Yehovanın səbrini təqlid edin
«Rəbb... Öz və’dini yerinə yetirməkdə gecikmir. O... səbir edir» (2 PETER 3:9).
1. Yehova insanlara hansı müqayisə edilməz ən’amı təklif edir?
YEHOVA bizə heç kimin təklif edə bilməyəcəyi çox cəlbedici və dəyərli bir şey təklif edir. Onu nə pulla almaq, nə də ki qazanmaq olar. Yehovanın təklif etdiyi şey — əbədi həyat ən’amıdır. Bu, əksəriyyətimiz üçün yer üzündə olacaq Cənnətdə sonsuz həyat sürmək deməkdir (Yəhya 3:16). Necə də xoş və sevindirici gələcəkdir! İnsanları bu gün kədərə bürüyən münaqişələr, zorakılıq, yoxsulluq, cinayətkarlıq, xəstəliklər və hətta ölüm yox olacaq. Allahın Padşahlığının məhəbbət dolu rəhbərliyi altında insanlar tam əmin-amanlıq və vəhdət içində yaşayacaqlar. Biz bu Cənnəti necə də böyük səbirsizliklə gözləyirik! (Yeşaya 9:6, 7; Vəhy 21:4, 5).
2. Yehova nəyə görə Şeytan dünyasını hələ aradan qaldırmayıb?
2 Yer üzündə Cənnəti bərpa edəcəyi vaxtı Yehovanın Özü də böyük səbirsizliklə gözləyir. Axı O, salehliyi və ədaləti sevən Allahdır (Məzmur 33:5). Yehova göydən Yer kürəsinə baxanda nə görür? İnsanlar Onun saleh prinsiplərinə e’tinasızlıq göstərir və ya ədavət bəsləyir, hakimiyyətinə xor baxır və xalqını tə’qib edirlər. Bütün bunları müşahidə etmək Onun heç də xoşuna gəlmir. Bəs onda nə üçün Yehova Şeytan dünyasını hələ aradan qaldırmayıb? Bunun üçün Onun əsaslı səbəbləri vardır. Həmin səbəblər özünə Yehovanın hökmranlıq hüququ ilə bağlı mə’nəvi sualları daxil edir. Onların həll edilməsində Yehova, bir çoxlarında bu gün çatışmayan və xüsusilə cəlbedici bir xüsusiyyəti təzahür etdirir. Bu xüsusiyyət səbirdir.
3. a) Müqəddəs Kitabda «səbir» kimi tərcümə olunan ibrani və yunan sözləri hansı mə’nanı verir? b) Biz bu məqalədə hansı sualları araşdıracağıq?
3 «Səbir» kimi tərcümə olunan qədim yunan sözü hərfi mə’nada «ruhun uzunluğu» deməkdir. «İncil» kitabında bu söz «səbir» və «təhəmmül» sözləri kimi tərcümə olunub. Həm ibrani, həm də yunan dilində «səbir» mə’nasını verən söz dözmək, tab gətirmək və gec qəzəblənmək mə’nasını daşıyır. Yehovanın səbirli olması bizə hansı faydanı gətirir və bundan biz nə öyrənə bilərik? Allahın sadiq xidmətçilərinin səbir və təhəmmülündən biz hansı ibrət dərsləri alırıq? Yehovanın səbrinin hüdudsuz olmadığını haradan bilirik? Gəlin bu sualları araşdıraq.
Yehovanın səbri
4. Yehovanın səbri haqqında həvari Peter nə yazmışdı?
4 Yehovanın səbri haqqında həvari Peter yazmışdı: «Sevimlilərim, bu bir şeyi unutmayın ki, Rəbbin gözündə bir gün min il, min il də bir gün kimidir. Rəbb bə’zilərinin zənn etdiyi kimi Öz və’dini yerinə yetirməkdə gecikmir. Əksinə, O bizə səbir edir və istəyir ki, hamı tövbəyə gəlsin və kimsə həlak olmasın» (2 Peter 3:8, 9). Diqqət yetirdinizsə, bu ayələrdə Allahın səbir etməsinin iki səbəbi göstərilir. Gəlin onları birlikdə müzakirə edək.
