Artıq özümüz üçün yaşamırıq
‘Məsih hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün yaşamasınlar’ (2 KORİNFLİLƏRƏ 5:15).
1, 2. Müqəddəs Kitabın hansı əmri İsanın I əsrdəki davamçılarına xudbin olmamağa kömək etdi?
İSANIN yer üzündəki sonuncu gecəsi idi. Cəmi bir neçə saatdan sonra o, öz həyatını ona iman gətirəcək hər bir kəs uğrunda qurban verməli idi. Həmin gecə İsa öz sadiq həvarilərinə çoxlu vacib şeylər söylədi. O, həmçinin, onun davamçılarını fərqləndirəcək bir xüsusiyyət haqqında danışdı. İsa dedi: «Sizə bir-birinizi sevəsiniz deyə yeni bir əmr verirəm: sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:34, 35).
2 Həqiqi məsihçilər bir-birlərini fədakarcasına sevməli və həmimanlılarının maraqlarını öz maraqlarından üstün tutmalıdırlar. Onlar tərəddüd etmədən ‘dostları uğrunda canlarını’ belə verməlidirlər (Yəhya 15:13). Erkən məsihçilər yeni əmrə necə hay verdilər? II əsrin yazıçısı Tertullian özünün «Apologiya» adlı məşhur əsərində başqalarının məsihçilər haqqında söylədiyi fikirləri sitat gətirir: «Görün bir-birlərini necə sevirlər, bir-birləri uğrunda canlarından belə keçməyə hazırdırlar».
3, 4. a) Nəyə görə xudbinliklə mübarizə aparmalıyıq? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?
3 Biz də ‘bir-birimizin yüklərini daşımalı və Məsihin Qanununu bu yolla icra etməliyik’ (Qalatiyalılara 6:2). Lakin xudbinlik bu qanuna tabe olmağa və Allahımız olan Yehovanı bütün ürəyimizlə, canımızla və düşüncəmizlə sevməyə, eləcə də qonşumuzu özümüz kimi sevməyə güclü maneçilik törədir (Matta 22:37-39). Qeyri-kamil olduğumuz üçün özümüzü sevməyə meylliyik. Bura gündəlik stressləri, məktəbdə və ya işdə hökm sürən rəqabət ruhunu və dolanmaq üçün apardığımız mübarizəni də əlavə etsək, bizə xas olan xudbinliyə meyl daha da güclənir, azalmır. Həvari Pavel xəbərdarlıq etmişdir ki, ‘axır günlərdə insanlar xudbin olacaq’ (2 Timoteyə 3:1, 2).
4 Yer üzündəki xidmətinin sonuna yaxın İsa öz şagirdlərinə xudbinliyin öhdəsindən gəlməyə kömək edəcək üç addım haqqında danışdı. Bu hansı addımlardır və onlar bizə necə kömək edə bilər?
Tə’sirli dava-dərman
5. Qalileyanın şimalında xidmət edən zaman İsa şagirdlərinə nəyi açıqladı və bu onları nəyə görə sarsıtdı?
5 İsa Qalileyanın şimalında, Filip Qeysəriyəsi yaxınlığında təbliğ edirdi. Sakit və mənzərəli olan bu yer fədakarlıqdan çox, istirahət haqqında düşünmək üçün münasib idi. Lakin İsa şagirdlərinə «Yerusəlimə getməli, ağsaqqallar, baş kahinlər və din alimlərinin əlindən çox əzab çəkməli, öldürülməli və üçüncü gündə dirilməli» olduğunu açıqlamağa başladı (Matta 16:21). İsanın bu açıqlaması, ehtimal ki, onun şagirdlərini çox sarsıtdı! Çünki həmin vaxta qədər İsanın öz Padşahlığını yer üzündə quracağını gözləyirdilər (Luka 19:11; Həvarilərin işləri 1:6).
