FƏSİL 3
«Sizə rəhbərlik edənləri unutmayın»
HƏVARİ Bulusun dediyi bu sözlər İbranilərə 13:7 ayəsində yazılıb. Eramızın 33-cü ilinin Əllinci gün bayramından etibarən Məsih İsanın həvariləri rəhbərlik şurası qismində fəaliyyət göstərməyə başladı. Bu şura gənc məsihi yığıncaqlarına rəhbərlik edirdi (Həv. 6:2—4). Artıq 49-cu ildə rəhbərlik şurası təkcə İsanın həvarilərindən ibarət deyildi. Sünnət məsələsi həll olunanda rəhbərlik şurasına Yerusəlimdəki həvarilərlə yanaşı ağsaqqallar da daxil idi (Həv. 15:1, 2). Bütün məsihilərə aid olan məsələləri həll etmək onların öhdəsinə düşürdü. Onlar yığıncaqlara məktub və qərarlarını göndərirdilər. Bunun sayəsində məsihilərin imanı möhkəmlənir və aralarında həmrəylik hökm sürürdü. Yığıncaqlar rəhbərlik şurasının qərarlarına tabe olurdular, nəticədə, Yehova Allahdan bol bərəkət alır və günü-gündən çiçəklənirdilər (Həv. 8:1, 14, 15; 15:22—31; 16:4, 5; İbr. 13:17).
2 Həvarilərin ölümündən sonra məsihilər arasında dönüklük baş qaldırdı (2 Salon. 2:3—12). İsa buğda və alaq otları məsəlində peyğəmbərlik etdiyi kimi, buğdaların (məsh olunmuş məsihilər) arasına alaq toxumu (saxta məsihilər) səpiləcəkdi. Əsrlər boyu onlar biçin vaxtına, yəni «bu dövrün yekunu»na qədər bir yerdə böyüməli idilər (Mət. 13:24—30, 36—43). Bütün bu dövr ərzində Məsih yer üzündə davamçılarına rəhbərlik vermək üçün heç bir kanaldan istifadə etmirdi, rəhbərlik şurası da yox idi, bununla belə, o, məsh olunmuş məsihilərdən razı idi (Mət. 28:20). Lakin İsa demişdi ki, biçin vaxtı vəziyyət dəyişəcək.
3 İsa dövrün yekununun «əlamət»inin bir hissəsi olan məsəli çəkməzdən əvvəl belə bir sual vermişdi: «Sadiq və ağıllı nökər, görəsən, kimdir?» (Mət. 24:3, 42—47). O bildirmişdi ki, sadiq nökər Allahın xalqına «vaxtlı-vaxtında» ruhani qidanı verməlidir. Məsih birinci əsrdə rəhbərliyi tək bir insanın yox, bir qrup insanın vasitəsilə verirdi. Bu gün, dövrün yekununda onun rəhbərlik vermək üçün istifadə etdiyi sadiq nökər də bir insan deyil.
«SADİQ VƏ AĞILLI NÖKƏR» KİMDİR?
4 Davamçılarına qida vermək işini Məsih kimə tapşırmışdı? Məntiqə uyğundur ki, yer üzündə yaşayan məsh olunmuş məsihilərə. Müqəddəs Kitabda onlar «padşah... tayfası» adlanır və deyilir ki, bu kəslərə onları «qaranlıqdan Öz heyrətamiz nuruna çağıranın “əzəmətli sifətlərini bəyan etmək”» tapşırılıb (1 But. 2:9; Məl. 2:7; Vəhy 12:17). Bəs məsh olunmuş məsihilərin hamısı sadiq nökər qrupuna daxildir? Xeyr. İsa, qadın və uşaqları çıxmaqla, 5000 nəfərə möcüzə ilə yemək verəndə yeməyi şagirdlərinə ötürmüş, şagirdləri isə camaata paylamışdı (Mət. 14:19). O, çox sayda insanı bir neçə nəfərin vasitəsilə doyuzdurmuşdu. Bu gün o, ruhani qidanı da eyni yolla təqdim edir.
5 Deməli, «sadiq və ağıllı nökərbaşı» məsh olunmuş qardaşlardan ibarət kiçik qrupdur. Onlar Məsihin hüzuru zamanı ruhani qidanın hazırlanıb paylanmasında şəxsən iştirak edirlər (Luka 12:42). Bu axırzamanda «sadiq və ağıllı nökər» qrupunu təşkil edən məsh edilmiş qardaşların hamısı baş idarədə çalışır. Hal-hazırda Yehovanın Şahidlərinin Rəhbərlik Şurası bu məsh edilmiş qardaşlardan ibarətdir.
