Yehova bizim gündəlik ehtiyaclarımızın qayğısına qalır
“Narahat olmayın. Çünki... Atanız... bunlara ehtiyac duyduğunuzu bilir” (LUKA 12:29, 30).
1. Yehova heyvanların qayğısına necə qalır?
NƏ VAXTSA sərçənin və ya başqa bir quşun boş torpaqda yem axtardığını görmüsənmi? Yəqin təəccüb etmisən ki, bu yolla nə tapmaq olar? Dağüstü təbliğində İsa söylədi ki, Yehovanın quşların qayğısına qalmasından biz nə isə öyrənə bilərik. O təşviq edirdi: “Göyün quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlarda toplayırlar; və səmavi Atanız onları yedizdirir. Siz onlardan daha dəyərli deyilsinizmi?” (Matta 6:26). Yehovanın bütün yaratdıqlarını qida ilə tə’min etmə üsuluna ancaq təəccüblənmək olar (Məzmur 104:14, 21; 147:9).
2, 3. İsanın gündəlik çörəyimiz haqqındakı duaya aid nəsihətində hansı ruhani həqiqətlər əks olunur?
2 Belə isə, İsa nümunəvi duaya “gündəlik çörəyimizi bizə bu gün ver” xahişini nəyə görə daxil etmişdir? (Matta 6:11). Bu sadə xahişdə dərin ruhani həqiqətlər əks olunur. Birincisi, bu xahiş, Yehovanın bütün ehtiyaclarımızı tə’min edən Böyük mənbə olduğunu yadımıza salır (Məzmur 145:15, 16). İnsanlar əkə və sulaya bilərlər, lakin istər ruhani, istərsə də fiziki cəhətdən, yalnız Allah böyüdə bilər (1 Korinflilərə 3:7). Yediyimiz və içdiyimiz nə varsa, Allahın ən’amıdır (Həvarilərin işləri 14:17). Hər gün Ondan ehtiyaclarımızın qayğısına qalmasını xahiş edəndə, Onun qayğısını qiymətləndirdiyimizi göstəririk. Əlbəttə ki, əgər işləməyə qadiriksə, bu xahiş bizi işləmək məs’uliyyətindən azad etmir (Efeslilərə 4:28; 2 Saloniklilərə 3:10).
3 İkincisi, “gündəlik çörəyimiz” sözləri onu bildirir ki, gələcək haqqında həddindən artıq narahat olmalı deyilik. Sonra İsa deyir: “Beləliklə: “Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik” — deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtararlar; səmavi Atanız da bütün bu şeylərə ehtiyacınız olduğunu bilir. Fəqət əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın; və bütün bu şeylər sizə artırılacaqdır. Buna görə, sabah üçün qayğı çəkməyin; zira sabahkı gün özü üçün qayğı çəkəcəkdir. Hər günə öz dərdi yetər” (Matta 6:31-34, İ–93). “Gündəlik çörəyimiz” haqqındakı dua sadə həyat tərzi sürməyə və “əlindəki ilə kifayətlənərək Allah yolu ilə yerimə”yə gözəl nümunə kimi xidmət edir (1 Timoteyə 6:6-8).
