FƏSİL 43
Allahın Padşahlığı barədə məsəllər
MƏTTA 13:1—53 MARK 4:1—34 LUKA 8:4—18
PEYĞƏMBƏR PADŞAHLIQLA BAĞLI MƏSƏLLƏR ÇƏKİR
İsa Məsih, ehtimal ki, Kəfərnahumda olanda fərisiləri tənbeh edir. Həmin gün bir qədər sonra o yaxınlıqdakı Cəlilə dənizinə gedir. Orada böyük izdiham toplaşır. O, qayığa minir, sahildən aralanır və sahildə toplaşanlara səmavi Padşahlıq barədə təlim verməyə başlayır. Bu mövzuya dair o, çoxlu nümunələr, məsəllər çəkir. Bu məsəllər insanlara yaxşı tanış olan şeylərdəndir. Buna görə də onlar Padşahlıq mövzusunu hər tərəfli başa düşürlər.
Əvvəlcə o, toxum səpən əkinçidən danışır. Toxumlardan bəzisi yol kənarına düşür və quşlar gəlib onları dənləyir. Digərləri torpağı az olan daşlığa düşür. Burada torpaq az olduğundan kökü dərinə gedə bilmir və cücərən bitkilər günəşin istisindən solur. Bir başqaları tikanlığa düşür və böyüyəndə tikan onları boğur. Bəziləri isə münbit torpağa düşür və bar gətirir: biri yüzqat, biri altmışqat, o birisi isə otuzqat (Mətta 13:8).
Digər məsəldə İsa peyğəmbər Allahın Padşahlığını bir adamın torpağa toxum səpməsinə bənzədir. Bu məsəldə həmin adam yatır, durur, toxum isə yavaş-yavaş böyüyür. O, bunun necə baş verdiyini bilmir (Mark 4:27). Toxum öz-özünə böyüyüb bar gətirir. Taxıl yetişəndə isə adam onu biçir.
Üçüncü məsəldə peyğəmbər əkindən danışır. Adam yaxşı toxum əkir, amma hamı yatanda onun düşməni gəlib buğda arasına alaq toxumu səpir. Həmin adamın nökərləri soruşurlar ki, bəlkə, alaq otlarını yığsınlar. Ağaları isə deyir: «Yox, qoyun qalsın. Alaq otlarını yığanda birdən buğdanı da çıxararsınız. Qoy ikisi də biçinə qədər bir yerdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: “Əvvəlcə alaq otlarını yığıb dərz bağlayın və yandırın, sonra isə buğdanı mənim anbarıma toplayın”» (Mətta 13:24—30).
Oradakı camaatın kənd təsərrüfatından yaxşı başı çıxır. İsa peyğəmbər həmçinin dinləyicilərinə tanış olan xardal toxumundan danışır. Bu toxum böyüyüb böyük bir ağac olur və quşlar onun budaqlarında yuva salırlar. Peyğəmbər bu toxum barədə belə deyir: «Səmavi Padşahlıq bir adamın öz tarlasında əkdiyi xardal toxumuna bənzəyir» (Mətta 13:31). Əlbəttə ki, bu məsəllə peyğəmbər botanika dərsi keçmir. Sözünün canı odur ki, xırda bir şeydən böyük bir şey yarana bilər.
Sonra peyğəmbər hamıya tanış olan növbəti bir məsəl çəkir. O deyir: «Səmavi Padşahlıq mayaya bənzəyir. Qadın onu üç iri qab una qatır və bütün xəmir acıyır» (Mətta 13:33). Maya gözdən itsə də, o, xəmirin hər yerinə yayılıb acıma prosesi yaradır. Maya xəmirin acıyıb böyüməsinə səbəb olur və bu dəyişikliyi dərhal sezmək olmur.
İsa Məsih misalları danışıb qurtarandan sonra camaatı yollayır, özü isə qaldığı evə qayıdır. Çox keçməmiş şagirdləri bu məsəllərin mənasını öyrənmək üçün onun yanına gəlirlər.
BU MƏSƏLLƏRDƏN NƏ ÖYRƏNİRİK?
Məsihin şagirdləri onun əvvəllər də məsəllər çəkdiyinin şahidi olublar, amma bir dəfəyə bu qədər məsəl çəkdiyini hələ görməmişdilər. Buna görə də şagirdlər ondan soruşurlar: «Niyə onlara hər şeyi məsəllərlə danışırsan?» (Mətta 13:10).
İsa Məsihin bu cür təlim verməsinin birinci səbəbi peyğəmbərliyi yerinə yetirməsidir. İncildə yazılıb: «İsa onlarla danışanda həmişə məsəl çəkirdi. Beləcə, peyğəmbər vasitəsilə deyilmiş bu sözlər yerinə yetdi: “Ağzımı məsəllərlə açacağam, əzəldən gizli saxlanılmış sirləri bəyan edəcəyəm”» (Mətta 13:34, 35; Zəbur 78:2).
