“Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin”
“Beləliklə, gedin, bütün xalqları şagirdim edin... Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (MATTA 28:19, 20).
1. Şagird Filiplə həbəşistanlı kişi arasında hansı söhbət baş verdi?
HƏBƏŞİSTANLI bir kişi Yerusəlimə çatmaq üçün böyük məsafə qət etmişdir. O, sevdiyi Allaha — Yehovaya ibadət etməyə gəlmişdir. Ehtimal ki, o, Allah tərəfindən ilhamlanmış Kəlamı da sevirdi. Evə qayıdarkən öz arabasında oturub İşayanın peyğəmbərliyini oxuyanda ona Məsihin şagirdi Filip rast gəldi. Filip həbəşistanlıdan soruşdu: “Oxuduğunu heç anlayırsanmı?” O cavab verdi: “Mənə yol göstərən olmasa necə anlaya bilərəm?” Filip də Yazıların səmimi tədqiqatçısı olan bu adama Məsihin şagirdi olmağa kömək etdi (Həvarilərin işləri 8:26-39).
2. a) Həbəşistanlının sualı nəyə görə diqqətə layiqdir? b) Məsihin şagirdlər hazırlamaq tapşırığı ilə bağlı hansı sualları nəzərdən keçirəcəyik?
2 Həbəşistanlının dediyi sözlərə diqqət yetirək: “Mənə yol göstərən olmasa necə anlaya bilərəm?” Bəli, ona oxuduqlarını başa düşməkdə kömək etmək üçün yol göstərən lazım idi. Onun sözləri, İsanın şagirdlər hazırlamaq haqqındakı tapşırığının xüsusi bir cəhəti ilə bağlıdır. Hansı cəhəti ilə? Bu suala cavab vermək üçün, gəlin İsanın “Matta” kitabının 28-ci fəslində yazılan sözlərinin müzakirəsini davam etdirək. Əvvəlki məqalədə nəyə görə və harada sualları müzakirə edilirdi. İndi isə biz Məsihin şagirdlər hazırlamaq tapşırığı ilə bağlı olan başqa iki sualı müzakirə edəcəyik: nəyi öyrətməli və bunu nə vaxta qədər etməli?
“Hər şeyə riayət etməyi onlara öyrədin”
3. a) İnsan İsa Məsihin şagirdi necə olur? b) Yeni şagirdlərə nəyi öyrətmək lazımdır?
3 Biz insanlara Məsihin şagirdləri olmaları üçün nəyi öyrətməliyik? İsa öz şagirdlərinə tapşırdı: “Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:19, 20). Beləliklə, biz insanlara Məsihin əmr etdiyi hər şeyi öyrətməliyika. Bəs nə etmək olar ki, İsanın əmrlərini öyrənən insan yalnız şagird olmaqla kifayətlənməsin, həm də şagird olaraq qalsın? İsanın özü düzgün sözlər seçərək vacib bir amilə işarə etdi. O, sadəcə olaraq ‘sizə əmr etdiyim hər şeyi onlara öyrədin’ demədi. O dedi: “Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 19:17). Burada nə nəzərdə tutulur?
4. a) Əmrə riayət etmək nə deməkdir? b) Məsihin əmrinə riayət etməyin nə demək olduğunu nümunə əsasında təsvir edin.
