Məsihçilər ruhən və həqiqətən ibadət edirlər
“Allah Ruhdur və Ona ibadət edənlərin ruhən və həqiqətən ibadət etmələri gərəkdir” (YƏHYA 4:24).
1. Yehovaya hansı ibadət məqbuldur?
YEHOVANIN vahid Oğlu İsa Məsih, Atasına hansı ibadətin məqbul olduğuna dair şübhə yeri qoymadı. İsa, Suxar şəhəri yaxınlığındakı su quyusunun yanında samariyalı qadınla həyəcanlandırıcı həqiqəti bölüşərək dedi: “Siz bilmədiyinizə ibadət edirsiniz, biz bildiyimizə ibadət edirik; çünki qurtuluş yəhudilərdəndir. Amma həqiqi ibadət edənlərin Ataya ruhən və həqiqətən ibadət edəcəkləri saat gəlir və gəldi də. Çünki Ata Özünə bu cür ibadət edənlər axtarır. Allah Ruhdur və Ona ibadət edənlərin ruhən və həqiqətən ibadət etmələri gərəkdir” (Yəhya 4:22-24). Biz bu sözləri necə başa düşməliyik?
2. Samariyalıların ibadəti nəyə əsaslanırdı?
2 Samariyalılar yalan dini nöqteyi-nəzərlərə malik idilər. Onlar Müqəddəs Yazıların təkcə ilk beş kitabının Allahdan ilham aldığını və bu kitabların yalnız özləri tərəfindən edilən tərcüməsini qəbul edirdilər. Bu beş kitabı isə Samariyalıların Tövratı adlandırırdılar. Samariyalılar əslində Allahı tanımırdılar, yəhudilərə isə Müqəddəs Kitab bilikləri həvalə edilmişdi (Romalılara 3:1, 2). Sadiq yəhudilər və başqa insanlar Yehovanın iltifatından faydalanmaq imkanına malik idilər. Bəs bunun üçün onlardan nə tələb olunurdu?
3. Allaha “ruhən və həqiqətən” ibadət etmək üçün nə tələb olunur?
3 Yehovanı məmnun etmək üçün, keçmişdə yaşayan yəhudilər, samariyalılar və başqa insanlar nə etməli idilər? Onlar Allaha “ruhən və həqiqətən” ibadət etməli idilər. Bizdən də eyni şey tələb olunur. Doğrudur ki, biz Allaha ruh yüksəkliyi ilə, yə’ni sə’ylə xidmət etməliyik və bu xidmətə bizi məhəbbət və imanla dolu ürək təşviq etməlidir. Amma Allaha ruhən ibadət etmək üçün bizdə Allahın müqəddəs ruhunun olması və onun rəhbərliyinə itaətkarlıq göstərməyimiz xüsusilə vacibdir. Allahın Kəlamını öyrənməyin və həyatımızda tətbiq etməyin vasitəsilə düşüncə tərzimizi Allahın düşüncə tərzinə uyğunlaşdırmalıyıq (1 Korinflilərə 2:8-12). Bundan əlavə, Yehovaya məqbul olsun deyə, ibadətimiz həqiqətdə icra olunmalıdır. İbadətimiz, Allahın Kəlamı olan Müqəddəs Kitabda Allah və Onun niyyətləri haqqında yazılan mə’lumata uyğun gəlməlidir.
Həqiqəti tapmaq mümkündür
4. Həqiqət haqqında hansı fikirlər mövcuddur?
4 Fəlsəfəni öyrənən bə’zi insanlar belə bir nəticəyə gəlmişlər ki, bəşəriyyət mütləq həqiqəti tapmaq iqtidarında deyil. İsveçli müəllif Alf Alberq yazmışdır: “Bir çox fəlsəfi sualların mahiyyəti belədir ki, onlara müəyyən cavab vermək mümkün deyil”. Bəs həqiqətin yalnız nisbi olduğu doğrudurmu? İsa Məsih belə düşünmürdü.
5. İsa dünyaya nə üçün gəlmişdi?
5 Növbəti hadisələrin şahidi olduğumuzu təsəvvür edək: eramızın 33-cü ilinin başlanğıcıdır, İsa Roma valisi Ponti Pilatın qarşısında dayanıb. İsa Pilata deyir: “Mən bunun üçün doğulmuşam və bunun üçün dünyaya gəlmişəm ki, həqiqətə şəhadət edim”. Pilat soruşur: “Həqiqət nədir?”. Lakin o, öz sualına cavab gözləmir (Yəhya 18:36-38).
6. a) “Həqiqət” sözü necə müəyyən edilir? b) İsa davamçılarına nəyi həvalə etmişdi?
