“Onların səsi bütün dünyaya... çatdı”
“Bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin” (MATTA 28:19).
1, 2. a) İsa şagirdlərinə hansı tapşırığı verdi? b) Birinci əsrin məsihçilərinin fəaliyyəti nəyin sayəsində müvəffəqiyyətlə nəticələndi?
GÖYƏ qalxmazdan bir qədər əvvəl İsa şagirdlərinə tapşırıq verdi. O buyurdu: “Bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin” (Matta 28:19). Necə də çətin tapşırıqdır!
2 Ağlasığan iş deyil! Eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruh yalnız 120 şagirdə verildi və onlar başqalarına İsanın və’d edilmiş Məsih və Allahın xilas üsulu olduğunu danışaraq İsanın verdiyi tapşırığı yerinə yetirməyə başladılar (Həvarilərin işləri 2:1-36). Belə balaca bir qrup bu xəbəri ‘bütün xalqlara’ necə çatdıra bilərdi? Bu, insan nöqteyi-nəzərindən qeyri-mümkün idi, “Allah üçün isə hər şey mümkündür” (Matta 19:26). Erkən məsihçilər Yehovanın müqəddəs ruhunun müdafiəsinə malik idilər və tə’xirəsalınmazlıq hissi duyurdular (Zəkarya 4:6; 2 Timoteyə 4:2). Buna görə də cəmi bir neçə on ildən sonra həvari Pavel xoş xəbərin “göy altında olan hər məxluqa” bəyan edildiyini söyləyə bildi (Koloslulara 1:23).
3. Məsihin həqiqi davamçılarını təmsil edən ‘buğdalara’ kölgə salan nə idi?
3 Birinci əsrin çox hissəsi ərzində həqiqi ibadət geniş yayılmağa davam edirdi. Amma İsa qabaqcadan bildirmişdi ki, Şeytan Məsihin həqiqi davamçılarını təmsil edən ‘buğdalara’ biçin vaxtına qədər uzun əsrlər ərzində kölgə salan “dəlicələr” səpəcəkdir. Həvarilərin ölümündən sonra elə də oldu (Matta 13:24-39).
Bizim günlərdə baş verən sür’ətli artım
4, 5. Məsh edilmiş məsihçilər 1919-cu ildə hansı işi görməyə başladılar və bu iş hansı ciddi çətinliklərlə bağlı idi?
4 1919-cu ildə, “buğdaların” “dəlicələrdən” ayrılmaq vaxtı gəlib çatdı. Məsh edilmiş məsihçilər İsanın böyük tapşırığının hələ də qüvvədə olduğunu bilirdilər. Onlar “axır günlərdə” yaşadıqlarına möhkəm inanır və İsanın söylədiyi peyğəmbərliyi bilirdilər: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (2 Timoteyə 3:1; Matta 24:14, İ–93). Onlar başa düşürdülər ki, çox iş görməlidirlər.
5 Amma eramızın 33-cü ilində yaşayan şagirdlər kimi, məsh edilmiş bu məsihçilər də ciddi çətinliklərlə qarşılaşdılar. Onların sayı bir neçə ölkədə cəmi bir neçə min təşkil edirdi. Onlar xoş xəbəri “bütün dünyada” necə təbliğ edə bilərdilər? Yada salaq ki, Roma imperiyası dövründə Yer kürəsindəki əhalinin sayı, ehtimal ki, 300 milyon təşkil edirdi, Birinci Dünya müharibəsindən sonrakı dövrdə isə bu say təxminən 2 milyarda çatırdı. XX əsr ərzində isə dünya əhalisinin sayının sür’ətli artımını görmək ehtimalı vardı.
6. Xoş xəbərin yayılmasında 1930-cu illər üçün hansı nailiyyətlər əldə edildi?
6 Buna baxmayaraq, Yehovanın məsh edilmiş xidmətçiləri, I əsrdəki qardaşları kimi, onlara həvalə edilmiş tapşırığa Yehovaya möhkəm iman gətirərək girişdilər, Yehovanın ruhu da onlarla idi. 1930-cu illərin ortalarına yaxın Müqəddəs Kitab həqiqətini 115 ölkədə təxminən 56 min təbliğçi bəyan edirdi. Artıq az iş görülməmişdi, amma irəlidə daha çox iş qalırdı.