4 Əmrə riayət etmək — onu dəqiqliklə yerinə yetirmək deməkdir. Belə isə Məsihin əmr etdiyi hər şeyə riayət etməyi insanlara necə öyrətmək olar? Gəlin, maşın sürmək üzrə tə’limatçının yeni tələbəyə yol hərəkəti qaydalarını necə öyrətdiyini nəzərdən keçirək. Müəllim həmin qaydaları sinifdə də başa sala bilər. Lakin bu qaydalara riayət etməyi öyrətmək üçün, o, şagird maşını idarə edərkən öyrəndiklərini tətbiq etməyə çalışdığı zaman maşında, şagirdinin yanında olmalıdır. Buna bənzər tərzdə, insanlarla Müqəddəs Kitabı öyrənərkən biz onlara Məsihin əmrlərini öyrədirik. Lakin biz həmçinin Məsihin tə’limlərini gündəlik həyatlarında və xidmətlərində necə tətbiq etdiklərinə də diqqət yetirməliyik (Yəhya 14:15; 1 Yəhya 2:3). Beləliklə, Məsihin şagirdlər hazırlamaq tapşırığını tam dərəcədə yerinə yetirmək üçün, biz insanları həm öyrətməli, həm də məcazi dillə desək, əllərindən tutub aparmalıyıq. Bu üsulla biz İsanı və Yehovanı təqlid etmiş olacağıq (Məzmur 48:14; Vəhy 7:17).
5. Müqəddəs Kitabı öyrətdiyimiz insana Məsihin şagirdlər hazırlamaq tapşırığına riayət etmək nəyə görə çətin ola bilər?
5 İnsanlara İsanın əmrlərini yerinə yetirməyi öyrətmək, həmçinin onlara şagirdlər hazırlamaq tapşırığına riayət etməyə kömək etmək deməkdir. Müqəddəs Kitabı öyrənməyə kömək etdiyimiz bə’zilərini təbliğ etmək fikri qorxuda bilər. Hətta onlar vaxtı ilə hansısa xristian kilsəsinin üzvləri olsalar da, çox ehtimal ki, əvvəlki yol göstərənləri onlara ‘gedib şagirdlər hazırlamağı’ öyrətməyiblər. Bə’zi kilsə başçıları açıq-aşkar e’tiraf edirlər ki, xristian kilsələri öz dindarlarına təbliğ etməyi qətiyyən öyrətmirlər. İsanın dünyaya gedib hər cür insanların şagird olmalarına kömək etmək tapşırığına dair Müqəddəs Kitab alimi Con R. U. Stott qeyd etmişdir: “Biz, bu tapşırığın özünə daxil etdiyini yerinə yetirmirik, bu isə İncili təbliğ etməyə dair bugünkü yevangelist kilsələrinin böyük çatışmamazlığıdır”. O əlavə etdi: “Biz öz xəbərimizi uzaqdan təbliğ etməyi üstün tuturuq. Bə’zən isə sahildə təhlükəsiz yerdə durub, qışqıraraq boğulan adamlara nəsihət verən adamları xatırladırıq. Biz onları xilas etmək üçün suya atılmırıq. İslanmaqdan qorxuruq”.
6. a) Müqəddəs Kitabı öyrənən adama kömək edərkən biz Filipi necə təqlid edə bilərik? b) Müqəddəs Kitabı öyrənən adam təbliğ işində iştirak etməyə başlayan zaman ona necə kömək edə bilərik?
6 Əgər Müqəddəs Kitabı öyrətdiyimiz şəxs vaxtilə üzvləri “islanmaqdan qorxan” dinə məxsus olubsa, ona Məsihin şagirdlər hazırlamaq tapşırığına riayət etmək üçün, məcazi dillə desək, sudan qorxunu dəf etmək çətin ola bilər. Onun köməyə ehtiyacı olacaq. Biz onu səbirlə öyrədəcək və ona yol göstərəcəyik ki, Filip tərəfindən öyrədilən həbəşistanlı özü üçün vacib sualları aydınlaşdırıb, hərəkət etməyə təşviq olunduğu kimi, həmin şəxs də öz anlayışını dərinləşdirsin və hərəkət etməyə təşviq olunsun (Yəhya 16:13; Həvarilərin işləri 8:35-38). Bundan əlavə, Müqəddəs Kitabı öyrənən kəslərin şagirdlər hazırlamaq əmrinə riayət edə bilmələrini arzulayaraq, Padşahlıq haqqındakı təbliğ işində ilk addımlarını atan zaman biz onları müşayiət edəcəyik (Vaiz 4:9, 10; Luka 6:40).
