Yehova «qayğınızı çəkir»
NƏYƏ GÖRƏ bu sözlərin doğruluğuna əmin ola bilərsən? Səbəblərdən biri odur ki, bu sözlər Müqəddəs Kitabda yazılıb. 1 Butrus 5:7 ayəsində qeyd olunur: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir». Yehova Allahın şəxsən səninlə maraqlandığına hansı sübutlar var?
ALLAH İNSANLARIN EHTİYACINI ÖDƏYİR
Yehova Allahda insanın yaxın dostunda görmək istədiyin keyfiyyətlər var. Bir-birinə xeyirxahlıq və səxavət göstərən insanlar çox vaxt yaxın dost olurlar. Yehovanın hər gün bəndələrinə xeyirxahlıq və səxavət göstərdiyi göz qabağındadır. Misal üçün, Allah «günəşə əmr edir ki, pislərin də, yaxşıların da üzərinə doğsun. Yağışa əmr edir ki, salehlərin də, qeyri-salehlərin də üzərinə yağsın» (Mət. 5:45). Günəş və yağışın hansı faydası var? Faydalarından biri odur ki, Allah onların vasitəsilə bizə bol-bol qida verir, ürəyimizi şadlıqla doydurur (Həv. 14:17). Yehovanın köməyi ilə yer kürəsi bol qida verir. Bizə dadlı qida qədər sevinc verən şeyləri barmaqla saymaq olar.
Bəs onda nəyə görə bu qədər insan aclıq çəkir? Çünki rəhbərlər bütün diqqətlərini insanların yaşayışını yaxşılaşdırmaq əvəzinə, siyasi güc toplamağa və maddi qazanc əldə etməyə cəmləyiblər. Ancaq Yehova tezliklə indiki sistemi Oğlunun idarə etdiyi Padşahlıqla əvəz edib tamahkarlığı aradan qaldıracaq. Artıq aclıq olmayacaq. O dövran gələnə kimi Allah sadiq xidmətçilərinə kömək edəcək (Zəb. 37:25). Məgər bu, Onun qayğısının təzahürü deyil?
YEHOVA BİZƏ VAXT AYIRIR
Yaxşı dost sənə vaxt ayırır. O, səninlə saatlarla söhbət edə bilər. Sən problemin və narahatçılığın haqda danışanda isə o, diqqətlə qulaq asacaq. Bəs Yehova haqda bunu demək olar? Əlbəttə! O, bizim dualarımızı dinləyir. Buna görə də Müqəddəs Kitab bizi daima dua etməyə təşviq edir (Rom. 12:12; 1 Salon. 5:17).
Səncə, Yehova sənin dualarını dinləmək üçün nə qədər vaxt sərf edir? Müqəddəs Kitabdakı bir nümunə bu suala cavab verir. Həvarilərini seçməmişdən əvvəl İsa Məsih «bütün gecəni Allaha dua etdi» (Luka 6:12). O, duasında bir çox şagirdinin adını çəkib onların xüsusiyyətlərini və zəif cəhətlərini vurğulayaraq Allahdan xahiş etdi ki, həvari seçməkdə ona kömək etsin. Səhər açılanda o, artıq kimi həvari seçəcəyini bilirdi. «Duaları eşidən» Yehova səmimi duaları sevə-sevə dinləyir (Zəb. 65:2). İnsan onu narahat edən məsələ barədə saatlarla dua etsə də, Yehova onun nə vaxt qurtaracağını gözləmir.
YEHOVA BAĞIŞLAYAN ALLAHDIR
Bəzən ən yaxın dostlar belə, bağışlamağa gəldikdə çətinlik çəkirlər. Bəziləri bağışlaya bilmirlər deyə, hətta uzun illərin dostluğuna son qoyurlar. Ancaq bunu Yehova Allaha şamil etmək olmaz. Müqəddəs Kitab təşviq edir ki, bütün səmimi insanlar bağışlanmaq üçün Allaha üz tutsunlar, çünki O, comərdliklə əfv edir (Əşy. 55:6, 7). Bəs Yehova nədən irəli gələrək bağışlamağa hazırdır?
Misilsiz məhəbbətindən irəli gələrək. O, dünyanı o qədər sevir ki, Oğlu İsa Məsihi onun uğrunda qurban verdi. Bunu bəşər övladlarını günahdan və onun gətirdiyi zərərdən xilas etmək üçün etdi (Yəh. 3:16). Ancaq fidyə qurbanlığının rolu bununla bitmir. Məsihin qurbanlığı sayəsində Allah Onu sevənləri comərdliklə bağışlayır. Həvari Yəhya yazmışdı: «Əgər günahlarımızı etiraf ediriksə, O, sədaqətli və adil olduğundan günahlarımızı bağışlayacaq» (1 Yəh. 1:9). Yehova günahlarımızı bağışladığı üçün insanlarla Onun arasındakı dostluq münasibəti pozulmur. Məgər bunu bilmək sənin ürəyini riqqətə gətirmir?!
EHTİYACIN OLAN VAXT YANINDADIR
Yaxşı dost kömək lazım olanda özünü dərhal çatdırır. Bəs Yehova? Onun Kəlamında deyilir ki, xidmətçilərindən biri «büdrəsə də yıxılmaz, çünki Yehova onun əlindən tutur» (Zəb. 37:24). Yehova Öz xidmətçilərinə müxtəlif yollarla dayaq olur. Gəlin Karib dənizindəki Santa Kruz adasında baş verən hadisəyə nəzər salaq.
Bir gənc qızı dini etiqadına görə bayrağa təzim etmədiyi üçün sinif yoldaşları gözümçıxdıya salmışdı. Yehovaya dua etdikdən sonra o qərara gəldi ki, özünü müdafiə etsin. O, növbəti tapşırığını bayrağa təzim mövzusunda hazırladı. «Müqəddəs Kitab hekayələri» nəşrinin köməyi ilə sinif qarşısında izah etdi ki, onun bu qərarına Sədrah, Misah və Abidnağunun hadisəsi təsir edib. Sonra deyir: «Bu üç ibrani gənc bütə sitayiş etmədikləri üçün Yehova onları qorudu». Sonda sinif yoldaşlarına bu kitabı təklif edir və onlardan on biri götürür. Bu gənc qız belə vacib mövzuda şahidlik etmək üçün Yehovanın ona güc və müdriklik verdiyinə görə çox sevinirdi.
Nə vaxtsa ürəyində Yehovanın sənin qayğını çəkdiyinə dair şübhə yaransa, Zəbur 34:17—19, 55:22 və 145:18, 19 ayələrini oxuyub üzərində düşün. Uzun illər Yehovaya xidmət edən bacı-qardaşlardan Yehovanın onların qeydinə necə qaldığı barədə soruş. Allahın köməyinə ehtiyac duyanda Ona dua et. Tez bir zamanda Yehovanın sənin qayğına necə qaldığını görəcəksən.