6 “Həqiqət” sözü “doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə” kimi müəyyən edilir (“Azərbaycan dilinin izahlı lüğəti”). Bəs İsa ümumi həqiqət haqqındamı şəhadət edirdi? Xeyr. O, konkret həqiqəti nəzərdə tuturdu. İsa davamçılarına bu həqiqəti və’z etməyi həvalə edərək dedi: “Bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:19, 20). İndiki dünya sisteminin sonu gəlməzdən əvvəl, İsanın əsl davamçıları bütün yer üzündə ‘Müjdənin həqiqətini’ bəyan edəcəklər (Matta 24:3; Qalatiyalılara 2:14). Bununla İsanın sözləri yerinə yetməlidir: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:14, İ–93). Buna görə də, Padşahlıq haqqındakı xoş xəbəri təbliğ edərək, bütün xalqlara həqiqəti öyrədən kəslərin kim olduğunu müəyyən etmək olduqca vacibdir.
Həqiqəti öyrənməyin yolu
7. Yehovanın ruhani həqiqət Mənbəyi olduğunu necə sübut edərdiniz?
7 Yehova ruhani həqiqətin Mənbəyidir. Məzmurçu Davud Yehovanı “həqiqət Allahı” adlandırmışdı (Məzmur 31:5; 43:3). İsa e’tiraf edirdi ki, onun Atasının sözü həqiqətdir; o həmçinin deyirdi: “Peyğəmbərlərin kitablarında: “Onların hamısını da Allah öyrədəcəkdir” deyə yazılmışdır. Atamı eşidib, öyrənən hər kəs Mənim yanıma gələcəkdir” (Yəhya 6:45; 17:17; İşaya 54:13). Buradan aydın olur ki, həqiqəti axtaranlar “Dahi Tə’limatçı” olan Yehova tərəfindən tə’lim alacaqlar (İşaya 30:20,YD, 21). Həqiqəti axtaran kəslərə “Allah biliyini” əldə etmək gərəkdir (Süleymanın məsəlləri 2:5). Yehova həqiqəti məhəbbətlə öyrədir və onu müxtəlif yollarla çatdırır.
8. Allah həqiqəti hansı yollarla öyrədir və çatdırırdı?
8 Məsələn, Allah Qanunu israillilərə mələklərin vasitəsilə vermişdi (Qalatiyalılara 3:19). Tayfa başçıları olan İbrahim və Yaquba xeyir-dua verəcəyini yuxuda və’d etmişdi (Təkvin 15:12-16; 28:10-19). Allah, hətta Özü göylərdən danışdı, məsələn, İsa vəftiz olunan zaman yer üzündə həyəcanlandırıcı sözlər eşidildi: “Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam” (Matta 3:17). Biz Allaha, Müqəddəs Kitabı yazanların vasitəsilə həqiqəti çatdırdığına görə də minnətdar ola bilərik (2 Timoteyə 3:16, 17). Beləliklə, biz Allahın Kəlamını öyrənməklə “həqiqətə iman” əldə edirik (2 Saloniklilərə 2:13).
Həqiqət və Allahın Oğlu
9. Allah həqiqəti öz Oğlunun vasitəsilə necə açırdı?
9 Allah insanlara həqiqəti xüsusilə də Oğlu İsa Məsihin vasitəsilə açırdı (İbranilərə 1:1-3). Həqiqəti İsa kimi danışan yox idi (Yəhya 7:46). Hətta göyə qalxdıqdan sonra belə, İsa Atasından gələn həqiqəti açırdı. Məsələn, həvari Yəhya İsa Məsih tərəfindən vəhy aldı. “Allah bu vəhyi Məsihə verdi ki, tezliklə baş verməsi vacib olan hadisələri qullarına göstərsin” (Vəhy 1:1-3).
10, 11. a) İsanın şəhadət etdiyi həqiqət nə ilə bağlıdır? b) İsanın sayəsində həqiqət necə gerçəkləşirdi?
10 İsa Ponti Pilata, yer üzünə həqiqətə şəhadət etmək üçün gəldiyini söylədi. Xidməti ərzində İsa agah etdi ki, bu həqiqət, Məsihin rəhbərliyi altında olan səmavi Padşahlıq vasitəsilə Yehovanın ali hakimiyyətinə bəraət qazandırmaqla bağlıdır. Lakin İsa üçün həqiqətə şəhadət etmək, təbliğ etməkdən və öyrətməkdən daha çox əhəmiyyət kəsb edirdi. İsa həqiqəti həyata keçirirdi, həqiqət isə gerçəkləşirdi. Bu səbəbdən, həvari Pavel yazırdı: “Buna görə, qoy heç kim yemək və içmək üzündən, yaxud bayram, hilal və ya şənbə məsələsi üzündən sizi məhkum etməsin; çünki bunlar, gələcək şeylərin kölgəsidir, əsli isə Məsihə məxsusdur” (Koloslulara 2:16, 17).