“Hər şeyə”
7. Məsihin riayət etməyi əmr etdiyi “hər şeyə” hansı əmrlər daxildir?
7 Biz yeni şagirdləri yalnız təbliğ etməyə öyrətməklə kifayətlənmirik. İsa bizə göstəriş vermişdir ki, başqalarına onun əmr etdiyi “hər şeyə riayət etməyi” öyrədək. Buraya, şübhəsiz ki, iki ən vacib əmrə — Allahı və yaxını sevmək əmrinə riayət etmək də daxildir (Matta 22:37-39). Yeni şagirdə bu iki əmrə riayət etməyi necə öyrətməli?
8. Yeni şagirdə məhəbbət təzahür etdirməyi öyrətməyin üsulunu hansı nümunə göstərir?
8 Maşın sürməyi öyrənən tələbənin nümunəsinə qayıdaq. Tə’limatçısı yanında oturan tələbə şəhərdə maşını idarə edərkən, yalnız tə’limatçının sözlərini dinləməklə deyil, digər sürücüləri müşahidə etməklə də öyrənir. Tə’limatçı diqqəti başqa birisinə özündən qabaqda durmağa mehribanlıqla icazə verən, qarşıdan gələnlərin gözünə işıq düşməsin deyə maşının fənərini nəzakətlə zəiflədən və ya maşını xarab olan tanışına həvəslə kömək edən sürücüyə yönəldə bilər. Bu cür nümunələr tələbə üçün, onun yolda tətbiq edə biləcəyi qiymətli dərs ola bilər. Buna bənzər tərzdə, əbədi həyata aparan yolda duran yeni şagird də yalnız öz müəllimindən deyil, yığıncaqda gördüyü gözəl nümunələr əsasında da öyrənir (Matta 7:13, 14).
9. Yeni şagird məhəbbət təzahür etdirməyi necə öyrənir?
9 Məsələn, Müqəddəs Kitabı öyrənən kəs, ciddi sə’y göstərərək körpə uşaqlarını Padşahlıq Zalındakı görüşlərə gətirən tənha ananı müşahidə edə bilər. O, depressiya ilə mübarizə aparmasına baxmayaraq kədərli bacının həmişə görüşlərə gəldiyini, yığıncaqda başqalarını ruhlandıran yaşlı dul bacını və ya Padşahlıq Zalında təmizlik işində iştirak edən yeniyetməni müşahidə edə bilər. Müqəddəs Kitabı öyrənən kəs yığıncağın ağsaqqalının, yığıncaqdakı çoxsaylı məs’uliyyətlərinə baxmayaraq, təbliğ xidmətində rəhbərliyi sədaqətlə öz üzərinə götürməsinə diqqət yetirə bilər. O, ağır xəstəliyi ucbatından evdən çıxa bilməyən, lakin yanına gələnlərin hamısını ruhlandıran Şahidlə tanış ola bilər. Müqəddəs Kitabı öyrənən kəs, xəstə valideynlərinə qayğı göstərmək üçün ər-arvadın həyatlarında necə əsaslı dəyişikliklər etdiyinə diqqət yetirə bilər. Bu cür xeyirxah, yararlı və e’tibarlı məsihçiləri müşahidə edərək, yeni şagird Məsihin Allahı və yaxınlarını, xüsusilə də həmimanlılarını sevmək tapşırığının nə demək olduğunu onların nümunəsi əsasında öyrənə bilər (Süleymanın məsəlləri 24:32; Yəhya 13:35; Qalatiyalılara 6:10; 1 Timoteyə 5:4, 8; 1 Peter 5:2, 3). Bu mə’nada məsihçi yığıncağının hər bir üzvü müəllim və nümunə ola bilər və olmalıdır da (Matta 5:16).
