Yehova xalqını necə qurtarmağı bilir
«Yehova Ona sadiq insanları sınaqlardan necə qurtarmağı... yaxşı bilir» (2 PET. 2:9).
NƏYƏ GÖRƏ BİZ ƏMİN OLA BİLƏRİK Kİ, YEHOVA...
niyyətini həyata keçirmək üçün hadisələrin gedişatına təsir göstərə bilər?
xalqını xilas etmək üçün Öz gücündən istifadə edəcək?
böyük müsibət zamanı hadisələrin gedişatından xəbərdar olacaq?
1. «Böyük müsibət» zamanı yer üzündə hansı şərait hökm sürəcək?
ŞEYTAN dünyası Allahın hökmünə qəflətən düçar olacaq (1 Salon. 5:2, 3). «Rəbbin möhtəşəm günü» yaxınlaşdıqca yer üzündə xaos daha da artacaq (Sef. 1:14—17). Çətinliklər və çatışmazlıqlar gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək. Həmin vaxt o qədər əzab-əziyyət olacaq ki, «beləsi dünya yaranandan bəri olmamışdır». (Matta 24:21, 22 ayələrini oxu.)
2, 3. a) «Böyük müsibət» zamanı Allahın xalqı nə ilə üzləşəcək? b) Gələcək hadisələrə tab gətirməyimiz üçün bizi nə möhkəmləndirə bilər?
2 «Böyük müsibət»in sonuna yaxın «Maqoq ölkəsindən olan» Qoq bütün qüvvəsini toplayıb Allahın xalqına hücum etmək istəyəcək. Bu hücum ərəfəsində «güclü bir ordu... ölkəni bürüyən bir bulud kimi» Allahın xalqına qarşı çıxacaq (Yez. 38:2, 14—16). Heç bir insan təşkilatı Yehovanın xalqını müdafiə etməyəcək. Onların xilası yalnız və yalnız Allahdan asılı olacaqdır. Düşmənlər Allahın xidmətçilərini məhv etmək istəyəndə onlar özlərini necə aparacaqlar?
3 Əgər sən Yehovanın xidmətçisisənsə, Onun Öz xalqını böyük müsibətdə xilas edəcəyinə və buna qadir olduğuna inanırsanmı? Həvari Peter yazmışdı: «Yehova Ona sadiq insanları sınaqlardan necə qurtarmağı, qeyri-salehləri isə məhv olacaqları Hökm gününə qədər necə saxlamağı yaxşı bilir» (2 Pet. 2:9). Yehovanın keçmişdə xalqını necə xilas etdiyi üzərində düşünmək bizi gələcək hadisələrə tab gətirməyimiz üçün möhkəmləndirəcək. Gəlin Yehovanın Öz xalqını qurtarmaq bacarığına malik olduğuna dair əminliyimizi artıracaq üç nümunəyə nəzər salaq.
ÜMUMDÜNYA DAŞQININDAN SAĞ ÇIXANLAR
4. Daşqından əvvəl hansı işlər həyata keçirilməli idi?
4 İlk öncə Nuhun günlərində baş verən Daşqına nəzər salaq. Yehovanın niyyətinin yerinə yetməsində vaxt mühüm rol oynayırdı. Yer üzü sulara qərq olmamışdan əvvəl, nəhəng gəminin tikintisi başa çatmalı və heyvanlar sağ-salamat bu gəmiyə yerləşdirilməli idi. «Yaradılış» kitabında deyilmir ki, Yehova əvvəlcə Nuha gəmi tikməyi tapşırdı, sonra da Daşqının vaxtını təyin etdi, bəlkə, birdən tikinti daha çox vaxt aparar və Daşqının vaxtını dəyişmək lazım gələr. Əksinə, Allah Nuha gəmi tikməklə bağlı göstəriş verməzdən xeyli öncə artıq Daşqının vaxtını təyin etmişdi. Biz bunu haradan bilirik?
5. Yehovanın Yaradılış 6:3 ayəsindəki sözləri nəyə aiddir və bu qərarı O, nə zaman vermişdi?
5 Müqəddəs Kitabda deyilir ki, Yehova artıq göydə qərarını vermişdi. Yaradılış 6:3 (YD) ayəsində O demişdi: «Mən ətdən-qandan olan insana sonsuzadək dözməyəcəyəm. Beləliklə, onun ömrünə yüz iyirmi il qalıb». Belə deməklə Allah insanların orta hesabla nə qədər yaşayacaqlarını nəzərdə tutmurdu — O, yer üzünü pisliklərdən təmizləyəcəyi vaxtı təyin etmişdia. Daşqın bizim eradan əvvəl 2370-ci ildə baş verdiyi üçün belə bir nəticəyə gəlirik ki, Allah bu qərarı eramızdan əvvəl 2490-cı ildə vermişdi. Həmin vaxt Nuhun 480 yaşı vardı (Yar. 7:6). Təxminən 20 ildən sonra, eramızdan əvvəl 2470-ci ildə Nuhun oğulları dünyaya gəlməyə başladı (Yar. 5:32). Daşqına təxminən yüz il qalsa da, Yehova Nuha insanların xilasında oynayacağı xüsusi rolunu hələ də açıqlamamışdı. Allah hələ nə qədər gözləyəcəkdi?
