Fəsil 98
İsanın ölümünə yaxın şagirdlər arasındakı mübahisə
ERAMIZIN 33-cü ilinin Pasxa bayramına cəmi bir həftə qalıb. İsa şagirdləri ilə İordan çayını keçib Pereyadan Yerusəlimə, bayrama gedir. Onların yanında çoxlu adam var.
İsa şagirdlərindən irəlidə gedir və hamı onun əzminə heyran qalıb. Yadınızdadırsa, bir neçə həftə bundan əvvəl, Lazar ölən zaman İsa Pereyadan Yəhudeyaya getmək istəyirdi. Onda Tomas şagirdlərə demişdi: «Gedək, biz də onunla ölək». Həmçinin yadınıza gəlirsə, İsa Lazarı diriltdikdən sonra Sinedrion üzvləri onu öldürmək üçün plan qurmuşdular. Buna görə də təəccüblü deyil ki, şagirdlər Yəhudeyaya qorxa-qorxa girirlər.
İsa on iki həvarisini, gələcəkdə baş verəcək hadisələrə hazırlamaq üçün, camaatın içindən ayırıb onlara deyir: «İndi Yerusəlimə gedirik. İnsan Oğlu böyük kahinlərin və mirzələrin əlinə veriləcək, onlar insan Oğlunu ölümə məhkum edəcək və başqa millətlərdən olan adamlara təslim edəcəklər. Onlar da insan Oğlunu lağa qoyacaq, üzünə tüpürəcək, qamçılayacaq və öldürəcəklər. Lakin o, üç gündən sonra diriləcək».
Son aylar ərzində artıq üçüncü dəfədir ki, İsa şagirdlərinə ölümü və diriləcəyi barədə danışır. Lakin onlar bunu dərk etmirlər. Ola bilsin, onlar İsrail padşahlığının yenidən yer üzündə bərpa olunacağına inanır və yer üzündə padşahlıqda Məsihlə birgə şan-şöhrət sahibi olacaqlarını gözləyirlər.
Pasxaya gedənlər arasında həvari Yaqubla Yəhyanın anası Salome də var. İsa bu iki qardaşı tez özlərindən çıxdıqları üçün «ildırım oğulları» adlandırmışdı. Artıq bir neçə vaxtdır ki, bu qardaşların ürəyində Məsihin padşahlığında yüksək vəzifə tutmaq istəyi yaranıb və bu istəyi analarına da bildiriblər. Buna görə də Salome İsaya yaxınlaşaraq onun qarşısında diz çökür və oğullarının adından xahiş edir.
İsa ondan soruşur: «Nə istəyirsən?»
Salome deyir: «Söz ver ki, padşahlığında bir oğlum sənin sağında, o birisi solunda oturacaq».
İsa bu sözlərin Yaqubla Yəhyadan gəldiyini bildiyindən üzünü onlara tutub deyir: «Siz nə istədiyinizi bilmirsiniz. Mənim içdiyim camdan içə bilərsinizmi?»
Onlar: «Bəli, içə bilərik», — deyə cavab verirlər. İsa olmazın təqiblərlə qarşılaşacağını və sonda öldürüləcəyini elə indicə onlara demişdi. Görünür, onlar başa düşmürlər ki, İsa tezliklə içəcəyi «cam» dedikdə bunları nəzərdə tutur.
Bununla belə, o, qardaşlara deyir: «Doğrudur, mənim içdiyim camdan içəcəksiniz, amma kimin sağımda, kimin solumda oturacağını mən həll etmirəm. Atam bu yerləri kimin üçün hazırlayıbsa, onlar da orada oturacaqlar».
Qalan on həvari Yaqubla Yəhyanın İsadan nə xahiş etdiyini xəbər tutanda hiddətlənir. Yəqin, bundan əvvəl də həvarilər arasında kimin böyük olacağı ilə əlaqədar mübahisələrdə bu iki qardaş daha fəal olmuşdular. Qardaşların indiki xahişi göstərir ki, onlar İsanın bu məsələyə dair nəsihətini qulaqardına vurublar. Əfsuslar olsun ki, onlar hələ də bu niyyətlərindən əl çəkməyiblər.
İsa yaranmış ixtilafı və incikliyi aradan qaldırmaq üçün on iki həvarisini bir yerə toplayır. O, məhəbbətlə onlara nəsihət verir: «Siz yaxşı bilirsiniz ki, xalqların hökmdarları onların üzərində ağalıq edir və rəhbərləri onlara başçılıq edirlər. Amma sizin aranızda belə olmamalıdır. Aranızda böyüklük etmək istəyən qulluğunuzda durmalıdır, birinci olmaq istəyən sizə nökərçilik etməlidir».
İsa həvariləri üçün gözəl nümunədir. O deyir: «Axı insan Oğlu da ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib». İsa nəinki insanlara xidmət edir, tezliklə bəşəriyyət uğrunda hətta canını qurban verəcək! Beləliklə, şagirdləri də onun nümunəsini izləyərək başqalarının onlara xidmət etməsini gözləmək və yüksək mövqe tutmaq əvəzinə, başqalarına xidmət etməli və özlərini onlardan aşağı tutmalıdırlar. Matta 20:17—28; Mark 3:17; 9:33—37; 10:32—45; Luka 18:31—34; Yəhya 11:16.
▪ Şagirdlər nəyə görə qorxuya düşürlər?
▪ İsa şagirdlərini gələcəkdə baş verəcək hadisələrə necə hazırlayır?
▪ İsadan nə xahiş edirlər və bu, digər həvarilərə necə təsir göstərir?
▪ İsa həvarilər arasında yaranmış ixtilafı necə həll edir?