FƏSİL 42
İsa peyğəmbər fərisiləri tənbeh edir
MƏTTA 12:33—50 MARK 3:31—35 LUKA 8:19—21
İSA MƏSİH «YUNUS PEYĞƏMBƏRİN ƏLAMƏTİNDƏN» DANIŞIR
ŞAGİRDLƏR DOĞMADAN DA DOĞMADIR
Mirzələrlə fərisilər İsa Məsihin cinləri Allahın gücü ilə yox, Şeytanın gücü ilə qovduğunu iddia etməklə müqəddəs ruha qarşı küfr etmiş ola bilərlər. Belə halda, onlar Allahın, yoxsa Şeytanın tərəfində olduğunu göstərəcəklər? İsa peyğəmbər deyir: «Yetişdirdiyiniz ağac yaxşıdırsa, meyvəsi də yaxşı olacaq, yox əgər çürükdürsə, meyvəsi də çürük olacaq. Ağac meyvəsindən tanınar» (Mətta 12:33).
Cinləri qovmaq yaxşı bir meyvəyə aiddir. Buna görə də bu işləri görən adamın Şeytana qulluq etdiyini iddia etmək, həqiqətən də, ağılsızlıqdır. İsa peyğəmbərin Dağüstü vəzindən gördüyümüz kimi, meyvə yaxşıdırsa, onu gətirən ağac çürük ola bilməz. Fərisilər isə Məsihə qarşı əsassız ittihamları irəli sürdükləri üçün çürük meyvə olduqlarını təsdiqləyirlər. Buna görə də İsa Məsih onlara deyir: «Əfi ilan balaları, siz pis olduğunuz halda, necə yaxşı şeylər danışa bilərsiniz? Axı insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir» (Mətta 7:16, 17; 12:34).
Bəli, sözlərimiz ürəyimizdəkiləri üzə çıxarır və bizə onların əsasında hökm çıxarılacaq. İsa Məsih deyir: «Onu bilin ki, hər bir insan dediyi hər boş sözə görə Hökm günündə cavab verəcək. Bəli, insan sözlərinə görə ya bəraət qazanacaq, ya da məhkum olunacaq» (Mətta 12:36, 37).
İsa Məsihin bu qədər möcüzə göstərməsinə baxmayaraq, mirzələr və fərisilər yenə də deyirlər: «Ustad, istəyirik, bizə bir əlamət göstərəsən». Onların İsa peyğəmbərin möcüzələrini öz gözləri ilə görüb-görməmələrindən asılı olmayaraq, bu möcüzələrin olduğunu təsdiq edəcək saysız-hesabsız şahidlər var. Buna görə də peyğəmbər yəhudi rəhbərlərinə belə cavab verir: «Pis və zinakar nəsil həmişə əlamət axtarır, ancaq ona Yunus peyğəmbərin əlamətindən başqa əlamət verilməyəcək» (Mətta 12:38, 39).
Bu sözlərin mənasını İsa peyğəmbər elə özü izah edir: «Yunus nəhəng balığın qarnında üç gün, üç gecə qaldığı kimi, insan Oğlu da yerin bağrında üç gün, üç gecə qalacaq». Yunus peyğəmbəri nəhəng bir balıq udmuşdu və balıq onu ağzından çıxaranda o, sanki, dirilmişdi. Beləcə, İsa peyğəmbər öləcəyini və üçüncü gündə diriləcəyini qabaqcadan bildirir. Lakin o, dirildikdən sonra yəhudi din xadimləri Yunus peyğəmbərin əlamətini rədd edir və bununla da tövbə etmək istəmədiklərini göstərirlər (Mətta 27:63—66; 28:12—15). Amma onlardan fərqli olaraq, neynəvalılar Yunus peyğəmbərin təbliğindən sonra tövbə etmişdilər. Beləcə, onlar bu nəsli məhkum edəcəklər. İsa Məsih həmçinin deyir ki, Səba məlikəsi onları öz nümunəsi ilə məhkum edəcək. Məlikə Süleyman peyğəmbərin hikmətini dinləmək arzusunda olmuş və eşitdiklərinə heyran qalmışdı. İndi isə İsa Məsih qeyd edir ki, «burada Süleymandan daha hikmətlisi durub» (Mətta 12:40—42).
Sonra İsa peyğəmbər pis nəslin vəziyyətini içindən murdar ruh çıxmış bir adama bənzədir (Mətta 12:45). Bu adam yaranmış boşluğu heç bir faydalı şeylə doldurmadığı üçün ondan çıxan murdar ruh özündən qat-qat pis yeddi ruhla gəlib onun içinə girir. Murdar ruhun adamdan çıxdığı kimi, İsrail xalqı da təmizlənmə və yenilənmə prosesindən keçmişdi. Lakin israillilər Allahın peyğəmbərlərini qəbul etmədilər. Ən betəri isə o idi ki, onlar Allahın göndərdiyi şəxsə qarşı çıxdılar. Aydın olur ki, bu xalqın Allahla münasibətləri əvvəlkindən də pis oldu.
İsa Məsih danışan vaxt anası ilə qardaşları gəlir və orada toplaşmış camaatın arxasında dururlar. Onun yanında oturanlar deyirlər: «Anan və qardaşların bayırdadırlar, səni görmək istəyirlər». İsa peyğəmbər isə şagirdlərinin ona ana kimi, doğma bacı-qardaş kimi əziz olduqlarını göstərmək üçün əlini şagirdlərinə tərəf uzadıb deyir: «Mənim anam və qardaşlarım Allahın sözünü dinləyib ona əməl edənlərdir» (Luka 8:20, 21). Bu sözlərlə o göstərir ki, qohumları ona nə qədər əziz olsa da, şagirdləri onlardan da əzizdir. İman bacı-qardaşlarımızla belə bağlılığın olması bizə qol-qanad verir, ələlxüsus, başqaları bizə və savab işlərimizə şübhə edəndə və ya tənqidi yanaşanda.