5. Yehovanın vaxta olan nöqteyi-nəzəri niyyətlərini həyata keçirməsinə necə tə’sir göstərir?
5 Birinci səbəb ondan ibarətdir ki, Yehovanın vaxta olan nöqteyi-nəzəri bizimkindən olduqca fərqlənir. Əbədi yaşayan Yehovanın gözündə min il bir gün kimidir. Onun üçün vaxt məhdudiyyəti yoxdur, vaxt Onun üzərində hökmranlıq etmir. Lakin bu o demək deyil ki, Allah çətinlikləri aradan qaldırmağa yubanır. Misilsiz hikmət sahibi olan Yehova, daha çox insanlara xeyir gətirsin deyə, niyyətlərini həyata keçirmək üçün münasib vaxt seçir və həmin vaxtı səbirlə gözləyir. Lakin biz belə bir nəticəyə gəlməli deyilik ki, Yehova, xidmətçilərinin bu müddət ərzində çəkə biləcəyi hər hansı bir əzaba laqeydliklə yanaşır. Onun «ürəyi mərhəmətlidir», O, məhəbbətin təcəssümüdür (Luka 1:78; 1 Yəhya 4:8). Allah, bu müddət ərzində vurulan hər bir zərəri tamamilə və həmişəlik aradan qaldırmağa qadirdir (Məzmur 37:10).
6. Yehova haqqında biz nə fikirləşməli deyilik və nəyə görə?
6 Əlbəttə, çox arzuladığımız şeyi gözləmək elə də asan deyil (Süleymanın məsəlləri 13:12). Buna görə, kimsə öz və’dini tez bir zamanda yerinə yetirməyəndə, digərləri elə nəticəyə gələ bilərlər ki, o, bunu etmək fikrində deyil. Allah haqqında belə düşünmək necə də müdriklik deyil! Əgər biz Allahın səbrini lənglik hesab ediriksə, onda vaxt keçdikcə bizdə asanlıqla şübhələr yarana bilər və biz ruhdan düşə bilərik. Belə vəziyyət çox təhlükəlidir, çünki ruhani yuxuya qərq olunmaq ehtimalı yaradır. Daha dəhşətlisi isə odur ki, imanları olmayan rişxəndçilərin tə’siri altına düşə və yolumuzu aza bilərik. Belə insanların olacağını Peter qabaqcadan xəbərdarlıq etmişdi. Belələri istehza ilə deyirlər: «Bəs Onun və’d edilmiş zühuru hanı? Çünki əcdadımız gözlərini həyata yumandan bəri hər şey ilk yaranan zaman olduğu kimi qalır» (2 Peter 3:4).
7. Yehovanın səbrindən necə görünür ki, O, insanların tövbə etməsini arzulayır?
7 Yehova istəyir ki, «hamı tövbəyə gəlsin və kimsə həlak olmasın». Bu, Onun səbir etməsinin ikinci səbəbidir. Pis yollarını tərk etməkdən inadla imtina edənlərin üzərinə Yehovanın ədalətli qəzəbi gələcəkdir. Amma Allah pis insanları məhv etməkdən həzz almır, əksinə, onlar tövbə edib öz əməllərindən əl çəkəndə O, çox sevinir, çünki yalnız belə olduqda bu insanlar yaşamağa davam edə bilərlər (Yezekel 33:11). Deməli, insanlar xilas olsunlar deyə, O səbir edir və xidmətçilərini xoş xəbəri bütün dünyada təbliğ etməyə göndərir.
8. İsrail xalqı ilə rəftarından Allahın səbri necə görünür?
8 Yehovanın səbrini qədim İsrail xalqı ilə necə rəftar etməsindən də görə bilərik. Allah əsrlər boyu onların itaətsizliyinə dözürdü. Dəfələrlə peyğəmbərlərinin vasitəsilə «pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlərin vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin» deyə, israilliləri yollarından dönməyə təşviq edirdi. Bunun nəticəsi nə oldu? Əfsuslar olsun ki, ‘onlar bu sözlərə qulaq asmadılar’ (2 Padşahlar 17:13, 14).
9. İsa Atasının səbrini necə əks etdirirdi?