7. a) Məsh edilmiş məsihçilərin qarşısında hansı yeni tapşırıq dururdu? b) “Başqa qoyunların” köməyi ilə müasir vaxt üçün biçin işində hansı nailiyyət əldə edilmişdir?
7 Sonra Vəhy 7:9 ayəsində xatırlanan ‘böyük izdihamın’ kimləri təmsil etdiyi daha aydın oldu. Bunu bilmələri bir tərəfdən həmin zəhmətkeş məsihçilərin işini artırır, digər tərəfdən isə yardım etməyi və’d edirdi. “Hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən” sonsuz sayda “başqa qoyunları” — yerdə yaşamaq ümidinə malik olan imanlıları toplamaq lazım idi (Yəhya 10:16). Onlar ‘gecə-gündüz Yehovaya xidmət etməli’ idilər (Vəhy 7:15). Bu o demək idi ki, onlar təbliğ və tə’lim işində kömək edə bilərdilər (İşaya 61:5). Nəticə e’tibarilə, Məsh edilmiş məsihçilər təbliğçilərin sayının əvvəlcə on minlərə, sonra isə milyonlara çatdığını həyəcanla müşahidə edirdilər. 2003-cü ildə təbliğ işində iştirak edən təbliğçilərin yeni yüksək sayı — 6 429 351 nəfər olmuşdur ki, onların da əksəriyyəti böyük izdihamın üzvləridira. Məsh edilmiş məsihçilər bu köməyə görə minnətdardırlar, başqa qoyunlar isə öz növbəsində məsh edilmiş qardaşlarına yardım etməyi özlərinə şərəf sayırlar (Matta 25:34-40).
8. İkinci Dünya müharibəsi illərində baş verən sərt tə’qiblər Yehovanın Şahidlərinə necə tə’sir göstərmişdi?
8 Yenidən buğda sinfi görünməyə başlayanda, Şeytan ona qarşı güclü müharibəyə başladı (Vəhy 12:17). Şeytan böyük izdihamın yaranmasına necə reaksiya göstərdi? Olduqca sərt! Məgər İkinci Dünya müharibəsi zamanı hər yerdə həqiqi ibadətə qarşı edilən hücumların arxasında onun durduğuna şübhə etmək olarmı? Düşmənçilik edən hər iki tərəf məsihçilərin üzərinə güclü tə’qiblər yağdırdılar. Bir çox sevimli bacı və qardaşlar dəhşətli sınaqlara mə’ruz qalmış, bə’ziləri isə imanları uğrunda həyatlarını belə qurban vermişlər. Buna baxmayaraq, onlar məzmurçunun sözlərini təkrar edirdilər: “Allaha (onun sözünü səna edərəm), Allaha güvəndim, qorxmaram; insan mənə nə edə bilər?” (Məzmur 56:4; Matta 10:28). Başqa qoyunlarla birlikdə məsh edilmiş məsihçilər Yehovanın ruhundan qüvvə alaraq, möhkəm dururdular (2 Korinflilərə 4:7). Nəticədə “Allahın kəlamı vüs’ət alırdı” (Həvarilərin işləri 6:7). 1939-cu ildə müharibə başlayanda, hesabatlara əsasən təbliğ işində 72 475 sadiq məsihçi iştirak edirdi. Lakin 1945-ci il üçün olan natamam hesabatdan göründüyü kimi, xoş xəbəri 156 299 nəfər fəal Şahid yayırdı. Şeytan tam məğlubiyyətə uğramışdı!
9. İkinci Dünya müharibəsi ərzində hansı yeni tə’lim kursları təşkil edilmişdi?
9 İkinci Dünya müharibəsinin yaratdığı qarma-qarışıqlığa baxmayaraq, Yehovanın xidmətçiləri təbliğ işinin başa çatacağına şübhə etmədilər. Müharibənin ən qızğın çağında, 1943-cü ildə iki yeni tə’lim kursunun açılışı e’lan edildi. Hazırda Teokratik Xidmət Məktəbi adlanan kurslardan biri, hər bir Şahidin təbliğ etməyi və şagirdlər hazırlamağı öyrənməsi üçün, bütün yığıncaqlarda keçirilməli idi. Digəri, Gözətçi Qülləsinin Müqəddəs Kitab məktəbi Gilead başqa ölkələrdə təbliğ işini genişləndirə bilsinlər deyə missionerlər hazırlamaq üçün təşkil edilmişdi. Beləliklə, nəhayət müharibə başa çatanda, Məsihin həqiqi davamçıları yeni qüvvə ilə fəaliyyət göstərməyə hazır idilər.
