Bizim günlərdə «dəyəri çox böyük olan mirvari»nin axtarışı
«Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə... bütün dünyada təbliğ olunacaqdır» (MATTA 24:14).
1, 2. a) İsanın günlərində yəhudilər Allahın Padşahlığı haqqında hansı fikirdə idilər? b) İsa Padşahlıq haqqında düzgün təsəvvürü aşılamaq üçün nə etdi və bu hansı bəhrələri gətirdi?
İSANIN yer üzündə yaşadığı dövrdə Allahın Padşahlığı haqqındakı mövzu yəhudilər arasında ən mühüm yeri tuturdu (Matta 3:1, 2; 4:23-25; Yəhya 1:49). Lakin ilk öncə onların əksəriyyəti bu Padşahlığın miqyasını və onun rəhbərliyinin qüvvəsini heç də təsəvvür etmirdilər, onlar Padşahlığın göylərdən idarə edəcəyini də başa düşmürdülər (Yəhya 3:1-5). Hətta İsanın davamçısı olanlardan bə’zilərinin belə Allahın Padşahlığının nə olduğu və Məsihlə bərabər idarə etmək şərəfinə layiq görülmək üçün nə tələb olunduğu haqqında aydın təsəvvürləri yox idi (Matta 20:20-22; Luka 19:11; Həvarilərin işləri 1:6).
2 İsa şagirdlərinə çox şeyləri izah edərək, onları səbirlə öyrədirdi. Məsələn, ötən məqalədə dəyərli mirvari haqqındakı öyrəndiyimiz məsəli danışmaqla, İsa şagirdlərinə göstərdi ki, insan gərək səmavi Padşahlığı var qüvvəsini sərf edərək axtarsın (Matta 6:33; 13:45, 46; Luka 13:23, 24). Bu, olsun ki, onlara dərin təəssürat bağışlamışdı, belə ki, «Həvarilərin işləri» kitabının əsaslı surətdə şahidlik etdiyi kimi, çox keçməmiş onlar Padşahlıq haqqındakı xoş xəbəri usanmadan və cəsarətlə dünyanın ən uzaq yerlərinə qədər bəyan etməyə başladılar (Həvarilərin işləri 1:8; Koloslulara 1:23).
3. İsa bizim günlərdən danışarkən Padşahlıq haqqında nə dedi?
3 Bəs müasir günlərimiz haqqında nə demək olar? Milyonlarla insanlara Padşahlığın rəhbərliyi altında olacaq yer üzündəki Cənnətin xeyir-duaları təklif edilir. İsa «dövrün sonuna» dair söylədiyi böyük peyğəmbərliyində qeyd etmişdi: «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Matta 24:3, 14; Mark 13:10). O, həmçinin başa saldı ki, bu möhtəşəm tapşırıq əhəmiyyətli maneələrə, çətinliklərə və hətta tə’qiblərə baxmayaraq, icra olunacaqdır. Bununla bərabər o bizi əmin etdi ki, «axıra qədər səbr edən xilas olacaqdır» (Matta 24:9-13). Bunun üçün, İsanın məsəlindəki tacir kimi, fədakar və məqsədyönlü olmaq tələb olunur. Bu gün Padşahlığı belə iman və sə’ylə axtaranlar varmı?
Həqiqəti tapmaq böyük sevincdir
4. Padşahlıq haqqındakı həqiqət bizim günlərdə insanlara necə tə’sir edir?
4 İsanın məsəlindəki tacir «dəyəri çox böyük olan... mirvari»ni tapan zaman sevincinin həddi-hüdudu yox idi. Bu sevinc onu həmən xəzinəni əldə etmək üçün mümkün olan hər şeyi etməyə təşviq etdi (İbranilərə 12:1). Bunun kimi, bizim günlərdə də Allah və Onun Padşahlığı haqqındakı həqiqət insanları özünə cəlb etməklə bərabər, həm də onları hərəkətə təşviq edir. A. H. Makmillan qardaşın «Marşda iman» kitabında yazdığı sözlər yada düşür. Bu kitabda qardaş Allahı necə axtardığı və bəşəriyyət üçün Onun niyyətini necə öyrəndiyi haqqında danışırdı. Makmillan qardaş yazırdı: «Mənim tapdığımı minlərlə insanlar illərlə axtarmağa davam edirlər. Onlar da bizim kimi insanlardır, onların arasında bütün millətlərdən, irqlərdən, cəmiyyətin hər təbəqəsindən və hər yaşdan olan insanlar var. Həqiqət insanların kimliyinə baxmır. O hər cür insanları özünə cəlb edir».
