Ləyaqətli davranışınla Yehovaya şərəf gətir
«[Yehovanın] əməllərində izzəti, əzəməti görünür» (MƏZ. 111:3).
1, 2. a) «Ləyaqət» sözünü necə izah edərdiniz? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?
MÜQƏDDƏS Kitab Allahın ləyaqətini ucaldaraq deyir: «Ya Rəbb Allahım, Sən nə qədər böyüksən, ehtişamı, əzəməti geyinmisən!» (Məz. 104:1). Həvari Pavelin sözləri göstərir ki, insanlar da ləyaqətli tərzdə davrana bilərlər. Məsihçi qadınların xarici görünüşü ilə bağlı o deyirdi: «Qadınlar da utancaqlıq və mötədilliklə, ədəbli qiyafətlə özlərini bəzəsinlər. Saçlarını hörməklə, qızıl, mirvari yaxud bahalı paltarla deyil» (1 Tim. 2:9). Ancaq Yehovanın ‘əzəmətini və izzətini’ ucaltmaq üçün ləyaqətli xarici görünüşdən daha çox şey tələb olunur (Məz. 111:3).
2 Müqəddəs Kitabda «ləyaqət» mənasını verən ibrani sözü həm də «əzəmət», «ehtişam», «izzət» və «şərəf» kimi də tərcümə oluna bilər. Bir lüğətə əsasən, «ləyaqət» «şərəf və hörmət sahibi olmaq və ya bu keyfiyyətlərin məcmusu» deməkdir. Yehovadan başqa heç kim ən böyük şərəfə və hörmətə layiq deyil. Buna görə də, biz Allahın həsr olunmuş xidmətçiləri kimi, ləyaqətli danışığımız və davranışımızla Ona şərəf gətirməliyik. Bəs nə üçün insanların ləyaqətlə davranması mümkündür? Yehovanın ləyaqəti və əzəməti özünü necə büruzə verir? Allahın əzəməti bizə necə təsir göstərməlidir? Bu keyfiyyəti təzahür etdirməkdə İsa Məsihdən nə öyrənə bilərik? Allaha məqbul ləyaqəti necə təzahür etdirə bilərik?
Ləyaqətlə davranmaq nə üçün mümkündür?
3, 4. a) Ləyaqətimizə göstərilən hörmətə necə cavab verməliyik? b) Məzmur 8:5-9 ayələrində kimin haqqında peyğəmbərlik edilmişdir? (Haşiyəyə bax.) c) Yehova keçmişdə kimləri şərəfləndirmişdir?
3 Allahın surətində yaradıldıqları üçün, bütün insanlar ləyaqətlə davranmaq iqtidarındadırlar. Yehova ilk insana yerin qayğısına qalmağı tapşırmaqla onu şərəfləndirdi (Yar. 1:26, 27). Hətta insan kamilliyini itirdikdən sonra da, Yehova onun yerlə bağlı məsuliyyət daşıdığını yenidən bildirdi. Beləliklə, Allah hələ də hörmət və izzət ‘tacını’ insanların başına qoyur. (Məzmur 8:5-9 ayələrini oxu.)a Ləyaqətimizə göstərilən hörmət ləyaqətli cavab — Yehovanın əzəmətli adına hörmət və ehtiramla həmd etməyi tələb edir.
4 Yehova xüsusilə də Ona müqəddəs xidməti icra edənləri şərəfləndirir. Allah Qabilin qurbanını rədd edib, Habilinkini isə qəbul etməklə onu şərəfləndirdi (Yar. 4:4, 5). Musaya özündən sonra İsrailin rəhbəri olacaq Yeşuanın ‘üzərinə öz şərəfindən qoymağı’ tapşırdı (Say. 27:20). Davudun oğlu Süleyman haqqında Müqəddəs Kitabda deyilir: «Rəbb Süleymanı bütün İsraillilərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi» (1 Saln. 29:25). Allah Onun «Padşahlığının... əzəmətini» sədaqətlə bəyan etmiş dirilən məsh olunmuşları xüsusi şərəfə layiq görəcək (Məz. 145:11-13). İsanın get-gedə artan ‘başqa qoyunları’ da Yehovanı bu cür ucaltmaqla xeyir-duaya və şərəfə layiq görülmüşlər (Yəh. 10:16).