10. Yehovanın xalqının sə’yi 2003-cü ildə necə təzahür olunmuşdur?
10 Məsihçilər necə də təəccüb doğuran iş görmüşlər! Teokratik Xidmət Məktəbinin tələbələri — gənclər və yaşlılar, valideynlər və uşaqlar, hətta səhhəti zəif olanlar — İsanın böyük tapşırığını yerinə yetirmiş və yetirirlər (Məzmur 148:12, 13; Yoel 2:28, 29). 2003-cü ildə 825 185 nəfər təbliğ işinə sə’ylə yanaşdıqlarını müvəqqəti və ya daimi olaraq pioner xidmətində çalışmaqla göstərmişlər. Elə həmin il Yehovanın Şahidləri Padşahlıq haqqında olan xoş xəbəri başqaları ilə bölüşərək başqa insanlarla ümumi hesabla 1 234 796 477 saat söhbət etmişlər. Şübhəsiz ki, Yehova xalqının göstərdiyi sə’ydən razıdır!
Əcnəbidilli ərazilərdə
11, 12. Hansı nümunələr missionerlərin əməyinin səmərəsinə şahidlik edir?
11 Uzun illər ərzində Gilead məktəbinin, son illərdə isə Xidməti Təkmilləşdirmə Məktəbinin mə’zunları olduqca səmərəli fəaliyyət göstəriblər. Məsələn, 1945-ci ildə Braziliyaya ilk missionerlər gələndə, orada heç 400 təbliğçi yox idi. Həmin missionerlər, o cümlədən sonradan gələn digər missionerlər Braziliyadan olan çalışqan qardaşlarla yan-yana sə’ylə çalışırdılar, Yehova isə onların sə’yinə bol xeyir-dua verdi. Həmin erkən illəri xatırlayan kəslər 2003-cü ildə Braziliyadakı təbliğçilərin yeni yüksək sayını — 607 362 nəfəri görməyə necə də sevinirlər!
12 Bəs Yaponiya haqqında nə demək olar? İkinci Dünya müharibəsinə qədər orada Padşahlığın yüzə yaxın təbliğçisi vardı. Müharibə illəri ərzində sərt tə’qiblər ucbatından onların sayı azaldı və müharibə başa çatanda ruhən və fiziki cəhətdən sağ qalan Şahidlərin sayı çox az idi (Süleymanın məsəlləri 14:32). Nöqsansızlıqlarını qeyri-adi tərzdə qoruyub saxlayan həmin az saylı sadiq qardaşlar, şübhəsiz ki, ilk 13 missionerin — Gilead məktəbinin mə’zunlarının gəlişinə sevinirdilər, missionerlər də öz çalışqan, qonaqpərvər yapon qardaşlarına tez isinişdilər. Üstündən 50-dən artıq il keçir və 2003-cü ildə Yaponiyada olan təbliğçilərin sayı 217 508-ə çatmışdır! Yehova bu ölkədəki xalqına həqiqətən də bol xeyir-dua verdi. Buna bənzər nəticələrə bir çox başqa ölkələrdə də nail olunmuşdur. Əcnəbidilli ərazilərdə təbliğ etmək üçün yola düşənlər xoş xəbərin yayılmasına böyük yardım etmişlər, 2003-cü ildə isə bu xəbər dünyanın 235 ölkəsində, adasında və ərazisində eşidilmişdir. Həqiqətən də, böyük izdiham “hər millətdən” gəlir.
“Bütün qəbilələrdən, xalqlardan və dillərdən”
13, 14. Yehova xoş xəbəri ‘bütün dillərdə’ təbliğ etməyin vacibliyini necə göstərdi?
13 Şagirdlər eramızın 33-cü ilinin Pentikost günündə müqəddəs ruhla məsh edildikdən sonra, baş verən ilk mö’cüzə onların toplaşmış xalqla müxtəlif dillərdə danışmaları oldu. Onları dinləyənlərin hamısı beynəlxalq dili, ehtimal ki, yunan dilini bilirdilər. “Dindar adamlar” kimi onlar həm də, görünür ki, mə’bəddə ibrani dilində yerinə yetirilən xidməti başa düşürdülər. Lakin onlar xoş xəbəri uşaq çağlarından öyrəndikləri dildə eşidəndə, necə də maraqla qulaq asırdılar! (Həvarilərin işləri 2:5, 7-12).
