Fəsil 61
Cinə tutulmuş oğlanın sağalması
İSA MƏSİH, Peter, Yaqub və Yəhya hələ uzaqda, güman ki, Xermon dağında olarkən o biri şagirdlər çətinliyə düşürlər. İsa qayıdanda görür ki, nəsə baş verib: camaat onun şagirdlərini dövrəyə alıb və mirzələr şagirdlərlə mübahisə edir. Adamlar İsanı görəndə çaşqınlığa düşür, qabağına qaçıb onu salamlayırlar. İsa soruşur: «Onlarla nə haqda mübahisə edirsiniz?»
Camaatın arasından bir kişi çıxır və İsanın qarşısında diz çöküb deyir: «Müəllim, oğlumu sənin yanına gətirmişdim, çünki o, cinə tutulub. Cin uşağı lal edir. Onu harada tutursa, yerə sərir; uşağın ağzı köpüklənir, dişlərini qıcardır, sonra da lap əldən düşür. Şagirdlərindən xahiş etdim ki, cini qovsunlar, amma bacarmadılar».
İsanın şagirdlərinin oğlanı sağalda bilmədiyini görən mirzələr bu fürsətdən istifadə edib, ola bilsin, şagirdləri lağa qoyurlar. Elə bu dəm İsa özünü yetirir. O deyir: «Ey imansız nəsil! Nə vaxta qədər aranızda olacağam? Nə vaxta qədər sizə dözəcəyəm?»
Görünür, İsa bu sözləri bütün burada toplaşanlara, ələlxüsus da şagirdlərə əngəl törədən mirzələrə ünvanlayır. Sonra İsa deyir ki, oğlanı onun yanına gətirsinlər. Oğlan İsaya yaxınlaşanda cin onu yerə sərir və o, şiddətlə çırpınmağa başlayır. Oğlan yerdə yuvarlanır və ağzından köpük axır.
— Bu, oğlunda nə vaxtdandır? — İsa soruşur.
— Uşaqlıqdan. Cin balamı öldürmək üçün dəfələrlə onu suya, oda atıb, — deyə atası cavab verir və İsaya yalvarır: — Bacararsansa, bizə kömək et, bizə yazığın gəlsin.
Görünür, bu yazıq ata neçə illərdir ki, övladının dərdinə çarə axtarır. İndi də şagirdlərin cəhdləri boşa çıxanda o, lap naçar qalıb. Atanın bu ümidsiz diləyi müqabilində İsa ona toxtaqlıq verir: «Necə dedin? “Bacararsansa”? İmanı olan üçün hər şey mümkündür».
Uşağın atası dərhal: «İmanım var! — deyir və yalvarır: — İmanım çatışmayan sahələrdə mənə kömək et!»
İsa görəndə ki, camaat onlara tərəf axışır, zəhmlə cinə hökm edir: «Ey lal və kar edən ruh! Əmr edirəm, bu adamdan çıx və bir daha ona girmə!» Cin oğlandan çıxanda oğlanı çığırdır və onu qıc edir. Oğlan yerdə hərəkətsiz uzanıb qalır, adamlar deyirlər ki, o öldü. Lakin İsa oğlanın əlindən tutur və oğlan qalxır.
Əvvəllər, İsa şagirdləri təbliğə göndərəndə onlar cinləri qova bilirdilər. Buna görə də bir evə girib tək özləri qaldıqda İsadan soruşurlar: «Bəs biz onu niyə qova bilmədik?»
İsa deyir ki, onların imanı az olduğundan bunu edə bilməyiblər və əlavə edir: «Bu cür cinləri yalnız dua vasitəsilə qovmaq olar». Bu cin çox güclü olduğundan, onu qovmaq üçün hazırlıq tələb olunurdu. Sarsılmaz imanla yanaşı, Allahdan duada güc və kömək istəmək lazım idi.
Sonra İsa deyir: «Əmin olun ki, imanınız xardal toxumu boyda olsa, bu dağa: “Buradan o tərəfə çəkil”, — deyəcəksiniz, o da çəkiləcək. Sizin üçün qeyri-mümkün şey olmayacaq». Bəli, iman bu dərəcədə güclü ola bilər!
Yehova Allaha xidmətdə yolumuzun üstünə çıxan maneələr və çətinliklər hərdən bizə aşılmaz və yerindən tərpədilməz uca bir dağ kimi görünə bilər. Amma İsa göstərir ki, əgər biz ürəyimizdəki imanı becərsək, onu sulayıb böyütsək, bu iman böyüyüb yetkinləşəcək. Onda bu cür imanın sayəsində bizə dağ kimi görünən maneələrin və çətinliklərin öhdəsindən gələ bilərik. Mark 9:14—29; Matta 17:19, 20; Luka 9:37—43.
▪ İsa Xermon dağından qayıdanda nə ilə qarşılaşır?
▪ İsa cinə tutulmuş oğlanın atasına necə toxtaqlıq verir?
▪ Şagirdlər nəyə görə cini qova bilməmişdilər?
▪ İsanın dediyinə görə, iman nə dərəcədə güclü ola bilər?