«Qoy padşahlığın gəlsin» Bəs nə vaxt?
«Bütün bunları görəndə bilin ki, insan Oğlu lap yaxında, qapının ağzındadır» (MAT. 24:33).
1, 2. a) Gözümüzlə gördüyümüz şeylər bizə necə təsir edə bilər? b) Allahın Padşahlığı ilə bağlı nəyə əmin ola bilərik?
OLA BİLSİN, siz diqqət yetirmisiniz ki, hadisənin şahidləri çox vaxt təfsilatları tamamilə müxtəlif cür xatırlayır. Eynilə də, insan müayinədən keçdikdən sonra həkimin dediklərini dəqiqliklə yadda saxlamaya bilər. Yaxud kimsə əlinin altında olan açarları və ya eynəyi tapmaqda çətinlik çəkə bilər. Bütün bu vəziyyətlər tədqiqatçıların korluq növü barədə dedikləri ilə əlaqəli ola bilər: fikri başqa yerdə olan insan nəyəsə diqqət yetirməyə və ya onu unuda bilər. Bu, beynimizin necə fəaliyyət göstərdiyindən xəbər verir.
2 Bu gün bir çox insanlar buna bənzər korluqdan əziyyət çəkirlər, dünyada baş verən hadisələri görmürlər. Ola bilsin, onlar dünyadakı vəziyyətin 1914-cü ildən bəri olduqca dəyişdiyini etiraf edirlər, amma baş verən bu hadisələrin əsil mənasını dərk etmirlər. Müqəddəs Kitabı araşdıran bizlər bilirik ki, Allahın Padşahlığı müəyyən mənada 1914-cü ildə İsa Məsih göydə Padşah kimi taxta əyləşən zaman gəlmişdi. Eyni zamanda da bilirik ki, «qoy padşahlığın gəlsin. Qoy Sənin iradən göydə olduğu kimi, yerdə də yerinə yetsin» duası hələ tam cavablandırılmayıb (Mat. 6:10). Aydındır ki, bu, özünə indiki pis sistemin məhvini daxil edir. Yalnız bu zaman, göydə olduğu kimi, yerdə də Allahını iradəsi yerinə yetəcək.
3. Allahın Kəlamını araşdırmaq bizə nəyi görməyə kömək edir?
3 Allahın Kəlamını müntəzəm olaraq araşdırdığımız üçün hal-hazırda yerinə yetən peyğəmbərliyi görə bilirik. Amma heyf ki, insanlar bunu görə bilmir! Onların başı işdən-gücdən açılmadığından Məsihin 1914-cü ildən idarə etməyə başladığının aydın əlamətini və tezliklə Allahın hökmünü icra edəcəyini görə bilmirlər. Buna rəğmən, özünüzdən soruşun: «Onillərdir Allaha xidmət edirəmsə, bu dünyanın sonunun tezliklə gələcəyinə və baş verən hadisələrin bunu təsdiq etdiyinə hələ də inanırammı?» Yox əgər siz həqiqətə hələ təzə gəlmisinizsə, diqqətinizi nəyə cəmləməlisiniz? Hər bir halda, gəlin Allahın məsh edilmiş Padşahının yer üzündə Yehovanın iradəsini tamamilə yerinə yetirmək üçün tezliklə addımlar atacağına hansı üç vacib səbəbə görə inanmalı olduğumuzu nəzərdən keçirək.
ATLILAR PEYDA OLURLAR
4, 5. a) İsa 1914-cü ildən nə edir? (Məqalənin əvvəlindəki şəklə bax.) b) Üç atlının çapması nəyi bildirir və bunlar necə yerinə yetir?