5. 2004-cü xidmət ili ərzində hansı nailiyyətlər əldə edilmişdir?
5 Bu sözlər həqiqətən də doğrudur. Çünki Allahın Padşahlığı haqqındakı xoş xəbər hər il yüz minlərlə səmimi qəlbli insanları həyatlarını Yehovaya həsr etməyə və Onun iradəsini yerinə yetirməyə təşviq edir. 2003-cü ilin sentyabr ayından, 2004-cü ilin avqust ayına qədər davam edən 2004-cü xidmət ili də istisna deyil. Bu 12 ay ərzində 262 416 insan Yehovaya həsr olunduqlarını başqalarının qarşısında suda vəftiz olunmaqla simvollaşdırmışlar. Yehovanın Şahidləri hər həftə 235 ölkədə 6 085 387 Müqəddəs Kitab öyrənməsi keçirirlər. Onlar bu öyrənmələri keçirməklə cəmiyyətin bütün təbəqələrindən, bütün millətlərdən, qəbilə və dillərdən olan insanlara Allahın Kəlamından həyat verən həqiqəti dərk etməyə kömək etmişlər (Vəhy 7:9).
6. Nəyin sayəsində həqiqətə hər il çoxlu insanlar gəlir?
6 Bütün bunlar nəyin sayəsində baş verdi? Şübhə yoxdur ki, Yehova «əbədi həyata meylli olan» (YD) insanları Özünə cəlb edir (Yəhya 6:65; Həvarilərin işləri 13:48). Lakin Padşahlığın maraqlarına xidmət etmək üçün usanmaz və təmənnasız əməyi olanları da unutmaq olmaz. 79 yaşlı Makmillan qardaş yazırdı: «Əzab-əziyyət çəkən və ölmək üzrə olan bəşəriyyətə verilmiş və’dlərlə ilk dəfə tanış olandan bəri, Müqəddəs Kitabın mənə açdığı xəbərə olan ümidim hələ də zəifləməyib. Mən dərhal Müqəddəs Kitabın tə’limləri haqqında daha çox bilmək qərarına gəldim ki, Qadir Allah olan Yehova və Onun bəşəriyyətə dair gözəl niyyətləri haqqında bilik axtaran mənim kimi insanlara kömək edə bilim».
7. Hansı nümunədən görünür ki, insanlar adətən Müqəddəs Kitab həqiqətini coşğunluq və sevinclə qəbul edirlər?
7 Belə bir sə’yi bu gün Yehovanın Şahidləri arasında da görürük. Misal üçün, Vyanada (Avstriya) yaşayan Danielanı götürək. O deyir: «Uşaqlıqdan bəri Allah mənim ən yaxşı dostum olub. Mən həmişə Onun adını bilmək istəmişəm, çünki mənim üçün sadəcə “Allah” şəxsiyyət deyildi. Lakin mən Yehovanın Şahidləri qapımı döydükləri ana kimi 17 il gözləməli oldum. Onlar mənə Allah haqqında bilmək istədiyim hər şeyi danışdılar. Axır ki, mən həqiqəti tapdım — bu necə də gözəl idi! Sevincimin həddi-hüdudu yox idi. Və demək olar ki, hər kəsə təbliğ etməyə başladım». Bu qızın həqiqətə coşğun münasibəti tezliklə sinif yoldaşlarının istehzasına səbəb oldu. Daniela davam edərək deyir: «Mən buna Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetməsi kimi baxırdım, axı mən İsanın öz davamçılarına onun adına görə nifrət və tə’qib edəcəkləri haqqında dediklərini bilirdim. Mən təəccüblənir, eyni zamanda da özümü çox xoşbəxt hiss edirdim». Bir azdan Daniela həyatını Yehovaya həsr etdi, vəftiz olundu və qarşısına missioner kimi xidmət etməyi məqsəd qoydu. Ərə getdikdən sonra Daniela əri Xelmutla bərabər Vyanada yaşayan afrikalılara, çinlilərə, filipinlilərə və hindlilərə təbliğ etməyə başladı. İndi Daniela ilə Xelmut Afrikanın cənub-qərbində missioner kimi xidmət edirlər.
Onlar zəifləmirlər
8. Çoxları Allaha məhəbbətlərini və Onun Padşahlığına sədaqətlərini hansı mükafatlandırıcı üsulla təzahür etdirirlər?
