Vəftiz olunmaq nəyə görə lazımdır?
“Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları... vəftiz edin” (MATTA 28:19).
1, 2. a) Bə’zi adamlar hansı vəziyyətlərdə vəftiz olunurdular? b) Vəftizə dair hansı suallar yaranır?
FRANK dövlətinin padşahı Böyük Karl, eramızın 775-777-ci illərində, tabeçiliyində olan saksoniyalıları kütləvi şəkildə vəftiz olmağa məcbur etdi. Tarixçi Con Lord şərh edir: “O, saksoniyalıları zor gücünə nominal xristianlığa çevirdi”. Buna bənzər bir şey, eramızın 987-ci ilində, knyaz I Vladimir Bizans şahzadəsinə evləndikdən sonra, vətəndaşlarının hamısının “xristian” olacaqlarını qərara aldığı zaman Kiyev Rus dövlətində də baş verdi. Onun əmri ilə, insanlar kütləvi şəkildə vəftizə mə’ruz qalırdılar, onlar tabe olmadıqda isə, bunu zorla edirdilər!
2 Bu tərzdə vəftiz etmək düzgündürmü? Bu cür vəftizin həqiqətən də faydası varmı? Fərq qoymadan hamını vəftiz etmək lazımdırmı?
Vəftiz necə olmalıdır?
3, 4. Çiləmə və ya başına su tökmə yolu ilə edilən vəftiz məsihçilərə nəyə görə münasib deyil?
3 Böyük Karl və I Vladimir kimi hökmdarlar insanları vəftiz olunmağa məcbur edərkən, onlar Allahın Kəlamının göstərişlərinə riayət etmirdilər. Lakin qeyd etmək lazımdır ki, Müqəddəs Kitab həqiqətlərini bilməyən adamları istər çiləmə, istər su tökmək, istərsə də suya batırmaq yolu ilə vəftiz etmək heç bir mə’na daşımır.
4 Eramızın 29-cu ilində Nazaretli İsa vəftizçi Yəhyanın yanına gələndə baş verən hadisəni nəzərdən keçirək. Yəhya adamları İordan çayında vəftiz edirdi. Vəftiz olunmaq üçün adamlar onun yanına öz xoşları ilə gəlirdilər. Onlar İordan çayına sadəcə olaraq Yəhyanın onların başına su tökməsi və ya çayın suyunu onların üzərinə çiləməsi üçünmü girirdilər? Yəhya İsanı vəftiz edəndə nə baş verdi? Matta yazır ki, “İsa vəftiz olunub, o anda sudan çıxdı” (Matta 3:16). İsa İordan çayına batırılmaq üçün suya girdi. Həbəşistanlı mö’min xədim də eyni tərzdə vəftiz olundu. Hovuzların olması vacib idi, çünki İsa və şagirdləri suya bütünlüklə batırılmaqla vəftiz olunmuşlar (Həvarilərin işləri 8:36).
5. İlk məsihçilər necə vəftiz olunurdular?
5 “Vəftiz etmək”, “vəftiz” və buna bənzər formada tərcümə olunmuş yunan sözləri suya batırmaq mə’nasını daşıyır. “Smitin Müqəddəs Kitab lüğəti”ndə qeyd edilir: “Mahiyyətcə “vəftiz” sözünün hərfi tərcüməsi “batırmaq” mə’nasını daşıyır”. Müqəddəs Kitabın bə’zi tərcümələrində Yəhya hətta “suya batıran” adlanır. Avqust Neander, “Xristianlığın ilk üç əsr ərzindəki tarixi”nə dair əsərində yazırdı: “Əvvəllər vəftiz suya batırılma yolu ilə edilirdi” (“History of the Christian Religion and Church, During the Three First Centuries”). Tanınmış bir fransız əsərində deyilir: “İlk məsihçilər, su olan hər yerdə suya batırılma yolu ilə vəftiz olunurdular” (Larousse du XXe Siècle, Paris, 1928-ci il). “Yeni katolik ensiklopediyası”nda isə yazılır: “Ehtimal ki, ilk kilsədə vəftiz suya batırılma yolu ilə edilirdi” (“New Catholic Encyclopedia”, 1967-ci il, II cild, 56-cı səhifə). Buna görə də bu gün Yehovanın Şahidləri öz iradələri ilə bütünlüklə suya batırılmaq yolu ilə vəftiz olunurlar.