4 İsa Məsih 1914-cü ildən səmavi taxtında əyləşib və ağ atlı kimi təsvir olunub. O, elə həmin andan Şeytanın pis sistemini məhv etmək üçün hərəkətə keçib. (Vəhy 6:1, 2 ayələrini oxu.) «Vəhy» kitabının 6-cı fəslində təsvir olunan peyğəmbərlik göstərir ki, Allahın Padşahlığı qurulduqdan sonra yer üzündə vəziyyət sürətlə ağırlaşmalı idi. Müharibələr, qida çatışmamazlığı, epidemiyalar və ölüm törədən digər səbəblər dünyanı öz cənginə almalı idi. Bu hadisələrin baş verməsinin səbəbi İsa Məsihin ardınca çıxan üç atlının çapması ilə təsvir olunur (Vəhy 6:3—8).
5 İnsanların beynəlxalq əməkdaşlıq və diplomatiya vəd etmələrinə baxmayaraq, peyğəmbərlik edildiyi kimi, «yer üzündən [əmin-amanlıq]» götürüldü. Birinci Dünya müharibəsi yer üzündə baş verəcək çoxsaylı qanlı müharibələrin başlanğıcı oldu. 1914-cü ildən bəri əldə olunan iqtisadi və elmi nailiyyətlərə baxmayaraq, qida çatışmamazlığı dünya üçün ciddi təhlükə saçmağa davam edir. Bundan əlavə, heç kim dana bilməz ki, cürbəcür epidemiyalar, təbii fəlakətlər və digər «ölümcül xəstəliklər» hər il milyonlarla insanın ölümünə səbəb olur. Bəşər tarixində bu hadisələr miqyas, mütəmadilik və şiddət baxımından görünməmiş həddə çatıb. Bəs siz bu hadisələrin mənası üzərində düşünürsünüz?
6. Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetdiyini kimlər görürdü və bu, onları nəyə təşviq edirdi?
6 Birinci Dünya müharibəsi və ispanka qripi çoxlarını sarsıtsa da, məsh olunmuş məsihçilər qəti şəkildə bildirdilər ki, 1914-cü ildə digər xalqların vaxtı, yəni «millətlər üçün təyin olunmuş vaxt» sona çatıb (Luka 21:24). Məsh olunmuşlar sonra nələr baş verəcəyini dəqiq bilmirdilər. Bununla belə, onlar bilirdilər ki, 1914-cü il Allahın rəhbərliyində dönüş nöqtəsi olmalıdır. Çox keçmədi ki, onlar Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetdiyini müşahidə etdilər və cəsarətlə Allahın Padşahlığının qurulduğunu insanlara bəyan etdilər. Onların Padşahlıq naminə gördüyü işlər güclü təqiblərə məruz qaldı. Bir çox xalqların bu cür mövqe tutmaları elə peyğəmbərliyin yerinə yetməsinə əlamət idi. Onilliklər ərzində Padşahlığın düşmənləri «qanun bəhanəsi ilə şər [qurublar]». Onlar həmçinin qardaşlarımıza qarşı fiziki zorakılıq törədir, onları həbsə atır, hətta edam edir, güllələyir və ya başlarını kəsirdilər (Məz. 94:20; Vəhy 12:15).
7. Nə üçün əksər insanlar dünyada cərəyan edən hadisələrin əsil mənasını dərk etmirlər?
7 Allahın Padşahlığının göydə qurulduğunu sübut edən bu qədər dəlillərin olmasına baxmayaraq, nə üçün əksər insanlar baş verənlərin mənasını qəbul etmirlər? Axı nə üçün onlar sübutları, belə desək, dünyanın vəziyyəti ilə Allahın xalqının uzun illərdir bəyan etdiyi Müqəddəs Kitab peyğəmbərliklərini əlaqələndirə bilmirlər? Bunun səbəbi əksər insanların diqqətlərini yalnız görmək istədikləri şeyə cəmləmələri ola bilərmi? (2 Kor. 5:7). Başlarını bu dünyanın işləri ilə qatmaları onların Allahın etdiklərini görmələrinə mane olurmu? (Mat. 24:37—39). Yoxsa onlardan bəziləri Şeytanın təbliğatının təsiri altına düşüblər? (2 Kor. 4:4). Ruhani aləmdə baş verənləri görmək üçün imana və ruhani baxışlara malik olmaq gərəkdir. Biz necə də xoşbəxtik ki, hal-hazırda baş verənlərin mənasını dərk edə bilirik!