Yehovanın əzəməti və ehtişamı açıqca görünür
5. Yehova nə dərəcədə əzəmətlidir?
5 Allahın böyüklüyü ilə insanın kiçikliyi arasındakı təzadı göstərən ilahisində məzmurçu Davud oxuyurdu: «Ey Xudavəndimiz Rəbb, ismin bütün yer üzərində nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!» (Məz. 8:1). ‘Göylər və yer’ yaranmamışdan Allahın yeri cənnətə çevirmək və bəşər ailəsini kamilliyə yetirmək niyyətinin həyata keçməsinə qədər, yəni əzəldən əbədiyyətə qədər Yehova Allah kainatda ən əzəmətli və uca Şəxsiyyət olaraq qalmaqdadır (Yar. 1:1; 1 Kor. 15:24-28; Vəhy 21:1-5).
6. Məzmurçu nəyə görə Yehovanın əzəməti geyindiyini söyləmişdir?
6 Sayrışan «cəvahirlərin» səpələndiyi ulduzlu gecələrin səssiz-səmirsiz əzəmətini seyr etmək Allahdan qorxan məzmurçunun ürəyini necə də riqqətə gətirmişdi! Allahın göyləri çadır tək açmasından heyrətə gələn məzmurçu Yehovanı möhtəşəm yaradıcılıq bacarığına görə ‘əzəməti geyinmiş’ kimi təsvir edir. (Məzmur 104:1, 2 ayələrini oxu.) Gözəgörünməz Külli-İxtiyar Yaradanın əzəməti və ehtişamı görünən işlərində özünü açıqca büruzə verir.
7, 8. Yehovanın əzəmət və ehtişamı göylərdə necə təzahür olunur?
7 Məsələn, götürək Süd Yolu qalaktikasını. Ulduzlardan, planetlərdən, günəş sistemlərindən ibarət bu nəhəng okeanda Yer kürəsi ölçüsünə görə ucsuz-bucaqsız sahildəki bir qum dənəsi qədər kiçik görünür. Təsəvvür et, təkcə bu qalaktikada 100 milyarddan çox ulduz var! Əgər sən 24 saat ərzində dayanmadan saniyədə bir ulduz saya bilsəydin, 100 milyarda qədər saymaq üçün 3 000 ildən çox vaxt tələb olunardı.
8 Əgər təkcə Süd Yolu qalaktikasında 100 milyard ulduz varsa, bəs onda ucsuz-bucaqsız kainat haqqında nə demək olar? Astronomların zənnincə, Süd Yolu qalaktikası, sayı 50 milyarddan 125 milyarda qədər olan qalaktikalardan yalnız biridir. Bəs bu sonsuz kainatda nə qədər ulduz var? Sözsüz ki, cavab ağlasığmazdır. Ancaq Yehova «ulduzların sayını hesablar, hər birini öz adı ilə çağırar» (Məz. 147:4). Yehovanın belə əzəmət və ehtişamı geyindiyini görmək Onun böyük adını ucaltmağa səni təşviq etmirmi?
9, 10. Çörək Yaradanın müdrikliyini necə ucaldır?
9 İndi isə gəlin möhtəşəm səmadan diqqətimizi adi çörəyə yönəldək. Yehova yalnız «göyləri, yeri... yaradan» yox, həmçinin ‘acları azuqə ilə doyduran’ Allahdır (Məz. 146:6, 7). Allahın ‘izzəti və əzəməti’, çörəyin hazırlandığı bitkiləri yetirmək də daxil olmaqla, Onun böyük işlərində əks olunur. (Məzmur 111:1-5 ayələrini oxu.) İsa davamçılarına belə dua etməyi öyrədirdi: «Gündəlik çörəyimizi bizə bu gün ver» (Mat. 6:11). İsraillilər də daxil olmaqla, bir çox qədim xalqların süfrəsində çörək əsas qida məhsulu idi. Çörək adi qida məhsulu hesab olunsa da, onun tərkibindəkiləri dadlı çörəyə çevirən kimyəvi prosesi heç də adi adlandırmaq olmaz.