Bunun başqa səbəbi də var: məsəllər insanın ürəyindəki niyyətləri üzə çıxarır. Əslində, İsa peyğəmbər onu dinləyən adamların əksəriyyəti üçün sadəcə mahir bir nağılbaz və möcüzəgöstərəndir. Onlar İsanı Ağa olaraq qəbul etməyi, ona tabe olmağı və hər şeylərini atıb onun ardınca getməyi düşünmürlər (Luka 6:46, 47). Onlar nə həyatlarında, nə də düşüncələrində heç bir dəyişiklik etmək istəmirlər. Bu adamlar imkan vermirlər ki, İsa peyğəmbərin gətirdiyi xəbər onların həyatına bu cür güclü təsir göstərsin.
İsa peyğəmbər şagirdlərin sualına belə cavab verir: «Buna görə də onlarla danışanda məsəllərlə danışıram, çünki baxırlar, amma heç nə görmürlər, eşidirlər, amma heç nə başa düşmürlər, məğzini tutmurlar. Əşiya peyğəmbərin bu sözləri onların üzərində yerinə yetir: “... Bu xalqın ürəyi kütləşib”» (Mətta 13:13—15; Əşiya 6:9, 10).
Ancaq bu sözlər hamıya aid deyil. O deyir: «Sizin isə gözləriniz bəxtiyardır, çünki görür, qulaqlarınız bəxtəvərdir, çünki eşidir. Bunu bilin ki, çoxlu peyğəmbər və saleh adam sizin gördüyünüzü görməyi arzulamış, amma görməmişdir, eşitdiklərinizi eşitmək istəmiş, amma eşitməmişdir» (Mətta 13:16, 17).
Bəli, 12 həvarinin və onlarla olan digər şagirdlərin ürəyi öyrənməyə meyillidir. Buna görə də İsa Məsih deyir: «Sizə səmavi Padşahlığın müqəddəs sirlərini başa düşmək ənamı verilib, onlara isə verilməyib» (Mətta 13:11). Şagirdlər biliyə can atdıqlarına görə Məsih onlara əkinçi barədə məsəli izah edir.
«Toxum Allahın sözüdür», — İsa peyğəmbər deyir (Luka 8:11). Torpaq isə insan ürəyini təmsil edir. Bunu bilmək məsəli başa düşməyə kömək edəcək.
Tapdanmış yol kənarına düşən toxum barədə İsa peyğəmbər deyir: «İblis gəlir və sözü onların ürəyindən götürüb aparır ki, onlar inanıb xilas olmasınlar» (Luka 8:12). İsanın sözlərinə əsasən, daşlığa düşən toxum o insanlara aiddir ki, sözü sevinclə qəbul edir, amma söz ürəyində dərin kök salmır. «Sözə görə çətinlik, təqib başlayanda» onların imanı dərhal sarsılır. Bəli, onlar sınağa düşəndə, məsələn, ailə üzvləri və ya digərləri onlara qarşı çıxanda imandan dönürlər (Mətta 13:21; Luka 8:13).
İsa Məsih tikanlığa düşmüş toxum barədə deyir ki, bu, sözü eşidən adamlara aiddir. Lakin bu zəmanənin qayğıları və var-dövlətin aldadıcı qüvvəsi onların başını qatır (Mətta 13:22). Onların ürəyində kəlam var idi, amma boğulduğu üçün bar vermir.
Sonda İsa münbit torpaq barədə danışır və onu kəlamı eşidib qəbul edən və onu dərk edən adamın ürəyinə bənzədir. Nəticədə isə o, bəhrə gətirir. Vəziyyətdən, yaşdan, sağlamlıqdan asılı olaraq, hərəsi bacardığı qədər bəhrə gətirir: biri yüzqat, digəri altmışqat, o birisi isə otuzqat. Bəli, gözəl ürəyə sahib olan, Allahın sözünü eşidib onu ürəyində qoruyan və dözümlə bəhrə gətirən insanlar Yehovaya ibadətdə çoxlu nemətlər alırlar (Luka 8:15).
Gərək ki, bu sözlər İsa Məsihin öyrətdiklərini dərindən anlamaq üçün onun yanına gələn şagirdlərini düşündürür! Artıq onlar bu məsəlləri dərindən başa düşdülər. Peyğəmbər istəyir ki, onlar bu məsəlləri dərk etsinlər, sonra isə həqiqəti başqalarına da çatdırsınlar. O soruşur: «Heç görmüsünüz ki, çırağı səbətin və ya çarpayının altına qoysunlar? Onu çıraqdana qoyurlar, elə deyil?» Sonra əlavə edir: «Qulağı olan qoy eşitsin» (Mark 4:21—23).
ŞAGİRDLƏR DAHA ÇOX ŞEY ÖYRƏNİR
Şagirdlər əkinçi barədə məsəlin mənasını anladıqdan sonra daha çox şey öyrənmək həvəsinə düşürlər. Onlar: «Tarladakı alaq otları məsəlini bizə izah et», — deyə İsadan xahiş edirlər (Mətta 13:36).