DAHA DA PİS İŞLƏR GÖRÜLÜR
8—10. a) 2 Timoteyə 3:1—5 ayələri necə yerinə yetir? b) Nə üçün deyə bilərik ki, indi daha da pis işlər görülür?
8 Allahın Padşahlığının tezliklə yer üzündəki bütün işləri idarə edəcəyinə əmin olmağımız üçün ikinci səbəb bəşər ailəsində pis işlərin daha da artmasıdır. 2 Timoteyə 3:1—5 ayələrindəki peyğəmbərlik təxminən bir əsrdir ki, aydın şəkildə yerinə yetir. Bu hadisələr daha geniş miqyasda, tez-tez və davamlı şəkildə yerinə yetir. Bəs siz bu peyğəmbərliyin getdikcə daha çox vüsət aldığını görürsünüzmü? Gəlin bunu yaxşı təsvir edən bəzi nümunələrə nəzər salaq. (2 Timoteyə 3:1, 13 ayələrini oxu.)
9 İnsanları 1940-cı və ya 1950-ci illərdə dəhşətə gətirən şeylərlə bizim günlərdə bütün dünyada əyləncə, idman və geyim sahəsində baş verənlər arasındakı fərqin üzərində düşünün. Amansız zorakılıq və əxlaqsızlıq hər yanı bürüyüb. İnsanlar daha çox zorakı, iyrənc və ya qəddar görünmək üçün bir-biri ilə yarışır. Televiziya tamaşaçılarını 1950-ci illərdə qıcıqlandıran şeylər bu gün ailələr üçün normal qəbul edilir. Üstəlik, bir çoxları etiraf edir ki, homoseksualistlər əyləncə və geyim sahəsinə güclü təsir edir və öz həyat tərzlərini cəmiyyətin qanına yeridirlər. Nə yaxşı ki, biz Allahın bu şeylərə münasibətindən agahıq! (Yəhuda 14, 15 ayələrini oxu.)
10 Yaxud götürək 1950-ci illərdə gənclərdə olan üsyankarlıq ruhu ilə bu gün baş verənlər arasındakı fərqi. O vaxtlar valideynlər haqlı olaraq uşaqlarının siqaret çəkmələrinə, spirtli içki içmələrinə və ya ehtiras oyadan rəqslər oynamalarına görə narahat olurdular. Bu gün isə çox vaxt belə xəbərlər eşidirik: 15 yaşlı məktəbli öz sinif yoldaşlarına atəş açıb, 2-ni öldürüb, 13-nü yaralayıb. Bir qrup sərxoş yeniyetmə doqquz yaşlı qızı vəhşicəsinə öldürüb və onun atasını və qohumunu döyüb. Asiya ölkələrindən birində ötən on il ərzində baş vermiş bütün cinayət hadisələrinin yarısını gənclər törədib. Heç dərrakəli insan hər şeyin daha da pisləşdiyini inkar edər?
11. Nə üçün əksər insanlar daha da pis işlər görüldüyünü sezmirlər?
11 Həvari Peter yaxşı deyib: «Axır günlərdə kinayə ilə danışan rişxəndçilər peyda olacaq. Onlar öz istədikləri kimi hərəkət edib deyəcəklər: “Bəs hanı onun vəd edilmiş iştirakı? Axı dədə-babalarımız ölüm yuxusuna gedəndən sonra da hər şey yaradılışdan bəri olduğu kimi durur”» (2 Pet. 3:3, 4). Bəzi insanların nə üçün belə münasibət göstərdiklərini necə izah etmək olar? Görünür, insanlar gözlərini qabar edən şeylərə elə də əhəmiyyət vermirlər. Bəşər ailəsində əxlaqın sürətlə tənəzzülə uğraması insanları daha az şoka salır, nəinki yaxın dostun münasibətinin qəflətən dəyişməsi. Bununla belə, əxlaqsızlığın xirtdəyə çıxması olduqca təhlükəlidir.
