İsanın sözləri dualarımıza təsir edirmi?
«İsa bu sözləri bitirdikdən sonra, xalq Onun təliminə təəccübləndi» (MAT. 7:28).
1, 2. Nəyə görə izdiham İsanın təlim vermək tərzinə heyran idi?
BİZ Allahın vahid Oğlu İsa Məsihin sözlərini qəbul etməli və həyatımızda tətbiq etməliyik. Əsla onun kimi danışan olmamışdı. İnsanlar onun Dağüstü təbliğində təlim vermək tərzinə heyran idilər! (Matta 7:28, 29 ayələrini oxu.)
2 Yehovanın Oğlu, qeyri-kamil insanların təlimlərinə əsaslanaraq uzun-uzadı nitqlər söyləyən din alimləri kimi öyrətmirdi. Məsih «hakimiyyət sahibi» kimi təlim verirdi, çünki dedikləri Allahdan idi (Yəh. 12:50). Gəlin görək, İsanın Dağüstü təbliğində söylədikləri dualarımıza necə təsir etməlidir.
Heç zaman ikiüzlülər kimi dua etməyin
3. İsanın Matta 6:5 ayəsindəki sözlərini qısaca danışın.
3 Dua həqiqi ibadətin vacib hissəsidir və biz müntəzəm olaraq Yehovaya dua etməliyik. Lakin dualarımız İsanın Dağüstü təbliğində söylədiklərinə uyğun olmalıdır. O demişdir: «Dua etdiyin zaman... ikiüzlülər kimi olma; çünki insanlar onları görsünlər deyə, sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Doğrusunu sizə deyirəm: onlar mükafatlarını aldılar» (Mat. 6:5).
4-6. a) Nəyə görə fəriseylər «sinaqoqlarda və küçə tinlərində durub dua etməyi» xoşlayırdılar? b) Hansı mənada bu ikiüzlülər tam «mükafatlarını aldılar»?
4 İsanın şagirdləri dua edəndə başqa adamların yanında özlərini möminliyə vuran hiyləgər, ‘ikiüzlü’, özündən razı fəriseylər kimi olmalı deyildilər (Mat. 23:13-32). Bu ikiüzlülər «sinaqoqlarda və küçə tinlərində durub dua etməyi» xoşlayırdılar. Nəyə görə? «İnsanlar onları görsünlər deyə». Birinci əsrdə yəhudilər məbəddə yandırma qurbanları gətirilən zaman adətən bir yığıncaq kimi dua edərdilər (təxminən səhər saat doqquzda və günorta saat üçdə). Yerusəlimin bir çox sakinləri məbədin ərazisinə ibadətə toplaşan izdihamla bərabər dua edərdi. Yerusəlimdən kənarda yaşayan mömin yəhudilər isə gündə iki dəfə «sinaqoqlarda... durub» dua edərdilər. (Luka 18:11, 13 ayələri ilə müqayisə et.)
5 İnsanların əksəriyyəti bu zaman məbədin və ya sinaqoqun yanında olmasalar da, harada olmalarından asılı olmayaraq, dua edə bilərdilər. Bəziləri dua zamanı «küçə tinlərində» olmağa çalışırdılar. Onlar istəyirdilər ki, küçədən keçən «insanlar onları görsünlər». Görənlər onları tərifləsin deyə ikiüzlü möminlər ‘uzun-uzadı dualar edirdilər’ (Luka 20:47). Biz qətiyyən belə davranmalı deyilik.
6 İsa demişdi ki, bu ikiüzlülər artıq «mükafatlarını aldılar». Onlar insanlar tərəfindən bəyənilməyi və təriflənməyi çox istəyirdilər və aldıqları da elə bu oldu. Onlar bundan başqa heç nə almadılar, ona görə ki, Yehova bu riyakar dualara cavab vermirdi. Lakin İsanın növbəti sözlərindən gördüyümüz kimi, Allah Məsihin həqiqi davamçılarının dualarına cavab verirdi.
7. ‘Öz otağına gir və dua et’ məsləhəti nə deməkdir?
7 «Sən isə dua etdiyin zaman öz otağına gir və qapını bağlayaraq, gizlində olan Atana dua et; gizlini görən Atan sənə açıqcasına əvəzini verəcəkdir» (Mat. 6:6). Lakin İsanın otağa girib, qapını bağlayaraq gizli dua etmək məsləhəti o demək deyil ki, heç kim yığıncağın adından dua edə bilməz. Əksinə, burada diqqəti cəlb etmək və başqalarından izzət almaq məqsədilə insanlar qarşısında dua etməyin yanlış olduğu vurğulanır. Əgər bizə Allahın xalqı adından dua etmək şərəfi verilibsə, bunu yadda saxlamalıyıq. Gəlin duaya dair İsanın növbəti sözlərinə də diqqət yetirək.
