Həqiqət sizin üçün nə qədər dəyərlidir?
“Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir” (YƏHYA 8:32).
1. Göründüyü kimi, Pilatdan fərqli olaraq, İsa “həqiqət” sözü altında nəyi nəzərdə tuturdu?
“HƏQİQƏT nədir?” Pilat bu sualı verərkən, ehtimal ki, ümumiyyətlə həqiqəti nəzərdə tuturdu. Amma İsa bundan əvvəl demişdi: “Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim” (Yəhya 18:37, 38). Pilatdan fərqli olaraq, İsa Allahın həqiqəti barədə danışırdı.
Dünya həqiqətə necə yanaşır?
2. İsanın hansı sözləri həqiqətin dəyərli olduğunu göstərir?
2 Pavel deyirdi: “Hamı iman etmir” (2 Saloniklilərə 3:2). Həmin sözləri həqiqət haqqında da demək olar. Hətta Müqəddəs Kitaba əsaslanan həqiqətlə tanış olduqdan sonra belə, bir çox insanlar ona bilərəkdən e’tinasızlıq göstərirlər. Buna baxmayaraq, həqiqət olduqca qiymətlidir! İsa dedi: “Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir” (Yəhya 8:32).
3. Yalan tə’limlərə dair hansı xəbərdarlığa diqqət yetirməliyik?
3 Həvari Pavel, həqiqəti insan fəlsəfələrində və ən’ənələrində tapmağın mümkün olmadığını söyləyirdi (Koloslulara 2:8). Əslində bu cür tə’limlər aldadıcıdır. Pavel Efes məsihçilərini xəbərdar edirdi ki, əgər onlar insan fəlsəfələrinə və ən’ənələrinə inanarlarsa, “insanların kələkbazlığı ilə... hər cür tə’limin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar” kimi olacaqlar (Efeslilərə 4:14). Bu gün “insanların kələkbazlığı”, Allahın həqiqətinə qarşı duran kəslərin vasitəsilə təbliğat olunur. “Təbliğat” sözü, “bir nəzəriyyəni, ideyanı, biliyi və s.-ni kütlə arasında yayma, təbliğ etmək” kimi izah olunur (“Azərbaycan dilinin izahlı lüğəti”, IV cild, 1987). Bu cür təbliğat həqiqəti məharətlə yalana çevirir və yalanı həqiqət kimi qələmə verir. Məkrli yalana baxmayaraq, həqiqəti tapmaq üçün Müqəddəs Yazıları sə’ylə araşdırmalıyıq.
Məsihçilər və dünya
4. Həqiqət kimə bəxş edilir və onu qəbul edənlər hansı məs’uliyyəti daşıyırlar?
4 İsa Məsih, şagirdləri barədə Yehovaya dua edirdi: “Onları həqiqətinlə müqəddəs eylə; Sənin sözün həqiqətdir” (Yəhya 17:17). Bu insanlar, Yehovaya xidmət etmək, Onun adına və Padşahlığına izzət gətirmək üçün həsr edilməli, yə’ni ayrılmalıdırlar (Matta 6:9, 10; 24:14). Allahın həqiqəti hamıda olmasa da, milliyətindən, irqindən və ya mədəniyyətindən asılı olmayaraq, onu arzu edən hər bir kəsə sərbəst olaraq bəxş edilir. Həvari Peter demişdir: “Dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35).
5. Məsihçiləri tez-tez nəyə görə tə’qib edirlər?
5 Məsihçilər Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşürlər, lakin onları hamı sevinclə qəbul etmir. İsa xəbərdar edirdi: “Sizə əziyyət verib öldürəcəklər; və Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər” (Matta 24:9). İrlandiyalı ilahiyyatçı Con Kotter bu ayəni şərh edərək, 1817-ci ildə yazırdı: “Onların [məsihçilərin] öz təbliğləri vasitəsilə insanların həyatını dəyişmək cəhdləri heç də minnətdarlıq deyil, insan qüsurlarını ifşa etdikləri üçün nifrət və tə’qib oyatdı”. Məsihçilərin bu cür tə’qibçiləri “həqiqəti sevməyə və onunla xilas olmağa razı” olmadılar. Buna görə də “Allah, yalana inanmaları üçün onların üzərinə aldadıcı bir güc göndərir ki, həqiqətə iman etməyənlərin, haqsızlıq etməkdən zövq alanların hamısı məhkum olunsun” (2 Saloniklilərə 2:10-12).