12, 13. a) Nə üçün biz dünyada baş verənlərdən təşvişə düşməməliyik? b) Nəyi dərk etməyimiz «son dərəcə ağır» zəmanəyə tab gətirməyimizə kömək edəcək?
12 Həvari Pavel xəbərdarlıq edir ki, «axır günlərdə» vəziyyət «son dərəcə ağır» olacaq (2 Tim. 3:1). Ancaq vəziyyət o dərəcə də dözülməz olmayacaq ki, biz gizlənməyə yer axtaraq. Yehovanın, müqəddəs ruhun və məsihçi yığıncağının köməyilə istənilən məyusluğun və ya qorxunun öhdəsindən gələ bilərik. Biz sədaqətli qala bilərik. «İnsan gücündən üstün olan [qüdrət]» bizim daxilimizdən yox, Allahdan gəlir (2 Kor. 4:7—10).
13 Yaxşı olar ki, Pavelin axır günlər haqda peyğəmbərliyinə «bunu bil ki» sözləri ilə başlamasına diqqət yetirək. Bu sözlər zəmanət verir ki, onun ardınca sadalananlar mütləq yerinə yetəcək. Sözsüz, Yehova baş verənlərə son qoyana kimi Allahdan uzaq insan cəmiyyəti getdikcə daha betər olacaq. Tarixçilər qeydə almışlar ki, bu və ya digər yerlərdə bəzi cəmiyyətlər və ya xalqlar əxlaqi cəhətdən tənəzzülə uğramış və tamamilə yox olmuşlar. Buna baxmayaraq, tarixdə hələ heç vaxt dünyanın əxlaqi vəziyyəti indiki qədər acınacaqlı olmayıb. Bir çoxları baş verənlərin mənasını inkar edə bilərlər, lakin 1914-cü ildən bəri cərəyan edən misli görünməmiş hadisələr aydın şəkildə sübut edir ki, Allahın Padşahlığı tezliklə hərəkətə keçəcək.
BU NƏSİL YOX OLMAYACAQ
14—16. Allahın Padşahlığının tezliklə gələcəyinə inanmağımız üçün üçüncü səbəb hansıdır?
14 Sonun yaxınlaşdığına əmin olmağımızın üçüncü səbəbi Allahın xalqının arasında baş verən hadisələrdir. Məsələn, Allahın Padşahlığı göydə qurulmazdan əvvəl bir qrup sadiq məsh olunmuş məsihçi fəal şəkildə Allaha xidmət edirdi. 1914-cü ildə baş verəcəyini düşündükləri hadisələrdən bəziləri yerinə yetməyəndə onlar necə davrandılar? Onların əksəriyyəti sınaqlar zamanı öz nöqsansızlıqlarını göstərdi və Yehovaya xidmətlərini davam etdirdi. İllər ötdükcə, məsh olunmuşların əksəriyyəti, demək olar ki, hamısı yerüzü həyatlarını sədaqətlə başa vurdu.
15 Bu sistemin sonu ilə bağlı təfsilatlı peyğəmbərliyində İsa demişdi: «Bütün bunlar bu nəsil yox olmamış baş verəcək». (Matta 24:33—35 ayələrini oxu.) Biz başa düşürük ki, İsa «bu nəsil» ifadəsi altında iki qrup məsh olunmuşlara istinad edirdi. Birinci qrup 1914-cü ili görüb və Məsihin həmin il idarə etməyə başladığına əlaməti dərhal qəbul edib. Bu qrupu təşkil edənlər həmin ili görməklə yanaşı, ya həmin ildə, ya da ondan əvvəl Allahın oğulları kimi müqəddəs ruhla məsh ediliblər (Rom. 8:14—17).