Vəftizin yeni mə’nası
6, 7. a) Yəhyanın etdiyi vəftiz hansı mə’nanı daşıyırdı? b) İsanın davamçılarının etdikləri vəftizdə olan yenilik nə idi?
6 Yəhyanın etdiyi vəftiz, İsanın davamçılarının etdiyi vəftizdən mə’na e’tibarı ilə fərqlənirdi (Yəhya 4:1, 2). Yəhya xalqı, Qanuna qarşı günahlarından tövbə əlaməti olaraq vəftiz edirdia (Luka 3:3). Lakin İsanın davamçılarının etdikləri vəftiz, başqa şeyi nəzərdə tuturdu. B. e. 33-cü ilində, Pentikost bayramı günü həvari Peter camaatı təşviq edirdi: “Günahlarınızın bağışlanması üçün tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun” (Həvarilərin işləri 2:37-41). Peter yəhudilərə və prozelitlərə müraciət etsə də, vəftiz haqqında Qanuna qarşı günahlardan tövbə əlaməti kimi danışmırdı. O, həmçinin İsanın ismi naminə edilən vəftizin günahlardan azad edəcəyini nəzərdə tutmurdu (Həvarilərin işləri 2:10).
7 O zaman Peter “göylər Padşahlığının” birinci açarından istifadə etdi. Nə üçün? Dinləyicilərinin göylər Padşahlığına girmək imkanları haqqında bilmələri üçün (Matta 16:19, İ-93). Yəhudilər İsanı Xilaskar sanmadıqlarına görə, Allahın lütfünü qazanmaq üçün tövbə etməli və Allahın Oğluna iman gətirməli idilər - bu yeni və ən vacib tələb idi. Oğula iman gətirdiklərini, İsa Məsihin ismi naminə vəftiz olunmaqla göstərirdilər. Bunu etməklə, Allaha şəxsi həsr olunmalarını Məsihin vasitəsilə simvollaşdırırdılar. Bu gün Allahın lütfünü əldə etmək istəyənlərin hamısı bu cür iman təzahür etdirməli, özlərini Yehova Allaha həsr etməli və Haqq-Təala Allaha bütünlüklə həsr olunmalarını məsihçi vəftizi ilə simvollaşdırmalıdırlar.
Dəqiq bilik zəruridir
8. Nəyə görə məsihçilər ucdantutma hamını vəftiz etmirlər?
8 Məsihçilər ucdantutma hamını vəftiz etmirlər. İsa davamçılarına tapşırdı: “Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin” (Matta 28:19, 20). İnsanları vəftiz etməzdən əvvəl, İsanın öz davamçılarına əmr etdiyi “hər şeyə riayət etməyi onlara” öyrətmək lazımdır. Buna görə də, Allahın Kəlamının dəqiq biliyinə əsaslanan imana malik olmayan kəsləri məcburən vəftiz etmək faydasızdır və İsanın həqiqi davamçılarına verdiyi tapşırığa ziddir (İbranilərə 11:6).
9. “Ata... naminə vəftiz” olunmaq nə deməkdir?
9 “Ata... naminə vəftiz” olunmaq nə deməkdir? Bu, səmavi Atamızın mövqeyini və hökmranlığını qəbul etmək deməkdir. Deməli, vəftiz olunan kəs Yehova Allahı öz Yaradanı, “bütün dünya üzərində” Haqq-Təala və Kainatın Hökmdarı hesab edir (Məzmur 83:18; İşaya 40:28; Həvarilərin işləri 4:24).