“Dövrün sonuna qədər”
10. a) Şagirdləri hazırlamaq işi ilə nə vaxta qədər məşğul olacağıq? b) Tapşırıqların yerinə yetirilməsinə dair İsa hansı nümunəni verdi?
10 Şagirdləri hazırlamaq işi ilə nə vaxta qədər məşğul olmalıyıq? Dövrün, yə’ni yaşadığımız sistemin sonuna qədər (Matta 28:20). Məsihin tapşırığının bu hissəsini yerinə yetirə biləcəyikmi? Ümumdünya yığıncağının üzvləri kimi, biz bunu etməyə qəti qərarlıyıq. Ötən illər ərzində biz “əbədi həyata tə’yin olunanların”, daha doğrusu, meylli olanların hamısının axtarışına vaxtımızı, qüvvəmizi və imkanlarımızı həvəslə həsr etmişik (Həvarilərin işləri 13:48). Hal-hazırda Yehovanın Şahidləri bütün dünyada il ərzində hər gün Padşahlıq haqqındakı təbliğ işinə və şagirdlərin hazırlanmasına orta hesabla üç milyon saatdan artıq vaxt sərf edirlər. Biz İsanın nümunəsini təqlid etdiyimiz üçün bu cür davranırıq. İsa demişdir: “Mənim yeməyim Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır” (Yəhya 4:34). Bunu etməyi biz də ürəkdən arzulayırıq (Yəhya 20:21). Bizə tapşırılan işi ancaq başlamaq yox, həmçinin tamamlamaq da istəyirik (Matta 24:13; Yəhya 17:4).
11. Bə’zi məsihçi bacı-qardaşlarımızla nə baş verir və bizə hansı sualı nəzərdən keçirmək lazımdır?
11 Lakin bizi kədərləndirən odur ki, həmimanlılarımızdan bə’ziləri ruhən zəifləyir və nəticədə Məsihin şagirdlər hazırlamaq tapşırığını daha az fəallıqla yerinə yetirir və ya bu işi ümumiyyətlə yerinə yetirmirlər. Onların yığıncaqla yenidən ünsiyyət yaratmasına və şagirdlərin hazırlanmasında fəaliyyətlərini bərpa etməsinə necəsə kömək edə bilərikmi? (Romalılara 15:1; İbranilərə 12:12). Müvəqqəti olaraq ruhən zəifləyən həvarilərə İsanın necə kömək etdiyini nəzərdən keçirərkən cavab tapacağıq.
Qayğı göstər
12. a) İsanın ölümündən əvvəl həvarilər nə etdilər? b) Ciddi səhvə yol vermələrinə baxmayaraq, İsa həvarilərlə necə davrandı?
12 İsanın yer üzündəki xidmətinin sonuna yaxın, onun öləcəyi vaxt yaxınlaşanda, həvariləri “İsanı tərk edib qaçdı”lar. Rəbbin qabaqcadan dediyi kimi, onların ‘hər biri öz tərəfinə’ — öz evinə dağıldı (Mark 14:50; Yəhya 16:32). İsa ruhən zəifləyən dostları ilə necə davrandı? Dirildikdən tezliklə sonra o, şagirdlərindən bə’zilərinə dedi: “Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər” (Matta 28:10). Şagirdlərin ciddi səhvə yol vermələrinə baxmayaraq, İsa onlara müraciət edərkən, əvvəlki kimi onları “Mənim qardaşlarım” adlandırdı (Matta 12:49). Onlara olan e’tibarını itirmədi. Bu mə’nada İsa da, Yehova kimi mərhəmətli və lütfkar idi (2 Krallar 13:23). Biz İsanı necə təqlid edə bilərik?
