Görünməyəni görürmüş kimi möhkəm dayanın!
“[Musa] görünməyəni görürmüş kimi, möhkəm dayandı” (İBRANİLƏRƏ 11:27).
1. İsa Dağüstü təbliğində Allah haqqında diqqətə layiq olan hansı sözləri dedi?
YEQOVA görünməz Allahdır. Musa Yeqovadan izzətini göstərməyi xahiş edəndə, O cavab verdi: “Üzümü görə bilməzsən; çünki insan məni görüb də yaşaya bilməz” (Çıxış 33:20). Həvari Yəhya isə yazmışdı: “Allahı heç bir zaman kimsə görməmişdir” (Yəhya 1:18). Hətta İsa Məsih yer üzündə olarkən belə Allahı görmürdü. Buna baxmayaraq, İsanın Dağüstü təbliğində belə sözlər var: “Ürəyi təmiz olanlar nə bəxtiyardırlar! Çünki onlar Allahı görəcəklər” (Matta 5:8). İsa bununla nə demək istəyirdi?
2. Biz nə üçün Allahı həqiqi mə’nada görə bilmirik?
2 Müqəddəs Kitaba əsasən Yeqova görünməz Ruhdur (Yəhya 4:24; Koloslulara 1:15; 1 Timoteyə 1:17). Deməli, İsa demək istəmirdi ki, insanlar Yeqovanı həqiqi mə’nada görə bilərlər. Düzdür, məsh edilmiş məsihçilər, ruhani varlıqlar kimi dirildiləndən sonra göylərdə Yeqova Allahı görəcəklər. Ancaq “ürəyi təmiz olan” və yer üzündə əbədiyyən yaşamağa ümid bəsləyən insanlar da Allahı “görə bilərlər”. Bəs bu necə mümkündür?
3. Allahın bə’zi xüsusiyyətlərini insanlar necə dərk edə bilərlər?
3 Yaratdıqlarını diqqətlə müşahidə etməklə, Yeqova haqqında bə’zi şeyləri öyrənirik. Onun qüdrəti bizə tə’sir bağışlayır və Onu Yaradan Allah kimi qəbul edirik (İbranilərə 11:3; Vəhy 4:11). Həvari Pavel bununla əlaqədar yazmışdı: “Dünya yaranandan bəri Onun gözlə görülməz xüsusiyyətləri, yə’ni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları ilə anlaşılaraq, açıqca görünür” (Romalılara 1:20). Deməli, Allahı görməyin mümkünlüyü barədə İsanın dediyi sözlərdə nəzərdə tutulan odur ki, biz Yeqovanın bə’zi xüsusiyyətlərini dərk edə bilərik. Bu cür “görmə qabiliyyəti” dəqiq biliklərə əsaslanır və ruhani mə’nada “ürəyin gözləri” ilə görməyə yol verir (Efeslilərə 1:18). İsanın sözləri və əməlləri də Allah haqqında çox şeyi aşkar edir. Buna görə İsa dedi: “Məni görən, Atanı görmüş olur” (Yəhya 14:9). İsa Yeqovanın şəxsiyyətini mükəmməl surətdə əks edirdi. Buna görə də, İsanın həyatı və tə’limləri haqqında əldə etdiyimiz bilik, Allahın bə’zi xüsusiyyətlərini görməkdə və ya dərk etməkdə bizə kömək edər.
Ruhən yetkin olmaq olduqca vacibdir
4. Bu gün çoxları ruhani cəhətdən zəif olduqlarını necə göstərirlər?
4 Bu gün imana və əsl ruhani yetkinliyə az təsadüf edilir. Pavel demişdi: “Hamı iman etmir” (2 Saloniklilərə 3:2). İnsanların bir çoxu özlərini tamamilə şəxsi mənafelərinə həsr edir və ümumiyyətlə Allaha inanmırlar. Qüsurlu davranışları və ruhani cəhətdən zəiflikləri, onlara anlayışın gözü ilə görməyə imkan vermir, çünki, Yəhyanın yazdığı kimi, “pislik edən... Allahı görməmişdir” (3 Yəhya 11). Bu insanlar Allahı həqiqi mə’nada görmədikləri üçün özlərini elə aparırlar ki, guya Allah onların əməllərini görmür (Hezekiel 9:9). Onlar ruhani işlərə xor baxdıqlarına görə “Allah biliyini” əldə etmək iqtidarında deyillər (Süleymanın məsəlləri 2:5). Pavel tam haqlı olaraq yazırdı: “Nəfsani adam, Allahın Ruhuna dair həqiqətləri qəbul etmir, çünki o bunları ağılsızlıq hesab edir və anlaya bilmir. Çünki bunlar ruhən dərk edilir” (1 Korinflilərə 2:14).