6. Məsihçilər hansı arzuları inkişaf etdirməli deyillər?
6 Həvari Yəhya düşmənçilik ruhu əks etdirən dünyada yaşayan məsihçilərə məsləhət edir: “Dünyanı və dünyada olan şeyləri sevməyin... dünyada olan hər şey, yə’ni cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbürü Atadan deyil, dünyadandır” (1 Yəhya 2:15, 16). “Dünyada olan hər şey” deməklə, Yəhya heç bir istisna etmir. Buna görə də dünyanın təklif etdiyi hər nə isə bizi həqiqətdən ayırırsa, onu əldə etməyə həvəs inkişaf etdirəcəyikmi? Yəhyanın məsləhətinə diqqət yetirməyimiz, həyatımıza güclü tə’sir göstərəcək. Necə?
7. Həqiqət səmimi qəlbli insanları nəyə təşviq edir?
7 Yehovanın Şahidləri 2001-ci il ərzində bütün dünyada insanları Allaha məqbul həyat normaları ilə tanış edərək, hər ay dörd milyon beş yüz mindən artıq (fərdi və ya qrup halında) Müqəddəs Kitab öyrənməsi keçirmişlər. Nəticədə 263 431 adam vəftiz olunmuşdur. Həqiqət işığı İsanın yeni şagirdləri üçün dəyərli olmuşdur; onlar pis dostluqlardan, həmçinin bu dünyada geniş yayılan və Allahı narazı salan əxlaqsız həyat tərzindən imtina etmişlər. Onlar vəftiz olunaraq, Yehova Allahın bütün məsihçilər üçün tə’yin etdiyi normalara riayət etməyə çalışırlar (Efeslilərə 5:5). Həqiqət sizin üçün də bu qədər dəyərlidirmi?
Yehova qayğımıza qalır
8. Yehova, həsr edilməyimizə necə yanaşır və “əvvəlcə Onun Padşahlığını” axtarmaq nəyə görə müdrik davranışdır?
8 Nöqsanlarımıza baxmayaraq, Yehova, özümüzü Ona həsr etməyə mərhəmətlə izin verir və sanki əyilərək bizə daha yaxın olur. Bizi öyrətməsi sayəsində, yüksək məqsədlərimiz və meyllərimiz yaranır (Məzmur 113:6-8). Yehova bizə, Onunla qarşılıqlı münasibət yaratmağa imkan verir və əgər “əvvəlcə Onun Padşahlığını və Onun salehliyini” axtarmağa davam edəriksə, qayğımıza qalacağına və’d verir. Bununla yanaşı ruhaniliyimizi qoruyuruqsa, Allah əmin edir: “Bütün bu şeylər sizə artırılacaqdır” (Matta 6:33, İ-93).
9. “Sadiq və ağıllı qul” kimdir və onun vasitəsilə Yehova bizə necə qayğı göstərir?
9 İsa Məsih 12 həvarisini seçərək, “Allahın İsraili” adlanan məsh edilmiş məsihçilər yığıncağının təməlini qoydu (Qalatiyalılara 6:16; Vəhy 21:9, 14). Bir qədər sonra, məsh edilmiş məsihçilər “həqiqətin dirəyi və əsası... yaşayan Allahın cəmiyyəti” adlandılar (1 Timoteyə 3:15). İsa yığıncağın bu üzvlərini “sadiq və ağıllı qul”, həmçinin “sadiq və ağıllı nökərbaşı” adlandırdı. İsanın sözlərinə görə, bu sadiq qul “vaxtlı-vaxtında... yemək” verməli idi (Matta 24:3, 45-47; Luka 12:42). Yeməksiz acından ölərik. Buna bənzər tərzdə, ruhani qida olmazsa ruhən zəiflər və ölərik. Beləliklə, “sadiq və ağıllı qulun” mövcud olması, Yehovanın bizə qayğı göstərdiyinə daha bir sübutdur. Gəlin, sadiq qulun təqdim etdiyi dəyərli ruhani qidanı həmişə qiymətləndirək! (Matta 5:3).