10 Müqəddəs Kitabın yazıldığı dövrlərdə israillilər çörək bişirmək üçün buğda və ya arpa unundan və sudan istifadə edirdilər. Hərdən xəmirə maya da qatırdılar. Bu sadə maddələr birləşərək bir-birilə fəal surətdə əlaqədə olan heyrətamiz sayda kimyəvi birləşmələr əmələ gətirir. Bu birləşmələr arasındakı dəqiq əlaqə axıradək başa düşülmür. Üstəlik, çörəyin orqanizmdə həzm olunması başqa bir heyrətamiz mürəkkəb prosesdir. Təəccüblü deyil ki, məzmurçu oxuyurdu: «Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən»! (Məz. 104:24). Sən də Yehovaya həmd etməyə təşviq olunursanmı?
Allahın əzəməti və ehtişamı sənə necə təsir göstərir?
11, 12. Allahın yaradıcı işləri üzərində düşünmək bizə necə təsir edə bilər?
11 Gecə ulduzlu səmaya məftun olmaq üçün astronom, yaxud çörəkdən həzz almaq üçün kimyaçı olmaq gərək deyil. Ancaq Yaradanın ehtişamını başa düşmək üçün Onun əl işləri üzərində düşünməyə vaxt ayırmaq lazımdır. Belə düşünməyin sayəsində nə əldə edə bilərik? Yehovanın başqa işləri üzərində düşünmək bizə necə təsir edirsə, bu işləri üzərində düşünmək də eyni cür təsir edir.
12 Yehovanın Öz xalqı üçün etdiyi böyük işlərinə dair Davud oxuyurdu: «Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, xariqəli işlərini dərindən düşünəcəyəm» (Məz. 145:5). Biz Müqəddəs Kitabı öyrənməklə və oxuduqlarımızın üzərində düşünməyə vaxt ayırmaqla həmin işlərlə maraqlandığımızı göstəririk. Belə düşünmək bizə necə təsir göstərir? Allahın əzəmətini və ehtişamını daha dərindən başa düşürük. Sözsüz ki, belə olan halda biz də Davuda qoşularaq Yehovaya şərəf gətirir və deyirik: «Sənin əzəmətini elan edəcəyəm» (Məz. 145:6). Allahın möhtəşəm işləri üzərində düşünmək Yehova ilə münasibətlərimizi möhkəmləndirməli və Onun haqqında başqalarına həvəslə və qətiyyətlə danışmağa bizi təşviq etməlidir. Sən də səylə xoş xəbəri təbliğ edir və insanlara Yehova Allahın əzəmətini, ehtişamını və izzətini dərk etməyə kömək edirsənmi?
İsa Allahın əzəmətini mükəmməl surətdə əks etdirir
13. a) Daniel 7:13, 14 ayələrinə əsasən, Yehova Öz Oğluna nə bəxş edib? b) İsa bir Padşah kimi təbəələri ilə necə rəftar edir?
13 Allahın Oğlu İsa Məsih xoş xəbəri səylə təbliğ edir, əzəmətli və ehtişamlı səmavi Atasına şərəf gətirirdi. Yehova Öz vahid Oğluna ‘hakimiyyət və padşahlığı’ verməklə onu xüsusi şərəfə layiq görmüşdür. (Daniel 7:13, 14 ayələrini oxu.) Bununla belə, İsa lovğa və ya özündən razı deyil. Əksinə, o, təbəələrinin imkanlarının məhdud olduğunu başa düşən və onların ləyaqətinə hörmət edən mərhəmətli Rəhbərdir. Təyin olunmuş Padşah kimi İsanın qarşılaşdığı insanlarla, xüsusilə də başqaları tərəfindən rədd edilən və sevilməyən kəslərlə necə rəftar etdiyinə dair bir nümunəyə baxaq.