10. “Oğul... naminə vəftiz” olunmaq nə deməkdir?
10 “Oğul... naminə vəftiz” olunmaq, İsanın mövqeyini və Allahın yeganə Oğlu kimi səlahiyyətini qəbul etmək deməkdir (1 Yəhya 4:9). Vəftiz olunanlar İsanı, Yehova tərəfindən təqdim olunan “çoxları üçün... fidiyə” hesab edirlər (Matta 20:28; 1 Timoteyə 2:5, 6). Həmin insanlar onu da xatırlamalıdırlar ki, “Allah Onu çox ucalt”mışdır (Filipililərə 2:8-11; Vəhy 19:16).
11. “Müqəddəs Ruh naminə vəftiz” olunmaq nə deməkdir?
11 Bəs “Müqəddəs Ruh naminə vəftiz” olunmaq nə deməkdir? Bu onu göstərir ki, vəftiz olunanlar müqəddəs ruhu, Yehovanın öz iradəsi ilə bağlı müxtəlif tərzdə istifadə etdiyi fəal qüvvəsi kimi qəbul edirlər (Təkvin 1:2; 2 Samuel 23:1, 2; 2 Peter 1:21). Onlar dərk edirlər ki, müqəddəs ruh onlara “Allahın dərin düşüncələrini” anlamağa, Padşahlıq haqqındakı təbliğ işini həyata keçirməyə və ruhun “məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” kimi səmərəsini təzahür etdirməyə kömək edir (1 Korinflilərə 2:10; Qalatiyalılara 5:22, 23; Yoel 2:28, 29).
Tövbə etməyin və dönməyin vacibliyi
12. Vəftiz tövbə ilə necə bağlıdır?
12 Günahsız insan olan İsanı istisna etmək şərtilə, vəftiz, həsr edilmənin Allah tərəfindən bəyənilən rəmzi kimi tövbə etməklə sıx bağlıdır. Tövbə zamanı, etdiyimiz və ya etmədiyimiz bütün işlər üçün təəssüflənirik. Birinci əsrdə Allahı razı salmaq istəyən yəhudilərə, Məsihə qarşı günahlarından tövbə etmək vacib idi (Həvarilərin işləri 3:11-19). Korinfdə yaşayan qeyri-yəhudilər arasındakı imanlıların bə’ziləri əxlaqsızlıqdan, bütpərəstlikdən, oğurluq və başqa ciddi günahlardan tövbə etdilər. Bunun sayəsində onlar Məsihin qanı ilə “təmizləndilər”, Allaha xidmət üçün “təqdis” olundular, yə’ni ayrıldılar, həmçinin Məsihin adı naminə və Allahın ruhu ilə “bəraət” qazandılar (1 Korinflilərə 6:9-11). Tövbə etmək - Allahın bizə təmiz vicdan verməsi və vaxtilə işlətdiyimiz günahlara görə keçirdiyimiz taqsırkarlıq hissini üzərimizdən götürməsi üçün atılan vacib addımdır (1 Peter 3:21).
