Ya Rəbb, bizə dua etməyi öyrət
“Şagirdlərindən biri Ona dedi: “Ya Rəbb... bizə dua etməyi öyrət” (LUKA 11:1).
1. Şagirdlərdən biri İsadan onlara dua etməyi öyrətməsini nəyə görə xahiş etdi?
BİR dəfə eramızın 32-ci ilində şagirdlərdən biri İsanın necə dua etdiyini müşahidə edirdi. İsanın ehtimal ki, səssiz dua etdiyindən şagird onun öz Atasına nə dediyini eşitmirdi. Bununla belə, İsa duasını tamamlayanda şagird ona dedi: “Ya Rəbb... bizə dua etməyi öyrət” (Luka 11:1). Onu bu cür xahişlə müraciət etməyə təşviq edən nə idi? Dua yəhudilərin həyatının və ibadətlərinin ayrılmaz hissəsi idi. Məzmurlarda və İbranicə Müqəddəs Yazıların başqa kitablarında necə dua etməyə dair çoxsaylı nümunələr gətirilir. Buna görə də həmin şagird, ümumiyyətlə bilmədiyi və ya heç zaman etmədiyi bir şeyi öyrətməyi xahiş etmirdi. O, şübhəsiz ki, iudaizmin din rəhbərlərinin rəsmi duaları ilə tanış idi. Lakin indi o, İsanın necə dua etdiyini müşahidə etmiş və ehtimal ki, İsanın duası ilə ravvinlərin riyakar duaları arasında böyük fərq görmüşdü (Matta 6:5-8).
2. a) İsa necə göstərdi ki, nümunəvi duanı sözbəsöz təkrarlamağa ehtiyac yoxdur? b) Biz dua etməyi nəyə görə öyrənmək istəyirik?
2 Təxminən il yarım əvvəl, Dağüstü təbliğində, İsa şagirdlərinə necə dua etməyə dair nümunə gətirmişdi (Matta 6:9-13). Ola bilsin ki, o vaxt həmin şagird orada yox idi, buna görə də İsa onun xahişinə hazırlıqla hay verib, nümunəvi duanın əsas fikirlərini təkrar edir. Qeyd etmək lazımdır ki, o, duanı sözbəsöz təkrar etmədi, deməli bu, qeyri-iradi olaraq təkrar-təkrar söylənməli olan dini mərasimə aid dua deyildi (Luka 11:1-4). Biz də, adı çəkilməyən həmin şagird kimi elə dua etməyi öyrənmək istəyirik ki, dualarımız bizi Yehovaya yaxınlaşdırsın. Buna görə də, həvari Matta tərəfindən yazılmış nümunəvi duanı geniş tərzdə nəzərdən keçirək. Bu dua yeddi xahişdən ibarətdir ki, onlardan üçü Allahın niyyəti ilə, dördü isə bizim maddi və ruhani ehtiyaclarımızla bağlıdır. Bu məqalədə biz birinci üç xahişi nəzərdən keçirəcəyik.
Sevən Ata
3, 4. Yehovanı “Atamız” adlandırmağımız nəyi bildirir?
3 İsa artıq lap əvvəldən göstərdi ki, dualarımız Yehova ilə yaxın, lakin eyni zamanda ehtiramlı münasibətlərimizi göstərməlidir. İsa, əsas e’tibarı ilə dağın yamacında onun yanında əyləşmiş şagirdlərinə öyüd verərək dedi ki, onlar Yehovaya bu cür müraciət etsinlər: “Ey göylərdə olan Atamız” (Matta 6:9). Bir tədqiqatçının fikrinə görə, İsa ya geniş yayılmış ibrani, yaxud arami dilində danışsa da, hər halda bu ifadədə o, körpə uşağın sevimli atası ilə ünsiyyətdə olarkən istifadə etdiyi sözə yaxın olan “körpə sözü” istifadə etmişdir. Əgər biz Yehovaya müraciət edərkən “Atamız” deyiriksə, bu o deməkdir ki, bizim Onunla yaxın, e’tibarlı münasibətlərimiz var.