6. Nəyə görə İsa Peteri sərt şəkildə məzəmmət etdi?
6 Peter dərhal İsanı «kənara çəkib, e’tiraz etməyə başladı: “Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!”». İsa Peterə necə cavab verdi? O əks tərəfə çevrilib dedi: «Rədd ol Məndən, şeytan! Sən Mənə mane olursan. Çünki sənin fikirlərin Allahın deyil, insan fikirləridir» (Matta 16:22, 23). Onların nöqteyi-nəzərləri necə də fərqlənirdi! İsa Allahın ona tə’yin etdiyi fədakarlıq yolu ilə getməyə həvəslə razı oldu; bu yol onu bir neçə aydan sonra işgəncə dirəyində ölümə gətirib çıxarmalı idi. Peter isə asan və rahat bir yol təklif edirdi. O İsaya «Özünə yazığın gəlsin!» dedi. Peter bunu, şübhəsiz ki, yaxşı niyyətlə etmişdi. Buna baxmayaraq İsa Peteri məzəmmət etdi, çünki bu halda Peter Şeytanın ona tə’sir etməsinə yol vermişdi. Peter «Allahın deyil, insan işlərini» düşünürdü (İ–93).
7. Matta 16:24 ayəsinə əsasən İsa şagirdlərinə hansı yolu göstərdi?
7 Peterin İsaya dediklərinin əks-sədasını bu gün də eşitmək olar. Dünya insanlara tez-tez «kef elə» və ya «ən asan yolu seç» deyir. İsa isə tamamilə başqa cür düşünməyi məsləhət görürdü. O, öz şagirdlərinə «kim ardımca getmək istəyirsə, özünü inkar etsin və çarmıxını götürüb Məni izləsin [«işgəncə dirəyini götürüb daima ardımca gəlsin», YD]» demişdir (Matta 16:24). Bir əsərdə deyilir: «Bu sözlər, Məsihin şagirdi olmaq də’vəti deyil. Əksinə, artıq onun çağırışına hay verən insanları şagird olmağın nə demək olduğu üzərində düşünməyə təşviq edir» («The New Interpreter’s Bible»). Beləliklə, imanlılar İsanın göstərdiyi üç addımı atmalıdırlar. Gəlin bu addımları bir-bir müzakirə edək.
8. Özünü inkar etməyin nə demək olduğunu izah edin.
8 Birincisi, biz özümüzü inkar etməliyik. «Özünü inkar etsin» kimi tərcümə olunan yunan sözü xudbin arzularımıza və şəxsi rahatlığımıza «yox» demək hazırlığını göstərir. Özünü inkar etmək, bizə zövq verən bə’zi şeylərdən arabir imtina etmək demək deyil. Bu həm də zahid olmaq və ya özümüzə zərər gətirmək mə’nasını daşımır. Artıq ‘özümüzə məxsus deyilik’ ifadəsi o deməkdir ki, biz həyatımızı və ona daxil olan hər şeyi Yehovaya həvəslə veririk (1 Korinflilərə 6:19, 20). Biz özümüzü deyil, Allahı razı salmağa çalışırıq. Özümüzü inkar etmək, hətta qeyri-kamil arzularımıza zidd getsə də, Allahın iradəsini yerinə yetirmək qətiyyətimizi nəzərdə tutur. Həyatımızı Yehovaya həsr etməklə və vəftiz olunmaqla ancaq Ona məxsus olduğumuzu göstəririk. Sonra həyatımız boyu öz həsr olunmamıza müvafiq yaşamağa çalışırıq.
9. a) İsanın dövründə işgəncə dirəyi hansı təsəvvürləri yaradırdı? b) İşgəncə dirəyimizi götürmək bizim üçün hansı mə’nanı daşıyır?
9 İkincisi, biz öz işgəncə dirəyimizi götürməliyik. I əsrdə işgəncə dirəyi iztirablar, rüsvayçılıq və ölümlə əlaqədar təsəvvür yaradırdı. Adətən işgəncə dirəyi üzərində ancaq cinayətkarları e’dam edir, ya da ki, onların cəsədlərini asırdılar. İşgəncə dirəyi haqqında danışarkən İsa göstərdi ki, bu dünyadan olmadığı üçün, məsihçi tə’qiblərə, nifrətə və hətta ölməyə də hazır olmalıdır (Yəhya 15:18-20). Məsihçi prinsipləri bizi bu dünyanın insanlarından fərqləndirir, buna görə də dünya bizim haqqımızda təhqiredici şəkildə danışa bilər (1 Peter 4:4). Bu cür hallar məktəbdə, işdə və hətta evdə baş verə bilər (Luka 9:23). Bununla belə biz dünyanın ədavətli münasibətinə tab gətirməyə hazırıq, çünki biz artıq özümüz üçün yaşamırıq. İsa demişdir: «Mənə görə insanlar sizi yamanlayacaqları və tə’qib edəcəkləri, sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız! Sevinin və şadlanın; çünki göylərdə mükafatınız böyükdür» (Matta 5:11, 12). Həqiqətən də, Allahın iltifatını qazanmaqdan vacib nə ola bilər ki?