Bu sualdan görünür ki, şagirdlərin düşüncəsi sahildəki camaatın düşüncəsindən fərqlənir. Bu adamlar İsa peyğəmbərin danışdığı məsəllərə qulaq asırlar, amma məsəllərin məğzini dərk etmək istəmirlər. Onlar sadəcə məsəlin özü ilə kifayətlənirlər. İsa Məsih öyrənməyə can atan və daha çox öyrənmək istəyilə onun yanına gələn şagirdlərinin o biri insanlardan fərqini göstərir:
«Sözlərimə diqqətlə qulaq asın. Hansı ölçü ilə ölçürsünüzsə, o ölçü ilə də sizə ölçəcəklər, hələ üstünə əlavə də edəcəklər» (Mark 4:24). Şagirdlər Ustadlarına diqqətlə qulaq asırlar. Onlar İsa peyğəmbərə böyük ölçüdə maraq və diqqət göstərdikləri üçün onlara daha çox şey öyrənmək nəsib olur. Beləcə, peyğəmbər onlara buğda və alaq otları haqda məsəli izah edir:
«Yaxşı toxumu səpən insan Oğludur. Tarla dünyadır, yaxşı toxum Padşahlığın oğulları, alaq otları isə Şəririn oğullarıdır. Alaq otunu əkən düşmən İblisdir. Biçin bu dövrün yekunu, biçinçilər isə mələklərdir» (Mətta 13:37—39).
Bu məsəli təfsilatı ilə izah etdikdən sonra İsa peyğəmbər axırda nə olacağını göstərir. O deyir ki, bu dövrün yekunu ərzində biçinçilər, yəni mələklər alaq otuna bənzəyən saxta məsihiləri həqiqi məsihilərdən, yəni Padşahlığın oğullarından ayıracaqlar. Salehlər birgə yığılıb Allahın Padşahlığında günəş kimi parlayacaqlar. Şəririn oğulları isə məhv olacaqları üçün «ağlaşıb dişlərini qıcayacaqlar» (Mətta 13:41—43).
Sonra İsa Məsih şagirdlərinə daha üç məsəl danışır. O deyir: «Səmavi Padşahlıq çöldə gizlədilmiş xəzinəyə bənzəyir. Onu bir nəfər tapıb gizlətdi. Sonra sevincindən gedib hər şeyini satdı və oranı aldı» (Mətta 13:44).
O, sözünə davam edir: «Səmavi Padşahlıq həmçinin əla mirvarilər axtaran tacirə bənzəyir. O, çox qiymətli bir mirvari tapanda gedib dərhal hər şeyini satdı və o mirvarini aldı» (Mətta 13:45, 46).
Hər iki məsəldə İsa peyğəmbər insanın həqiqətən də dəyərli olan şey uğrunda qurbanlar verməyə hazır olduğunu vurğulayır. Tacir əlində olan hər şeyini dərhal satır ki, çox qiymətli bir mirvari əldə etsin. Şagirdlər mirvari haqda məsəli yaxşı başa düşürlər. Çöldə gizlədilmiş xəzinə tapan adam da onu əldə etmək üçün hər şeyini satır. Hər iki halda mövcud olan qiymətli bir şeyi əldə edib qorumaq lazımdır. Bunu ruhani ehtiyaclarını ödəmək üçün qurbanlar verən adama bənzətmək olar (Mətta 5:3). Bu məsəlləri eşidənlərin bəziləri ruhani tələbatlarını ödəmək və İsa Məsihin davamçısı olmaq üçün əllərindən gələni etməyə hazır olduqlarını artıq göstəriblər (Mətta 4:19, 20; 19:27).
Axırda İsa Məsih Allahın Padşahlığını cürbəcür balıqların düşdüyü tora bənzədir (Mətta 13:47). Balıqları ayırıb yararsız olanları tullayır, yaxşılarını isə qablara yığırlar. Məsihin sözlərindən məlum olur ki, bu dövrün yekununda da belə olacaq: mələklər pisləri saleh adamlardan ayıracaq.
O, ilk şagirdlərini balıq əvəzinə insan tutmağa çağıranda özü də balıq ovuna bənzəyən işi görürdü (Mark 1:17). Lakin o deyir ki, tor barədə məsəl gələcəkdə, dövrün yekununda yerinə yetəcək (Mətta 13:49). Beləcə, Məsihi dinləyən həvarilər və digər şagirdlər başa düşürlər ki, gələcəkdə çox maraqlı şeylər baş verəcək.
İsa peyğəmbərin qayıqdan danışdığı məsəlləri eşidənləri daha artıq elm gözləyir. Peyğəmbər şagirdlərinə hər şeyi təklikdə izah etməyə hazır olduğunu göstərir (Mark 4:34). O, «xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir» (Mətta 13:52). Bu məsəlləri çəkməklə o, müəllimlik qabiliyyətini nümayiş etdirmək istəmir. Əksinə, İsa peyğəmbər xəzinətək qiymətli olan bilikləri şagirdləri ilə bölüşür. O, həqiqətən də, tayı-bərabəri olmayan nəsihətçidir.