14 Təbliğ işi bu gün də bir çox dillərdə həyata keçirilir. Peyğəmbərliyə əsasən, böyük izdiham yalnız millətlərdən deyil, həm də “qəbilələrdən, xalqlardan və dillərdən” gəldi. Bu, Yehovanın Zəkarya vasitəsilə dediyinə müvafiq gəlir: “Millətlərin hər çeşid dillərindən on adam bir Yəhudinin ətəyinə yapışacaqlar və: Sizinlə gedirik, çünki Allahın sizinlə bərabər olduğunu eşitdik, deyərək yapışacaqlar” (Zəkarya 8:23). Yehovanın Şahidlərinin başqa dillərdə danışmaq kimi fövqəltəbii qabiliyyətləri olmasa da, onlar dərk edirlər ki, insanları onların ana dilində öyrətmək nə qədər vacibdir.
15, 16. Missionerlər və yerli dillərdə təbliğ etməyə çalışan digər təbliğçilər hansı çətinliklərlə qarşılaşırlar?
15 Doğrudur ki, bu gün geniş yayılmış bir neçə dil, məsələn, ingilis, fransız və ispan dilləri mövcuddur. Lakin öz yaxınlarından ayrılaraq, xaricdə xidmət etməyə gedənlər yerli dilləri öyrənməyə çalışırlar ki, xoş xəbər “əbədi həyata meylli olan” insanların hamısına daha əlçatan olsun (Həvarilərin işləri 13:48, YD). Bu həmişə asan olmur. Sakit okeanın cənubunda yerləşən Tuvalu adasındakı qardaşlara onların dilində ədəbiyyatlar lazım olanda, bir missioner bu işi öz üzərinə götürdü. Heç bir lüğət olmadığı üçün o özü Tuvalu dilindəki sözlərin lüğətini yaratmağa başladı. Vaxtı gələndə bu dildə “Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz” adlı kitab dərc olundub. Missionerlər Kürasaoya gələndə yerli papyamento dilində nə Müqəddəs Kitab nəşrləri, nə də ki, lüğətlər vardı. Həm də yazılış qaydasına dair böyük fikir ayrılığı mövcud idi. Buna baxmayaraq, ilk missionerlərin gəlişindən iki il sonra papyamento dilində Müqəddəs Kitaba əsaslanan ilk traktat dərc olundu. Bu gün papyamento dili, “Gözətçi Qülləsi”nin ingilis buraxılışı ilə eyni vaxtda dərc olunan 133 dildən biridir.
16 Anqolaya gələn ilk missionerlər, anqolalı Şahidlər arasında tərcümə işində onlara kömək edə biləcək heç kəsi tapa bilmədilər. Bundan əlavə yerli dillərdə, bizim nəşrlərdə geniş tətbiq olunan “kamil” kimi anlayışları təsvir etmək üçün lazım olan sözlər yox idi. Bir missioner söyləyir: “Tərcümə etmək üçün əsasən Müqəddəs Kitabı öyrənən məktəb müəllimlərinin köməyindən istifadə edirdim. Onlar həqiqəti yaxşı bilmədikləri üçün, onların yanında oturub hər cümlənin dəqiq tərcümə edildiyinə diqqət yetirməli olurdum”. Hər necə olsa da nəhayət ki, “Yeni dünyadakı həyat” traktatı bir neçə Anqola dilinə tərcümə olundu. Bu gün yerli dillərdən birində, umbundu dilində “Gözətçi Qülləsi” ingilis buraxılışı ilə eyni vaxtda dərc olunur.
17, 18. Meksikada və başqa ölkələrdəki qardaşlar hansı çətinliklərin öhdəsindən gəlirlər?