13. Ruhən zəifləyənlərə necə münasibət bəsləməliyik?
13 Biz xidmətdə az iştirak edənlərə və ya ümumiyyətlə təbliğ etməyənlərə e’tinasız yanaşmamalıyıq. Bu həmimanlıların məhəbbətdən irəli gələrək qabaqlar — kimlərinsə onilliklər ərzində — etdikləri işləri unutmuruq (İbranilərə 6:10). Biz doğrudan da onlar üçün çox darıxırıq (Luka 15:4-7; 1 Saloniklilərə 2:17). Lakin biz bunu necə göstərə bilərik?
14. İsanın nümunəsini təqlid edərək biz ruhən zəifləyənlərə necə kömək edə bilərik?
14 İsa ruhdan düşən həvarilərinə söylədi ki, Qalileyaya getsinlər və onu orada görəcəklər. Əslində İsa onları xüsusi görüşə də’vət etmişdi (Matta 28:10). Bu gün biz də ruhən zəifləyənləri məsihçi yığıncağının görüşlərinə gəlməyə də’vət edirik və ola bilər ki, onları bir neçə dəfə də’vət etməli olacağıq. Həvarilərin hadisəsində də’vət olunmaları onlara fayda gətirdi, çünki “On bir şagird Qalileyaya, İsanın onlara tə’yin etdiyi dağa getdi” (Matta 28:16). Ruhən zəifləyən bacı və qardaşlarımız buna bənzər tərzdə bizim səmimi də’vətimizə hay verəndə və məsihçi görüşlərinə yenidən gələndə biz necə də sevinirik! (Luka 15:6).
15. İsanın nümunəsini təqlid edərək, bizim görüşlərimizə gələn ruhən zəif məsihçiləri necə salamlaya bilərik?
15 Ruhən zəifləyən məsihçi Padşahlıq Zalına gələndə biz nə edəcəyik? Bəs İsa imanları müvəqqəti olaraq zəifləyən həvarilərini tə’yin olunan yerdə görəndə nə etdi? ‘İsa yaxınlaşıb onlarla’ danışdı (Matta 28:18). O, həvarilərdən aralıda dayanmadı, lakin onlara yaxınlaşdı. İsa təşəbbüsü öz əlinə alanda, həvarilərin, ehtimal ki, nə qədər yüngüllük hiss etdiklərini təsəvvür et! Biz də təşəbbüs göstərə bilər və yığıncağa qayıtmağa çalışan ruhən zəif məsihçiləri səmimiyyətlə salamlaya bilərik.
16. a) İsanın öz davamçıları ilə rəftarından nə öyrənə bilərik? b) Zəiflərə İsanın etdiyi kimi münasibət bəslədiyimizi hansı hərəkətlərimizlə göstərəcəyik? (Haşiyəyə baxın.)
16 İsa daha nə etdi? Birincisi, o bəyan etdi: “Bütün hakimiyyət Mənə verilmişdir”. İkincisi, İsa tapşırdı: “Beləliklə [“Buna görə”, YD], gedin, bütün xalqları şagirdim edin”. Üçüncüsü, onlara və’d etdi: “Hər gün sizinləyəm”. Bəs İsanın nəyi etmədiyinə diqqət yetirdinmi? O, şagirdlərini səhvə yol verdiklərinə və şübhə etdiklərinə görə məzəmmət etmədi (Matta 28:17). Bu cür davranışın tə’siri oldumu? Bəli. Çox keçməmiş həvarilər yenidən “tə’lim verməkdən və... müjdələməkdən vaz keçmirdilər” (Həvarilərin işləri 5:42). Əgər biz zəiflərlə İsanın etdiyi kimi davransaq, o zaman öz yığıncağımızda buna bənzər gözəl nəticələr görərikb (Həvarilərin işləri 20:35).
“Hər gün sizinləyəm”
17, 18. İsanın “hər gün sizinləyəm” sözləri bizi necə qüvvətləndirir?