8. Matta 6:7 ayəsinə əsasən, biz necə dua etməməliyik?
8 «Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər söyləməyin [«boş təkrarlar etməyin», YD]; zira onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər» (Mat. 6:7). İsa burada düzgün olmayan başqa bir dua üsulundan — eyni şeyi təkrarlamaqdan danışır. O, ürəkdən gələn xahişlərimizi və minnətdarlığımızı heç vaxt təkrarlamalı olmadığımızı nəzərdə tutmurdu. Ölümündən bir az öncə Getsamani bağında İsa duasında «eyni sözləri» təkrarlamışdı (Mark 14:32-39).
9, 10. Hansı mənada duada təkrarlara yol verməməliyik?
9 «Bütpərəstlər» kimi duada eyni sözləri təkrarlamaq düzgün olmazdı. Onlar boş sözlərdən ibarət əzbərlənmiş ifadələri təkrar-təkrar söyləyirlər. Bu, «səhərdən günortaya qədər “Ey Baal, bizə cavab ver!”» — deyə yalvaran yalançı allah olan Baalın xidmətçilərinə kömək etmədi (1 Pad. 18:26). Bu gün milyonlarla insanlar əbəs yerə zənn edirlər ki, uzun-uzadı, sonsuz təkrarlardan ibarət dualar etməklə «eşidiləcəklər». Lakin İsa bizə başa salır ki, Yehovanın nöqteyi-nəzərincə, ‘çox danışmağın’ heç bir faydası yoxdur. Sonra İsa deyir:
10 «Onlara bənzəməyin; çünki Atanız sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir» (Mat. 6:8). Bir çox yəhudi din rəhbərləri qeyri-yəhudilər kimi həddən artıq uzun-uzadı dua edirdilər. Həqiqi ibadətin vacib hissəsi olan səmimi dualara həmd sözləri, minnətdarlıq və xahişlər daxildir (Filip. 4:6). Sanki Allah unutqan imiş kimi, ehtiyac duyduğumuz şeyləri Ona təkrar-təkrar söyləmək düzgün olmazdı. Dua edəndə yadda saxlamalıyıq ki, müraciət etdiyimiz Allah ‘nələrə ehtiyacımız olduğunu Ondan diləməzdən əvvəl bilir’.
11. Əgər bizə yığıncaqda dua etmək şərəfi verilibsə, nəyi yadda saxlamalıyıq?
11 İsanın qeyri-məqbul dua haqqında dedikləri bizə xatırladır ki, ibarəli və boş sözlərlə Allaha təəssürat bağışlamaq mümkün deyil. Həmçinin başa düşməliyik ki, yığıncaqda dua edərkən məqsədimiz dinləyicilərdə təəssürat oyatmaq olmamalıdır, eyni zamanda dualarımız o qədər uzun çəkməməlidir ki, dinləyicilər nə vaxt «amin» deyəcəklərini səbirsizliklə gözləsinlər. Həmçinin dua vasitəsilə elanlar etmək və ya dinləyicilərə məsləhət vermək İsanın Dağüstü təbliğində söylədiklərinin ruhuna uyğun deyil.
İsa bizə dua etməyi öyrədir
12. «Adın müqəddəs tutulsun» xahişinin mənasını necə izah edərdiniz?
12 İsa dua etmək şərəfindən namünasib tərzdə istifadə etməyə qarşı xəbərdarlıq etməklə yanaşı, bizə necə dua etməyi də öyrətdi. (Matta 6:9-13 ayələrini oxu.) Onun nümunəvi duasını əzbərləyib, təkrar-təkrar söyləmək lazım deyil. Əksinə, bu necə dua etməyimizə dair bir nümunə kimi verilib. Məsələn, İsa duasına: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun» sözləri ilə başlamaqla Allahı birinci yerə qoydu (Mat. 6:9). Buna görə biz də Yehovaya ‘Ata’ deyə müraciət edirik, çünki O, yerdən yüksəklərdə, «göylərdə» yaşayan Yaradanımızdır (Qanun. t. 32:6; 2 Saln. 6:21; Həv. iş. 17:24, 28). Cəmdə işlənən «bizim» sözü göstərir ki, həmimanlılarımızın da Allahla yaxın münasibətləri var. «Adın müqəddəs tutulsun» sözləri Yehovanın Öz adını Eden bağında qaldırılmış üsyandan etibarən yaxılan bütün ləkələrdən təmizləyərək Özünü təqdis etməsinə dair xahişdir. Bu duaya cavabında Yehova yer üzündən pisliyi siləcək və bununla da Özünü təqdis edəcək (Yez. 36:23).