13. Vəftizdən qabaq olan dönmə nəyi nəzərdə tutur?
13 Hər bir kəs Yehovanın Şahidi kimi vəftiz olunmazdan əvvəl dönməlidir. Dönmə - İsa Məsihin ardınca getmək qərarını ürəkdən qəbul edən kəslər tərəfindən atılan könüllü addımdır. Həmin kəslər əvvəlki həyat tərzindən əl çəkib, Allaha məqbul olanı etmək qərarına gəlirlər. Müqəddəs Yazılarda dönmə sözünə aid edilən ibrani və yunan fe’lləri “çevrilmə” mə’nasını daşıyır. Söhbət, Allaha tərəf dönməkdən, yanlış yoldan imtina etməkdən gedir (1 Krallar 8:33, 34). Dönmə, “tövbəyə layiq” işlərlə müşayiət edilməlidir (Həvarilərin işləri 26:20). Bu isə tələb edir ki, biz yalan dini tərk edək, Allahın əmrlərini tutaq və Yehovaya hədsiz sədaqət təzahür etdirək (Təsniyə 30:2, 8-10; 1 Samuel 7:3). Dönmə insanın nöqteyi-nəzərində, məqsədlərində və xasiyyətində dəyişikliklərə gətirib çıxarır (Hezekiel 18:31). Biz dönəndə, xasiyyətimizin pis cizgiləri yeni şəxsiyyətin cizgiləri ilə əvəz olunur (Həvarilərin işləri 3:19; Efeslilərə 4:20-24; Koloslulara 3:5-14).
Səmimi qəlbdən həsr olunmanın mə’nası
14. İsanın davamçıları üçün, özünü Allaha həsr etmək hansı mə’nanı daşıyır?
14 İsanın davamçıları vəftiz olunmazdan əvvəl, özlərini səmimi qəlbdən Allaha həsr etməlidirlər. Həsr olunma, müqəddəs məqsəd üçün ayrılmaq mə’nasını daşıyır. Bu, çox vacib addımdır: duada Yehovaya, Ona əbədiyyən sonsuz sədaqət göstərmək qərarımız haqqında söyləməliyik (Təsniyə 5:9). Biz özümüzü hər hansı işə və ya adama deyil, Allaha həsr edirik.
15. Həsr olunanlar, nəyə görə suya batırılaraq vəftiz olunurlar?
15 Məsih vasitəsilə Allaha həsr olunarkən, həyatımızı, Onun Müqəddəs Yazılarda göstərilən iradəsini yerinə yetirmək üçün istifadə etmək qətiyyətimizi izhar edirik. Suya batırılma bu cür həsr olunmanın simvoludur. İsa İordan çayında məhz bu cür vəftiz olunaraq, özünü Allaha təqdim etdiyini göstərdi (Matta 3:13). Bu vacib hadisə zamanı İsanın dua etməsi də diqqətə layiqdir (Luka 3:21, 22).
16. Başqaları vəftiz olunan zaman öz sevincimizi münasib tərzdə necə ifadə edə bilərik?
16 İsanın vəftiz olunması ciddi, eyni zamanda sevincli hadisə idi. Bizim günlərdə məsihçilərin vəftiz olunmaları ilə də vəziyyət eynidir. Başqaları Allaha həsr olunmalarını vəftizlə simvollaşdırdıqda, sevincimizi ehtiralmlı alqışlarla və səmimi təbriklərlə ifadə edə bilərik. Bu hadisənin müqəddəsliyini nəzərə alaraq, gurultulu alqışlardan, fit çalmaqdan və buna bənzər hərəkətlərdən qaçınmalıyıq. Sevincimizi layiqli tərzdə ifadə etməliyik.
17, 18. İnsanın vəftiz olunmasına yol verib-verməməyi müəyyən etməkdə nə kömək edə bilər?
17 Körpələri vəftiz edən və ya Müqəddəs Kitabla tanış olmayan xalq kütləsini vəftiz olmağa məcbur edənlərdən fərqli olaraq, Yehovanın Şahidləri heç kimi heç zaman vəftiz olunmağaməcbur etmirlər. Bundan əlavə onlar, Müqəddəs Kitab tələblərinə müvafiq olmayan kəsləri vəftiz etmirlər. Kim isə vəftiz olunmamış təbliğçi olanadək, məsihçi yığıncağının ağsaqqalları əmin olurlar ki, həmin kəs Müqəddəs Kitabın əsas tə’limlərini anlayır, bu tə’limlərə müvafiq həyat sürür və “həqiqətənmi Yehovanın Şahidi olmaq istəyirsən?” sualına qətiyyətlə cavab verir.