11 Məsələn, qabaqcadan deyildiyi kimi, İsa Beytlehemdə anadan olduqda həqiqət gerçəkləşdi (Mika 5:2; Luka 2:4-11). Məsihin 69 “həftə”, yə’ni illik həftədən sonra gələcəyi haqda Danielin peyğəmbərlik sözləri həyata keçdikdə də həqiqət gerçək oldu. Bu, qabaqcadan deyilənlərə tam müvafiq olaraq, eramızın 29-cu ilində İsa vəftiz olunan və müqəddəs ruhla məsh edilərək özünü Allaha həsr edən zaman baş verdi (Daniel 9:25; Luka 3:1, 21, 22). İsa Padşahlığın təbliğçisi kimi xidmət edərək insanlara işıq gətirən zaman da həqiqət gerçəkləşməyə davam edirdi (İşaya 9:1, 2, 6, 7; 61:1, 2; Matta 4:13-17; Luka 4:18-21). Nəhayət, İsa öldükdən və dirildikdən sonra da həqiqət gerçək oldu (Məzmur 16:8-11; İşaya 53:5, 8, 11, 12; Matta 20:28; Yəhya 1:29; Həvarilərin işləri 2:25-31).
12. Nəyə görə İsa: “Həqiqət... Mənəm” deyə bildi?
12 Həqiqət İsa Məsihdə cəmləşdiyi üçün, o, belə deyə bildi: “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” (Yəhya 14:6). İnsanlar, İsanın Allahın niyyətindəki rolunu e’tiraf etməklə “həqiqət tərəfdarı” olduqda, ruhən azad olurlar (Yəhya 8:32-36; 18:37). Məcazi mə’nada qoyunlarla müqayisə edilən insanlar həqiqəti qəbul edib, imanla Məsihin yolunu izlədikləri üçün, əbədi həyata nail olacaqlar (Yəhya 10:24-28).
13. Hansı üç sahəyə dair Müqəddəs Kitab həqiqətini öyrənəcəyik?
13 İsanın və onun Allahdan ilham almış şagirdlərinin öyrətdikləri həqiqətin məcmusu, həqiqi məsihçi imanının əsasını təşkil edir. Buna görə də ‘imana uyğun davranan’ kəslər ‘həqiqətdə yeriyirlər’ (Həvarilərin işləri 6:7; 3 Yəhya 3, 4, İ–93). Bəs bu gün kimlər həqiqətdə yeriyir? Kimlər bütün xalqları həqiqətə öyrədir? Biz bu sualları nəzərdən keçirərək diqqətimizi ilk məsihçilərə cəmləşdirəcək və öyrənəcəyik ki, 1) e’tiqada, 2) ibadətə və 3) davranışa dair Müqəddəs Kitab həqiqəti nədən ibarətdir.
Həqiqət və e’tiqad
14, 15. İlk məsihçilərin və Yehovanın Şahidlərinin Müqəddəs Yazılara olan münasibətləri haqqında nə deyərdiniz?
14 İlk məsihçilər Yehovanın Kəlamında yazılanlara böyük ehtiram bəsləyirdilər (Yəhya 17:17). E’tiqad və dini həyata gəldikdə isə, Kəlam onlar üçün me’yar kimi xidmət edirdi. II və III əsrlərdə yaşamış İskəndəriyyəli Kliment demişdi: “Kamilliyə can atan kəslər, inandıqları şeyə Müqəddəs Yazılarda sübut tapmayınca həqiqətin axtarışına son qoymayacaqlar”.
15 İlk məsihçilər kimi, Yehovanın Şahidləri də Müqəddəs Kitaba böyük ehtiram bəsləyirlər. Onlar inanırlar ki, “hər Müqəddəs Yazı Allahdan ilham almış və tə’lim... üçün faydalıdır” (2 Timoteyə 3:16). Gəlin, ilk məsihçilərin bə’zi e’tiqadlarına, Yehovanın müasir xidmətçilərinin Müqəddəs Kitaba əsas dərslik kimi istinad edərək əldə etdikləri bilik nöqteyi-nəzərindən baxaq.
