FƏSİL 2
Allahın quruluşunda Məsihin rolunu tanıyaq
«BAŞLANĞICDA Allah göyü və yeri yaratdı» və yaratdığı hər şey çox yaxşı idi (Yar. 1:1, 31). Yehova Allah insanları xoşbəxt olmaq üçün yaratmışdı, onları qarşıda gözəl gələcək gözləyirdi. Əfsus ki, Ədən bağında baş qaldıran üsyan bəşəriyyətin xoşbəxtliyini yarıda qoydu. Ancaq Yehova Yer kürəsi və bəşəriyyətlə bağlı niyyətindən dönmədi. Allah Adəmin itaətkar övladlarına qurtuluş bəxş etməyə qərar verdi. Yehova pak ibadəti bərpa edəcək, Şəriri və onun şər əməllərini məhv edəcək (Yar. 3:15). Bir gün yenə hər şey çox yaxşı olacaq. Yehova bunu Oğlu İsa Məsih vasitəsilə edəcək (1 Yəh. 3:8). Buna görə də Allahın quruluşunda İsa Məsihin rolunu tanımaq mütləqdir (Həv. 4:12; Filip. 2:9, 11).
MƏSİHİN ROLU
2 Allahın quruluşunda Məsihin rolu çoxşaxəlidir. O, həm bəşəriyyətin Xilaskarı, həm Baş kahin, həm də məsihi yığıncağının başıdır. Hazırda isə o, Allahın Padşahlığının Padşahıdır. İsanın rolunun bu cəhətləri barədə düşünəndə Allahın quruluşuna görə minnətdarlığımız artır və İsa Məsihə məhəbbətimiz güclənir. Müqəddəs Kitabda onun bu cəhətlərindən bir neçəsi barədə söz açılır.
İsa Yehovanın niyyətinin həyata keçməsində əsas yer tutur
3 Məsih yerdə yaşayanda aydın oldu ki, bəşəriyyət onun vasitəsilə Allahla barışacaq (Yəh. 14:6). Bəşəriyyətin Xilaskarı İsa Məsih çoxları uğrunda həyatını fidyə verdi (Mət. 20:28). Bu səbəbdən, demək olar ki, İsa sadəcə möminlik nümunəsi deyil. O, Yehovanın niyyətinin həyata keçməsində əsas yer tutur. Biz yalnız onun vasitəsilə Allahın lütfünü qazana bilərik (Həv. 5:31; 2 Kor. 5:18, 19). İsanın ölümü və dirilməsi itaətkar bəşəriyyətə Allahın səmavi Padşahlığının idarəsi altında yaşayıb əbədi nemətlər dadmağa yol açdı.
4 Baş kahin kimi İsa Məsih zəifliklərimizi anlayır və həyatını Allaha həsr etmiş insanların günahlarının kəffarəsini verir. Həvari Bulus bunu belə izah edir: «O, elə baş kahin deyil ki, zəifliklərimizi anlaya bilməsin, halımıza acımasın, axı o da bizim kimi, hər cəhətdən sınanıb, lakin günah etməyib». Sonra Bulus İsa Məsihə iman gətirənləri Allahın təqdim etdiyi bu imkandan tam yararlanmağa təşviq edir: «Gəlin Allahın lütf taxtına yaxınlaşıb Ona cəsarətlə dua edək ki, dara düşəndə Allahdan mərhəmət və lütf görək» (İbr. 4:14—16; 1 Yəh. 2:2).
5 İsa Məsih həmçinin məsihi yığıncağının başıdır. Birinci əsrdəki məsihilər kimi, bizim də insan rəhbərə ehtiyacımız yoxdur. İsa müqəddəs ruh və ağsaqqallar vasitəsilə bizə rəhbərlik edir. Ağsaqqallar da Allahın xalqına görə Məsihin və Allahın qarşısında məsuliyyət daşıyırlar (İbr. 13:17; 1 But. 5:2, 3). Yehova İsa haqqında demişdi: «Budur! Mən onu xalqlara şahid, ümmətlərə öndər və sərdar etmişəm» (Əşy. 55:4). Bu, peyğəmbərlik idi. Şagirdlərinə dediyi növbəti sözlərlə İsa bu peyğəmbərliyin yerinə yetdiyini təsdiq etdi: «Qoymayın sizi rəhbər adlandırsınlar, çünki bir Rəhbəriniz var, o da Məsihdir» (Mət. 23:10).