4 “Atamız” deyərkən biz özümüzü, Yehovanı Həyatverən hesab edən kişi və qadınlardan ibarət böyük ailənin üzvləri hesab edirik (İşaya 64:8; Həvarilərin işləri 17:24, 28). Ruhdan doğulan məsihçilər Allah tərəfindən ‘oğulluğa’ götürülüblər və Onu “Abba, Ata!”,— deyə çağıra bilirlər (Romalılara 8:14, 15). Milyonlarla insanlar onların sadiq həmkarları oldular. Onlar həyatlarını Yehovaya həsr etdilər və bunu suda vəftizlə simvollaşdırdılar. Bu “başqa qoyunlar”ın hamısı da Yehovaya İsanın ismi naminə müraciət edib, Ona “Atamız” deyə bilərlər (Yəhya 10:16; 14:6). Biz səmavi Atamıza, Onu mədh etmək, bizə olan bütün yaxşılıqlarına görə minnətdarlığımızı bildirmək üçün müntəzəm olaraq dua edə və qayğımıza qaldığına əmin olaraq, bütün çətinliklərimizi Onun üzərinə qoya bilərik (Filipililərə 4:6, 7; 1 Peter 5:6, 7).
Yehovanın adına məhəbbət
5. Nümunəvi dua hansı xahişlə başlanır və bu nəyə görə münasibdir?
5 Birinci xahiş nəyin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini dərhal göstərir. Orada deyilir: “Adın müqəddəs tutulsun” (Matta 6:9). Bəli, Yehovanın adının müqəddəs tutulması bizim üçün vacib məsələ olmalıdır, çünki biz Allahı sevir və Onun adının hər tərəfdən məzəmmət edildiyini gördükdə çox kədərlənirik. Qiyam qaldırmaqla və ilk insan cütünü itaətsizliyə vadar etməklə Şeytan Yehovanın ümumdünya hökmranlığının ədalətli olduğunu şübhə altına aldı və bununla da Onun adını ləkələdi (Təkvin 3:1-6). Bundan əlavə, yüzilliklər ərzində Yehovanın adı, özünü Onun xidmətçiləri kimi qələmə verənlərin rüsvayçı əməllərinə və tə’limlərinə görə ləkələnib.
6. Yehovanın adının müqəddəs tutulması üçün müraciət ediriksə, nəyi etməyəcəyik?
6 Yehovanın adının müqəddəs tutulması barədə dua etməklə, ümumdünya hökmranlığı məsələsində kimin tərəfini tutduğumuzu, məhz Yehovanın Kainatda hökmranlıq etmək hüququnu dəstəklədiyimizi göstəririk. Yehova istəyir ki, Kainatda, Onu və adının arxasında duran hər şeyi sevdikləri üçün Onun adil hökmranlığına həvəslə və məmnuniyyətlə tabe olan ağıllı varlıqlar yaşasınlar (1 Tarixlər 29:10-13; Məzmur 8:1; 148:13). Yehovanın adına olan məhəbbət, Onun müqəddəs adına ləkə gətirəcək hər bir işdən qaçınmaqda bizə kömək edəcək (Hezekiel 36:20, 21; Romalılara 2:21-24). Kainatda, həmçinin onun sakinləri arasında sülhün mövcud olması Yehovanın adını müqəddəs tutmaqdan və Onun hökmranlığına həvəslə itaət etməkdən asılı olduğu üçün, biz “adın müqəddəs tutulsun” deyə dua edərkən, Yehovanın niyyətinin Onun izzətlənməsi üçün həyata keçəcəyinə əminliyimizi bildiririk (Hezekiel 38:23).
Haqqında dua etdiyimiz Padşahlıq
7, 8. a) İsanın bizə haqqında dua etməyi öyrətdiyi Padşahlıq nədir? b) Bu Padşahlıq haqqında “Daniel” və “Vəhy” kitablarından nə öyrənirik?
7 Nümunəvi duadakı ikinci xahiş belədir: “Padşahlığın gəlsin” (Matta 6:10, İ–93). Bu xahiş əvvəlki ilə sıx bağlıdır. Yehova Öz müqəddəs adını Xilaskar Padşahlığın, Oğlu İsa Məsihi rəsmi surətdə Padşahı tə’yin etdiyi səmavi hökumətin vasitəsilə müqəddəs edəcəkdir (Məzmur 2:1-9). Danielin peyğəmbərliyində Xilaskar Padşahlıq “dağdan” qopan ‘daşla’ təmsil edilir (Daniel 2:34, 35, 44, 45). Dağ Yehovanın ümumdünya hökmranlığının rəmzidir, buna görə də ‘daşla’ təmsil olunan Padşahlıq Allahın hökmranlığının yeni təzahürüdür. Peyğəmbərliyə əsasən, daş sonradan “böyük bir dağ oldu və bütün dünyanı doldurdu”, bu o deməkdir ki, Xilaskar Padşahlıq Allahın hökmranlığını təmsil edərək yeri idarə edəcəkdir.