9 Sonda Yehova yer üzünə Öz Oğlunu göndərdi. İsa yorulmadan yəhudiləri Allahla barışmağa çağırırdı. O, Allahın səbrini mükəmməl əks etdirirdi. İsa, öləcəyini bilərək təəssüflə demişdi: «Ey Yerusəlim! Peyğəmbərləri öldürən və ona göndərilənləri daşa basan Yerusəlim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, Mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, amma siz istəmədiniz!» (Matta 23:37). Bu tə’sirli sözlər insanı mühakimə etməyə can atan mərhəmətsiz, daşürəkli hakimin sözləri deyil. Bu sözlər insanlarla səbirlə davranan məhəbbət dolu dostun sözləridir. Səmavi Atası kimi, İsa da insanların tövbə edib hökmdən qaçınmalarını arzulayırdı. Bə’zi adamlar onun bu xəbərdarlıq sözlərinə qulaq asdılar və eramızın 70-ci ilində Yerusəlimin üzərinə gələn hökm günündən sağ çıxdılar (Luka 21:20-22).
10. Yehovanın səbri bizə hansı faydanı gətirir?
10 Məgər Allahın səbirli olması valehedici deyilmi? İnsanların Ona bu qədər itaətsizlik göstərmələrinə baxmayaraq, Yehova milyonlarla insanla yanaşı bizə də Onu tanımaq imkanını və xilas olmaq ümidini verib. Həvari Peter həmimanlılarına yazmışdı: «Rəbbimizin səbrini... qurtuluş hesab edin» (2 Peter 3:15). Məgər Yehovanın səbirli olmasına və bununla da bizim üçün xilas olmaq imkanı yaratdığına görə Ona minnətdar deyilikmi? Bəs Yehovaya günbəgün xidmət etdikcə bizimlə səbirli olması barədə dua edirikmi? (Matta 6:12).
11. Yehovanın nəyə görə bu qədər səbir etməsini başa düşməyimiz bizi nəyə təşviq edir?
11 Yehovanın nəyə görə bu qədər səbirli olduğunu dərk etdikcə Allahın xilasını daha böyük səbirlə gözləyəcəyik. Biz heç vaxt Yehovanın və’dlərini yerinə yetirməkdə gecikdiyini düşünməyəcəyik (Mərsiyələr 3:26). Hələlik isə biz Allahın Padşahlığının gəlməsi barədə durmadan dua edir və Yehovanın bu duamıza cavab vermək üçün ən münasib vaxtı bildiyinə e’tibar edirik. Bundan savayı, bacı-qardaşlarımız və təbliğ etdiyimiz adamlarla səbirlə davranmaqla Yehovanı təqlid edirik. İnsanların həlak olmalarını biz də istəmirik, əksinə, arzumuz odur ki, onlar tövbə edib əbədi həyat ümidimizə şərik olsunlar (1 Timoteyə 2:3, 4).
Peyğəmbərlərin səbri
12, 13. Yaqub 5:10 ayəsinə əsasən, Yeşaya peyğəmbər səbri necə təzahür etdirirdi?
12 Yehovanın səbrini nəzərdən keçirərək, biz Onun bu xüsusiyyətini qiymətləndirməkdə və onu inkişaf etdirməkdə kömək əldə etdik. Qeyri-kamil insanlar üçün səbir inkişaf etdirmək asan deyil, amma bu mümkündür. Qarşımızda Allahın qədim xidmətçilərinin nümunələri var. Şagird Yaqub yazmışdı: «Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri, məşəqqətə dözmə və səbir nümunəsi olaraq alın» (Yaqub 5:10). Bizim hal-hazırda rastlaşdığımız çətinliklərin öhdəsindən başqalarının müvəffəqiyyətlə gəldiyini bilmək necə də təsəllivericidir və bu bizi onlar kimi hərəkət etməyə təşviq edir.
13 Məsələn, Allahın tapşırığını yerinə yetirmək üçün Yeşaya peyğəmbərdən səbir tələb olunurdu. Buna işarə edərək, Yehova demişdi: «Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını kar elə, gözlərini yum ki, gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, ürəkləri ilə anlamasınlar və Mənə sarı dönüb şəfa tapmasınlar”» (Yeşaya 6:9, 10). Xalqın onun sözlərinə qulaq asmadığına baxmayaraq, Yeşaya ən azı 46 il Yehovanın xəbərdarlığını səbirlə bəyan edirdi! Bu peyğəmbərin günlərində olduğu kimi, bizim dövrdə də insanların əksəriyyəti bəyan etdiyimiz xəbərə qulaq asmır, lakin səbir təbliğ işimizi mətanətlə davam etdirməkdə bizə kömək edəcək.