6. Yehova Nuha gəmi tikmək tapşırığını nə vaxt vermişdi?
6 Görünür, Yehova niyyətini Nuha açıqlayana qədər uzun müddət keçmişdi. Biz nəyin əsasında belə nəticəyə gəlirik? Müqəddəs Kitabda deyilir ki, Allah Nuha gəmi tikməyi tapşıranda onun oğulları artıq böyümüşdülər və evli idilər. Yehova ona demişdi: «Əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən» (Yar. 6:9—18). Buna görə də, güman ki, Nuh gəmi tikmək tapşırığını alanda Daşqına 40 və ya 50 il qalmışdı.
7. a) Nuh və ailəsi iman sahibi olduqlarını necə nümayiş edirdilər? b) Allah Nuha Daşqının vaxtını nə zaman açıqladı?
7 Yəqin ki, gəmini tikərkən Nuh və ailəsi Allahın Öz niyyətini necə həyata keçirəcəyi və Daşqının nə zaman başlayacağı barədə düşünürdülər. Hər şeyi təfərrüatı ilə bilməmələrinə baxmayaraq, onlar gəmini tikməyi dayandırmadılar. Müqəddəs Kitabda oxuyuruq: «Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi» (Yar. 6:22). Daşqına yeddi gün qalmış Yehova, nəhayət ki, Nuha Daşqının dəqiq vaxtını dedi. Bu vaxt kifayət idi ki, Nuh və ailəsi heyvanları gəmiyə yığsınlar. «Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü»ndə göylərin pəncərələri açılanda artıq hər şey hazır idi (Yar. 7:1—5, 11).
8. Daşqın barədə olan hadisə Yehovanın Öz xalqını nə zaman xilas etmək lazım olduğunu bildiyinə dair əminliyimizi necə möhkəmləndirir?
8 Bu əhvalat göstərir ki, Yehova nəinki niyyətini yerinə yetirməyin ən yaxşı vaxtını bilir, həm də Öz xidmətçilərini xilas etməyə qadirdir. Bu dünya öz sonuna yaxınlaşdıqca biz əmin ola bilərik ki, Yehovanın planlaşdırdığı hər bir şey Onun təyin etdiyi gündə və saatda yerinə yetəcək (Mat. 24:36; Habaqquq 2:3 ayəsini oxu).
QIRMIZI DƏNİZDƏ QURTULUŞ
9, 10. Yehova fironu və onun qoşununu tələyə salmaq üçün xalqından necə istifadə etmişdi?
9 Müqəddəs Kitabda Daşqın barədə yazılanlardan öyrəndik ki, Yehova niyyətini yerinə yetirmək üçün hadisələrin nə zaman baş verəcəyinə tam nəzarət edir. Araşdıracağımız ikinci nümunədən biz daha hansı səbəbə görə Yehovanın Öz xalqını xilas etməyə qadir olduğuna güvənə biləcəyimizi görəcəyik: O, iradəsini həyata keçirmək üçün tükənməz gücündən istifadə edəcək. Yehova hər bir vəziyyətdə xidmətçilərini xilas etməyə qadirdir, buna görə də düşmənlərini tələyə salmaq üçün bəzən onlardan istifadə edir. İsrailliləri Misir əsarətindən azad edəndə Yehova məhz bu üsuldan istifadə etmişdi.
10 Misirdən çıxan israillilərin sayı təxminən üç milyon idi. Yehova Musaya xalqı elə bir yolla aparmağı tapşırmışdı ki, fironda israillilərin öz yollarını azdıqları fikri yarandı. (Çıxış 14:1—4 ayələrini oxu.) Qoşunu ilə birgə keçmiş qullarının ardınca düşərək onları Qırmızı dənizdə tələyə salmaq fürsəti əlinə düşən firon bundan heç cür imtina edə bilmədi. İsraillilər üçün, sanki, hər şey bitmişdi (Çıx. 14:5—10). Amma əslində təhlükədə olan onlar deyildi. Çünki Yehova xalqı naminə vəziyyətə müdaxilə etməyə hazır idi.
