FƏSİL 12
İsa peyğəmbər vəftiz olunur
MƏTTA 3:13—17 MARK 1:9—11 LUKA 3:21, 22 YƏHYA 1:32—34
İSA VƏFTİZ OLUNUR VƏ MƏSH EDİLİR
YEHOVA BƏYAN EDİR Kİ, İSA ONUN OĞLUDUR
Altı ay olar ki, Vəftizçi Yəhya təbliğ işinə başlayıb. Hal-hazırda təxminən 30 yaşında olan İsa onun yanına, İordan çayına gəlir. Görəsən, gəlişinin səbəbi nədir? Onun gəlişinin səbəbi nə ona baş çəkmək, nə də ki onun işlərinin necə getdiyi ilə maraqlanmaqdır. İsa Yəhyanın yanına vəftiz olunmaq üçün gəlib.
Təbii ki, Yəhya etiraz edir: «Məni sən vəftiz etməlisən, sən isə mənim yanıma gəlirsən?» (Mətta 3:14). Yəhya bilir ki, Allahın ruhani oğulları arasında İsanın məxsusi yeri var. Xatırlayaq ki, Məryəm İsaya hamilə olanda Yəhyanın anası İlsəbaya baş çəkən zaman ana bətnində olan Yəhya sevincindən tərpənmişdi. Şübhəsiz, sonralar anası bu haqda oğluna danışmışdı. Yəqin, Yəhya mələyin İsanın doğulacağı haqqında xəbər gətirməsi və İsa doğulan gecə mələklərin çobanlara görünməsi barədə də eşitmişdi.
Yəhya başa düşür ki, onun etdiyi vəftiz günahlarından tövbə edənlər üçündür, İsa isə günahsızdır. Yəhya nə qədər and-aman eləsə də, İsa təkid edərək deyir: «Mənə mane olma, çünki bu yolla biz doğru olan hər şeyi yerinə yetirəcəyik» (Mətta 3:15).
Bəs İsa nəyə görə vəftiz olunmalıdır? Onun vəftizi günahlarından tövbə etməsinin yox, Atasının iradəsini yerinə yetirmək üçün özünü Ona təqdim etməsinin simvoludur (İbranilərə 10:5—7). Bu vaxta qədər İsa dülgərlik edirdi, indi isə xidmətə başlamağın vaxtıdır. Yehova Allah onu yer üzünə məhz bundan ötrü göndərib. Sizcə, İsanı vəftiz edərkən Yəhya nə isə qeyri-adi bir şeyin baş verəcəyini gözləyir?
Sonradan Yəhya deyir: «Məni suda vəftiz etməyə göndərən Allah dedi: “Müqəddəs ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, müqəddəs ruhla vəftiz edən odur”» (Yəhya 1:33). Buna görə də Yəhya vəftiz olunanlardan birinin üzərinə Allahın müqəddəs ruhunun enəcəyini gözləyir. İsa sudan çıxan zaman Allahın ruhunun göyərçin kimi İsanın üzərinə endiyini görəndə Yəhya təəccüblənmir (Mətta 3:16).
İsanın vəftizi zamanı digər heyrətamiz şeylər də baş verir. Həmin vaxt göylər onun üçün açılır. Bu, nə məna kəsb edir? Görünür, İsa vəftiz olunanda əvvəllər göydə ruhani varlıq kimi yaşadığı həyatı onun yadına düşür. Beləcə, o, Yehovanın ruhani oğlu kimi yaşadığını xatırlayır və yer üzünə gəlməzdən qabaq Allahın ona öyrətdiyi hər şey yadına düşür.
Bundan əlavə, İsa vəftiz olan zaman göydən bir səs bəyan edir: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam» (Mətta 3:17). Bu, kimin səsidir? Əlbəttə, İsanın səsi ola bilməz, çünki o, Yəhyanın yanındadır. Bu səs Allahın səsidir. Aydındır ki, İsa Allah yox, Allahın Oğludur.
Bununla belə, ilk insan olan Adəm kimi, İsa da Allahın insan oğlu idi. Şagird Luka İsanın vəftizini təsvir edərək yazır: «İsa xidmətə başlayanda təqribən otuz yaşında idi. Belə hesab edirdilər ki, o, Yusifin oğlu idi, Yusif Əlinin oğlu... Natan Davudun, Davud Yəssənin... İshaq İbrahimin, İbrahim Tarixin... Sam Nuhun, Nuh Ləmekin... Şeys Adəmin, Adəm Allahın oğlu idi» (Luka 3:23—38).
Adəm insan olsa da, «Allahın oğlu» sayılırdı, eləcə də İsa Məsih. İsa vəftiz olunanda o başa düşdü ki, Allahın Oğludur və göydə ruhani varlıq kimi yaşayacaq. Beləcə, İsa Allah haqqında həqiqəti öyrətməyə və insanlara həyat yolunu göstərməyə başladı. İsa yeni bir həyat yoluna qədəm qoydu və bu həyatın sonunda öz canını məhkumiyyət altında olan bəşəriyyət üçün qurban verəcəkdi.