Çıxış
34 Bundan sonra Yehova Musaya dedi: «Özün üçün əvvəlkilər+ kimi iki daş lövhə yon.+ Onlara sındırdığın lövhələrdəki sözləri yazacağam.+ 2 Səhərə hazır ol. Sina dağının başına qalxacaqsan. Orada Mənim önümdə durmalısan.+ 3 Amma səninlə heç kəs qalxmamalıdır, dağda səndən başqa bir ins-cins görünməməlidir, həndəvərində mal-heyvan belə, otlamamalıdır».+
4 Musa Yehovanın sözünə əməl edib əvvəlkilər kimi iki daş lövhə yondu. Sübh tezdən durdu, lövhələri də əlinə alıb Sina dağına qalxdı. 5 Yehova buludun içində endi+ və Musanın yanında dayanıb Yehova adını bəyan etdi.+ 6 Yehova onun qarşısından keçib dedi: «Yehova, Yehova, rəhmli+ və mərhəmətli+, səbirli+, məhəbbəti* bol,+ həqiqəti əngin olan+ Allah. 7 Minlərcə nəsillərə məhəbbət göstərən,+ təqsiri, asiliyi və günahları bağışlayan,+ günahkarısa əsla cəzasız qoymayan,+ ataların günahlarının cəzasını oğullarına, nəvələrinə, üçüncü, dördüncü nəslə qədər övladlarına çəkdirən Allah».+
8 Musa bunu eşitcək baş əyib yerədək təzim etdi. 9 Sonra dedi: «Yehova, hərçənd biz dikbaş xalqıq,+ amma məni lütfünə layiq bilirsənsə, onda bizimlə get.+ Nə olar, Yehova, təqsirlərimizi, günahlarımızı bağışla,+ bizə yiyə dur». 10 Cavabında Allah dedi: «Sizinlə əhd bağlayıram: bütün xalqın gözü qabağında yer üzündə misli-bərabəri görünməmiş, heç bir xalqın eşidib-bilmədiyi xariqələr törədəcəyəm.+ Aralarında yaşadığınız bütün xalqlar Yehovanın işlərini görəcək. Çünki sizin üçün heyrətamiz* işlər görəcəyəm.+
11 İndi sənə verəcəyim əmrə diqqətlə qulaq as.+ Mən amoriləri, kənaniləri, hetləri, fəriziləri, hiviləri, yəbusiləri önünüzdən qovacağam.+ 12 Məbada gedəcəyiniz ölkənin sakinləri ilə əhd bağlayasınız.+ Bu, sizin üçün tələ olar.+ 13 Onların qurbangahlarını dağıdın, dik daşlarını sındırıb parçalayın, Aşera bütlərini* kəsin.+ 14 Başqa allahlara səcdə etməyin,+ çünki Mən Yehova tam sədaqət tələb edən Allaham. Bəli, Mən tam sədaqət tələb edirəm.+ 15 Məbada o ölkənin sakinləri ilə əhd bağlayasınız, yoxsa onlar öz allahları ilə zina edəndə və onlara qurbanlar gətirəndə sizi də dəvət edəcəklər və siz o qurbanlardan yeyəcəksiniz.+ 16 Sonra isə oğullarınıza onlardan qız alacaqsınız.+ Onların qızları öz allahları ilə zina edəndə oğullarınızı da allahları ilə zina etməyə sövq edəcəklər.+
17 Sitayiş etmək üçün tökmə büt düzəltməyin.+
18 Mayasız çörək bayramını qeyd edin.+ Sizə əmr etdiyim kimi, əviv* ayında, təyin etdiyim vaxt yeddi gün ərzində mayasız çörək yeyin, çünki Misirdən məhz əviv ayında çıxmısınız.+
19 Bütün ilk doğulanlar Mənimdir.+ Mal-heyvanınızın ilk erkək balası Mənimdir.+ 20 Eşşəyin ilk balasının əvəzinə qoyun verib onu satın almalısınız. Almasanız, boynunu sındırmalısınız. İlk doğulan oğullarınız üçün fidyə verməlisiniz.+ Heç kim hüzuruma əliboş gəlməməlidir.
21 Nə işiniz varsa, altı gün ərzində edin, yeddinci gün isə dincəlin.+ Hətta şum və biçin vaxtı belə, həmin gün dincəlməlisiniz.
22 Buğdanın nübarı ilə Həftələr bayramını, ilin sonunda isə Məhsul yığımı bayramını qeyd edin.+
23 İldə üç dəfə bütün kişiləriniz Rəbbin, İsrailin Allahı Yehovanın önünə gəlməlidir.+ 24 Mən bütün xalqları qarşınızdan qovacağam+ və ərazinizi genişləndirəcəyəm. Odur ki, ildə üç dəfə Allahınız Yehovanın hüzuruna gedəndə sizin torpaqlarınıza göz dikən olmayacaq.
25 Mənə gətirdiyiniz qurbanın qanının yanında mayalı heç bir şey təqdim etməyin.+ Pasxa bayramında gətirilən qurbandan səhərə heç nə qalmamalıdır.+
26 Torpağınızın verdiyi ilk məhsulun ən yaxşısını Allahınız Yehovanın evinə gətirin.+
Oğlağı anasının südündə bişirməyin».+
27 Sonra Yehova Musaya dedi: «Bu sözləri yaz,+ çünki səninlə və İsrail xalqı ilə məhz bu sözlərə əsasən əhd bağlayıram».+ 28 Musa Yehovanın yanında qırx gün-qırx gecə qaldı. Bu müddət ərzində nə çörək yedi, nə də su içdi.+ Allah əhdin sözlərini, on əmri* lövhələrə yazdı.+
29 Musa əlində iki Şəhadət lövhəsi Sina dağından endi.+ O bilmirdi ki, Allahla danışdığına görə üzü işıq saçır. 30 Harun və xalq Musaya baxanda gördülər ki, üzü şəfəq saçır, buna görə də ona yaxınlaşmağa qorxdular.+
31 Musa onları çağırdı. Harun icmanın ağsaqqalları ilə birlikdə onun yanına gəldi və Musa onlarla danışdı. 32 Bundan sonra bütün israillilər onun yanına gəldi və Musa Yehovanın Sina dağında verdiyi bütün fərmanları onlara bildirdi.+ 33 Musa hər dəfə onlarla danışıb qurtaranda üzünü niqabla örtürdü.+ 34 Ancaq Yehova ilə danışmaq üçün Onun hüzuruna gedəndə niqabı üzündən götürür, oradan çıxanacan niqabsız olurdu.+ Çıxanda aldığı əmrləri israillilərə çatdırırdı.+ 35 İsraillilər isə Musanın üzünün şəfəq saçdığını görürdü. Onda Musa Allahla danışmağa gedənəcən üzünü niqabla örtürdü.+