18 Padşahlıq haqqındakı təbliğ işində artıq fəal iştirak edən kəs vəftiz olunmaq arzusunu bildirəndə, çox vaxt ağsaqqallar, onun imana malik olduğunu, özünü Yehovaya həsr etdiyini və vəftiz olunmaq üçün Allahın tələblərinə müvafiq olduğunu öyrənmək məqsədi ilə, onunla söhbət edirlər (Həvarilərin işləri 4:4; 18:8). İnsanın, Müqəddəs Kitab tə’limləri əsasında verilən 100-dən artıq suala şəxsi cavabları, onun vəftiz olunmaq üçün hazır olub-olmadığını müəyyən etməkdə ağsaqqallara kömək edir. Bə’zilərinin bu tələblərə cavab vermədikləri üçün, vəftiz olunmalarına yol verilmir.
Sizə nə isə mane olurmu?
19. Yəhya 6:44 ayəsini nəzərə alsaq, İsanın həmvarisləri kimlər olacaq?
19 Kütləvi vəftizə mə’ruz qalanlardan çoxlarına, yəqin və’d etmişlər ki, öləndən sonra onlar göyə qalxacaqlar. Lakin İsa yaxın davamçılarını nəzərdə tutaraq, dedi: “Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz” (Yəhya 6:44). Yehova İsaya, səmavi Padşahlıqda onunla həmvarislər olacaq 144 000 adam cəlb etmişdir. Məcburi vəftiz insanı Allahın quruluşunda bu cür şərəfli yer tutmaq üçün təqdis edə bilməz (Romalılara 8:14-17; 2 Saloniklilərə 2:13; Vəhy 14:1).
20. Hələ vəftiz olunmayan bə’zi kəslərə nə kömək edə bilər?
20 Əsasən də XX əsrin 30-cu illərindən Məsihin “başqa qoyunlarına”, “böyük məşəqqətdən” sağ çıxmağa və yer üzündə əbədiyyən yaşamağa ümid edən daha çox insanlar qoşulmağa davam edir (Yəhya 10:16; Vəhy 7:9, 14). Onlar vəftiz üçün olan tələblərə müvafiqdirlər, çünki həyatlarını Allahın Kəlamı ilə uyğunlaşdırmışlar və Yehovanı bütün ürəkləri, canları, qüvvələri və düşüncələri ilə sevirlər (Luka 10:25-28). Bə’ziləri Yehovanın Şahidlərinin “Ataya ruhən və həqiqətən ibadət” etdiklərini anlasalar da, vəftiz olunaraq Yehovaya dərin məhəbbətlərini və hədsiz sədaqətlərini açıq şəkildə bildirməkdə İsanın nümunəsini təqlid etməmişlər (Yəhya 4:23, 24; Təsniyə 4:24; Mark 1:9-11). Bu vacib addım üçün edilən səmimi və konkret dua, onlara həyat tərzlərini Allahın Kəlamı ilə uyğunlaşdırmağa cəsarət verər və özlərini bütünlüklə Yehovaya həsr etməyə təşviq edər.
21, 22. Bə’ziləri hansı səbəblərə görə həsr və vəftiz olunmurlar?
21 Bə’zilərinin bütünlüklə dünyəvi işə və var-dövlət yığmağa cəlb olunduqları üçün ruhani işlərə az vaxtları qalır və buna görə də həsr və vəftiz olunmağı yubandırırlar (Matta 13:22; 1 Yəhya 2:15-17). Onlar öz nöqteyi-nəzərlərini və məqsədlərini dəyişsəydilər nə qədər xoşbəxt olardılar! Yehovaya yaxınlaşaraq ruhən varlanar, az narahat olar və Allahın iradəsini yerinə yetirməkdən rahatlıq və məmnunluq duyardılar (Məzmur 16:11; 40:8; Süleymanın məsəlləri 10:22; Filipililərə 4:6, 7).
