Əşiya
6 Padşah Üziyyə ölən+ il mən Yehovanı gördüm. O, möhtəşəm, uca bir taxtda oturmuşdu.+ Libasının ətəkləri məbədi doldururdu. 2 Onun hüzurunda seraflar durmuşdu. Onların hər birinin altı qanadı var idi. Qanadların ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtür, ikisi ilə uçurdular.
3 Seraflar bir-birini səsləyərək deyirdilər:
«Ordular Allahı Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!+
Bütün dünya Onun calalı ilə doludur!»
4 Onların səsindən qapı dabanları titrədi və ev tüstü ilə doldu.+
5 Mən dedim: «Vay halıma!
Axı Padşahı, ordular Allahı Yehovanı gözümlə gördüm!»
6 Onda seraflardan biri mənə sarı uçdu. Əlində qurbangahdan+ maşa ilə götürdüyü köz+ var idi. 7 Onu dodaqlarıma vurub dedi:
«Bax, bu köz sənin dodaqlarına dəydi,
Təqsirin bağışlandı,
Günahın yuyuldu!»
8 Sonra Yehovanın səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedər?»+ Mən cavab verdim: «Mən gedərəm! Məni göndər!»+
9 O dedi: «Get! Bu xalqa söylə:
“Eşitməyinə eşidəcəksiniz,
Lakin anlamayacaqsınız,
Görməyinə görəcəksiniz,
Lakin bir şey öyrənməyəcəksiniz”.+
10 Bu xalqın ürəyini hissiyyatsız et,+
Qulaqlarını tıxa,+
Gözlərini bağla ki,
Gözləri ilə görməsinlər,
Qulaqları ilə eşitməsinlər,
Ürəkləri ilə dərk etməsinlər,
Şəfa tapmaq üçün geri dönməsinlər».
11 Mən dedim: «Ey Yehova, nə vaxtadək?» O dedi:
«Şəhərlər xarabazara dönüb sakinsiz,
Evlər adamsız,
Torpaq viranə qalanadək;+
12 Yehova insanları uzaqlara göndərənədək,+
Ölkə başdan-başa biyabana dönənədək.
13 Orada xalqın onda biri qalacaq, amma o da alovun ağuşuna atılacaq. Nəhəng ağac, palıd ağacı kəsiləndə kötüyü qaldığı kimi, onun da kötüyü qalacaq. Bu kötük müqəddəs bir nəsil* olacaq».