Gündəlik ruhani qida
4. Ruhani qidanın zəruriliyini İsanın və israillilərin həyatında baş verən hansı hadisələr vurğulayır?
4 Gündəlik çörək haqqındakı duamız bizə həm də gündəlik olaraq ruhani qidanı qəbul etməyin zərurəti barədə xatırlatmalıdır. İsa uzunmüddətli orucdan sonra çox ac olsa da, Şeytanın daşları çörəyə çevirmək kələyini növbəti sözlərlə inkar etdi: “İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar” (Matta 4:4). Burada İsa, Musanın israillilərə söylədiyi sözləri sitat gətirir: “[Yehova] səni alçaltdı və səni ac buraxdı və insanın yalnız çörəklə yaşamadığını, fəqət Rəbbin ağzından çıxan hər şeylə insanın yaşadığını sənə bildirsin deyə, sənin bilmədiyin və atalarının bilmədikləri mannanı sənə yedirtdi” (Təsniyə 8:3). İsraillilərə manna verməklə Yehova onları yalnız fiziki qida ilə tə’min etmirdi, həm də onlara ruhani cəhətdən ibrət dərsi verirdi. Məsələn, onlar “hər gün çıxıb bir günlük” azuqə toplamalı idilər. Əgər onlar bir günə lazım olandan artıq azuqə toplayırdılarsa, qalanı qoxumağa və qurdlamağa başlayırdı (Çıxış 16:4, 20). Lakin onlar şənbə gününə də yetsin deyə iki dəfə artıq toplayanda bu hal baş vermirdi (Çıxış 16:5, 23, 24). Beləliklə, mannanın sayəsində onların ağıllarında belə bir fikir aydın surətdə həkk olmuşdu ki, onlar itaətkar olmalıdırlar və onların həyatı yalnız çörəkdən deyil, həm də ‘Allahın ağzından çıxan hər bir sözdən’ asılıdır.
5. Yehova bizi gündəlik olaraq ruhani qida ilə necə tə’min edir?
5 Yehovanın Öz Oğlu vasitəsilə verdiyi ruhani qidanın gündəlik olaraq qəbuluna biz də ehtiyac duyuruq. Bunu nəzərə alaraq İsa “sadiq və ağıllı qul”a Yehovanın bütün xidmətçilərinə “vaxtlı-vaxtında... yemək” verməyi həvalə edib (Matta 24:45). Sadiq qul Müqəddəs Kitabı öyrənmək üçün yardımçı vəsaitlər timsalında bol ruhani qida ilə tə’min etməklə yanaşı, həm də bizi Müqəddəs Kitabı gündəlik oxumağa təşviq edir (Yeşu 1:8; Məzmur 1:1-3). Əgər Yehovanın iradəsini öyrənmək və onu yerinə yetirmək üçün gündəlik olaraq sə’y göstəririksə, İsa kimi biz də ruhani yardım əldə edə bilərik (Yəhya 4:34).
Günahların bağışlanması
6. Hansı borclara görə bağışlanmağımızı xahiş etməliyik və Yehova onları hansı şərtlərlə bağışlamağa hazırdır?
6 Nümunəvi duadakı növbəti xahiş bu cürdür: “Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla” (Matta 6:12). İsa borc götürülmüş pullardan danışmırdı. O, günahlarımızın bağışlanmasını nəzərdə tuturdu. Nümunəvi duada olan bu xahişi Luka bu cür yazmışdır: “Günahlarımızı bağışla, çünki biz də bizə borclu olan hər adamı bağışlayırıq” (Luka 11:4). Beləliklə, biz günah işlədəndə, sanki Yehovaya borclu oluruq. Lakin əgər biz səmimi qəlbdən tövbə ediriksə, “dönür” və Ondan Məsihin fidiyə qurbanlığı əsasında bağışlanmağımızı xahiş ediriksə, sevən Atamız bu borcu “silməyə” hazırdır (Həvarilərin işləri 3:19, İ–93; 10:43; 1 Timoteyə 2:5, 6).
7. Bağışlanmağımız haqqında nəyə görə hər gün dua etməliyik?
7 Başqa bir fikrə baxaq. Biz Yehovanın ədalətli normalarına müvafiq ola bilməyəndə, günah işlədirik. Miras aldığımız günah ucbatından hamımız sözdə, əməllərdə və fikirlərimizdə günah işlədir və ya etməli olduğumuz şeyi etmirik (Vaiz 7:20; Romalılara 3:23; Yaqub 3:2; 4:17). Buna görə də, gün ərzində işlətdiyimiz səhvləri yadımıza sala bilib-bilməməyimizdən asılı olmayaraq, gündəlik dualarımıza günahlarımızın bağışlanması haqqında xahişi daxil etmək lazımdır (Məzmur 19:12; 40:12).