22 Başqaları Yehovanı sevdiklərini söyləyir, ancaq özlərini Ona həsr etmir və vəftiz olunmurlar, bununla da məs’uliyyətdən qaçacaqlarını düşünürlər. Lakin bizlərdən hər birimiz Allaha hesabat verməli olacağıq. Biz Yehovanın sözünü eşidərkən artıq Onun qarşısında cavabdeh oluruq (Hezekiel 33:7-9; Romalılara 14:12). Seçilmiş millət olaraq, qədim israillilər doğulduqları gündən Yehovaya həsr olunmuş xalqa məxsus idilər, buna görə də qanunları əsasında Ona sədaqətlə xidmət etməyə borclu idilər (Təsniyə 7:6, 11). Bu gün heç kim belə xalqa məxsus deyil, lakin əgər biz Müqəddəs Kitabdan dəqiq bilik əldə etmişiksə, ona müvafiq olaraq imanla hərəkət etməliyik.
23, 24. Hansı qorxu hissləri vəftiz olunmağımıza mane olmalı deyil?
23 Biliklərinin az olduğundan ehtiyat edərək vəftiz olunmayanlar da var. Axı “insan Allahın etdiyi işi başdan sona qədər tapıb çıxara” bilmədiyi üçün, hamımızın daha çox öyrənməyə ehtiyacımız var (Vaiz 3:11). Həbəşistanlı xədimin nümunəsinə baxaq. Prozelit olaraq, Müqəddəs Kitabdan bə’zi biliklərə sahib idi, amma Allahın niyyətinə dair bütün suallara cavab verə bilmirdi. Allahın, İsa Məsihin vasitəsilə təqdim etdiyi xilas üsulu barədə bilən kimi, xədim suda vəftiz olundu (Həvarilərin işləri 8:26-38).
24 Başqaları Yehovaya həsr olunmağa yubanırlar, çünki Ona sadiq qala bilməyəcəklərinə ehtiyat edirlər. 17 yaşlı Monik deyir: “Həsr olunmama müvafiq yaşaya bilməyəcəyimə dair qorxu, vəftiz olunmağıma mane olurdu”. Amma Yehovaya bütün ürəyimizlə güvəniriksə, O, yollarımızı doğruldar. O, bizə “həqiqətdə” yeriməyə və Ona həsr olunmuş xidmətçilər olaraq sədaqətli qalmağa kömək edər (Süleymanın məsəlləri 3:5, 6; 3 Yəhya 4, İ-93).
25. Hansı sual nəzərdən keçirilməyə layiqdir?
25 Yehovaya bəslədikləri tam e’tibar və dərin məhəbbət hissi ilə təşviq olunaraq, hər il minlərlə insanlar özlərini Allaha həsr edir və vəftiz olunurlar. Sözsüz ki, Ona həsr olunan xidmətçilərin hamısı sadiq qalmağa çalışırlar. Lakin biz çətin anlarda yaşayır və imanın müxtəlif sınaqları ilə qarşılaşırıq (2 Timoteyə 3:1-5). Yehovaya həsr olunmağımızla əlaqədar yaşamağa bizə nə kömək edə bilər? Buna növbəti məqalədə baxacağıq.
[Haşiyə]
a İsa günahsız olduğu üçün onun vəftizi tövbə etməsinə deyil, Allahın iradəsini yerinə yetirmək üçün özünü Ona təqdim etməsinə əlamət idi (İbranilərə 7:26; 10:5-10).
Xatırlayırsınızmı?
• Məsihçilər necə vəftiz olunurlar?
• Vəftizə qədər hansı bilikləri əldə etmək lazımdır?
• Məsihçilər vəftiz olunmazdan əvvəl hansı addımları atmalıdırlar?
• Bə’zilərinin vəftiz olunmasına mane olan nədir və onlara necə kömək etmək olar?
[20-ci səhifədəki şəkillər]
“Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz” olunmağın mə’nasını bilirsinizmi?