10. Daima İsanın ardınca getmək nə deməkdir?
10 Üçüncüsü, İsa Məsih dedi ki, biz daima onun ardınca getməliyik. U. E. Vaynın «Əhdi-Cədidin sözlərinə dair izahlı lüğət»inə əsasən, «ardınca getmək» kimi tərcümə olunan söz yol yoldaşı, yə’ni «eyni yolu gedən şəxs» olmaq mə’nasını daşıyır. 1 Yəhya 2:6 ayəsində deyilir: «Kim deyirsə ki, Onda [Allahda] yaşayır, O [Məsih] necə hərəkət etdisə, özü də eyni cür hərəkət etməlidir». İsa necə davranırdı? Onun səmavi Atasına və şagirdlərinə olan məhəbbəti xudbinliyə yol vermirdi. Pavel yazmışdı: «Məsih də Öz qayğısına qalmamışdı» (Romalılara 15:3). Hətta yorğun və ya ac olanda belə, İsa başqalarının maraqlarını özününkündən üstün tuturdu (Mark 6:31-34). Bundan əlavə İsa bütün qüvvəsini Padşahlıq haqqındakı təbliğ işinə və insanları öyrətməyə həsr edirdi. Biz, ‘bütün xalqlardan şagirdlər hazırlamaq və onlara İsanın əmr etdiyi hər şeyə riayət etməyi öyrətmək’ tapşırığı almışıq. Məgər bu tapşırığı sə’ylə yerinə yetirməkdə İsanı təqlid etməli deyilikmi? (Matta 28:19, 20). Məsih bizim üçün nümunə qoymuşdur, biz də dəqiqliklə ‘Onun izləri ilə getməliyik’ (1 Peter 2:21).
11. Özünü inkar etmək, işgəncə dirəyini götürmək və daima İsa Məsihin ardınca getmək nəyə görə vacibdir?
11 Özünü inkar etmək, işgəncə dirəyini götürmək və daima Məsihin ardınca getmək bizim üçün həyati vacibdir. Bu addımlar fədakar məhəbbət təzahür etdirməyə güclü maneə törədən xudbinliyə qarşı dava-dərmandır. İsa həm də demişdir: «Kim canını xilas etmək istərsə, onu itirəcək; amma kim canını Mənim uğrumda itirsə, onu qazanacaqdır. İnsan bütün dünyaya yiyələnib öz canını itirərsə, ona nə fayda olacaqdır? Yaxud insan öz canı əvəzinə nə verə bilər?» (Matta 16:25, 26).
İki ağaya qulluq edə bilmərik
12, 13. a) Məsləhət üçün İsaya müraciət edən cavan rəisi nə narahat edirdi? b) İsa bu cavan oğlana hansı məsləhəti verdi və nəyə görə?
12 İsa şagirdlərinə özlərini inkar etməyin nə qədər vacib olduğunu vurğuladıqdan bir neçə ay sonra, cavan varlı bir rəis ona yaxınlaşıb dedi: «Müəllim, həyatım əbədi olsun deyə, nə yaxşılıq etməliyəm?» İsa ‘əmrlərə riayət etməyi’ buyurdu və onlardan bə’zilərini xatırlatdı. Cavan oğlan dedi: «Bütün bunlara gəncliyimdən riayət edirəm». Ehtimal ki, cavan oğlan səmimi idi və Qanunun əmrlərinə həqiqətən riayət etməyə çalışırdı. Buna görə də soruşdu: «Daha nəyim çatışmır?» Onda İsa ona qeyri-adi təkliflə müraciət etdi: «Əgər kamil olmaq [«hər şeyə riayət etmək», «New American Standard Bible»] istəyirsənsə, get nəyin varsa sat, yoxsullara payla. Göylərdə xəzinən olacaqdır. Sonra gəl, Mənim ardımca get» (Matta 19:16-22).