6 Şura Məsihin rəhbərliyi altında Müqəddəs Kitabın yerinə yetən peyğəmbərlikləri barədə məlumat dərc edir və ilahi prinsipləri həyatımızda tətbiq etməklə bağlı vaxtlı-vaxtında məsləhətlər verir. Bu ruhani qida Yehovanın Şahidlərinin yığıncaqları vasitəsilə paylanılır (Əşy. 43:10; Qal. 6:16). Peyğəmbərlərin dövründə etibarlı nökəri eşikağası qoyurdular. Eynilə, sadiq və ağıllı nökərə də iman əhlinin qayğısına qalmaq tapşırılıb. Sadiq və ağıllı nökərə mülkiyyət, müjdəçilik işi, böyük toplantı proqramlarının hazırlanması, nəzarətçilər təyin etmək və Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar dərc etmək etibar olunub. Bütün bunlar «evdəki qulluqçuların» rifahına xidmət edir (Mət. 24:45).
7 Bəs «evdəki qulluqçular» kimdir? Sadə dildə desək, qidanı qəbul edənlər. Əvvəl-əvvəl evdəki qulluqçular ancaq məsh olunmuşlardan ibarət idi. Sonra evdəki qulluqçulara «digər qoyunlardan» ibarət böyük izdiham da qoşuldu (Yəh. 10:16). Hər iki qrup sadiq nökərin hazırladığı ruhani süfrədən qidalanır.
8 Böyük müsibətdə Məsih Allahın bu dünyaya kəsdiyi hökmü icra etməyə gələndə o, «bütün əmlakının idarəsini» sadiq nökərə tapşıracaq (Mət. 24:46, 47). Sadiq nökər qrupuna daxil olan məsihilər səmavi mükafatlarını alacaqlar. Onlar 144 000 nəfərin yer üzündə qalan hissəsi ilə birlikdə Məsihin səmavi padşahlığında hakimiyyət sürəcəklər. Daha yer üzündə sadiq və ağıllı nökər olmayacaq, buna görə də Yehova və İsa Padşahlığın yer üzündəki təbəələrinə rəhbərliyi «əmir» təyin olunan kəslərin vasitəsilə verəcək (Zəb. 45:16).
NƏYƏ GÖRƏ BİZƏ RƏHBƏRLİK EDƏNLƏRİ UNUTMAMALIYIQ?
9 Bizə rəhbərlik edənləri unutmamağa və onlara etibar etməyə səbəblər çoxdur. Bəs bu bizə hansı faydanı gətirir? Həvari Bulus belə cavab verir: «Onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin» (İbr. 13:17). Bizə rəhbərlik edənlərə tabe olmaq, itaət etmək vacibdir, çünki onlar daima bizim ruhani rifahımızı düşünür və xeyrimizə çalışırlar.
10 1 Korinflilərə 16:14 ayəsində həvari Bulus belə deyir: «Hər bir işi məhəbbətlə görün». Allahın xalqı ilə bağlı verilən qərarlar da ən ülvi keyfiyyət olan məhəbbətə əsaslanır. 1 Korinflilərə 13:4—8 ayələrində bu keyfiyyətə belə tərif verilir: «Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, qürrələnmir, nalayiq davranmır, öz xeyrini güdmür, tez özündən çıxmır, ona edilən pisliyin hesabını tutmur. Haqsızlığa sevinmir, əksinə, həqiqətə şadlanır. Hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür. Məhəbbət heç vaxt tükənmir». Yehovanın sadiq bəndələrinin xeyrinə verilən bütün qərarların kökündə məhəbbət durduğu üçün təşkilatdan gələn rəhbərliyə tam etibar edə bilərik. Bundan əlavə, bu, Yehova Allahın məhəbbətinin təzahürüdür.