11, 12. a) Yehova israilliləri necə xilas etdi? b) Bunun nəticəsi nə oldu və biz bu hadisədən nə öyrənirik?
11 İsraillilərə bələdçilik edən «bulud dirəyi» onların arxasına keçərək fironun qoşununun onlara yaxınlaşmasına əngəl törətdi və düşmən tərəfə qaranlıq çökdü. Lakin israillilərin olduğu tərəfi bu dirək gecə vaxtı möcüzəvi şəkildə işıqlandırırdı. (Çıxış 14:19, 20 ayələrini oxu.) Yehova güclü şərq küləyi ilə dəniz sularını yararaq yeri «quruya çevirdi». Şübhəsiz, bunun üçün xeyli vaxt lazım idi, çünki Müqəddəs Kitabda yazılıb ki, külək «bütün gecə»ni əsirdi və yalnız bundan sonra «İsrail övladları dənizin ortasında quru yerdən keçdilər». Döyüş arabaları sürən misirlilərlə müqayisədə israillilər ləng hərəkət edirdilər. Ancaq yenə də misirlilərin israillilərə çatması qeyri-mümkün idi, çünki onlar üçün Yehova döyüşürdü. Yehova misirlilərin «arasına qarışıqlıq saldı. O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi» (Çıx. 14:21—25).
12 Bütün israillilər sağ-salamat dənizin o biri sahilinə çıxanda Yehova Musaya əmr etdi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». Əsgərlər üzərlərinə gələn «sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı». Onlar üçün heç bir ümid yeri yox idi. «Onlardan bir nəfər də olsun sağ qalmadı» (Çıx. 14:26—28). Yehova xalqını hər bir vəziyyətdən xilas etmək üçün kifayət qədər gücü olduğunu göstərdi.
YERUSƏLİMİN MƏHVİ ZAMANI XİLAS
13. İsa hansı göstərişi vermişdi və onun davamçılarını hansı sual narahat edə bilərdi?
13 Yehova niyyətini yerinə yetirmək üçün hadisələrin necə cərəyan edəcəyini dəqiq bilir. Bunu üçüncü nümunədən — birinci əsrdə Yerusəlimin mühasirəsi zamanı baş verən hadisələrdən görə bilərik. Eramızın 70-ci ilində şəhər yerlə yeksan edilməzdən öncə, Yerusəlim və Yəhudeyada yaşayan məsihçilərin sağ qalması üçün Yehova Oğlu vasitəsilə göstərişlər vermişdi. İsa demişdi: «Daniel peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu görəndə... qoy Yəhudeyada olanlar dağlara qaçsın» (Mat. 24:15, 16). Bəs bu peyğəmbərliyin nə zaman yerinə yetməyə başlayacağını İsanın davamçıları necə biləcəkdilər?
14. Hadisələrin gedişatı İsanın davamçılarına onun sözlərinin məğzini başa düşməyə necə kömək etdi?
14 Hadisələr inkişaf etdikcə İsanın sözlərinin mənası daha aydın olurdu. Eramızın 66-cı ilində Sestiy Qallın rəhbərlik etdiyi Roma ordusu Yəhudeyada üsyanı yatızdırmaq üçün Yerusəlimə gəldi. Zilotlar kimi tanınan yəhudi üsyankarları məbəd qalasında gizləndilər. Bundan xəbər tutan Roma əsgərləri məbəd divarının altını qazmağa başladılar. Ayıq-sayıq məsihçilər bütün bu baş verənlərin nə demək olduğunu başa düşdülər: bütpərəst Roma ordusu öz bayraqları ilə («iyrənc şey») məbəd divarının («müqəddəs yer») yanında dururdu. İsanın davamçıları üçün «dağlara [qaçmağın]» vaxtı gəldi. Şəhər mühasirədə olduğu bir halda bu, necə mümkün idi? Hadisələrin gedişatı gözlənilmədən dəyişdi.
15, 16. a) İsa hansı konkret göstərişi vermişdi və davamçılarının ona əməl etməsi nə üçün vacib idi? b) Xilasımız nədən asılı olacaq?