6 Məsih bizə kömək etməyi ürəkdən arzulayır. Buna görə də o bizi dəvət edir: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər. Çünki boyunduruğum rahat, yüküm yüngüldür» (Mət. 11:28—30). İsa Məsih yığıncağa həlimliklə rəhbərlik edir, onun başçılığı bizə təravət gətirir və bununla o, sübut edir ki, Atası Yehova Allah kimi «yaxşı çoban»dır (Yəh. 10:11; Əşy. 40:11).
7 Korinflilərə birinci məktubunda Bulus İsa Məsihin rolunun digər bir cəhəti barədə belə deyir: «Allah bütün düşmənləri onun ayaqları altına atanadək o hakimiyyət sürməlidir. Hər şey ona tabe ediləndən sonra Oğul özü də ona hər şeyi tabe edənə tabe olacaq ki, Allah hər kəs üçün hər şey olsun» (1 Kor. 15:25, 28). İsa Allahın xəlq etdiyi ilk varlıq olduğu üçün yerə gəlməzdən öncə Allahın yanında usta kimi çalışırdı (Məs. 8:22—31). Yer üzündə də İsa hər zaman Allahın iradəsini yerinə yetirirdi. O, ən ağır sınaqlara tab gətirdi və ölənə qədər Atasına sadiq qaldı (Yəh. 4:34; 15:10). Ölənədək sadiq qaldığı üçün Allah İsanı dirildib Öz dərgahına qaldırdı və səmavi Padşahlıqda hakimiyyət haqqını ona verdi (Həv. 2:32—36). İsa Məsih Allahdan möhtəşəm tapşırıq alıb: o, saysız-hesabsız mələklə birlikdə yer üzündən insan hakimiyyətini və bütün pislikləri silməlidir (Məs. 2:21, 22; 2 Salon. 1:6—9; Vəhy 19:11—21; 20:1—3). O zaman İsa Məsihin başçılığı altında Allahın Padşahlığı yer üzündə yeganə hakimiyyət olacaq (Vəhy 11:15).
MƏSİHİN ROLUNU TANIMAQ NƏ DEMƏKDİR?
8 Nümunəmiz olan İsa Məsih kamil və qüsursuzdur. Ona bizim qeydimizə qalmaq buyrulub. Məsihin məhəbbətini və qayğısını dadmaq üçün Yehovaya sadiq qalmalı və daim irəli gedən təşkilatı ilə ayaqlaşmalıyıq.
9 Birinci əsrdəki məsihilər Məsihin Allahın quruluşundakı rolunu tam qəbul edirdilər. Onlar bunu Məsihin başçılığı altında çiyin-çiyinə çalışmaqla və onun müqəddəs ruh vasitəsilə verdiyi göstərişlərə əməl etməklə göstərirdilər (Həv. 15:12—21). Həvari Bulus məsh olunmuş məsihilərin arasındakı birliyi nəzərdə tutaraq yazmışdı: «Gəlin həqiqəti söyləyərək bədənin başı olan Məsihə doğru hər şeydə məhəbbətlə inkişaf edək. Onun vasitəsilə bütün bədən üzvləri həmahəng surətdə birləşib. Hər bir üzv müxtəlif vacib rolları yerinə yetirən oynaqlar vasitəsilə qarşılıqlı fəaliyyət göstərir. Hər bir üzv öz işini düzgün görəndə bu, bədənin böyüməsinə və məhəbbətdə möhkəmlənməsinə kömək edir» (Efes. 4:15, 16).
10 Yığıncaqda hər kəs Məsihin başçılığı altında bir-biri ilə əməkdaşlıq edəndə, sülhdə olanda kamil birlik yaradan məhəbbət artır və güclənir (Yəh. 10:16; Kol. 3:14; 1 Kor. 12:14—26).
11 Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetdiyini göstərən dünya hadisələri sübut edir ki, 1914-cü ildə İsa Məsih Padşah olub. O, hal-hazırda düşmənləri arasında hakimiyyət sürür (Zəb. 2:1—12; 110:1, 2). Bunun hazırda yerdə yaşayan insanlara hansı aidiyyəti var? İsa tezliklə padşahlar Padşahı və ağalar Ağası kimi düşmənlərinə qarşı Allahın hökmünü icra edəcək (Vəhy 11:15; 12:10; 19:16). Onda Yehova Allahın üsyandan sonra verdiyi vəd yerinə yetəcək və bu, Məsihin lütfünü qazanmış insanlara qurtuluş gətirəcək (Mət. 25:34). Allahın quruluşunda Məsihin rolunu qəbul etdiyimiz üçün biz çox bəxtəvər insanlarıq! Odur ki gəlin bu axırzamanda əl-ələ verib Məsihin başçılığı altında bütün dünyanı əhatə edən ibadətimizi icra edək.