8 Missioner xidməti — Yehovanın xalqı üçün Allaha məhəbbətlərini və Onun Padşahlığına sədaqətlərini göstərmək üsullarından biridir. İsanın məsəlindəki tacir kimi, belə bir xidmətə başlayan insanlar Padşahlığın mənafeyi naminə dünyanın ən uzaq yerlərinə belə getməyə hazırdırlar. Sözsüz ki, missionerlər uzaq ölkələrə Padşahlıq haqqındakı xoş xəbəri tapmaq üçün yollanmırlar: onlar özləri bu xəbəri insanlara aparır, İsa Məsihin şagirdləri olmaq üçün insanları öyrədir və onlara kömək edirlər (Matta 28:19, 20). Çox yerlərdə onlar böyük çətinliklərlə qarşılaşırlar. Lakin missionerlərin bu təhəmmülü bol-bol mükafatlandırılır.
9, 10. Mərkəzi Afrika Respublikası kimi uzaq ölkələrdə missionerlərlə hansı maraqlı hadisələr baş verir?
9 Nümunə üçün Mərkəzi Afrika Respublikasına diqqət yetirmək olar. Burada keçən il Məsihin ölümünün Xatirə Gecəsində 16 184 nəfər iştirak etmişdir ki, bu da təbliğçilərin sayından yeddi dəfə çoxdur. Ölkənin bir çox yerlərində elektrik olmadığından, camaat ev işlərini həyətdə, ağacların kölgəsi altında görür. Missionerlər də öz işlərini bu yolla yerinə yetirirlər, onlar da Müqəddəs Kitab öyrənməsini ağacların kölgəsi altında, təmiz havada keçirirlər. Həyətdə işıqlı və sərin olmaqdan əlavə, bunun başqa üstünlüyü də var. Başqa mədəniyyətlərdə insanların idman və hava haqqında bəhs etməyi sevdikləri kimi, bu insanlar da Müqəddəs Kitabı sevir və dini mövzuları müzakirə etməyi xoşlayırlar. Çox vaxt elə olur ki, yol gedən adam Müqəddəs Kitab öyrənməsi keçirildiyini görəndə sadəcə gəlib öyrənməyə qoşulur.
10 Bir dəfə, missioner açıq havada belə öyrənmə keçirdiyi zaman, yolun əks tərəfində yaşayan bir cavan oğlan ona yaxınlaşıb bildirmişdir ki, hələlik onlara heç kim gəlmədiyi üçün, missioner ona baş çəkib, onunla da Müqəddəs Kitabı öyrənməlidir. Sözsüz ki, missioner məmnuniyyətlə razılaşdı və indi həmin cavan oğlan ruhən sür’ətlə inkişaf edir. Bu ölkədə polislər tez-tez Yehovanın Şahidi olan sürücüləri saxlayırlar, amma ona görə yox ki, onlara məhkəməyə çağırış vərəqəsi versinlər və ya cərimə etsinlər. Onlar ya «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarının sonuncu saylarını istəyir, ya da xüsusilə xoşlarına gələn məqalə üçün təşəkkürlərini bildirirlər.
11. Çətinliklərə baxmayaraq, təcrübəli missionerlər öz xidmətləri barədə nə düşünürlər?
11 40-50 il bundan qabaq missioner olanların çoxu indiyədək öz xidmətlərini sədaqətlə davam etdirirlər. Onlar bizə imana və təhəmmülə dair necə də gözəl nümunə verirlər! Bir ər-arvad axırıncı 42 il ərzində üç müxtəlif ölkədə missioner kimi xidmət ediblər. Ər deyir: «Çətinliklər də olurdu. Məsələn, 35 il biz malyariya ilə mübarizə aparmışıq. Lakin heç zaman missioner olmaq qərarımız üçün təəssüflənməmişik». Onun həyat yoldaşı əlavə edir: «Minnətdar olmaq üçün səbəblərimiz o qədərdir ki. Təbliğ xidməti böyük sevinc gətirir və Müqəddəs Kitab öyrənməsi tapmaq çətin deyil. Görəndə ki, şagirdlər yığıncaqlara gəlir və bir-birləri ilə tanış olurlar, hər dəfə adamda elə təəssürat yaranır ki, sanki ailə bir yerə toplaşıb».
Onlar «hər şeyi ziyan hesab edir»lər
12. İnsanın Padşahlığın dəyərini həqiqətən də dərk etdiyini necə müəyyən etmək olar?
12 Çox dəyərli mirvarini tapan tacir dərhal «gedib bütün varını satıb, onu satın aldı» (Matta 13:46). Dəyərli hesab olunan şey üçün nəyi isə qurban verməyə hazır olmaq — Padşahlığın dəyərini həqiqətən dərk edənlərin fərqləndirici xüsusiyyətidir. Məsihin padşahlıq izzətinə şərik olan həvari Pavel demişdir: «Uğrunda hər şeyin zərərini çəkdiyim Rəbbim Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edir və zibil sayıram ki, Məsihi əldə edim» (Filipililərə 3:8).