17 İsanın tapşırığının sonuncu — “hər gün sizinləyəm” sözləri, onun şagirdlər hazırlamaq tapşırığını yerinə yetirməyə cəhd göstərən hər bir kəsi qüvvətləndirir. Padşahlıq haqqındakı təbliğ işimizə düşmənlər hansı müqaviməti göstərsələr də və bizim barəmizdə hansı şayiələri yaysalar da, biz qorxmamalıyıq. Nəyə görə? ‘Göydə və yer üzündə bütün hakimiyyətə’ malik olan Başçımız İsa bizimlədir!
18 İsanın “hər gün sizinləyəm” və’dindən həm də böyük təsəlli tapırıq. Məsihin şagirdlər hazırlamaq tapşırığını sə’ylə yerinə yetirəndə yalnız sevincli deyil, kədərli günlərimiz də olur (2 Tarixlər 6:29). Bizlərdən kim isə ürəkdən sevdiyi adamın ölümündən kədərlənir (Təkvin 23:2; Yəhya 11:33-36). Kimin üçünsə qocalığın ağır vaxtları başlanır, sağlamlığı pisləşir və qüvvəsi azalır (Vaiz 12:1-6). Kim isə arabir ruhdan düşür (1 Saloniklilərə 5:14). Və Allahın daha çox xidmətçiləri iqtisadi cəhətdən ağır vəziyyətdə yaşayırlar. Lakin bu cür çətinliklərə baxmayaraq, biz xidmətimizi müvəffəqiyyətlə davam etdiririk, çünki İsanın özü “hər gün”, o cümlədən həyatımızın ən çətin günlərində belə bizimlədir (Matta 11:28-30).
19. a) İsanın şagirdlər hazırlamaq tapşırığı özünə nələri daxil edir? b) Məsihin tapşırığını nəyin sayəsində yerinə yetirə bilərik?
19 Bu və əvvəlki məqalədən gördüyümüz kimi, İsanın şagirdlər hazırlamaq tapşırığı özünə müxtəlif amilləri daxil edir. İsa bizə onun əmrini nəyə görə və harada yerinə yetirəcəyimizi söylədi. Həmçinin nəyi öyrətməyi və bunu nə vaxta qədər etməyi də söylədi. Əlbət ki, bu tapşırıq asan tapşırıq deyil. Lakin hər cür hakimiyyətə malik olan Məsihin köməyi ilə biz bu tapşırığı yerinə yetirə bilərik! Məgər sən bununla razı deyilsənmi?
[Haşiyələr]
a Bir arayış kitabçasında İsanın dediyi sözlərə diqqət yönəldilir. İsa, ‘onları vəftiz edin və öyrədin’ yox, “onları... vəftiz edin... onlara öyrədin” demişdir. Beləliklə, vəftiz etmək və öyrətmək “əslində... bir-birinin ardınca gələn iki hərəkətdən” ibarət deyil. Əksinə, “öyrətmək qismən vəftizdən əvvəl başlanan... və qismən vəftizdən sonra davam edən prosesdir”.
b Ruhən zəif olanlarla necə davranmağa və onlara necə kömək etməyə dair daha çox mə’lumatı “Gözətçi Qülləsi”nin 2003-cü il 1 may sayının 25-27-ci səhifələrindən oxumaq olar.
Necə cavab verərdiniz?
• İsanın əmrinə riayət etməyi insanlara necə öyrətməli?
• Yeni şagird yığıncaqda başqa məsihçilərin nümunəsindən hansı dərsləri öyrənə bilər?
• Ruhən zəifləyənlərə kömək etmək üçün nə edə bilərik?
• İsanın “hər gün sizinləyəm” və’di bizə necə qüvvət və təskinlik verir?
[25-ci səhifədəki şəkillər]
Biz insanları həm öyrətməli, həm də onlara biliklərini tətbiq etməkdə kömək etməliyik.
[27-ci səhifədəki şəkillər]
Yeni şagird qiymətli dərsləri başqalarının nümunəsindən öyrənir.