15 Naməlum səbəbdən Sestiy Qall və onun ordusu Yerusəlimdən geri çəkildi. Zilotlar onları təqib etməyə başladılar. Döyüşçülərin şəhəri tərk etmələri sayəsində İsanın davamçıları üçün gözlənilmədən qaçmağa imkan yarandı. İsa onlara aydın şəkildə tapşırmışdı ki, mal-mülklərini qoyub şəhəri yubanmadan tərk etsinlər. (Matta 24:17, 18 ayələrini oxu.) Onların cəld tərpənməsi, həqiqətənmi, vacib idi? Tezliklə cavab aydın olacaqdı. Bir neçə gündən sonra qayıdan zilotlar Yerusəlim və Yəhudeya sakinlərini üsyanda onlara qoşulmağa məcbur etdilər. Yəhudi qruplaşmalarının hakimiyyət uğrunda bir-biri ilə mübarizə aparmaları ucbatından şəhərdə vəziyyət qəflətən pisləşdi. Şəhərdən qaçmaq get-gedə müşkül məsələyə çevrilirdi. Eramızın 70-ci ilində romalılar qayıdanda artıq qaçmaq mümkün deyildi (Luka 19:43). Yubanıb vaxtında şəhəri tərk etməyənlər tələdə idilər! İsanın göstərişinə əməl edən məsihçilər dağlara qaçaraq həyatlarını xilas etdilər. Onlar öz təcrübələrindən gördülər ki, Yehova Öz xalqını necə xilas etməyi bilir. Bu hadisədən biz nə öyrənirik?
16 Böyük müsibət zamanı məsihçilərə Allahın Kəlamındakı və təşkilatından gələn göstərişlərə əməl etmək lazım gələcək. Misal üçün, İsa davamçılarına dağlara qaçmağı əmr etmişdi. Biz də böyük müsibət zamanı «qaçmaq» barədə göstəriş alacağıq, ancaq bunun nə olacağını yalnız zaman göstərəcəkb. Lakin biz əmin ola bilərik ki, həmin göstərişlərə riayət etməyin vaxtı gələndə Yehova onların mənasını bizə açıqlayacaq. Xilasımız itaətkarlığımızdan asılı olacağı üçün indi özümüzdən soruşmalıyıq: «Yehovanın bu gün xalqına verdiyi göstərişlərə mən dərhal əməl edirəm, yoxsa yubanıram?» (Yaq. 3:17).
YEHOVA QARŞIDAKI HADİSƏLƏRƏ TAB GƏTİRMƏYİMİZ ÜÇÜN BİZİ MÖHKƏMLƏNDİRİR
17. Habaqququn peyğəmbərliyindən Allahın xalqına ediləcək hücum barədə nə öyrənirik?
17 İndi gəlin yuxarıda xatırlanan Qoqun hücumuna qayıdaq. Habaqquq peyğəmbər də bununla əlaqədar peyğəmbərlik söyləmişdi: «Eşitdim, varlığım lərzəyə gəldi, səsindən dodaqlarım əsdi. Sanki sümüklərim əridi, dizlərim titrədi. Amma bizə hücum edən xalqın [düşmən ordusunun Allahın əlindən] fəlakətə düşdüyü günü səbirlə gözləyəcəyəm» (Hab. 3:16). Allahın xalqının üzərinə gələn fəlakət barədə eşitmək kifayət idi ki, peyğəmbərin qorxudan qarnı ağrısın, dodaqları titrəsin və taqətdən düşsün. Habaqququn bu cür reaksiyası göstərir ki, Qoq bütün qüvvəsini toplayıb üstümüzə hücum çəkmək istəyəndə vəziyyətimiz acınacaqlı görünəcək. Lakin peyğəmbər səbirlə və təlaşa düşmədən Yehovanın böyük gününü gözləməyə hazır idi və Allahın Öz xalqını xilas edəcəyinə zərrə qədər də şübhə etmirdi. Biz də Yehovaya bu cür etibar etməliyik (Hab. 3:18, 19).
18. a) Nəyə görə bizə ediləcək hücumdan qorxmaq üçün heç bir əsas yoxdur? b) Növbəti məqalədə nə müzakirə olunacaq?
18 Bu üç nümunədən sonra bizdə az da olsun şübhə qalmadı ki, Yehova xalqını necə xilas etməyi çox yaxşı bilir. Mümkün deyil ki, Allahın niyyəti baş tutmasın — zəfər Yehovanındır. Bu möhtəşəm qələbəni öz gözlərimizlə görmək üçün sonadək sadiq qalmalıyıq. Yehova bizə nöqsansızlığımızı qorumağa necə kömək edir? Bu mövzu növbəti məqalədə müzakirə olunacaq.
[Haşiyə]
a «Gözətçi qülləsi»nin 2010-cu il 15 dekabr sayının 30 və 31-ci səhifələrinə baxın.
b «Gözətçi qülləsi»nin 1999-cu il 1 may sayının (rus.) 19-cu səhifəsinə baxın.
[24–cü səhifədəki şəkil]
Nəyə görə demək olar ki, təhlükədə olan israillilər deyildilər?