5. Ruhani düşüncəyə malik olan insanlar nəyi dərk edirlər?
5 Əgər ruhani düşüncəyə malikiksə, həmişə dərk edəcəyik ki, Yeqova bizdə nöqsanlar axtarmasa da, biz pis fikirlərə və meyllərə həvəs göstərəndə O bunu bilir. Bəli, “insanın yolları Rəbbin gözü önündədir və onun bütün yollarını ölçür” (Süleymanın məsəlləri 5:21). Əgər günah bizə hakim olarsa, Yeqovanı sevdiyimiz və Onu kədərləndirmək istəmədiyimiz üçün, tövbə etməyə və Yeqovadan əfv diləməyə təşviq hissi duyuruq (Məzmur 78:41; 130:3).
Bizi möhkəmləndirən nədir?
6. Möhkəm olmaq nə deməkdir?
6 Yeqovanı görməsək də, gəlin həmişə yadda saxlayaq ki, O bizi görür. Allahın mövcudluğunu unutmuruqsa və Onu çağıranların hamısına yaxın olduğuna əminiksə, bu, möhkəm olmağımıza, yə’ni Yeqovaya sadiqliyimizdə sarsılmaz qalmağımıza kömək edəcəkdir (Məzmur 145:18). Biz Musa kimi ola bilərik. Pavel onun haqqında yazmışdı: “Hökmdarın qəzəbindən qorxmayıb, iman vasitəsilə Misiri tərk etdi; çünki o, Görünməyəni görürmüş kimi, möhkəm dayandı” (İbranilərə 11:27).
7, 8. Fir’onun yanına getmək üçün Musaya cəsarət verən nə idi?
7 İsrailliləri Misir əsarətindən çıxartmaq üçün Allahın verdiyi tapşırığı yerinə yetirərkən, Musa dəfələrlə qəddar Fir’onun qarşısında dururdu. Onun sarayında isə çoxlu görkəmli dini və hərbi ə’yanlar vardı. Çox ehtimal ki, divarlar boyu hər yerdə bütlərin surəti vardı. Amma Yeqova görünməz olsa da, Musa üçün, Misirin cansız ilahilərini təmsil edən bütlərin hamısından fərqli olaraq, real idi. Musanın Fir’ondan qorxmaması təəccüblü deyil!
8 Dəfələrlə Fir’onun yanına getmək üçün Musaya cəsarət verən nə idi? Müqəddəs Yazılarda deyilir ki, “Musa kişi yer üzündəki bütün adamlardan ziyadə həlim idi” (Saylar 12:3). Görünür, ruhən möhkəm olması və Allahın onunla olduğuna əminliyi, Misirin qəddar padşahının qarşısında “Görünməyənin” elçisi kimi xidmət etməkdə Musaya qüvvət verirdi. Bəs görünməz Allahı “görənlər” Ona iman etdiklərini bu gün necə göstərirlər?
9. Daimi möhkəmliyi necə göstərmək olar?
9 İman etməyin və Görünməyəni görürmüş kimi, daim möhkəm olmağın bir üsulu, tə’qiblərə baxmayaraq cəsarətlə təbliğ etməkdir. İsa öz şagirdlərini xəbərdar etdi: “Mənim adıma görə hamı sizə nifrət edəcək” (Luka 21:17). O, həmçinin onlara dedi: “Qul ağasından üstün deyildir. Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər” (Yəhya 15:20). İsanın dediyi kimi də oldu: onun ölümündən tez sonra davamçıları tə’qiblərə mə’ruz qaldılar, onları hədələyir, həbs edir və kötəkləyirdilər (Həvarilərin işləri 4:1—3, 18—21; 5:17, 18, 40). Arası kəsilməyən tə’qiblərə baxmayaraq, İsanın həvariləri və digər şagirdləri xoş xəbəri cəsarətlə təbliğ etməyə davam edirdilər (Həvarilərin işləri 4:29—31).