14, 15. İstehzaların və ruh düşkünlüyünün öhdəsindən gəlməkdə Yeremyaya nə kömək etdi?
14 Peyğəmbərlər insanların e’tinasızlıqları ilə yanaşı xidmətlərində müqavimətlərlə də üzləşirdilər. Yeremya ‘kündəyə salınmışdı’, ‘həbsxanaya’ sonra isə ‘quyuya atılmışdı’ (Yeremya 20:2; 37:15; 38:6). Peyğəmbərə bu əzabları verən onun kömək etmək istədiyi insanlar idi. Lakin bütün bunlara baxmayaraq, Yeremya nə kin saxladı, nə də onlardan qisas aldı, onilliklər boyunca çətinliklərə təhəmmül etdi.
15 Tə’qiblər və istehzalar Yeremyanı susdura bilmədiyi kimi, bizi də susdura bilməyəcək. Düzdür, hərdən elə olur ki, biz ruhdan düşürük. Yeremya ilə də belə bir şey baş vermişdi. Peyğəmbər yazır: «Rəbbin sözündən ötrü mən bütün gün rüsvay oldum, təhqir edildim. Mən fikirləşdim: “Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam”». Bəs sonra nə baş verdi? Yeremya təbliğ etməyi dayandırdımı? O davam edir: «Onda Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, artıq bunu edə bilmirəm» (Yeremya 20:8, 9). Fikir verin, Yeremya diqqətini insanların istehzalarına cəmləşdirəndə sevincini itirdi. Amma diqqətini təbliğ etdiyi xəbərin gözəlliyinə və vacibliyinə yönəldəndə, onun sevinci qayıtdı. Bundan başqa, kəlamını sə’ylə və cəsarətlə təbliğ etməkdə Yeremyanı qüvvətləndirmək üçün Yehovanın Özü «igid bir döyüşçü kimi» onunla idi (Yeremya 20:11).
16. Xoş xəbəri təbliğ edərkən, sevincimizi necə qoruya bilərik?
16 Yeremyaya xidməti sevinc gətirirdimi? Buna şübhə yoxdur! O, Yehovaya demişdi: «Sözlərini tapıb yedim, sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi. Çünki Sənə məxsusam, ey Ordular Allahı Rəbb!» (Yeremya 15:16). Yeremya, həqiqi Allahın təmsilçisi olmaq və Onun niyyətlərini bəyan etmək şərəfindən sevinc duyurdu. Yehovanın işində biz də sevinc tapa bilərik. Bu qədər çox insanın Padşahlıq haqqında xoş xəbəri qəbul etdiyi, Allaha məqbul olmayan əməllərdən əl çəkib, əbədi həyata aparan yolda durduqları üçün göylərdə sevinən mələklərin sevincinə biz də şərikik (Luka 15:10).
«Əyyubun təhəmmülü»
17, 18. Əyyub nəyə təhəmmül etmişdi və onun əhvalatı nə ilə qurtardı?
17 Qədimdə yaşamış peyğəmbərlər haqqında danışdıqdan sonra şagird Yaqub yazmışdı: «Əyyubun təhəmmülü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz; çünki Rəbb çox şəfqətli və mərhəmətlidir» (Yaqub 5:11). Burada «təhəmmül» kimi tərcümə edilən yunan sözünün mə’nası, Yaqubun əvvəlki ayədə işlətdiyi «səbir» sözünün mə’nasına yaxındır. Lakin bu iki sözün arasında olan fərq barədə bir Müqəddəs Kitab alimi yazmışdır: «Onuncu ayədəki “səbir” sözü insanların bizimlə pis rəftar etməsi zamanı, on birinci ayədəki “təhəmmül” sözü isə çətin şəraitə düşərkən göstərdiyimiz xüsusiyyətə aiddir».