13. a) «Səltənətin gəlsin» xahişi necə yerinə yetiriləcək? b) Allahın iradəsinin yer üzündə yerinə yetməsinə nə daxildir?
13 «Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» (Mat. 6:10). İsanın nümunəvi duada haqqında danışdığı ‘Səltənət’ Məsihin və dirilmiş «müqəddəsləri»n əlində olan hökumətdir (Dan. 7:13, 14, 18; Yeşaya 9:6, 7). Onun ‘gəlişi’ barədə dua etmək isə o deməkdir ki, biz Allahın Padşahlığının yer üzündə ilahi rəhbərliyə qarşı çıxanların hamısına qarşı tədbir görməsini xahiş edirik. Bu, tezliklə baş verəcək və bütün dünyada salehliyin, əmin-amanlığın və firavanlığın hökm sürəcəyi Cənnət bərpa olunacaq (Məz. 72:1-15; Dan. 2:44; 2 Pet. 3:13). Yehovanın iradəsi hal-hazırda göylərdə yerinə yetir və onun yerdə də yerinə yetməsi barədə edilən dua, qədimdə olduğu kimi, Allahın bütün müasir düşmənlərinin məhv edilməsi də daxil olmaqla, Onun Yer kürəsinə dair niyyətini yerinə yetirməsi barədə yalvarışdır. (Məzmur 83:1, 2, 13-18 ayələrini oxu.)
14. Nəyə görə ‘gündəlik çörək’ üçün dua etmək münasibdir?
14 «Gündəlik çörəyimizi bizə bu gün ver» (Mat. 6:11; Luka 11:3). Bu haqda dua edəndə Allahdan bizi lazımi «gündəlik» qida ilə təmin etməsini xahiş edirik. Bu göstərir ki, biz Allahın hər gün qayğımıza qalmağa qadir olduğuna inanırıq. Biz ehtiyaclarımızın artıqlaması ilə təmin olunmasını xahiş etmirik. Gündəlik tələbatlarımıza dair bu xahiş Allahın israillilərə «hər gün... lazımi miqdarda» manna toplamaq əmrini xatırlada bilər (Çıx. 16:4).
15. «Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla» xahişinin mənası nədir?
15 Nümunəvi duadakı növbəti xahiş diqqətimizi nə etməli olduğumuza yönəldir. İsa demişdi: «Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla» (Mat. 6:12). «Lukanın Müjdəsi» bu ‘borcların’ ‘günahlar’ olduğunu göstərir (Luka 11:4). Yalnız bizə qarşı günah işlədənləri ‘bağışladığımız’ təqdirdə Yehovanın bizi bağışlayacağına ümid edə bilərik. (Matta 6:14, 15 ayələrini oxu.) Biz başqalarını bütün ürəkdən bağışlamalıyıq (Efes. 4:32; Kolos. 3:13).
16. Matta 6:13 ayəsində yazılan iki xahişi necə başa düşməliyik?
16 «Bizi imtahana çəkmə, lakin bizi şərdən xilas et» (Mat. 6:13). Bir-biri ilə əlaqəli olan bu iki xahişi necə başa düşməliyik? Bir şey danılmazdır: Yehova bizi günahla imtahana çəkmir. (Yaqub 1:13 ayəsini oxu.) Bizi günaha təhrik edən şəririn, Şeytanın özüdür (Mat. 4:3). Lakin Müqəddəs Kitabda Yehovanın yol verdiyi işlər haqda sanki Onun Özü edirmiş kimi danışılır (Rut 1:20, 21; Vaiz 11:5). Deməli, «bizi imtahana çəkmə» dedikdə Yehovadan xahiş edirik ki, Ona itaətsizliyə təhrik olunanda təslim olmamağımıza kömək etsin. Nəhayət, «bizi şərdən xilas et»məsi barədə dua edəndə Yehovadan Şeytanın bizə üstün gəlməsinə yol verməməsini xahiş etmiş oluruq. Və biz əmin ola bilərik ki, O, ‘gücümüzdən artıq imtahan olunmamıza razılıq verməz’. (1 Korinflilərə 10:13 ayəsini oxu.)
‘Diləyin, axtarın, qapını döyün’
17, 18. ‘Diləyin, axtarın, qapını döyün’ nə deməkdir?