14. Qədim İsraildə cüzamlılara necə yanaşırdılar?
14 Qədimdə cüzama tutulmuş insanlar çox vaxt yavaş-yavaş, əzabla ölürdülər. Tədricən xəstəlik bütün bədənə yayılırdı. Cüzamı sağaltmaq, ölünü diriltmək kimi qeyri-mümkün bir şey hesab edilirdi (Say. 12:12; 2 Pad. 5:7, 14). Cüzama tutulmuş adamlar natəmiz elan olunur, cəmiyyət içindən qovulurdu, hamı onlara həqarətlə yanaşırdı. Adamlara yaxınlaşanda onlar: «Murdaram! Murdaram!» — deyə qışqırmalı idilər (Lev. 13:43-46). Cüzamlı adam ölüyə bərabər hesab edilirdi. Ravvin yazılarına əsasən, cüzamlı adamın başqasına yalnız təxminən 1,7 metrə qədər yaxınlaşmasına izin verilirdi. Deyilənə görə, cüzamlı adam, hətta uzaqdan görünəndə də, bir din rəhbəri ona daş atırmış ki, yaxına gəlməsin.
15. İsa cüzamlı ilə necə rəftar etdi?
15 Ancaq İsanın ona yaxınlaşan və sağaldılmasını xahiş edən cüzamlıya münasibəti diqqətəlayiqdir. (Mark 1:40-42 ayələrini oxu.) İsa cüzamlını yanından qovmadı, əksinə, hamı tərəfindən rədd edilən bu adamla mərhəmətlə və hörmətlə rəftar etdi. İsanın gözündə o, imdad diləyən yazıq bir adam idi. Şəfqət hissi, ürəyi riqqətə gələn İsanı dərhal kömək etməyə təşviq etdi. O, əlini uzadıb cüzamlıya toxundu və onu sağaltdı.
16. İsanın insanlarla rəftarından nə öyrənirik?
16 Biz məsihçilər İsanın öz Atasının əzəmətini əks etdirməsini necə təqlid edə bilərik? Mövqeyindən, sağlamlığından və ya yaşından asılı olmayaraq, hamının hörmət və ehtirama layiq olduğunu qəbul etmək lazımdır (1 Pet. 2:17). Xüsusilə də məsuliyyət daşıyanlar, məsələn, ərlər, valideynlər və məsihçi ağsaqqallar qayğılarına qaldıqları adamların ləyaqətinə hörmət etməli və onların özünəhörmət hissini qorumalarına kömək etməlidirlər. Bunun bütün məsihçilər üçün tələb olduğunu vurğulayaraq Müqəddəs Kitab deyir: «Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin; bir-birinizi hörmətdə qabaqlayın» (Rom. 12:10).
İbadət edərkən ləyaqətli davranış
17. Yehovaya ibadət edərkən ləyaqətli davranmaq haqqında Müqəddəs Yazılardan nə öyrənə bilərik?
17 Ləyaqətli davranmaq xüsusilə də Yehovaya ibadət edərkən vacibdir. Vaiz 5:1 ayəsində deyilir: «Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et». Həm Musaya, həm də Yeşuaya müqəddəs yerdə dayanarkən çarıqlarını çıxarmaq əmr olunmuşdu (Çıx. 3:5; Yeşua 5:15). Onlar bunu hörmət və ehtiram əlaməti olaraq etməli idilər. İsrail kahinləri ‘lüt bədənlərini örtmək’ üçün kətan alt paltarı geyinməli idilər (Çıx. 28:42, 43). Bunun sayəsində, onlar qurbangahda xidmət edərkən ayıb yerləri görünmürdü. Kahinin ailəsinin hər bir üzvü Allahın ləyaqətlə bağlı normalarına riayət etməli idi.