Can haqqında həqiqət
16. Can haqqında olan həqiqət nədən ibarətdir?
16 İlk məsihçilər Müqəddəs Yazılarda deyilənlərə inandıqları üçün can haqqında həqiqəti öyrədirdilər. Onlar bilirdilər ki, Allah insanı yaratdıqda insan “yaşayan can oldu” (Təkvin 2:7). Bundan başqa, onlar e’tiraf edirdilər ki, insanın canı ölür (Hezekiel 18:4; Yaqub 5:20). Onlar həmçinin bilirdilər ki, “ölülər bir şey bilməzlər” (Vaiz 9:5, 10).
17. Ölülər üçün hansı ümidin mövcud olduğunu necə izah edərdiniz?
17 Eyni zamanda İsanın ilk şagirdləri möhkəm ümidə malik idilər ki, Allahın yaddaşında olan ölülər dirildiləcəklər, yə’ni həyata qaytarılacaqlar. Bu e’tiqadı Pavel aydın olaraq izah etdi: “Mən də Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). Hətta sonrakı dövrlərdə yaşamış və özünü məsihçi hesab edən Minusi Feliks yazırdı: “Elə bir ağılsız varmı ki, ilk dəfə Allah tərəfindən yaranan insanın, elə Onun tərəfindən yenidən yaradıla bilməyəcəyini cür’ətlə israr etsin?” İlk məsihçilər kimi, Yehovanın Şahidləri də insanın canı, ölümü və dirilməsi haqqında Müqəddəs Kitab həqiqətinin tərəfdarıdırlar. İndi isə Allahın və Məsihin oxşarlığına diqqət yetirək.
Həqiqət və Üç üqnum
18, 19. Nəyə görə demək olar ki, Üç üqnum Müqəddəs Kitab tə’limi deyil?
18 İlk məsihçilər Allahı, Məsihi və müqəddəs ruhu Üç üqnum hesab etmirdilər. “Britaniya ensiklopediyası”nda deyilir: “Əhdi Cədiddə nə “Üç üqnum” sözü, nə də onun haqqında aydın şəkildə ifadə olunmuş ehkam var; İsa və onun davamçıları, “dinlə, ey İsrail: Allahımız Rəbb bir olan Rəbbdir” sözləri yazılan Əhdi Ətiqin bir hissəsini — “Şma”nı inkar etmək niyyətində deyildilər (Təs. 6:4)” (“The Encyclopædia Britannica”). Məsihçilər nə Roma üçlüyünə, nə də hər hansı başqa tanrılara ibadət edirdilər. Onlar İsanın, yalnız Yehovaya ibadət etməyin gərəkliyini göstərən sözlərinə müvafiq olaraq yaşayırdılar (Matta 4:10). Bundan əlavə, onlar Məsihin: “Ata Məndən üstündür” sözlərinə inanırdılar (Yəhya 14:28). Yehovanın müasir Şahidləri də bu cür nöqteyi-nəzərə sahibdirlər.
19 İsanın ilk davamçıları Allah, Məsih və müqəddəs ruh arasında olan fərqi gözəl ayırd edirdilər. Onlar şagirdləri Üç üqnum naminə deyil, 1) Ata, 2) Oğul və 3) müqəddəs ruh naminə vəftiz edirdilər. Yehovanın Şahidləri də bu gün Müqəddəs Kitab həqiqətlərini öyrədir və buna müvafiq olaraq, Allah, Oğul və müqəddəs ruh arasında aydın fərq qoyurlar (Matta 28:19).
Həqiqət və vəftiz
20. Vəftiz olunmaq istəyənlər nəyi bilməlidirlər?
20 İsa davamçılarına həvalə etmişdi ki, insanlara həqiqəti öyrədərək şagirdlər hazırlasınlar. Vəftiz üçün olan tələblərə müvafiq olsunlar deyə, insanlar Müqəddəs Kitabın əsas tə’limlərini bilməlidirlər. Məsələn, onlar Atanın və Oğul İsa Məsihin tutduğu mövqeyi və hakimiyyəti qəbul etməlidirlər (Yəhya 3:16). Vəftiz olunmaq istəyənlər həmçinin onu da başa düşməlidirlər ki, müqəddəs ruh şəxsiyyət yox, Allahın fəal qüvvəsidir (Təkvin 1:2).
21, 22. Siz necə izah edərdiniz: nəyə görə yalnız iman edən kəslər vəftiz oluna bilərlər?
21 İlk məsihçilər yalnız şüurlu tərzdə vəftiz olunmaq istəyənləri, günahlarından tövbə edən və Allahın iradəsini yerinə yetirmək üçün özünü Ona tam həsr edən kəsləri vəftiz edirdilər. Eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimə yığılan yəhudilərin və prozelitlərin Müqəddəs Yazılardan artıq bir qədər bilikləri vardı. Məsih olan İsadan danışan Peterin “sözünü sevinclə qəbul edən” üç minə yaxın insan “vəftiz oldu” (Həvarilərin işləri 2:41; 3:19-4:4; 10:34-38).