13 İsa gördü ki, Yehovaya bütün ürəkdən qulluq etməsi üçün, cavan oğlana, həyatda onu çox yayındıran var-dövlətdən azad olmaq gərəkdir. Məsihin həqiqi şagirdi iki ağaya — «Allaha və mammona qulluq edə bilməz» (Matta 6:24). Onun ‘gözü sağlam’, yə’ni ruhani dəyərlərə cəmləşmiş olmalıdır (Matta 6:22). Var-dövlətdən azad olmaq və onu kasıblara paylamaq, fədakarlıq göstərmək deməkdir. Bu maddi qurbanın əvəzində İsa cavan rəisə göylərdə xəzinə əldə etmək kimi qiymətli imkan təklif etdi. Bu, cavan oğlan üçün əbədi həyatı almaq və gələcəkdə Məsihlə birlikdə göydə idarə etmək mə’nasını daşıyırdı. Cavan oğlan özünü inkar etməyə hazır olmadığı üçün «kədərlənib getdi, çünki çox mal-dövləti var idi» (Matta 19:22). İsanın digər davamçıları isə başqa cür davrandılar.
14. Dörd balıqçı, İsanın dalınca getmək təklifinə necə hay verdi?
14 Həmən hadisədən təxminən iki il əvvəl İsa bu cür təkliflə dörd balıqçıya — Peterə, Andreyə, Yaquba və Yəhyaya müraciət etdi. Həmin vaxt onlardan ikisi balıq tutur, ikisi isə torlarını tə’mir edirdilər. İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi insan tutan balıqçılar edəcəyəm». Nəticədə onların dördü də öz məşğuliyyətlərini atıb, ömürlərinin sonuna qədər İsanın ardınca getdilər (Matta 4:18-22).
15. Yehovanın Şahidi olan bir qadın İsanın ardınca getmək üçün hansı qurbanları verdi?
15 Bu gün məsihçilərin çoxu cavan varlı oğlanın deyil, dörd balıqçının nümunəsini təqlid edirlər. Yehovaya xidmət etmək üçün onlar var-dövlətlərini və yüksək vəzifələrini qurban verirlər. Debora adlı bacı deyir: «22 yaşım olanda ciddi qərar qəbul etməli oldum. Altı ay idi ki, Müqəddəs Kitabı öyrənirdim və həyatımı Yehovaya həsr etmək istəyirdim. Ailə üzvlərim isə buna qəti e’tiraz edirdilər. Onlar multimilyoner idilər və düşünürdülər ki, mənim Şahid olmağım onların adına ləkə gətirər. Onlar mənə 24 saat möhlət verdilər ki, cah-calal içində yaşamaqla həqiqət arasında seçim edim. Şahidlərlə əlaqəmi kəsməsəm, məni mirasdan məhrum edəcəklərini bildirdilər. Düzgün seçim etmək və qərarıma müvafiq davranmaq üçün Yehova mənə güc verdi. Artıq 42 ildir ki, tammüddətli xidmətdəyəm və buna görə qətiyyən heyifsilənmirəm. Xudbin, zövqlə dolu həyat tərzindən imtina etməklə doğmalarımın duyduqları boşluq və mə’yusluq hissindən qaçına bildim. Ərimlə birlikdə 100-dən artıq insana həqiqəti öyrənməkdə kömək etmişik. Bu ruhani övladlar mənim üçün hər cür maddi var-dövlətdən daha dəyərlidir». Milyonlarla Yehovanın Şahidləri bu hisslərə şərikdir. Bəs sən?
16. Artıq özümüz üçün yaşamadığımızı necə göstərə bilərik?
16 Artıq özü üçün yaşamamaq arzusu minlərlə Yehovanın Şahidini pioner kimi, yə’ni Padşahlığın tammüddətli xidmətçisi kimi xidmət etməyə təşviq etmişdir. Tammüddətli xidmətdə iştirak etmək imkanı olmayanlar isə, pioner ruhu inkişaf etdirir və Padşahlıq haqqındakı təbliğ işini bacardıqları qədər dəstəkləyirlər. Valideynlər uşaqlarına ruhani tərbiyə vermək naminə öz maraqlarını və şəxsi vaxtlarını qurban verməklə bu cür əhval-ruhiyyə təzahür etdirirlər. Hər necə olsa da, Padşahlığın həyatımızda birinci yeri tutduğunu hər birimiz göstərə bilərik (Matta 6:33).
Bizi təşviq edən kimin məhəbbətidir?