8 Bu Padşahlıqda Məsihlə birlikdə padşahlar və kahinlər olmaq üçün “insanlar arasından satın alınmış” 144 000 nəfər rəhbərlik edir (Vəhy 5:9, 10; 14:1-4; 20:6). Daniel onların haqqında “Uca olanın müqəddəsləri” kimi bəhs edir və deyir ki, başçıları Məsihlə birlikdə “padşahlıq və səltənət və bütün göylərin altındakı padşahlıqların böyüklüyü... onun padşahlığı əbədi padşahlıqdır və bütün səltənətlər... [“onlara”, YD] qulluq edəcəklər və baş əyəcəklər” (Daniel 7:13, 14, 18, 27). Məsih davamçılarına bu cür səmavi hökumət haqqında dua etməyi öyrədirdi.
Nəyə görə hələ də Padşahlığın gəlməsi barədə dua edirik?
9. Allahın Padşahlığının gəlməsi barədə dua etmək nəyə görə münasibdir?
9 Nümunəvi duada Məsih bizə Allahın Padşahlığının gəlməsi barədə dua etməyi öyrədirdi. Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetdiyinə görə demək olar ki, Xilaskar Padşahlıq göydə 1914-cü ildə qurulmuşdura. Bunu nəzərə alaraq bu Padşahlığın “gəlməsi” haqqında hələ də dua etmək düzdürmü? Əlbəttə. Çünki Danielin peyğəmbərliyində daşla təmsil olunan Xilaskar Padşahlığın və böyük heykəllə təmsil olunan insan hökumətlərinin qarşıdakı toqquşmaları təsvir olunur. Daş hələ heykəllə toqquşmalı və ona elə zərbə endirməlidir ki, heykəl toza çevrilsin. Danielin peyğəmbərliyində oxuyuruq: “[Padşahlığın] hakimiyyəti başqa bir xalqa verilməyəcək; ancaq bu padşahlıqların hamısını o parçalayacaq və məhv edəcək, özü isə əbədiyyən duracaq” (Daniel 2:44).
10. Biz nəyə görə Allahın Padşahlığının gəlməsini çox arzu edirik?
10 Biz, Allahın Padşahlığının Şeytanın pis sisteminə qarşı necə çıxacağını görməyi çox arzulayırıq, çünki bu, Yehovanın müqəddəs adının müqəddəs tutulacağını və Allahın hökmranlığının bütün düşmənlərinin məhv ediləcəyini bildirəcək. Biz ürəkdən dua edirik: “Padşahlığın gəlsin” və həvari Yəhyanın sözlərini təkrar edirik: “Amin. Gəl, ya Rəbb İsa!” (Vəhy 22:20). Bəli, qoy İsa Yehovanın adını müqəddəs tutmağa və Onun hökmranlığına bəraət qazandırmağa gəlsin ki, məzmurçunun sözləri yerinə yetsin: “Ta ki, bilsinlər, sən ki ismin Rəbdir [“Yehovadır”, YD], bütün dünya üzərində yalnız sən Ucasan” (Məzmur 83:18).
“Sənin iradən olsun”
11, 12. a) Allahın iradəsinin “göydə olduğu kimi, yerdə də” yerinə yetməsi barədə dua edərkən biz nə haqda xahiş edirik? b) Yehovanın iradəsinin yerinə yetməsi barədəki xahişimiz daha nəyi bildirir?
11 İsa sonra davamçılarına bu cür dua etməyi öyrədir: “Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:10). Kainat Yehovanın iradəsilə yaranıb. Qüvvətli səmavi məxluqlar nida edirlər: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı” (Vəhy 4:11). Yehovanın “həm göylərdə, həm də yerdə olan hər şey”ə aid niyyəti vardır (Efeslilərə 1:8-10). Allahın iradəsinin yerinə yetməsi barədə dua etməklə, biz doğrudan da Yehovadan Öz niyyətini həyata keçirməyi xahiş edirik. Bundan əlavə, bunu etməklə biz göstəririk ki, Allahın niyyətinin bütün Kainatda yerinə yetdiyini görməyi çox arzulayırıq.