22 Məsihçi vəftizi yalnız iman edənlər üçündür. Samariyanın sakinləri həqiqəti qəbul etdilər və “Allahın Padşahlığı və İsa Məsihin ismi haqqında Müjdəni yayan Filipə iman etdikləri zaman, kişilər və qadınlar” vəftiz olundular (Həvarilərin işləri 8:12, İ–93). Yehova haqqında bilik əldə edən, möhkəm imanlı prozelit olan həbəşistanlı bir xədim Filipin söylədiyi Məsih haqqındakı peyğəmbərliyin icrası ilə ilk öncə razılaşdı və yalnız sonra vəftiz olundu (Həvarilərin işləri 8:34-36). Daha sonra Peter Korneliusa və yəhudi olmayan başqa kəslərə dedi ki, “[Allahdan] qorxan və haqq iş görən Ona məqbuldur” və İsa Məsihə iman edən hər bir kəsin günahları bağışlanacaqdır (Həvarilərin işləri 10:35, 43; 11:18). Bütün bunlar İsanın ‘şagirdlər hazırlamaq... əmr etdiyi hər şeyə riayət etməyi onlara öyrətmək’ tapşırığına müvafiqdir (Matta 28:19, 20; Həvarilərin işləri 1:8). Bu prinsipə Yehovanın Şahidləri də riayət edirlər — onlar vəftizə yalnız Müqəddəs Yazılar haqqında əsas biliklərə sahib olan və özlərini Allaha həsr edən kəsləri buraxırlar.
23, 24. Məsihçilərin düzgün vəftiz olunma qaydası necədir?
23 İman edənlərin düzgün vəftiz olunma qaydası tam suya batırılmaqdır. İsa İordan çayında vəftiz olunaraq sudan çıxdı (Mark 1:10). Həbəşistanlı xədim, göründüyü kimi, göldə vəftiz olundu. Onlar Filiplə bərabər ‘suya girdilər’, sonra birlikdə ‘sudan çıxdılar’ (Həvarilərin işləri 8:36-40). Müqəddəs Kitabda vəftizin məcazi dəfnlə əlaqələndirilməsi də suya tam batırılmağa işarə edir (Romalılara 6:4-6; Koloslulara 2:12).
24 Bir mənbədə deyilir: “Əhdi Cədiddə vəftiz edilmə ilə əlaqədar ayrı-ayrı hadisələrin təsvirinə əsasən, vəftiz olunan kəsi suya batırırdılar” (“The Oxford Companion to the Bible”). Bir fransız əsərinə əsasən “ilk məsihçilər su olan hər bir yerdə suya tam batırılmaqla vəftiz olunurdular” (“Larousse du XXe Siècle”, Paris, 1928-ci il). “İsadan sonra Xristianlığın zəfəri” adlı kitabda isə qeyd edilir: “Əsaslı surətdə icra olunan vəftiz, əvvəl imanı e’tiraf etməyi, sonra isə Məsih naminə bütünlüklə suya batırılmanı tələb edirdi” (“After Jesus—The Triumph of Christianity”).
25. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
25 Yuxarıda ilk məsihçilərin Müqəddəs Kitaba əsaslanan e’tiqadları və adətləri barədə yalnız bir neçə nümunəni müzakirə etdik. Onlarla Yehovanın Şahidləri arasında olan e’tiqadlara dair başqa oxşarlıqları da göstərmək olar. Növbəti məqalədə, insanları həqiqətə öyrədən kəsləri müəyyən etməyin daha başqa əlamətlərini müzakirə edəcəyik.
Siz necə cavab verərdiniz?
• Allah hansı ibadəti tələb edir?
• İsa Məsihin sayəsində həqiqət necə gerçəkləşirdi?
• Can və ölüm haqqında həqiqət nədən ibarətdir?
• Məsihçi vəftizi necə icra edilir və vəftiz olunanlardan nə tələb olunur?
[12-ci səhifədəki şəkil]
İsa Pilata dedi: “Mən... gəlmişəm ki, həqiqətə şəhadət edim”.
[13-cü səhifədəki şəkil]
İzah edə bilərsinizmi, nəyə görə İsa dedi ki, “Həqiqət... Mənəm”?
[14-cü səhifədəki şəkil]
Məsihçi vəftizinə dair həqiqət nədən ibarətdir?