10. Yığıncaq görüşlərinə müntəzəm gəlmək bizim üçün nəyə görə həyati vacibdir?
10 Ruhani qida özünə, şəxsi öyrənməni, həmçinin həmimanlılarla ünsiyyəti və yığıncağa getməyi daxil edir. Altı ay, yaxud da altı həftə öncə nə yediyinizi xatırlayırsınızmı? Ehtimal ki, yox. Hər halda nə ilə qidalandığınıza baxmayaraq, həmin qida möhkəmlənməyiniz üçün vacib olmuşdur. Və ehtimal ki, o gündən e’tibarən siz həmin qidanı bir neçə dəfə yemisiniz. Eyni sözü, məsihçi yığıncaqlarında təqdim edilən ruhani qida haqqında da demək olar. Yəqin ki, görüşlərdə eşitdiklərimizi təfərrüatı ilə xatırlamırıq. Görüşlərdə müzakirə edilən material da, ehtimal ki, dəfələrlə təkrarlanıb. Buna baxmayaraq, bu, bizim üçün həyati vacib olan ruhani qidadır. Görüşlərimizdə yaxşı ruhani qidanı vaxtlı-vaxtında alırıq.
11. Məsihçi görüşlərinə gəlmək üzərimizə hansı məs’uliyyəti qoyur?
11 Yığıncaq görüşlərinə gəlmək, həmçinin üzərimizə müəyyən məs’uliyyət qoyur. Məsihçilər həmimanlılarını “məhəbbətə və xeyirli işlərə” təşviq edərək, bir-birlərini ruhlandırmağa də’vət olunurlar. Görüşlərə hazırlaşaraq və onlarda fəal iştirak edərək imanımızı möhkəmlədir və başqalarını ruhlandırırıq (İbranilərə 10:23-25). Bə’zilərini, yeməyə şıltaqlıqla yanaşan uşaqlar kimi, ruhani qidanı mənimsəməyə daima təşviq etmək lazımdır (Efeslilərə 4:13). Əgər zəruridirsə, bu cür köməklik məhəbbətin təzahürü kimi xidmət edir və ruhən yetkin məsihçilər olmağa kömək edir. Həvari Pavel yazırdı: “Qüvvətli yemək isə kamillər üçündür. Çünki onların hissləri alışdırılaraq, xeyirlə şəri ayırd etmək üçün tərbiyə edilmişdir” (İbranilərə 5:14).
Ruhaniliyimiz üçün qayğı
12. Həqiqətdə möhkəm dayanmağımız ilk növbədə kimdən asılıdır? İzah edin.
12 Həyat yoldaşımız və ya valideynlərimiz həqiqətdə möhkəmlənməkdə bizə kömək edə bilərlər. Həmçinin, yığıncağın ağsaqqalları da, onlara həvalə olunmuş sürüyə çobanlar kimi qayğı göstərirlər (Həvarilərin işləri 20:28). Bəs həqiqətdə möhkəm durmağımız ilk növbədə kimdən asılıdır? Əlbəttə ki, düşdüyümüz şəraitə baxmayaraq, bizim özümüzdən asılıdır. Bir dəfə Şotlandiyada baş verən hadisəni nəzərdən keçirək.
13, 14. Quzu ilə əlaqəli əyani nümunəyə əsasən, lazımi ruhani köməyi necə almaq olar?
13 Quzular çəmənlikdə otlayırdılar. Birdən onlardan biri sürüdən ayrılaraq uzaqlaşdı və təpədən aşağı dığırlandı. Quzu zədələnmədi, amma qorxmuşdu və heç cür yuxarı çıxa bilmirdi. Bu zaman şikayətli səslə mələməyə başladı. Anası bu səsi eşidib, çoban quzunu azad edənə kimi, mələməyə başladı.
14 Hadisənin gedişatına diqqət yetirin. Quzu köməyə çağırdı, anası baş verən hadisəni çobana bildirmək üçün ona qoşuldu, çoban isə dara düşən heyvanı xilas etməyə tələsdi. Quzu və anası təhlükəni hiss edib, yubanmadan köməyə çağırdılar. Ruhən büdrəyəndə, yaxud Şeytanın dünyasında qəfil təhlükə ilə qarşılaşanda, biz də eyni tərzdə davranmalı deyilikmi? (Yaqub 5:14, 15; 1 Peter 5:8). Əlbət ki, xüsusən də gənc olduğumuz və ya həqiqətə təzə gəldiyimiz üçün təcrübəmiz azdırsa, belə davranmalıyıq.