17 Meksikanın əsas dili ispan dilidir. Lakin ispanların gəlişinə qədər orada bir çox dillərdə danışırdılar ki, onlardan bə’ziləri indiyə qədər tətbiq olunur. Buna görə də hal-hazırda Yehovanın Şahidlərinin ədəbiyyatları Meksika dillərindən yeddisində, həm də Meksika jest dilində dərc olunur. Mayya dilində dərc olunan “Padşahlıq Xidmətimiz”, Amerika hindilərinin dilində dərc olunan ilk dövri nəşrdir. Meksikada yaşayan 572 530 Padşahlıq təbliğçisi arasında bir neçə min mayyalar, asteklər və digər hindilər var.
18 Son illər ərzində milyonlarla insanlar çətin iqtisadi vəziyyət və ya hansısa fəlakət ucbatından vətənlərini tərk etmişlər. Bu səbəbdən bir çox ölkələrdə ilk dəfə olaraq geniş əcnəbidilli ərazilər yaranıb. Yehovanın Şahidləri işə sevinclə girişmişlər. Məsələn, İtaliyada italyan dilindən başqa 22 dildə yığıncaq və qruplar təşkil olunub. Başqa dillərdə danışan insanlara təbliğ edə bilsinlər deyə qardaşlara kömək etmək üçün, italyan jest dili də daxil olmaqla, 16 dildə tə’lim kursu təşkil olunub. Bir çox başqa ölkələrdəki çoxsaylı mühacirlərə təbliğ etmək üçün Yehovanın Şahidləri buna bənzər sə’ylər göstərirlər. Həqiqətən də Yehovanın köməyi sayəsində böyük izdiham çox-çox dil qruplarından gəlir.
‘Bütün dünyada’
19, 20. Pavelin hansı sözləri bu gün heyrət doğurucu şəkildə həyata keçir? İzah edin.
19 Birinci əsrdə həvari Pavel yazırdı: “Məgər onlar eşitmədilərmi? Əksinə, “onların səsi bütün dünyaya, onların sözləri yerin uclarına qədər çatdı” (Romalılara 10:18, İ–93). Əgər birinci əsrdə belə idisə, bunun bu gün belə olması daha çox yəqindir! Milyonlarla insanlar — ehtimal ki, tarixin hansısa dövründə olduğundan daha çox insanlar — bu sözlərə şərikdirlər: “Hər zaman Rəbbə səna edəcəyəm; onun təhlili [həmdi] daima ağzımda olacaqdır” (Məzmur 34:1).
20 Bundan əlavə, təbliğ işi ləngimir. Padşahlıq təbliğçilərinin sayı artmağa davam edir. Onlar insanlara təbliğ etmək işinə daha çox vaxt sərf edirlər. Milyonlarla təkrar başçəkmələr edilir və yüz minlərlə Müqəddəs Kitab öyrənmələri keçirilir. Getdikcə yeni-yeni insanlar həqiqətə maraq göstərir. Ötən il İsanın ölümünün Xatirə Gecəsinə 16 097 622 nəfər insan toplaşmışdır ki, bu da yeni yüksək saydır. Gördüyümüz kimi, hələ çox iş var. Güclü müqavimətlərə tab gətirən qardaşlarımızın sarsılmazlığını və nöqsansızlığını bundan sonra da təqlid edək. 1919-cu ildən başlayaraq özlərini Yehovaya xidmətə həsr edən qardaşlarımızın göstərdiyi kimi sə’y göstərək. Gəlin hamımız məzmurçunun səsinə hay verək: “Bütün nəfəs sahibləri Rəbbə həmd etsin. Rəbbə həmd edin” (Məzmur 150:6).
[Haşiyələr]
a Bu jurnalın 24-dən 27-dək səhifələrində yerləşən illik hesabata baxın.
b Yehovanın Şahidləri tərəfindən nəşr olunmuşdur.
İzah edə bilərsinizmi?
• 1919-cu ildə qardaşlar hansı işə başladılar və bu iş nəyə görə çətin idi?
• Təbliğ işini dəstəkləmək üçün hansı qrup insanlar toplaşdılar?
• Xaricdə xidmət edən missionerlərin və digər təbliğçilərin bəhrəli əməkləri nə ilə nəticələndi?
• Nədən görünür ki, bu gün Yehova Öz xalqının işinə xeyir-dua verir?
[24-27-ci səhifələrdəki cədvəl]
2003 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI
(Cədvələ nəşrin özündə baxın)
[22 və 23-cü səhifələrdəki şəkillər]
Böyük izdiham bütün qəbilələrdən və dillərdən gəlməli idi.