8. Bağışlanma haqqındakı dua bizi hansı işlərə təşviq etməlidir və nəticədə nə əldə edirik?
8 Biz, Məsihin fidiyə qurbanlığına iman gətirərək, doğruluqla özümüzü yoxladıqdan, peşmançılıq duyduqdan və tövbə etdikdən sonra günahların bağışlanması barədə dua etməliyik (1 Yəhya 1:7-9). Duamızın səmimi olduğunu göstərmək üçün, bağışlanma haqqında olan xahiş “tövbəyə layiq işlər”lə müşayiət olunmalıdır (Həvarilərin işləri 26:20). O zaman inana bilərik ki, Yehova bizim günahlarımızı bağışlamağa hazırdır (Məzmur 86:5; 103:8-14). Nəticədə biz, heç bir şeylə müqayisə olunmayan qəlb rahatlığını — “Allahın hər cür ağıldan üstün olan sülhü”nü əldə edirik; bu cür sülh ‘Məsih İsa vasitəsilə ürəklərimizi və düşüncələrimizi qoruyacaqdır’ (Filipililərə 4:7). Lakin nümunəvi duadan görünür ki, günahlarımızın bağışlanması üçün biz daha nə isə etməliyik.
Bağışlanmaq üçün özümüz bağışlamalıyıq
9, 10. a) İsa nümunəvi duanın hansı hissəsini izah etdi və bu nəyi vurğulayır? b) Bağışlamağın vacibliyini İsa daha necə göstərdi?
9 Maraqlıdır ki, “bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla” xahişi, nümunəvi duada İsanın izah etdiyi yeganə hissədir. Duanın sonunda o əlavə etdi: “Çünki insanların təqsirlərini bağışlasanız, səmavi Atanız sizi də bağışlar. Amma siz insanların günahlarını bağışlamasanız, Atanız da sizin günahlarınızı bağışlamaz” (Matta 6:14, 15). Beləliklə, İsa olduqca aydın tərzdə göstərdi ki, ancaq biz özümüz bağışlamağa hazır olduğumuz halda Yehova bizi bağışlayacaqdır (Mark 11:25).
10 Başqa bir halda İsa əyani nümunənin əsasında göstərdi ki, Yehovanın bizi bağışlamasını istəyiriksə, bizim özümüzün bağışlayan olmağımız gərəkdir. O, bir qulun böyük borcunu səxavətlə bağışlayan bir padşah haqqında danışdı. Sonradan padşah həmin adamı, başqa bir qula olduqca az borcu bağışlamadığı üçün, sərt şəkildə cəzalandırdı. Əyani nümunənin sonunda İsa dedi: “Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər” (Matta 18:23-35). İbrət dərsi aydındır: Yehovanın bizlərdən hər birimizə bağışladığı günah borcu, kimin isə bizə qarşı işlətdiyi hər hansı günahlardan olduqca böyükdür. Bundan əlavə, Yehova bizi hər gün bağışlayır. Buna görə də, şübhəsiz ki, başqaları nadir hallarda bizə qarşı günah işlədəndə biz də onları bağışlaya bilərik.
11. Yehovanın bizi bağışlamasını istəyiriksə, həvari Pavelin verdiyi hansı nəsihətə riayət edəcəyik və bu hansı gözəl bəhrələri gətirəcək?
11 Həvari Pavel yazırdı: “Bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın” (Efeslilərə 4:32). Qarşılıqlı bağışlama məsihçilər arasında sülhə səbəb olur. Pavel həm də də’vət edirdi: “Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürəkdən şəfqət, xeyirxahlıq, təvazökarlıq, həlimlik və səbirlilik geyin; bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin” (Koloslulara 3:12-14). Bütün bunlar, İsanın bizə öyrətdiyi duada nəzərdə tutulur, xüsusilə də növbəti sözlərdə: “Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla”.
İmtahandan müdafiə
12, 13. a) Nümunəvi duanın növbəti xahişi hansı mə’nanı daşımır? b) Böyük Azdıran kimdir və “bizi imtahana çəkmə” xahişinin mə’nası nədir?