Bizə rəhbərlik edənlərə tabe olmaq, itaət etmək vacibdir, çünki onlar daima bizim ruhani rifahımızı düşünür
11 Birinci əsrdə olduğu kimi, bu gün də Yehova Öz xalqına qeyri-kamil insanlar vasitəsilə rəhbərlik verir. Bəli, Yehova keçmişdə Öz niyyətini əsasən qeyri-kamil insanların əli ilə həyata keçirirdi. Məsələn, Nuh peyğəmbər gəmi tikmiş və bəşəriyyəti gözləyən fəlakəti bəyan etmişdi (Yar. 6:13, 14, 22; 2 But. 2:5). Musa peyğəmbərə İsrail xalqını Misirdən çıxartmaq tapşırılmışdı (Çıx. 3:10). Qeyri-kamil insanlar Allahın ruhunun ilhamı ilə Müqəddəs Kitabı yazıblar (2 Tim. 3:16; 2 But. 1:21). Yehovanın müjdəçilik və şagird hazırlamaq işinə rəhbərliyi qeyri-kamil insanlara tapşırması bizim Onun təşkilatına etibarımızı zəiflətmir. Əksinə, imanımızı möhkəmləndirir, çünki Yehovanın köməyi olmadan təşkilat bütün bu işləri görə bilməzdi. Sadiq nökərin çoxlu çətinliklərdən və sınaqlardan keçməsi göstərir ki, Allahın ruhu onun üzərindədir. Yehova təşkilatının yerdəki hissəsinə bol xeyir-bərəkət verir. Bu səbəbdən biz bütün qəlbimizlə bu təşkilatı dəstəkləməli və ona etibar etməliyik.
ETİBARIMIZI NECƏ GÖSTƏRƏ BİLƏRİK?
12 Yığıncaqdakı məsul şəxslər sadiq nökərə etibar etdiklərini üzərlərinə düşən işi ürəkdən və dürüstlüklə icra etməklə göstərirlər (Həv. 20:28). Padşahlıq müjdəçiləri kimi biz böyük həvəslə ev-ev şahidlik işində iştirak edir, təkrarən insanların yanına gedir və Müqəddəs Kitab dərsləri keçiririk (Mət. 24:14; 28:19, 20). Sadiq nökərin hazırladığı ruhani nemətlərdən tam fayda əldə etmək üçün ibadət görüşlərinə, eləcə də böyük toplantılara hazırlaşmalı və bu tədbirlərdə iştirak etməliyik. Biz bu görüşlərdə bacı-qardaşlarımızla ünsiyyət edəndə bir-birimizi ruhlandırırıq (İbr. 10:24, 25).
13 Təşkilata etibarımızı həmçinin ianə etməklə göstərmiş oluruq (Məs. 3:9, 10). Bacı-qardaşlarımız maddi cəhətdən korluq çəkəndə yubanmadan onlara kömək edirik (Qal. 6:10; 1 Tim. 6:18). Biz bunu qardaşlıq məhəbbətindən irəli gələrək edirik və bunu Yehovaya və Onun təşkilatına bizə etdiyi yaxşılıqlara görə minnətdarlığımızı bildirmək üçün bir fürsət bilirik (Yəh. 13:35).
14 Biz təşkilata etibar etdiyimizi onun qərarlarını dəstəkləməklə də göstəririk. Buna rayon nəzarətçilərinin və yığıncaq ağsaqqallarının göstərişlərinə təvazökarlıqla əməl etmək daxildir. Bizə «rəhbərlik edənlərin» sırasında bu qardaşlar da var, odur ki biz onlara itaət etməli və tabe olmalıyıq (İbr. 13:7, 17). Hansısa qərarın nəyə əsaslandığını başa düşməsək də, əminik ki, onları qəbul etsək, xeyir taparıq. Nəticədə, Yehova Onun Kəlamına və təşkilatına tabe olduğumuz üçün bizə xeyir-dua verir. Bununla biz Ağaya, İsa Məsihə itaət etmiş oluruq.
15 Bəli, sadiq və ağıllı nökərə etibar etməyə çoxlu səbəblər var. Bu dövrün allahı Şeytan Yehovanı və təşkilatı bədnam etmək üçün dəridən-qabıqdan çıxır (2 Kor. 4:4). Gəlin Şeytanın fəndinə uymayaq! (2 Kor. 2:11). O, vaxtının az olduğunu, tezliklə dibsiz quyuya atılacağını bilir, buna görə də mümkün qədər çox insanı Yehovadan uzaqlaşdırmaq istəyir (Vəhy 12:12). Şeytan bizi nə qədər çox Allahdan uzaqlaşdırmağa çalışırsa, biz bir o qədər Allaha yaxın olmalıyıq. Gəlin Yehovaya və xalqını idarə etmək üçün istifadə etdiyi kanala etibar edək. Bu, aramızdakı birliyi möhkəmləndirir.