Fəsil 42
İsa fəriseyləri tənbeh edir
BELƏLİKLƏ, İsa Məsih tutarlı bir dəlil gətirir: əgər o, cinləri Şeytanın əli ilə qovursa, deməli, Şeytan iki yerə parçalanıb. O, sözünə davam edir: «Ağacınız yaxşıdırsa, meyvəsi də yaxşı olacaq, yox əgər ağacınız çürükdürsə, meyvəsi də çürük olacaq. Ağac meyvəsindən tanınar».
Cinləri qovmaq kimi yaxşı bir «meyvə» gətirən İsanın Şeytana qulluq etməsini iddia etmək ağılsızlıqdır. Əgər meyvə yaxşıdırsa, onu gətirən ağac çürük ola bilməz. Digər tərəfdən, fəriseylərin İsaya qarşı əsassız ittiham sürmək və nahaqdan onun əleyhinə çıxmaq kimi «çürük meyvələri», onların özlərinin «çürük» olduqlarını təsdiqləyir. İsa ucadan deyir: «Əfi ilan balaları, pis olduğunuz halda, yaxşı şeyləri necə danışa bilərsiniz? Çünki ağız ürəkdəki fikirlərin bolluğundan danışır».
Sözlər insanın ürəyindəkiləri üzə çıxarır. Buna görə də İsa davam edir: «Onu bilin ki, hər bir insan dediyi hər boş sözə görə Hökm günündə cavab verəcək. Bəli, sən sözlərinə görə ya bəraət qazanacaqsan, ya da məhkum olunacaqsan». Deməli, dediyimiz sözlər biz mühakimə olunanda bir əsas kimi götürüləcək.
İsanın bütün möcüzələrinə baxmayaraq, mirzələr və fəriseylər yenə də deyirlər: «Müəllim, istəyirik ki, sən bizə bir əlamət göstərəsən». Yerusəlimdən gəlmiş bu adamlar, İsanın möcüzələrini özləri görməyiblərsə də, bu möcüzələrin olduğunu təsdiq edəcək şahidlər var. Buna görə də İsa yəhudi rəhbərlərinə belə cavab verir: «Pis və zinakar nəsil həmişə əlamət axtarır, ancaq ona Yunus peyğəmbərin əlamətindən başqa əlamət verilməyəcək».
İsa fikrini belə izah edir: «Yunus nəhəng balığın qarnında üç gün, üç gecə qaldığı kimi, insan Oğlu da yerin bağrında üç gün, üç gecə qalacaq». Yunusu nəhəng bir balıq udmuşdu və balığın qarnından çıxanda o, sanki, dirilmişdi. Beləcə, İsa öləcəyini və üçüncü gündə diriləcəyini qabaqcadan bildirir. Lakin İsa dirildikdən sonra da yəhudi rəhbərləri «Yunus peyğəmbərin əlamətini» rədd edirlər.
Buna görə də İsa deyir ki, Yunus peyğəmbərin təbliğindən sonra tövbə etmiş ninevalılar İsanı rədd etmiş yəhudiləri hökm günü mühakimə etmək üçün qalxacaqlar. İsa daha bir nümunə çəkir: Səba məlikəsi dünyanın o biri ucundan durub, Süleyman padşahın hikmətini dinləmək üçün gəlmiş və görüb-eşitdiklərinə heyran qalmışdı. İsa qeyd edir: «Hərçənd burada Süleymandan daha hikmətlisi durub».
Sonra İsa içindən murdar ruh çıxmış bir adamı misal çəkir. Bu adam yaranmış boşluğu heç bir faydalı şeylə doldurmur və nəticədə əvvəlkindən qat-qat pis yeddi ruh onun içinə girir. İsa deyir: «Bu pis nəslin də sonu belə olacaq». İsrail xalqı təmizlənmə və yenilənmə prosesindən keçmişdi, bunu murdar ruhun adamdan müvəqqəti çıxmasına bənzətmək olar. Lakin israillilərin Allahın peyğəmbərlərini istəməməsi, Məsihin əleyhinə durmaları ilə ən yüksək nöqtəyə çatdı ki, bu onların əvvəlkindən də pis vəziyyətdə olduqlarını göstərdi.
İsa danışan vaxt anası və qardaşları gəlir və orada toplaşmış camaatın arxasında dururlar. İsaya xəbər verirlər: «Anan və qardaşların bayırdadırlar, səninlə danışmaq istəyirlər».
«Mənim anam və qardaşlarım kimdir?» — deyə İsa sual verir. Sonra əlini şagirdlərinə tərəf uzadıb deyir: «Budur mənim anam və qardaşlarım! Göydəki Atamın iradəsini yerinə yetirən adam mənim qardaşım, bacım və anamdır». İsa bununla göstərir ki, öz doğmaları ilə bağlılıq ona nə qədər əziz olsa da, şagirdləri ilə münasibət onun üçün daha əzizdir. Matta 12:33—50; Mark 3:31—35; Luka 8:19—21.
▪ Nəyə görə fəriseylərin həm «ağacı», həm «meyvəsi» çürükdür?
▪ «Yunus peyğəmbərin əlaməti» nədir və sonradan bu əlamət necə rədd edilir?
▪ Birinci əsrdəki İsrail xalqı hansı mənada içindən murdar ruh çıxmış adama bənzəyir?
▪ İsa şagirdləri ilə münasibətini necə vurğulayır?