12 Nümunəvi duada növbəti xahiş belədir: “Bizi imtahana çəkmə” (Matta 6:13). İsa, Yehovadan bizi imtahana çəkməməsini xahiş etməli olduğumuzmu nəzərdə tuturdu? Bu belə deyil, çünki şagird Yaqub Allahın ilhamı altında yazmışdı: “İmtahan olunan zaman, qoy heç kim: “Allah məni imtahan edir”,— deməsin. Çünki Allah pisliklə imtahan olunmur və Özü də heç kimi imtahan etmir” (Yaqub 1:13). Hələ üstəlik məzmurçu yazırdı: “Əgər nöqsanları hesaba alsan, ey Yehova, ya Rəbb, kim dura bilər?” (Məzmur 130:3). Yehova bizim hər bir səhvimizi görməyə çalışmır və əlbəttə ki, bizi günaha da itələmək istəmir. Onda nümunəvi duanın bu hissəsi hansı mə’nanı daşıyır?
13 Əgər bizi günaha itələmək, hiyləgərliklə ələ almaq və hətta udmaq istəyən kəs varsa, o da Şeytan İblisdir (Efeslilərə 6:11). O, böyük Azdırandır (1 Saloniklilərə 3:5). “Bizi imtahana çəkmə” deyə dua edəndə, biz Yehovadan xahiş edirik ki, imtahan zamanı yıxılmamıza yol verməsin. Ondan bizə kömək etməsini xahiş edirik ki, “Şeytan bizə üstün gəlməsin” və biz imtahanda təslim olmayaq (2 Korinflilərə 2:11). Bizim duamız, “Uca Olanın örtüyündə” qalmaq və bütün işlərində Yehovanın hökmranlığını qəbul edənlərə təqdim olunan ruhani müdafiəni almaq arzusunu əks etdirir (Məzmur 91:1-3).
14. İmtahan olunduğumuz zaman Yehovanın yardımına bel bağlayırıqsa, Onun bizi tərk etməyəcəyinə həvari Pavel bizi necə əmin edir?
14 Biz əmin ola bilərik ki, əgər bunu ürəkdən arzu ediriksə və istəyimizi dualarda və əməllərdə göstəririksə, Yehova bizi heç zaman tərk etməyəcək. Həvari Pavel bizi əmin edir: “Siz hər insanın başına gələndən başqa bir imtahana mə’ruz qalmadınız. Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13).
“Şərdən xilas et”
15. Nəyə görə bizə, Şərdən xilas olmaq haqqında dua etmək əvvəllər olduğundan daha vacibdir?
15 Yunanca Müqəddəs Yazıların ən e’tibarlı əlyazmalarına əsasən, İsanın nümunəvi duasının sonuncu sözləri belədir: “Bizi şərdən xilas et”a (Matta 6:13). İblisdən müdafiə bu son vaxtlarda hər zaman olduğundan daha vacibdir. Şeytan və onun cinləri hal-hazırda “Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan” məsh edilmişlərin qalığı ilə və onların “böyük... izdiham”dan olan həmkarları ilə müharibə aparırlar (Vəhy 7:9; 12:9, 17). Həvari Peter məsihçilərə öyüd verirdi: “Ayıq durun, sayıq olun. Çünki düşməniniz olan şeytan, nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir. Möhkəm imanla ona qarşı durun” (1 Peter 5:8, 9). Şeytan bizim şahidlik işimizi dayandırmaq istəyir və özünün yerdəki — dini, kommersiya və ya siyasi təbəqədə olan nümayəndələrinin vasitəsilə bizi qorxutmağa çalışır. Lakin əgər biz qətiyyətlə dururuqsa, Yehova bizi xilas edəcəkdir. Şagird Yaqub yazırdı: “Allaha tabe olun, iblisə isə qarşı durun və o, sizdən qaçacaqdır” (Yaqub 4:7).
16. Yehova Öz xidmətçilərinə imtahan zamanı necə kömək edə bilər?
16 Yehova Oğlunun imtahan olunmasına yol verdi. Lakin İsa müdafiə olunmaq üçün Müqəddəs Yazılardan istifadə edərək İblisə qarşı durduqdan sonra, Yehova mələklərini göndərdi ki, onu möhkəmləndirsinlər (Matta 4:1-11). Buna bənzər tərzdə, əgər biz imanla dua edir və Yehovanı sığınacaq yerimiz ediriksə, O, bizə kömək üçün mələklərindən istifadə edir (Məzmur 34:7; 91:9-11). Həvari Peter yazırdı: “Rəbb Ona ixlas edənləri imtahandan necə xilas etməyi, saleh olmayanları da... qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir” (2 Peter 2:9).