17. Bizi qurbanlar verməyə təşviq edən nədir?
17 Fədakar məhəbbət yolu ilə yerimək asan deyil. Lakin bizi buna təşviq edən qüvvə üzərində düşünək. Pavel yazırdı: «Məsihin məhəbbəti bizi məcbur [təşviq] edir və biz qane oluruq ki, bir Nəfər hamı üçün öldüsə, deməli hamı öldü. Bəli, Məsih hamı üçün öldü ki, yaşayanlar artıq özləri üçün yox, onlar uğrunda Ölən və Dirilən üçün yaşasınlar» (2 Korinflilərə 5:14, 15). Bizi artıq özümüz üçün yaşamamağa təşviq edən qüvvə — Məsihin məhəbbətidir. Necə də böyük qüvvədir! Əgər Məsih bizim uğrumuzda öldüsə, özümüzü onun üçün yaşamağa borclu hiss etmirikmi? Məhz Allahın və Məsihin dərin məhəbbətinə olan minnətdarlığımız, həyatımızı Allaha həsr etməyə və Məsihin şagirdləri olmağa təşviq etmişdir (Yəhya 3:16; 1 Yəhya 4:10, 11).
18. Artıq özləri üçün yaşamayanlar necə mükafatlandırılırlar?
18 Artıq özləri üçün yaşamayanlar mükafat alacaqlarmı? Cavan rəis Məsihin təklifini inkar edib getdikdən sonra, Peter İsadan soruşdu: «Budur, biz hər şeyi atıb Sənin ardınca gəldik; elə isə, bizim nəyimiz olacaq?» (Matta 19:27). Peter və digər həvarilər həqiqətən də özlərini inkar etmişdilər. Onların mükafatı nə olacaq? Əvvəla, İsa şagirdlərinin onunla birlikdə göylərdə idarə etmək şərəfinə layiq görüləcəklərini söylədi (Matta 19:28). İsa həm də onun hər bir davamçısına bəxş ediləcək xeyir-duaların adını çəkdi. O dedi: «Elə bir adam yoxdur ki, Mənim adım və Müjdə naminə evini, qardaşlarını, bacılarını, anasını, atasını, arvadını, uşaqlarını və yaxud torpaqlarını atmış olsun, və indi, bu zamanda... yüz qat... gələcək dövrdə də əbədi həyat almasın» (Mark 10:29, 30). Aldığımız xeyir-dualar verdiyimiz qurbanlardan qat-qat üstündür. Məgər ruhani atalarımız, analarımız, qardaşlarımız, bacılarımız və uşaqlarımız Padşahlıq naminə imtina etdiklərimizdən dəyərli deyilmi? Həyat kimə daha çox məmnunluq gətirdi: Peterə yoxsa varlı cavan oğlana?
19. a) Həqiqi xoşbəxtlik nədən asılıdır? b) Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?
19 İsa sözləri və əməlləri ilə göstərdi ki, xoşbəxtliyi xudbinlər yox, verməyi və başqalarına xidmət etməyi sevənlər duyur (Matta 20:28; Həvarilərin işləri 20:35). Artıq özümüz üçün yaşamayanda və daima Məsihin ardınca gedəndə, hazırkı həyatımızdan böyük məmnunluq duyur və əbədi həyat ümidinə malik oluruq. Özümüzü inkar etməklə həyatımızı Yehovanın əlinə veririk. Beləliklə Allahın qulları oluruq. Bu cür köləlik nəyə görə xeyir-dualar gətirir? Və bizim həyatda qəbul etdiyimiz qərarlara necə tə’sir göstərir? Bu suallar növbəti məqalədə müzakirə olunacaq.
Xatırlayırsınızmı?
• Xudbin meylləri nəyə görə dəf etməliyik?
• Özünü inkar etmək, işgəncə dirəyini götürmək və daima İsanın ardınca getmək nə deməkdir?
• Bizi artıq özümüz üçün yaşamamağa təşviq edən nədir?
• Fədakarlıq necə mükafatlandırılır?
[9-cu səhifədəki şəkil]
«Ya Rəbb, Özünə yazığın gəlsin!»
[10-cu səhifədəki şəkillər]
Məhəbbət Yehovanın Şahidlərini Padşahlıq haqqındakı xəbəri sə’ylə təbliğ etməyə təşviq edir.