10. Yeqovanın müdafiəsinə olan əminliyimiz xidmətdə bizə necə kömək edir?
10 İsanın ilk davamçıları da, Musa kimi, gözləri qarşısında olan çoxsaylı düşmənlərindən qorxmadılar. İsanın şagirdləri Allaha iman etdikləri üçün, mə’ruz qaldıqları şiddətli tə’qiblərə tab gətirirdilər. Bəli onlar, Görünməyəni görürmüş kimi, möhkəm dayanırdılar. Əgər Yeqovanın müdafiəsini həmişə xatırlayarıqsa, Padşahlıq haqqındakı təbliğ işini cəsarətlə və qorxmadan yerinə yetirə biləcəyik. Allahın Kəlamı deyir ki, “insandan qorxan özünü tələyə salar, amma Rəbbə güvənən arxayın yaşar” (Süleymanın məsəlləri 29:25, MKŞ). Buna görə də, tə’qiblər qarşısında sarsılmaz qalır və xidmətimizdən xəcalət çəkmirik. İmanımız bizi, qonşularımıza, iş və sinif yoldaşlarımıza, həmçinin başqa adamlara cəsarətlə şəhadətlik etməyə təşviq edir (Romalılara 1:14—16).
“Görünməyən” öz xalqına yol göstərir
11. Peterin və Yəhudanın sözlərinə əsasən, məsihçi yığıncağının bə’zi üzvləri ruhən zəif olduqlarını necə göstərirdilər?
11 İman, Yeqovanın yer üzündəki öz təşkilatına yol göstərdiyini görməkdə bizə kömək edir. Bunu anlayaraq, yığıncaqda məs’uliyyəti olan qardaşlara tənqidi yanaşmaqdan çəkinirik. Həm Peter, həm də İsanın anabir qardaşı Yəhuda bə’zi adamların tə’siri barədə xəbərdarlıq edirdilər. Haqlarında bəhs edilən bu adamlar ruhani cəhətdən o dərəcədə zəif idilər ki, məsihçilər arasında rəhbərliyi üzərinə götürənlərin qeybətini edirdilər (2 Peter 2:9—12; Yəhuda 8). Əgər bu tənqidçilər Yeqovanı həqiqi mə’nada görsəydilər həmin sözləri Onun qarşısında da deyərdilərmi? Əlbəttə ki, yox! Allah görünməz olduğu üçün, ruhən zəif olan bu adamlar, Ona hesabat verəcəklərini düşünmürdülər.
12. Yığıncaqda rəhbərliyi üzərinə götürənlərə necə münasibət göstərməliyik?
12 Düzdür, məsihçi yığıncağı qeyri-kamil insanlardan təşkil olunubdur. Ağsaqqallar, bə’zən şəxsən bizə tə’sir edən səhvlərə yol verirlər. Buna baxmayaraq, Yeqova həmin adamları öz sürüsünün çobanları kimi istifadə edir (1 Peter 5:1, 2). Ruhani düşüncəyə malik olan insanlar, Yeqovanın öz xalqına ağsaqqallar vasitəsilə də rəhbərlik göstərdiyini dərk edirlər. Buna görə də biz, bir məsihçi kimi, tənqidçi və deyingənlik ruhu deyil, Allahın teokratik quruluşuna qarşı hörmət göstərməyə çalışırıq. Öz rəislərimizə itaətli olmaqla göstəririk ki, “Görünməyəni” görürük (İbranilərə 13:17).
Allahın simasında Dahi Tə’limatçımızı görmək
13, 14. Yeqovanın simasında Dahi Tə’limatçını görmək şəxsən sizin üçün nə deməkdir?
13 Ruhani gözlər daha bir məqsəd üçün lazımdır. İşaya peyğəmbərlik etmişdi: “Gözlərin müəllimlərini [“Dahi Tə’limatçını”, YD] görəcək” (İşaya 30:20). Yer üzündəki təşkilatı vasitəsilə bizə Yeqovanın özünün tə’lim verdiyini anlamaq üçün iman lazımdır (Matta 24:45—47). Allahın simasında Dahi Tə’limatçımızı görmək, Müqəddəs Kitabı müntəzəm və düşünərək öyrənməkdən, məsihçi görüşlərinə həmişə getməkdən daha artıq mə’na daşıyır. Bu, Allahın ruhani bəxşişlərindən ən böyük faydanı əldə etmək deməkdir. Məsələn, ruhani mə’nada zəifləməmək üçün, Yeqovanın İsa vasitəsilə həyata keçirdiyi rəhbərliyinə xüsusilə diqqətli olmalıyıq (İbranilərə 2:1).
14 Bə’zən, ruhani qidadan tam surətdə fayda almaq üçün xüsusi qüvvə sərf etmək lazım gəlir. Məsələn, Müqəddəs Kitabın çətin anladığımız hissəsini tələsik və diqqətsiz oxumaq vərdişimiz yarana bilər. “Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarını oxuyarkən, bizi maraqlandırmayan mövzuları, bəlkə də oxumuruq. Yaxud, olsun ki, məsihçi görüşlərində xəyala qapılırıq. Lakin müzakirə olunan mövzular üzərində dərindən düşünəriksə, diqqətimiz yayınmaz. Ruhani nəsihətlərinə görə dərin minnətdarlığımız, Yeqovanı Dahi Tə’limatçımız kimi qəbul etdiyimizi göstərir.