18. Yehovaya xidmətdə ləyaqətli davranış özünü nədə büruzə verir?
18 İbadət edərkən ləyaqətli davranışa hörmət və ehtiram da daxildir. Hörmət və ehtirama layiq olmaq üçün özümüz hörmətcil davranmalıyıq. Ləyaqətli davranış riyakarcasına və ya süni olmamalıdır. Ləyaqətli davranış zahiri deyil, Allahın gördüyü ürəkdən gələn bir şey olmalıdır (1 Şam. 16:7; Sül. məs. 21:2). Ləyaqət bizim bir hissəmiz olmalı, davranışımıza, əhval-ruhiyyəmizə, başqaları ilə münasibətimizə, hətta özümüzə olan baxışımıza və fikirlərimizə təsir etməlidir. Doğrudan da, ləyaqət hər zaman, hər sözümüzdə və əməlimizdə özünü büruzə verməlidir. Davranışa, özünü aparma qaydasına, geyimə və kosmetikaya gəldikdə, biz həvari Pavelin sözlərinə ciddi yanaşırıq: «Heç bir şəkildə kimsənin büdrəməsinə səbəb olmadıq ki, xidmətimiz etibardan düşməsin. Lakin hər şeydə özümüzü Allahın xidmətkarları kimi təqdim edirik» (2 Kor. 6:3, 4). Biz ‘hər cəhətcə Xilaskarımız Allahın təlimini cazibəli edirik’ (Tit. 2:10).
Ləyaqətli davranışınla Allahı razı sal
19, 20. a) İnsanların ləyaqətinə hörmət etməyin ən yaxşı üsulu hansıdır? b) Biz nəyə qəti qərarlı olmalıyıq?
19 ‘Məsihin səfirləri’ olan məsh olunmuş məsihçilər ləyaqətlə davranırlar (2 Kor. 5:20). Onlara sədaqətlə kömək edən ‘başqa qoyunlar’ Allahın Padşahlığının nümayəndələri olmaq şərəfinə layiq görülürlər. Həm səfir, həm də nümayəndə öz dövlətinin xeyrinə cəsarət və ləyaqətlə danışır. Buna görə də biz ləyaqətlə və cəsarətlə Allahın Padşahlığının lehinə danışmalıyıq (Efes. 6:19, 20). Məgər insanlara «xoş müjdə» gətirəndə onlarla ləyaqətlə davranmış olmuruqmu? (Yeşaya 52:7).
20 Biz Allahın əzəmətinə layiq davranaraq Ona izzət gətirməyə qəti qərarlı olmalıyıq (1 Pet. 2:12). Gəlin həmişə Yehovaya, ibadətimizə, həmçinin həmimanlılarımıza dərin hörmətlə yanaşaq. Qoy əzəməti və ehtişamı geyinən Yehova ləyaqətli tərzdə icra etdiyimiz ibadətdən razı qalsın.
[Haşiyə]
a Davudun 8-ci məzmurda yazdıqları həm də kamil insan İsa Məsih haqqında peyğəmbərlik idi (İbr. 2:5-9).
Necə cavab verərdiniz?
• Yehovanın əzəmətinin ehtişamını başa düşmək bizə necə təsir etməlidir?
• İsanın cüzamlıya münasibətindən başqalarının ləyaqətinə hörmət etmək barədə nə öyrənə bilərik?
• Yehovaya ləyaqətli tərzdə necə şərəf gətirə bilərik?
[12-ci səhifədəki şəkil]
Yehova Habili necə şərəfləndirdi?
[14-cü səhifədəki şəkil]
Yehovanın böyük işləri hətta çörəkdə də təzahür olunur
[15-ci səhifədəki şəkil]
İsanın cüzamlı ilə rəftarından başqalarının ləyaqətinə hörmət etmək barədə nə öyrəndiniz?
[16-cı səhifədəki şəkil]
Ləyaqətlə ibadət etmək Yehovaya şərəf gətirməyi özünə daxil edir