17 Həvari Pavel həmimanlılarını ‘duada mətanətli olmağa’ təşviq edirdi (Rom. 12:12). Buna bənzər fikri İsa da söyləmişdi: «Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır və qapı onu döyənə açılır» (Mat. 7:7, 8). Allahın iradəsinə uyğun olan hər şeyi ‘diləmək’ münasibdir. İsanın sözlərinə uyğun olaraq həvari Yəhya demişdi: «Allahın qarşısında malik olduğumuz cəsarət isə bundan ibarətdir ki, əgər biz Onun iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir» (1 Yəh. 5:14).
18 İsanın «diləyin... [və] axtarın» məsləhəti göstərir ki, biz səylə dua etməli və təslim olmamalıyıq. Padşahlığa daxil olmaq, onun gətirəcəyi xeyir-duaları və mükafatları almaq üçün biz həmçinin ‘döyməyə’ davam etməliyik. Bəs Allahın dualarımıza cavab verəcəyinə əmin ola bilərikmi? Bəli, əgər Yehovaya sadiqiksə, bilərik, çünki Məsih demişdir: «Hər diləyən alır, axtaran tapır və qapı onu döyənə açılır». Yehovanın xidmətçilərinin başına gələn bir çox hadisələr Allahın həqiqətən də ‘duaları eşitdiyini’ göstərir (Məz. 65:2).
19, 20. İsanın Matta 7:9-11 ayələrindəki sözləri Yehovanın qayğıkeş Ata olduğunu necə göstərir?
19 İsa Yehovanı övladlarına yaxşı hədiyyələr verən qayğıkeş Ata ilə müqayisə etdi. Təsəvvür et ki, İsa Dağüstü təbliğini söyləyəndə sən də oradasan və onun bu sözlərini eşidirsən: «Aranızda elə bir adam varmı ki, oğlu ondan çörək istədikdə, ona daş versin? Yaxud balıq istədikdə, ona ilan versin? Beləliklə, əgər siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə yaxşı şeylər verəcəyi nə qədər yəqindir!» (Mat. 7:9-11).
20 Günahı miras almış insan nisbətən «pis» olsa da, təbii ki, övladını sevir. Ata öz uşağını aldatmayacaq, əksinə, ona ‘yaxşı hədiyyələr’ verməyə çalışacaq. Bizə ata məhəbbəti ilə yanaşan qayğıkeş səmavi Atamız müqəddəs ruh kimi «yaxşı hədiyyələr» bəxş edir (Luka 11:13). Müqəddəs ruh bizi «hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə» verən Allaha məqbul tərzdə ibadət etmək üçün möhkəmləndirə bilər (Yaq. 1:17).
İsanın sözlərindən daim faydalanın
21, 22. Dağüstü təbliği bu qədər dəyərli edən nədir və İsanın məsləhətləri barədə sən nə düşünürsən?
21 Dağüstü təbliğ dünyada ən möhtəşəm nitq olmuşdur. Onu bu qədər dəyərli edən aydın ruhani incilərlə zəngin olmasıdır. Bu məqalələr silsiləsindən öyrəndiyimiz fikirlərdən gördüyümüz kimi, bu nitqdəki məsləhətlərə əməl etməyin bizə böyük faydası dəyəcək. İsanın bu məsləhətləri hal-hazırda həyatımızı yaxşılaşdıra və xoşbəxt gələcək üçün ümid verə bilər.
22 Bu məqalələrdə İsanın Dağüstü təbliğindən yalnız bəzi gözəl fikirləri müzakirə etdik. Təəccüblü deyil ki, İsanın nitqini eşidən «xalq Onun təliminə təəccübləndi» (Mat. 7:28). Şübhəsiz ki, biz də zehnimizi və ürəyimizi Böyük Müəllim olan İsa Məsihin bu və ya digər dəyərli sözləri ilə doldursaq, bu bizə də eyni təəssüratı bağışlayacaq.
Necə cavab verərdiniz?
• İsa riyakarcasına edilən dualar haqqında nə demişdir?
• Nəyə görə biz dua edərkən uzun-uzadı təkrarlardan qaçmalıyıq?
• İsanın nümunəvi duasına hansı xahişlər daxildir?
• ‘Diləyin, axtarın, qapını döyün’ məsləhətinə necə əməl edə bilərik?
[15-ci səhifədəki şəkil]
İsa özlərini göstərmək üçün dua edən ikiüzlüləri mühakimə edirdi
[17-ci səhifədəki şəkil]
Gündəlik çörək üçün dua etməyin nə üçün münasib olduğunu bilirsənmi?