Tam qurtuluş yaxınlaşır
17. Nümunəvi duada İsa üstünlükləri düzgün ardıcıllıqla necə yerləşdirmişdi?
17 Nümunəvi duada İsa üstünlükləri düzgün ardıcıllıqla yerləşdirmişdir. Bizim üçün ən başlıcası Yehovanın böyük və müqəddəs adını müqəddəs tutmaqdır. Buna Xilaskar Padşahlığın vasitəsilə nail olunacaq deyə, dua edirik ki, Padşahlıq gəlsin və bütün qeyri-kamil insan padşahlıqlarını, yə’ni hökumətlərini məhv etsin, həmçinin Allahın iradəsinin göydə olduğu kimi yerdə də yerinə yetməsini tə’min etsin. Bizim Cənnət dünyasındakı əbədi həyata ümidimiz, yalnız Yehovanın adı müqəddəs tutulanda və Onun ədalətli hökmranlığı bütün Kainatda tanınanda həyata keçəcək. Ən vacib olan bütün bu şeylər haqqında dua etdikdən sonra, gündəlik ehtiyaclarımız, günahlarımızın bağışlanması və Şərin — Şeytan İblisin imtahan və kələyindən xilas olmaq barəsində dua edə bilərik.
18, 19. İsanın nümunəvi duası ayıq qalmaqda və ümidimizi “sona qədər möhkəm” saxlamaqda bizə necə kömək edir?
18 Bizim Şərdən və onun əxlaqsız sistemindən tam qurtuluşumuz yaxınlaşır. Şeytan ‘böyük qəzəbini’ yer üzündəki insanların, xüsusilə də Yehovanın sadiq xidmətçilərinin üzərinə tökmək üçün “vaxtının az” olduğunu çox gözəl bilir (Vəhy 12:12, 17). İsa ‘dövrün sonunun’ əsas əlamətini təsvir edərək, bə’zilərinin hələ qarşıda həyata keçəcəyi həyəcanlandırıcı hadisələri qabaqcadan söylədi (Matta 24:3, 29-31). Biz bu hadisələri görəndə, qurtuluşa olan ümidimiz daha möhkəm olacaq. İsa demişdir: “Bu işlər yerinə yetməyə başladıqda yuxarı baxın və başınızı qaldırın, çünki qurtuluşunuz yaxınlaşır” (Luka 21:25-28).
19 İsanın şagirdlərinə öyrətdiyi qısa nümunəvi dua, sonun yaxınlaşdığı vaxtda dualarımıza nəyi daxil etməyə dair bizə sağlam rəhbərlik verir. Əmin ola bilərik ki, Yehova lap sona qədər hər gün bizim ruhani və maddi ehtiyaclarımızın qayğısına qalacaqdır. Dualarımıza münasibətdə ayıqlığı qoruyub saxlamaqla, “başlanğıcda bizdə olan e’timadı sona qədər möhkəm hifz” edə bilərik (İbranilərə 3:14; 1 Peter 4:7).
[Haşiyə]
a Müqəddəs Kitabın bə’zi tərcümələrində, məsələn İncildə, Rəbbin duasının axırında mədh sözləri gətirilir: “Çünki padşahlıq, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin” (İ–93). Müqəddəs Kitaba dair bir əsərdə deyilir: “Daha e’tibarlı [əlyazmalarda]... mədh sözləri yoxdur” (“The Jerome Biblical Commentary”).
Təkrar üçün suallar
• “Gündəlik çörəyimiz” haqqındakı xahiş nə ilə əlaqədardır?
• “Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla” xahişini izah edin.
• Yehovadan bizi imtahana çəkməməyi xahiş edəndə nə nəzərdə tutulur?
• Nəyə görə “bizi şərdən xilas et” deyə dua etməliyik?
[25-ci səhifədəki şəkillər]
Biz başqalarını bağışlamalıyıq ki, Yehova da bizi bağışlasın.