12 Bu cür dua etməklə biz həm də öz həyatımızı Yehovanın iradəsi ilə uyğunlaşdırmağa hazır olduğumuzu göstəririk. İsa demişdir: “Mənim yeməyim Məni Göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır” (Yəhya 4:34). İsaya bənzər tərzdə, həsr olunmuş biz məsihçilər də Allahın iradəsini yerinə yetirməkdən həzz almalıyıq. Yehovaya və Onun Oğluna olan məhəbbətimiz bizi “artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə” yaşamağa təşviq edir (1 Peter 4:1, 2; 2 Korinflilərə 5:14, 15). Biz, bildiyimiz kimi, Yehovanın iradəsinə zidd olan işlərdən qaçınmağa çalışırıq (1 Saloniklilərə 4:3-5). Müqəddəs Kitabı oxumaq və öyrənmək üçün vaxtı satın alaraq biz, “Rəbbin iradəsi nədirsə, onu” qavrayırıq, bu isə özünə, “Padşahlıq haqqında olan bu Müjdə”nin təbliğ edilməsində fəal iştirak etməyimizi daxil edir (Efeslilərə 5:15-17; Matta 24:14 İ–93).
Yehovanın iradəsinin göydə yerinə yetməsi
13. Allahın iradəsi Şeytanın üsyanından xeyli əvvəl hansı tərzdə yerinə yetirdi?
13 Yehovanın iradəsi, Onun səmavi oğullarından biri üsyan qaldırıb, Şeytan olmazdan xeyli əvvəl göydə yerinə yetirdi. “Süleymanın məsəlləri” kitabında Allahın ilkin Oğlu müdrikliyin təcəssümü kimi təsvir olunub. Orada göstərilir ki, saya gəlməz milyon illər ərzində Allahın yeganə Oğlu “hər vaxt onun önündə sevinirdi” və Atasının iradəsini yerinə yetirərək xoşbəxtlik duyurdu. O, nəticədə “göylərdə və yerdə olan, görünən və görünməyən hər şey”in yaranmasında Yehovanın mahir “me’marı” oldu (Süleymanın məsəlləri 8:22-31; Koloslulara 1:15-17). Yehova İsanı Öz Kəlamı, yə’ni Öz nümayəndəsi kimi istifadə edirdi (Yəhya 1:1-3).
14. Mələklərin göydə Yehovanın iradəsini yerinə yetirmələrinə dair Məzmurun 103-cü fəslindən nə öyrənirik?
14 Məzmurçunun sözləri göstərir ki, Yehova bütün varlıqlar üzərində hökmranlıq edir və külli miqdarda mələklər Onun göstərişlərini dinləyir və əmrlərini yerinə yetirirlər. Biz oxuyuruq: “Rəbb taxtını göylərdə qurdu; və onun padşahlığı hər kəs üzərində hakimdir. Ey kəlamının səsini eşidib kəlamını icra edən, qüdrəti çox olan mələkləri, Rəbbi təqdis edin. Ey sizlər, onun bütün orduları, iradəsini icra edən xidmətçiləri, Rəbbi təqdis edin. Ey ölkəsinin hər yerindəki bütün işləri, Rəbbi təqdis edin” (Məzmur 103:19-22).
15. İsanın padşahlıq səlahiyyəti alması Yehovanın iradəsinin göydə yerinə yetməsinə necə tə’sir göstərdi?
15 “Eyub” kitabına əsasən, üsyançı olduqdan sonra Şeytanın hələ də səmaya yolu açıq idi (Eyub 1:6-12; 2:1-7). “Vəhy” kitabında isə qabaqcadan deyilirdi ki, vaxt gələcək Şeytan və onun cinləri göylərdən qovulacaqlar. Həmin vaxt, ehtimal ki, İsa Məsih 1914-cü ildə Padşahlığı aldıqdan tezliklə sonra başlandı. Həmin vaxtdan e’tibarən üsyançılara göydə yer yoxdur. Onlar yerin hüdudları ilə məhdudlaşdırılıblar (Vəhy 12:7-12). Göydə bir dənə də olsun araqarışdıran qalmayıb, yalnız “Quzunun”, İsa Məsihin tərəfində duranlar və Yehovanı təvazökarlıqla təqdis edənlər qalıblar (Vəhy 4:9-11). Yehovanın iradəsi göydə həqiqətən də yerinə yetir.