Hesabat verəcəyik
15. Bə’ziləri, Yeqovanın onları görmədiyini zənn edərək necə davranmışlar?
15 “Sonun vaxtında” pisliklər misilsiz dərəcədə yayıldığına görə, “Görünməyənə” iman gətirmək xüsusilə vacibdir (Daniel 12:4). Şərəfsizlik və cinsi əxlaqsızlıq adi hala çevrilib. İnsanlar bizi görməyəndə belə, davranışlarımızın Yeqova tərəfindən müşahidə edildiyini yadda saxlamaq, şübhəsiz ki, müdriklikdir. Bə’ziləri bunu unudurlar. Onları görən olmayanda, Müqəddəs Kitaba zidd olan işlərlə məşğul ola bilərlər. Misal üçün, kim isə İnternetdə, televizorda və ya başqa müasir texnikanın vasitəsilə zərər gətirən əyləncəli mə’lumata və parnoqrafiyaya baxmaq həvəsinə məğlub olmuşdur. Bütün belə işlərlə xəlvətdə məşğul olmaq mümkün olduğu üçün, bə’ziləri özlərini elə aparmışlar ki, guya Yeqova onları görmür.
16. Yeqovanın yüksək normalarına riayət etməyimizə nə kömək edər?
16 Həvari Pavelin sözlərini yadda saxlamaq faydalı olar: “Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir” (Romalılara 14:12). Dərk etməliyik ki, biz hər dəfə günah işlədəndə Yeqovaya qarşı günah işlədirik. Bunu bilmək, Onun yüksək normalarına riayət etməyə və natəmiz davranışdan qaçınmağa kömək edər. Müqəddəs Kitab bizə xatırladır: “Onun qarşısında gizli qalan məxluq yoxdur, əksinə Onun gözləri önündə hər şey çılpaq və açıqdır. Ona hesabat verəcəyik” (İbranilərə 4:13). Bəli, biz Yeqovaya hesabat verəcəyik. Ancaq Yeqovanın iradəsini yerinə yetirməyə və salehlik normalarına tabe olmağa bizi ilk növbədə Ona olan dərin məhəbbətimiz təşviq edir. Gəlin əyləncələr seçəndə və əks cinsli şəxslə davranışımızda hikmətli olaq.
17. Yeqova hansı mə’nada bizə nəzarət edir?
17 Yeqova bizə diqqətlə nəzarət edir. Lakin bu o demək deyil ki, O bunu, edəcəyimiz səhvlərə görə bizi cəzalandırmaq üçün edir. Əksinə, itaətkar uşaqlarını mükafatlandırmaq istəyən ata kimi, rifahımız naminə bizə nəzarət edir. İmanımızın səmavi Atamızı sevindirdiyini və “Onu axtaranlara mükafat” verdiyini bilmək necə də təsəlli verir! (İbranilərə 11:6). Gəlin Yeqovaya hədsiz iman göstərək və Ona “bütün ürəklə xidmət edək” (1 Tarixlər 28:9).
18. Yeqovanın bizə nəzər salması və sədaqətimizə diqqət yetirməsi ilə əlaqədar Müqəddəs Kitab bizi nəyə əmin edir?
18 Süleymanın məsəlləri 15:3 (MKŞ) ayəsində deyilir: “Rəbbin gözü hər yerə baxar, pislərə, yaxşılara nəzər salar”. Bəli, Yeqova pis insanlara nəzər salır və onlarla etdikləri əməllərə müvafiq surətdə davranır. Əgər “yaxşılar” sırasına daxiliksə, əmin ola bilərik ki, Yeqova, sədaqətimizə şəhadətlik edən əməllərimizə diqqət yetirir. “Rəbbin yolunda çəkdiyimiz əməyin əbəs” olmadığını və “Görünməyənin”, “Onun adı naminə göstərdiyimiz məhəbbəti” unutmadığını bilmək imanımızı necə də möhkəmləndirir! (1 Korinflilərə 15:58; İbranilərə 6:10).