Allahın rəhbərliyi xoşbəxtlik gətirir
15. Məsihçi yığıncağına gəlməyə başlayan bir qadın hansı hissləri yaşadı?
15 Müqəddəs Kitabı anlamağın və bu anlayışın həqiqət Allahına xidmət edənlərə gətirdiyi rahatlığın nə dərəcədə vacib olduğunu nəzərdən keçirək. Həyatı boyu anqlikan kilsəsinə gedən 70 yaşlı bir qadın, Yehovanın Şahidi ilə Müqəddəs Kitabı öyrənməyə razı oldu. Tezliklə öyrəndi ki, Allahın adı Yehovadır və Padşahlıq Zalına gələrək, ümumi söylənən səmimi duadan sonra hamı ilə birlikdə “amin” deməyə başladı. Qadın fərəhlə dedi: “Sizin üçün Allah, sadə adamlar üzərində yüksələn, uzaqda olan bir şəxsiyyət deyil, əziz bir dost kimi yaxındır. Bilməzdim ki, Allahla bu cür münasibətlər mümkündür”. Səmimi qəlbli bu qadın, həqiqətin onda yaratdığı ilk təəssüratı, ehtimal ki, heç zaman unutmayacaqdır. Həqiqəti qəbul edən zaman onun bizim üçün nə qədər qiymətli olduğunu gəlin biz də heç zaman unutmayaq.
16. a) Həyatımızda pul əsas yeri tutarsa, nə baş verə bilər? b) Həqiqi xoşbəxtliyi necə tapmaq olar?
16 Çoxları düşünürlər ki, pulları çox olsaydı daha xoşbəxt olardılar. Lakin pul həyatımızda başlıca yeri tutarsa, özümüzə “bir çox əzablar” çəkdirə bilərik (1 Timoteyə 6:10). Latoreya biletləri alaraq, kazinolarda pul xərcləyərək və ya düşüncəsiz tərzdə fond birjasında alverlə məşğul olaraq çox adam özünə ad qazanmağa çalışır! Amma çox az adam buna nail olur. Gözlənilmədən varlananlar isə, çox vaxt bundan xoşbəxtlik əldə etmirlər. Həqiqi xoşbəxtlik isə, insan Yehovanın iradəsini yerinə yetirəndə, həmçinin Yehovanın ruhunun rəhbərliyi və mələklərin yardımı sayəsində fəaliyyət göstərən məsihçi yığıncağı ilə əməkdaşlıq edəndə yaranır (Məzmur 1:1-3; 84:4, 5; 89:15). Bu cür yolda gözlənilməz xeyir-dualar alacağıq. Bu xeyir-duaları gətirən həqiqət sizin üçün nə qədər dəyərlidir?
17. Dabbağ Şimonun evində qalması, həvari Peterin baxışları haqda nə deyir?
17 Həvari Peterin nümunəsinə baxaq. O, eramızın 36-cı ilində, Şaron düzənliyinə, missioner xidmətinə yollandı. Orada Lod şəhərində qaldı və Eneya adlı bir iflici sağaltdı, sonra isə liman şəhəri Yaffaya yollandı. Yaffada Tabitanı diriltdi. Həvarilərin işləri 9:43 ayəsində deyilir: “Peter xeyli vaxt Yaffada Şimon adlı bir dabbağın evində qaldı”. Bu ötəri xatırlatma ona işarə edir ki, Peter şəhərdə təbliğ edərkən, orada yaşayan insanlara mənfi rə’y bəsləmirdi. Bu nə ilə təsdiq olunur? Müqəddəs Kitab alimi Frederik Farrar yazır: “[Musanın] şifahi qanununun heç bir tələbkar və sarsılmaz tərəfdarı dabbağın evində yaşamağa razılaşmazdı. Bu peşədə lazım olan müxtəlif heyvanların dərilərinə və cəsədlərinə daima toxunmaq və bu iş üçün vacib olan alətlər, həmin adamı sərt din alimlərinin gözündə natəmiz və murdar edirdi”. Hətta Şimonun “dəniz kənarında” duran evi dəri e’malatxanasından aralıda olsa da, Farrarın sözlərinə görə, Şimonun özü “nifrətlə baxılan və həmin işlə məşğul olan adamın şəxsiyyətini alçaldan” peşə ilə məşğul olurdu (Həvarilərin işləri 10:6).