13. Çexiya Respublikasında yaşayan bir nəfər Padşahlığa olan məhəbbətini necə təzahür etdirdi?
13 Bu gün də çoxları Padşahlığın xeyir-duaları naminə həyatlarında çox dəyişikliklər edirlər. Məsələn, 2003-cü ilin oktyabr ayında Çexiya Respublikasının 60 yaşlı məktəb müdirinin əlinə Müqəddəs Kitabı öyrənmək üçün vəsait olan «Əbədi həyata aparan bilik» kitabı keçmişdir. Bu kitabı oxuyan kimi müəllim dərhal yaşadığı ərazidə olan Yehovanın Şahidləri ilə əlaqə saxlayıb, onunla Müqəddəs Kitab öyrənməsi keçmələrini xahiş etdi. O, ruhən inkişaf etməyə və tezliklə bütün yığıncaq görüşlərinə gəlməyə başladı. Bəs onun mer kimi seçilmək və senator olmaq planları necə? Bunun əvəzinə o, Padşahlığın təbliğçisi olmaq qərarına gəldi. O danışır: «Mən şagirdlərimin arasında çoxlu Müqəddəs Kitab ədəbiyyatı paylaya bildim». O, 2004-cü ilin iyul ayında keçirilən konqresdə Yehovaya həsr olunduğunu suda vəftiz olunmağı ilə simvollaşdırdı.
14. a) Milyonlarla insanları Padşahlıq haqqındakı xoş xəbər nəyə təşviq edir? b) Hər kəs özünə hansı ciddi sualları verə bilər?
14 Bütün dünyada milyonlarla insanlar Padşahlıq haqqındakı xoş xəbəri bu cür sevinc və coşğunluqla qəbul ediblər. Onlar bu qəddar dünyanı tərk edib, köhnə mənliklərini qoyub, köhnə dostlarını atıb və dünyəvi məqsədlərindən imtina ediblər (Yəhya 15:19; Efeslilərə 4:22-24; Yaqub 4:4; 1 Yəhya 2:15-17). Nəyə görə? Ona görə ki, Allahın Padşahlığının xeyir-duaları bu insanlar üçün indiki sistemin təklif edə biləcəyi hər şeydən daha dəyərlidir. Padşahlıq haqqındakı xoş xəbərə sən də belə yanaşırsanmı? Keçirdiyin həyat tərzinin, dəyərlərinin və məqsədlərinin Yehovanın tələbləri ilə uzlaşması üçün lazım olan dəyişiklikləri etmək istəyin varmı? Bu sənə indi və gələcəkdə bol-bol xeyir-dualar gətirəcəkdir.
Biçinin sonu yaxınlaşır
15. Peyğəmbərliyə əsasən, bu son günlərdə Allahın xalqı hansı işlə məşğul olmalıdır?
15 Məzmurçu yazırdı: «Döyüş günü əsgərlərin könüllü olaraq döyüşə gedəcək». Allahın iradəsini hazırlıqla yerinə yetirənlər arasında ‘səhər şehi kimi olan gənclər’ və ‘bir alay müjdə paylayan qadınlar’ iştirak edir (Məzmur 68:11; 110:3). Bu son günlərdə Yehovanın xalqının fədakar əməyi — kişilərin və qadınların, böyüklərin və kiçiklərin əməyi hansı bəhrələri gətirir?
16. Allahın xidmətçilərinin Padşahlıq haqqında başqa insanların bilmələrinə kömək etmək üçün necə çalışdıqlarına dair nümunə gətirin.