Yehovanın iradəsinin yerdə yerinə yetməsi
16. Nümunəvi dua Xristian dünyasının bəşəriyyətin ümidi haqqındakı tə’limini necə yalana çıxarır?
16 Xristian dünyasının kilsələri bütün yaxşı insanların göyə qalxacaqlarını iddia edərək, yeri Allahın niyyətlərindən kənar etmişlər. Lakin İsa bizə bu cür dua etməyi öyrədirdi: “Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:10, İ–93). Zorakılığın, ədalətsizliyin, xəstəlik və ölümün geniş yayıldığı Yer kürəsində bu gün Yehovanın iradəsinin yerinə yetdiyini kim isə təsdiq edə bilərmi? Əlbət ki, yox! Buna görə də biz sə’ylə dua etməliyik ki, Allahın iradəsi həvari Peterin yazdığı və’dlərə əsasən yerdə yerinə yetsin: “Biz Onun və’dinə görə yeni göylər [Məsihin rəhbərliyi altında olan Xilaskar Padşahlıq] və yeni yer [saleh insan cəmiyyəti] gözləyirik ki, onlarda salehlik ömür sürür” (2 Peter 3:13).
17. Yehovanın yer üzünə dair niyyəti nədən ibarətdir?
17 Yehova yeri müəyyən məqsədlə yaradıb. O, İşaya peyğəmbəri növbəti sözləri yazmağa ilhamlandırmışdır: “Göyləri yaradan Rəbb, dünyaya şəkil verən və onu yaradan, onu möhkəmlədən və onu boşuna yaratmayan, üzərində yaşanılsın deyə ona şəkil verən Allah belə deyir: Rəbb mənəm; və başqası yoxdur” (İşaya 45:18). Allah ilk insan cütünü Cənnət bağında yerləşdirdi və onlara tapşırıq verdi: “Törəyib çoxalın və yer üzünü doldurub ona sahib olun” (Yaradılış 1:27, 28; 2:15, MKŞ). Tamamilə aydındır: Yaradanın niyyəti ondan ibarətdir ki, yer üzündə, Onun hökmranlığına həvəslə itaət edən və Məsihin və’d etdiyi Cənnətdə əbədi yaşayacaq kamil saleh insanlar sakin olsunlar (Məzmur 37:11, 29; Luka 23:43).
18, 19. a) Allahın iradəsi yer üzündə tamamilə yerinə yetməzdən əvvəl nə baş verməlidir? b) Növbəti məqalədə İsanın nümunəvi duasının hansı sahələri müzakirə ediləcək?
18 Hələ ki, yer üzündə Yehovanın hökmranlığına tabe olmayan insanlar yaşayır, Yehovanın yerə dair niyyəti axıra kimi həyata keçə bilməz. Məsihin rəhbərliyi altında olan güclü mələklərin vasitəsilə Allah ‘yeri tələf edənləri tələf edəcəkdir’. Yalan dinləri, satqın siyasəti, xəsis və vicdansız kommersiyası və dağıdıcı hərbi sistemi ilə yanaşı Şeytanın bütün pis sistemi həmişəlik olaraq yer üzündən silinəcək (Vəhy 11:18; 18:21; 19:1, 2, 11-18). Yehovanın hökmranlığına bəraət qazandırılacaq, Onun adı isə müqəddəs tutulacaq. Növbəti sözləri deyərkən biz bütün bunlar barəsində dua edirik: “Ey göylərdə olan Atamız, ismin müqəddəs tutulsun; Padşahlığın gəlsin; göydə olduğu kimi, yerdə də Sənin iradən olsun” (Matta 6:9, 10, İ–93).
19 Nümunəvi duanı verərkən İsa göstərdi ki, biz şəxsi işlərimiz barəsində də dua edə bilərik. Nümunəvi duanın bu sahələrini növbəti məqalədə müzakirə edəcəyik.
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc edilən “Danielin peyğəmbərliyinə diqqət yetirin!” kitabının 6-cı fəslinə baxın.
Təkrar üçün suallar
• Yehovaya müraciət edərkən “Atamız” demək nəyə görə münasibdir?
• Yehovanın adının müqəddəs tutulması barədəki xahiş nəyə görə birinci dərəcəli əhəmiyyət kəsb edir?
• Nəyə görə Allahın Padşahlığının gəlməsi barədə dua edirik?
• Allahın iradəsinin göydə olduğu kimi yerdə də yerinə yetməsi barədəki xahişimiz nəyi bildirir?
[19-cu səhifədəki şəkil]
İsanın duaları fəriseylərin riyakar dualarından çox fərqlənirdi.