18 Əyyub bir çox əzablara tab gətirməli olmuşdu. O, əmlakını və uşaqlarını itirmiş, özü isə üzücü xəstəliyə tutulmuşdu. «Təsəllivericiləri» baş verənlərin Yehovanın cəzası olduğunu iddia etdiyindən, Əyyub bu cür yanlış fikirlə də mübarizə aparmalı olurdu. O, çəkdiyi iztirablara səssizlik içində dözmürdü, vəziyyətinə görə şikayətlənir, hətta özünü Allahdan haqlı sayırdı (Əyyub 35:2). Lakin bunlara baxmayaraq o, nə imanını inkar etdi, nə də nöqsansızlığından döndü. İblis iddia edirdi ki, Əyyub Allaha lə’nət oxuyacaq, lakin o bunu da etmədi (Əyyub 1:11, 21). Bəs onun əhvalatı nə ilə qurtardı? Yehova «Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi» (Əyyub 42:12). Allah Əyyuba şəfa verdi, onun əmlakını ikiqat artırdı və xoşbəxt, dolğun ailə həyatı ilə mükafatlandırdı. Sınaqlarda sadiq qalması və onlara təhəmmül etməsi, ona Yehovanın necə Allah olduğunu daha dərindən başa düşməyə kömək etdi.
19. Əyyubun sınaqlara təhəmmül etməsindən biz nə öyrənirik?
19 Əyyubun sınaqlara təhəmmül etməsindən hansı ibrət dərsini alırıq? Əyyub kimi biz də hansısa üzücü bir xəstəliyə tutula və ya digər çətinliklərlə qarşılaşa bilərik. Ola bilsin, Yehovanın belə əzablara nəyə görə yol verdiyini tam başa düşmürük. Lakin bir şeydə biz tam əmin ola bilərik: əgər sadiq qalsaq, Yehova bizi xeyir-dualandıracaq. Yehova Onu sə’ylə axtaranları həmişə mükafatlandırır (İbranilərə 11:6). İsa Məsih demişdi: «Axıra qədər səbr edən xilas olacaqdır» (Matta 10:22; 24:13).
«Rəbbin Günü... gələcəkdir»
20. Biz nəyə görə əmin ola bilərik ki, Yehovanın günü mütləq gələcəkdir?
20 Yehova səbirli olmaqla yanaşı, həm də saleh Allahdır və buna görə O, pisliyə əbədiyyən dözmək niyyətində deyil. Onun səbrinin həddi var. Peter yazmışdı: «[Allah], qədim dünyaya da rəhm etmədi». Yer üzünə daşqın gələndə, Nuh və onun ailəsi sağ qaldılar, allahsız insanları isə su apardı. Yehova, həmçinin Sodom və Homorra şəhərlərini də yerlə yeksan etdi. Bu cəzalar ‘allahsızların başına gələcək şeyləri göstərən’ bir nümunədir. Bəli, biz tam əmin ola bilərik, ki «Rəbbin Günü... gələcəkdir» (2 Peter 2:5, 6; 3:10).
21. Səbri və təhəmmülü necə təzahür etdirə bilərik və gələn məqalədə biz nəyi müzakirə edəcəyik?
21 Bunları nəzərə alaraq, gəlin biz, başqaları da xilas olsun deyə onlara tövbəyə gəlməyə kömək edərək Yehovanın səbrini təqlid edək. Həmçinin, insanların əksəriyyətinin bizə qulaq asmamasına baxmayaraq, gəlin peyğəmbərlər kimi, təbliğ işimizi səbirlə davam etdirək. Bundan əlavə, gəlin unutmayaq ki, əgər biz də Əyyub kimi əzablar çəkiriksə və sadiqliklə nöqsansızlığımızı qoruyuruqsa, Yehova bizi bol-bol xeyir-dualandıracaq. Yehova bütün dünyada təbliğ fəaliyyətimizi də xeyir-dualandırır. Onun bunu necə etməsini nəzərdən keçirsək görərik ki, sevincimizi itirməyə heç bir əsasımız yoxdur. Bu mövzunu biz gələn məqalədə müzakirə edəcəyik.
Xatırlayırsınızmı?
• Hansı səbəblərə görə Yehova bu vaxtadək səbir edir?
• Peyğəmbərlərin səbir təzahür etdirmələrindən biz nə öyrənirik?
• Əyyub təhəmmülü necə təzahür etdirdi və Yehova onu necə mükafatlandırdı?
• Haradan bilirik ki, Yehovanın səbri hüdudsuz deyil?
[22-cü səhifədəki şəkillər]
Yehova Yeremyanın səbrini necə mükafatlandırdı?