16 Hindistanda xidmət edən bir pioner, yə’ni Padşahlığın tammüddətli təbliğçisi ölkədə iki milyondan artıq yaşayan lal insanlara Padşahlıq haqqında bilmələri üçün necə kömək etmək barəsində düşünürdü (Yeşaya 35:5). Bacı jest dili üzrə kursa yazılmağı qərara alır. Kursların sayəsində bacı Padşahlığa olan ümidini bir çox lallarla bölüşməyə başlayır və nəticədə Müqəddəs Kitabı öyrənmək üçün qruplar təşkil olunur. Bir neçə həftə ərzində 12 nəfərdən çox adam Padşahlıq Zalındakı görüşlərə gəlməyə başlayır. Sonradan bir toy mərasimində bu pioner bacı Kəlküttədən olan bir cavan lal oğlanla tanış olur. Həmin oğlan Yehova haqqında çoxlu bilmək istəyir və çoxsaylı suallar verir. Lakin bir çətinlik yaranmışdı. Bu cavan oğlan Kəlküttəyə qayıtmalı, yə’ni təxminən 1600 kilometr uzağa getməli və kollecə daxil olmalı idi. O şəhərdə isə jest dilini bilən Şahid yox idi. O, böyük çətinliklə atasını dilə tutur ki, Müqəddəs Kitabı öyrənməyə davam etməsi üçün ona Benqaluruda qalıb, orada oxumağına icazə versin. O ruhən böyüyür və bir ildən sonra öz həyatını Yehovaya həsr edir. İndi artıq o özü başqa lal insanlarla, o cümlədən, öz uşaqlıq dostu ilə Müqəddəs Kitab öyrənməsi keçirir. Hal-hazırda Hindistandakı filial pionerlərin jest dilini öyrənmələri və lallara kömək etmələri üçün tədbir görür.
17. 19–22-ci səhifələrdə dərc edilmiş 2004-cü xidmət ilinin hesabatında sizin ən çox xoşunuza gələn nə oldu?
17 Bu jurnalın 19–22–ci səhifələrində 2004-cü xidmət ili üçün Yehovanın Şahidlərinin ümumdünya təbliğ xidmətinin hesabatına baxa bilərsiniz. Yehovanın xalqının «dəyəri çox böyük olan mirvari»nin axtarışında necə böyük sə’y göstərdiklərini öz gözlərinizlə görmək üçün, nəyə görə bir az vaxt ayırmayasınız?
Əvvəlcə Padşahlığı axtarın
18. Tacir haqqındakı məsəlində İsa nə barədə heç nə demədi və nəyə görə?
18 Tacir haqqındakı məsələ bir daha nəzər salsaq görərik ki, İsa bütün varından məhrum olan həmin tacirin sonra necə dolanacağı haqqında heç nə demədi. Kim isə soruşa bilər: «Bəs dolanmaq üçün heç nəyi olmayan bu tacir qidanı, geyimi və sığınacağı haradan tapacaqdır? Dəyərli mirvari ona hansı faydanı gətirəcək?» İnsan nöqteyi-nəzərindən bu suallar məntiqi görünür. Lakin İsa şagirdlərini təşviq edirdi: «Əvvəlcə Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir» (Matta 6:31-33). İsa öz məsəlində demək istəyirdi ki, Allahı ürəkdən sevmək və Onun Padşahlığını sə’ylə axtarmaq lazımdır. Biz bunu necə edə bilərik?
19. İsanın çox dəyərli mirvari haqqındakı məsəlindən biz hansı əsas ibrət dərsini götürə bilərik?
19 Aramızda valehedici xoş xəbərlə yenicə tanış olanlarla bərabər, onillərlə Padşahlığı axtaran və Onun xeyir-dualarını bəyan edənlər də var. Lakin hamımıza Padşahlığa sevinclə yanaşmağa davam etmək lazımdır. Çətin zəmanədə yaşasaq da, tacirin tapdığı mirvari kimi, bizim məqsədimizin də həqiqi və dəyərli olduğuna inanmaq üçün bütün əsaslarımız var. Dünyada baş verən hadisələr və Müqəddəs Kitabın yerinə yetən peyğəmbərlikləri «dövrün sona» doğru yaxınlaşdığını tam şəkildə sübut edir (Matta 24:3). Gəlin Allahın Padşahlığını, tacirin öz mirvarisini qiymətləndirdiyi kimi, qiymətləndirək və xoş xəbəri sevinclə təbliğ etməyə davam edək (Məzmur 9:1, 2).
Xatırlayırsınızmı?
• Nəyin sayəsində Allahın xidmətçiləri hər il artır?
• Missioner kimi xidmət edənlərdə hansı əhval-ruhiyyə təzahür olunur?
• Padşahlıq haqqındakı xoş xəbər naminə insanlar hansı dəyişiklikləri edirlər?
• İsanın çox dəyərli mirvari haqqındakı məsəlində hansı vacib ibrət dərsini görürük?
[24-cü səhifədəki şəkil]
«Həqiqət... hər cür insanları özünə cəlb edir» (A. H. Makmillan).
[25-ci səhifədəki şəkil]
Daniela ilə Xelmut Vyanada əcnəbilərə təbliğ edirdilər.
[19-22-ci səhifələrdəki cədvəl]
2004 YEHOVANIN ŞAHİDLƏRİNİN XİDMƏT İLİ ÜÇÜN ÜMUMDÜNYA HESABATI
(Hesabata nəşrin özündə baxın)