıldığına görə hansı fürsəti əldən verməməliyik?
19 Yehovanın xidmətçiləri arasında bu cür fədakar məhəbbətə çox rast gəlmək olar. Allahın müasir xalqına qədimdə İsrailə verildiyi kimi yazılı qanun verilməyib. Amma İbranilərə 8:10 ayəsindəki sözlərin onların üzərində yerinə yetdiyini görürük: «Rəbb deyir, “O günlərdən sonra İsrail nəsli ilə bağlayacağım əhd budur: Mən qanunlarımı onların zehninə yerləşdirəcəyəm və onların ürəklərində həkk edəcəyəm; və onların Allahı olacağam, onlar da Mənim xalqım olacaqdır”». Gəlin, biz də Yehovanın ürəyimizə yazdığı məhəbbət qanununu qiymətləndirək və hər bir fürsətdən istifadə edərək məhəbbətimizi nümayiş etdirək.
20. Məsihin qanunu nəyə görə dəyərli xəzinədir?
20 Bu cür məhəbbət təzahür etdirən ümumdünya qardaşlığı ilə birgə Allaha xidmət etmək necə də böyük sevincdir! Ürəklərində Məsihin qanunu olan insanlar məhəbbətdən məhrum olan bu dünyada dəyərli bir xəzinəyə malikdirlər. Onlar həm Yehovanın məhəbbəti ilə əhatə olunurlar, həm də aralarında güclü məhəbbət bağına malikdirlər. «Nə yaxşıdır, nə xoşdur qardaş olub, bir yaşamaq!» Yehovanın Şahidləri müxtəlif ölkələrdə yaşasalar da, müxtəlif dillərdə danışsalar da, müxtəlif mədəniyyətləri təmsil etsələr də aralarında tayı-bərabəri olmayan birlik mövcuddur. Bu cür birlikdən Yehova da razıdır. Məzmurçu davam edir: «Rəbb buyurub ki, bu məkana [məhəbbət tellərilə bağlı olan xalqa] bərəkət, əbədi həyat verilsin» (Məzmur 133:1-3).
Cavab verə bilərsinizmi?
• On əmr nə dərəcədə əhəmiyyətli idi?
• Hansı qanun ürəklərə yazılıb?
• «Məsihin Qanunun»da məhəbbət hansı rolu oynayır?
• Allaha və yaxınlarımıza olan məhəbbətimizi hansı yollarla göstərə bilərik?
[20-ci səhifədəki şəkil]
Sonya seneqallı bir qızla 2004-cü ilin vilayət konqresində.