16 «Bu [nəslə]» daxil olan ikinci qrup birinci qrupun məsh olunmuş müasirləridir. Onlar təkcə birinci qrupa daxil olanların yaşadığı dövrü görməyiblər, həm də onlar birinci qrupun üzvləri hələ yer üzündə sağ ikən müqəddəs ruhla məsh olunublar. Deməli, bu gün məsh olunmuşların hər biri İsanın haqqında danışdığı «bu [nəslə]» daxil deyil. Bu gün ikinci qrupa aid olanlar ildən-ilə yaşlanırlar. Bununla belə, İsanın Matta 24:34 ayəsindəki sözləri bizə əminlik verir ki, «bu [nəslin]» bəzi üzvləri «yox olmamış» böyük müsibət başlayacaq. Bunlar bizim Allahın Padşahlığının pisliyi məhv etmək və salehlik hökm sürəcək yeni dünya gətirmək üçün hərəkətə keçməsinə çox az qaldığına əminliyimizi daha da artırmalıdır (2 Pet. 3:13).
MƏSİH TEZLİKLƏ TAM ZƏFƏR ÇALACAQ
17. Araşdırdığımız üç istiqamətdə cərəyan edən hadisələrdən hansı nəticəyə gəlirik?
17 Araşdırdığımız üç istiqamətdə cərəyan edən hadisələrdən hansı nəticəyə gəlirik? İsa xəbərdar etmişdi ki, biz o günü və o saatı bilmirik, heç bilməməliyik də (Mat. 24:36; 25:13). Lakin biz Pavelin vurğuladığı kimi, «hansı zəmanədə yaşadığımızı» bilirik. (Romalılara 13:11 ayəsini oxu.) Bəli, biz həmin zəmanədə, axır günlərdə yaşayırıq. Əgər bütün diqqətimizi Müqəddəs Kitab peyğəmbərliyinə, eləcə də Yehovanın və İsa Məsihin gördüyü işlərə cəmləsək, həqiqətən də, bu sistemin sonunun çatdığı dövrdə yaşadığımızın danılmaz əlamətini sezə biləcəyik.
18. Allahın Padşahlığını inkar edənləri nə gözləyir?
18 Ağ atın belində qalib kimi çapan İsa Məsihə həvalə edilən möhtəşəm səlahiyyəti inkar edən insanlar səhv mövqe tutduqlarını etiraf etməyə məcbur olacaqlar. Onlar hökmdən qaça bilməyəcəklər. Həmin vaxt çoxları vəlvələyə düşərək qışqıracaqlar: «Kim dura bilər?» (Vəhy 6:15—17). «Vəhy» kitabının elə növbəti fəsli bu suala cavab verir. Məsh olunmuşlar və yerüzü ümidinə malik olanlar həmin gün Allahın köməyi ilə «dura [biləcəklər]». Sonra digər qoyunlardan ibarət «böyük bir izdiham» böyük müsibətdən sağ çıxacaq (Vəhy 7:9, 13—15).
19. Sonun tezliklə gələcəyinə əmin olan biri kimi, gələcəyə necə baxırsınız?
19 Müqəddəs Kitab peyğəmbərliyinin bu narahat dövrdə necə yerinə yetdiyinə diqqətimizi cəmləməklə Şeytan dünyasının bizi azdırmasına yol verməyəcəyik; qoymayacağıq ki, Şeytan bizə dünyada baş verənlərin əsil mənasını görməyimizə mane olsun. Məsih tezliklə aparacağı ədalətli müharibədə bu allahsız dünya üzərində tam zəfər çalacaq (Vəhy 19:11, 19—21). Görün bütün bunlardan sonra biz necə də xoşbəxt olacağıq! (Vəhy 20:1—3, 6; 21:3, 4).