18, 19. a) Gördüyü rö’yanın nə demək olduğuna Peter nə üçün təəccübləndi? b) Peter gözlənilmədən hansı xeyir-duanı aldı?
18 Peter, Şimonun qonaqpərvərliyini yanlış rə’ylərə əsaslanmadan qəbul etdi və onun evində yaşayarkən, gözlənilmədən Allahdan rəhbərlik aldı. O, bir rö’ya gördü və bu rö’yada Allah ona, yəhudi qanununa əsasən natəmiz sayılan heyvanları yeməyi buyururdu. Peter, “əsla murdar və ya natəmiz şey yeməmişəm” deyə, e’tiraz etdi. Lakin ona üç dəfə deyildi: “Allahın təmiz dediyi şeyləri sən murdar sayma”. Buna görə də Peterin “gördüyü rö’yanın nə demək olduğuna” təəccüblənməsi aydındır (Həvarilərin işləri 10:5-17; 11:7-10).
19 Peterin heç ağlına da gəlməzdi ki, bir gün əvvəl, Şimonun evindən 50 km aralıda, Qeysəriyə şəhərində başqa xalqlardan olan Korneliusa da rö’ya görünmüşdür. Yehovanın mələyi Korneliusa buyurmuşdu ki, qulluqçularını dabbağ Şimonun evinə göndərsin və orada Peteri tapsın. Kornelius qulluqçularını Şimonun evinə göndərdi və onlar Peterlə birlikdə Qeysəriyəyə qayıtdılar. Peter orada Korneliusa, onun qohumlarına və dostlarına təbliğ etdi. Nəticədə onlar, sünnət edilməmiş başqa xalqlar arasından Məsihə iman gətirən və Padşahlığın varisləri kimi müqəddəs ruh alan adamların ilki oldular. Peterin təbliğ etdiyi adamlar sünnətsiz olsalar da, hamısı vəftiz olundular. Bununla da, yəhudilərin natəmiz saydıqları başqa xalqlar üçün də məsihçi yığıncağına daxil olmaq imkanı yarandı (Həvarilərin işləri 10:1-48; 11:18). Peter necə də böyük şərəfə layiq görülmüşdür! Bütün bunlar ona görə oldu ki, Peter onu Yehovanın rəhbərliyinə diqqət yetirməyə və imanla hərəkət etməyə təşviq edən həqiqəti qiymətləndirirdi.
20. Həqiqəti hər şeydən artıq qiymətləndiririksə, Allah bizə hansı köməkliyi təqdim edir?
20 Pavel təşviq edirdi: “Həqiqəti məhəbbətlə deyərək, Başçı olan Məsihə doğru hər cəhətdən boy ataq” (Efeslilərə 4:15, İ-93). Əgər biz həqiqəti hər şeydən artıq qiymətləndiririksə və Yehovanın müqəddəs ruhunun addımlarımızı istiqamətləndirməsinə izin veririksə, həqiqət müqayisəolunmaz xoşbəxtlik gətirir. Bundan əlavə, unutmayın ki, təbliğ xidmətində bizə müqəddəs mələklər kömək edir (Vəhy 14:6, 7; 22:6). Yehovanın bizə həvalə etdiyi işdə bu cür köməyə malik olmaq necə də böyük şərəfdir! Əgər biz həqiqət Allahı Yehovaya sadiq qalırıqsa, Onu əbədiyyən izzətləndirə bilərik. Bundan daha qiymətli nə isə varmı? (Yəhya 17:3).
Təkrar üçün suallar
• Nəyə görə çoxları həqiqəti qəbul etmir?
• Şeytanın dünyasına məxsus olan şeylərə məsihçilər necə yanaşmalıdırlar?
• Yığıncaq görüşlərinə necə yanaşmaq lazımdır və nəyə görə?
• Ruhaniliyimizin qayğısına qalmaq üçün nə etməliyik?
[32-ci səhifədəki xəritə/şəkil]
(Xəritəyə nəşrin özündə baxın)
ULU DƏNİZ
Qeysəriyə
ŞARON DÜZƏNLİYİ
Yaffa
Lod
Yerusəlim
[Şəkil]
Peter Allahın rəhbərliyinə riayət etdi və gözlənilməz xeyir-dualar aldı.
[İcazə ilə]
Xəritə: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.