Qoy Yeqova bizi sınasın
19. Yeqovaya güclü iman göstərmək hansı faydanı gətirir?
19 Yeqovaya sədaqətlə xidmət etdiyimizə görə Onun üçün çox qiymətliyik (Matta 10:29—31). Görünməz olduğuna baxmayaraq, O, bizim üçün real şəxsiyyət ola bilər, biz də Onunla olan dəyərli münasibətimizi qiymətləndiririk. Səmavi Atamıza belə münasibət göstərməklə böyük fayda əldə edirik. Güclü iman, pak ürəyə malik olmağımıza və Yeqovanın qarşısında təmiz vicdanı qorumağımıza kömək edir. Bundan əlavə, riyasız iman bizə ikili həyat sürməyə yol verməyəcək (1 Timoteyə 1:5, 18, 19). Allaha qarşı sarsılmaz imanımız ətrafımızdakılara yaxşı nümunə olacaq və onlara müsbət tə’sir göstərəcək (1 Timoteyə 4:12). Bundan savayı, belə iman, Yeqovanın ürəyini sevindirəcək davranışa səbəb olur (Süleymanın məsəlləri 27:11).
20, 21. a) Yeqovanın bizə diqqətlə nəzarət etməsi nəyə görə fayda gətirir? b) Məzmur 139:23, 24 ayələrindəki prinsipi necə tətbiq etmək olar?
20 Əgər hikmətə malikiksə, Yeqovanın bizə nəzarət etməsinə sevinəcəyik. Onun yalnız bizi görməsini yox, həmçinin düşüncə və əməllərimizi də dərindən tədqiq etməsini istəyirik. Yeqovadan, bizi “sınamasını” və hər hansı pis meyllərimizi aşkar etməsini duamızda diləmək düzgün olardı. Problemlərimizin öhdəsindən gəlməkdə və lazımi dəyişiklikləri etməkdə bizə kömək edəcəyinə şübhə yoxdur. Məzmurçu Davud oxuyurdu: “Ey Allah, məni sına və ürəyimi bil; məni imtahan et və düşüncələrimi bil; və əgər məndə pislik yolu varsa bax və əbədi yolda mənə rəhbər ol” (Məzmur 139:23, 24).
21 Davud Yeqovaya yalvarırdı ki, onu “sınasın” və “pislik yolunda” olub olmadığına diqqət yetirsin. Məgər biz də, məzmurçu kimi, Yeqovanın ürəyimizi sınamasının və pis meyllərimizin olub olmadığına baxmasının həsrətini çəkmirikmi? Gəlin Yeqovadan bizi “imtahan etməsini” imanla xahiş edək. Bəs etdiyimiz səhvlər bizə rahatlıq vermirsə və ya özümüzdə pis xüsusiyyətlər aşkar ediriksə, onda necə? Belə olan halda, gəlin sevən Allahımız Yeqovaya durmadan və səmimi qəlbdən dua edək. Onun müqəddəs ruhunun rəhbərliyinə və Kəlamındakı nəsihətinə təvazökarlıqla tabe olaq. Onun bizə dəstək olacağına və əbədi həyata aparan yolda yeriməyimizə kömək edəcəyinə əmin ola bilərik (Məzmur 40:11—13).
22. “Görünməyənə” qarşı münasibətimizdə hansı əhval-ruhiyyədə olmalıyıq?
22 Bəli, əgər Yeqovanın tələblərini yerinə yetiririksə O, bizi əbədi həyatla xeyir-dualandıracaqdır. Əlbəttə ki, həvari Pavel kimi, Onun qüdrət və səlahiyyətini biz də qəbul etməliyik. Pavel yazırdı: “Əsrlərin Padşahına, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin” (1 Timoteyə 1:17, İ—93). Gəlin Yeqovaya həmişə belə ehtiramlı hisslər bəsləyək. Və nə olursa-olsun, “Görünməyəni” görürmüş kimi, möhkəm dayanmağa davam edək.
Siz necə cavab verərdiniz?
• İnsanlar Allahı necə “görə bilərlər”?
• Yeqova bizim üçün realdırsa, tə’qiblər zamanı necə davranacağıq?
• Yeqovanın simasında Dahi Tə’limatçımızı görmək nə deməkdir?
• Yeqovanın bizi sınamasını nə üçün arzulamalıyıq?
[12-ci səhifədəki şəkil]
Musa, Fir’ondan qorxmadan, görünməz Allah olan Yeqovanı görürmüş kimi davrandı.
[15-ci səhifədəki şəkil]
Gəlin elə davranmayaq ki, sanki Yeqova bizi görmür.
[17-ci səhifədəki şəkil]
Allahın simasında Dahi Tə’limatçımızı gördüyümüz üçün, Onun haqqındakı biliyi ciddi-cəhdlə axtarırıq.